Uşaq tərbiyəsi haqqında

Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər ata ananın nöqsanlarını görməyə başlayır. Ona görə də gənc ailələr öz davranışları ilə övladlarına nümunə olmalıdırlar.
Biz öz uşaqlığımızı yada salsaq, balacaları ən çox onların ehtiyacını ödəyən münasibət qane etdiyinə əmin olaraq. Məhz uşağın ehtiyacı ödənildikdə o, valideynlərinə böyük rəğbət və məhəbbət hissi ilə baxır, əks halda hər şey tərsinə olur. Bəzi ailələrdə “tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur.Kötəkləmə üsuluna əl atan valideyn, övladına tək fiziki deyil, həm də psixiki zədə vurur. Halbuki zorakılıq, qəddarlıq, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən bütün vasitələr qanunla qadağan edilir.
Pedaqoqlar qeyd edirlər ki, ailədə tez-tez bədən cəzasına məruz qalan uşaqlar özgələşir, sırtıq, kobud, qəzəbli və kinli olurlar. Çünki, uşaqları döymək tərbiyə yox, təzyiq və qorxutma üsuludur. Lakin, uşaqları həddindən artıq əzizləməklə və nəvazişlə böyütmək də düzgün deyil. Onların bütün tələblərini yerinə yetirmək, balacalara hər hansı bir əziyyət verməmək, onların ən adi bir çətinliklərini həll etmək axır nəticədə övladların aciz və əfəl böyüməsinə gətirib çıxardır. Xüsusən oğlan uşaqlarının belə böyüməsi, onların müstəqil həyata qədəm qoyması və ya əsgərlikləri zamanı böyük problemlər yarada bilər. Uşağı düzgün tərbiyə etmək üçün valideynlər övladlarına individual yanaşmalı, onların xarakterlərində təzəcə cücərməyə başlayan mənfi və müsbət cəhətləri vaxtında ayırd edərək, yaxşılarını inkişaf etdirməli, zərərlilərin isə qarşısını dərhal almalıdır.
Unutmamalıyıq ki, gələcəyimiz olan uşaqların öz gələcəyinin necə olacağı, müəyyən mənada həm də böyüklərdən asılıdır. Uşaqların işıqlı gələcəyini və xoşbəxtliyini isə biz balacalara həyatda düzgün yol göstərməklə, onlara məhəbbət, hörmət və qayğı ilə yanaşmaqla, uşaq hüquqlarını qorumaqla təmin edə bilərik.

Müəllif: Vüqar Haqverdiyev
 

6 şərh

bankir
copy-paste? :-)
Hagverdiyev
copy-paste deyil. Mənim öz yazımdır. sosium.com/219/ çıxıb.
bloqçu

Düz deyirsiniz ki, uşağa həddindən artıq nəvaziş də onun tərbiyəsinə mənfi təsir göstərə bilər. Çünki, o ərköyün böyüyür. Amma, döyməklə ümumiyyətlə tərbiyələndirmək olmaz. Əksinə həm onun tərbiyəsinə, həm psixikasına ziyan vurmuş oluruq. O sabah böyüyüb, nadinc, dəcəl və sonunda qəddar və zülmkar olanda sual edəcəyik ki, «niyə bu uşaq belə oldu?». Amma, əvvəlcədən başa düşməliyik ki, onu döyməklə, ona zor tətbiq etməklə, ona söyüş söyməklə biz bütün bunları ona öyrətmiş, onu bu zorbbalığa alışdırmış oluruq.


Əslində uşağa hər şeyi valideyn öyrədir. Öz metodlarıyla yaxşılığı da pisliyi də. Övlad nəyi görürsə onu da öyrənir. Hətta, yalanı da valideyn öyrədir. Belə ki, biz onu bir gün ağlamasın sakit dursun deyə, «ağlama balam, sabah səni filan yerə aparacam» deyərək aldadıb, sakitləşdiririksə, o da sabahı gözləyib, gözlədiyinin yalan olduğunu başa düşür və zamanla yalanı adi qəbul edib, özü də yalan danışır.


Bizdən çox şey asılıdır. Buna görə də biz çox şey öyrənməliyik ki, sabah səhvlərə yol açmayaq.


Döyməklə tərbiyə etmək olmaz. Tərbiyə sevgidən başlayır!

Dior
karikaturalar lap acınacaqlıdı.Bəzən də olur ki,valideynlər övladlarını cəzalandırmaq üçün onların bədənlərinə bıçağı qaynar edib yapışdırırlar.
Dəhşət((((
girl_moon
Küçədə, hər kəsin gözü önündə valideynləri tərəfindən döyülən uşaqları görəndə çox pis oluram((
Hagverdiyev
Küçədə uşaq döymək qəddarlığın son nöqtəsidir. Bəzən görürsən ki, küçədə uşaq nə isə bir səhf hərəkət edəndə  anası camaatın içində onu elə amansızcasına döyür, ona elə söyüşlər söyür ki, adam lap dəhşətə gəlir. Bayırda belə edən, gör evdə necə vəhşiliklər edər. Belə yerdə adam bilmir ki, uşağa necə kömək etsin. Çünki, valideyn hesab edir ki, uşaq mənimdir özüm bilərəm.