Sözün qüdrəti

Nitq bacarığı bəşəriyyətin unikal nailiyyətidir. Hesab olunur ki, insanı bütün canlılardan fərqləndirən əsas faktorlardan biri məhz dildir. Dil insan şüurunun və şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Nitq insanlar arasında ünsiyyəti təmin edir. 

Dil vasitəsilə ötürülən məlumat təbii ki, söz şəkilində olmalıdır. Sözlər vasitəsilə insan düşünür, öz fikrini, hissini, biliyini, gördüyünü ifadə edə bilir. Müqəddəs kitablarda qeyd olunur ki, dünyada mövcud olanlar elə sözdən yaranıb. Yəni, Allah deyib dəniz olsun və dəniz yaranıb, işıq olsun işıq olub. Məşhur psixiatr Ziqmund Freyd güman edirdi ki, söz insan şüurunun baza instrumentidir, ona görə də o, xüsusi təsirə malikdir. Freyd yazırdı: “Söz və magiya əzəldən bir olub, hətta bu gün də əksər sözlərin sehrli qüvvəsi itməyib. Söz vasitəsilə insan digərinə böyük xoşbəxtlik bəxş edə bilər və yaxud onu sonsuz ümidsizliyə salar. Sözün köməyi ilə müəllim öz biliyini şagirdə ötürür, sözlə natiq auditoriyanı ələ alır, onun fikrini və qərarını müəyyənləşdirir. Söz emosiya yaradır və bütövlükdə o, bizim əlimizdə yaxınlarımıza təsir etmək vasitəsidir”. 

Sözlər yalnız bir-birinin ardınca gələn sadəcə səslər, hecalar, hərflər deyil nə isə daha əhəmiyyətlidir. Sözlərlə bağlı əldə edilən təcrübə, həmin sözlərə bədənin verdiyi reaksiya və insanın keçirdiyi hislər, hamısı toplanaraq informasiya kimi beyində qalır. Yəni, beyin nəinki sözlərin yazılışını və mənasını yadda saxlayır, həm də həmin sözlə əlaqədar əmələ gələn duyğuları və orqanizmin verdiyi reaksiyaları da kodlaşdırır. Sözlərin təsir qüvvəsini yaxşı başa düşmək üçün bir neçə adi misala baxaq: “alça”, “limon” adını çəkəndə adamın ağzı sulanır, “imtahan başlayır”, “yoxlama gəlir” deyən kimi insan qorxuya düşür, “müftə yeyib-içmək” təklif edəndə yoldaşın üzü-gözü qımışır, “pulun var?” soruşanda çoxları ağlaşma qurur və s..

Sözün müsbət enerjisini yaxşı duyan təcrübəli həkimlər xəstəyə ilk yardımı da məhz sözlə etməyə, onu tezliklə sağalacağına inandırmağa çalışırlar. Yaxşı həkimin ümidverici sözləri hətta çarəsiz xəstənin əhvalını xeyli yaxşılaşdıra bilər. Sözün qüdrətindən ali məqsədlər üçün istifadə insanlar bəşəriyyətin inkişafında çox mühüm rol oynamışlar. Bununla belə, çox təəssüf ki, sözün potensial enerjisini düzgün istiqamətə yönəltməyən insanlar da vardır. Onlar sözləri boş danışıqlara, şayiələrə, kiminsə dalınca böhtan atmağa sərf edirlər. Enerjinin saxlanılması qanunu isə deyir ki, enerji itmir, sadəcə başqa formaya keçir. İnsan sözləri haqsız yerə və ya pislik məqsədi ilə işlətdikdə onların mənfi enerjisi son nəticədə müxtəlif cür problem şəklində onun özünə qayıdır. Müdriklər göstərirlər ki, bizim bədbəxtçiliklərimizin çoxu elə dilimizin ucbatından olur. Çünki, “Yerli söz yerin tapar, yersiz söz, yiyəsin”. “Sözün bilməyən ağız başa toxmaq vurdurar”.

Sözün neqativ təsirindən pisniyyətli, kinli və yaxşılığı gözü götürməyən insanlar daha çox istifadə edirlər. Xeyirsöyləməzə deyirlər: səfərə çıxıram bir xeyir söylə, gələndə sənə on manat verəcəyəm deyir: indidən ver, bəlkə getdin heç qayıtmadın. Paxıl adamların dilindən nəinki xoş söz çıxmaz, onlar hətta başqasına pislik etmək üçün bəd dualardan da istifadə edirlər. Bəd duaları təşkil edən sözlər çox güclü mənfi enerjiyə malik olur. Bu sözlər qarğış xarakterli olur və hədəfə aldığı adamın bəxtinin bağlanmasına hesablanır. Cadulu sözlərin təsirindən əmələ gələn xətərlər adamın fiziki, mənəvi nasazlığında, onun yaxınları, ətrafdakıları ilə münasibətinin korlanmasında özünü göstərir. Ovsunlu sözlər nişan seçdiyi adamın əxlaqının pozulmasına, içkiyə qurşanmasına, ailəsinin dağılmasına, qəfildən ağır xəstəliyə tutulmasına səbəb ola bilər. Bütün bunlar sözlərin neqativ təsirinin daha güclü olduğuna dəlalət edir. Düzdür, belə halların elmi izahı olmasa da, hər-halda, yəqin ki, çoxları bəd duaların ağır nəticələri ilə rastlaşıb. El arasında bəd dualardan qorunmaq üçün xoş dualar söyləmək məsləhət görülür. Qədim xalqların, o cümlədən Azərbaycan xalqının dilində xoşniyyətli dualar çoxdur. Allaha şükür etmək, həmişə əmin-amanlıq, firavanlıq, sülh, ruzi-bərəkət arzulamaq kimi xoşməramlı dualar min illərlə xalqımızın mənəvi həyatında mövcud olmuş və bu günə kimi bu adət qorunub saxlanılmışdır. 

Bəzən sözün mənası və təsiri onu necə deyilməsi, hansı məqamda işlədilməsi ilə sıx bağlı olur. Biz səsimiz, bədənimizin hərəkətləri, jestlər və sifətimizin ifadəsi ilə danışdığımız sözlərin mənasına böyük müxtəliflik veririk. İlk baxışdan adi görünən “Salam!” sözü, intonasiyadan asılı olaraq həm həqiqi salamlamaq, həm də hədələmək, qorxutmaq kimi səslənə bilər. Təsadüfi deyildir ki, incəsənət sahəsində professional aktyorlar ən çox intonasiya və bədən hərəkətlərinin dili ilə danışmağa daha çıx üstünlük verirlər.

Təcrübə göstərir ki, bəzən eyni söz ayrı-ayrı şəxslər tərəfindən müxtəlif cür qəbul edilir. Sözün təsiri insanın reaksiyasından, onun təəssüratının həmin söz altında nə dərəcədə və hansı istiqamətdə dəyişməsindən asılı olur. "Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur" məsəli göstərir ki, sözü başa düşmək üçün onu qəbul edən, ən aşağısı, söhbət gedən obyekt və ya mövzu haqqında müəyyən biliyə malik olmalıdır. Əks halda deyilən söz onun üçün tam təsirsiz olacaq və ya heç bir əhəmiyyət kəsb etməyəcək. Dahi Nizami deyib ki, “Sözdən xəbərsiz qalır, könüldən xəbərsizlər, Sözün yozumu sözdən daha şux, daha dilbər”.

Ümumiyyətlə, sözün düzgün başa düşülməməsi bu gün də problem olaraq qalır. İnsan, sözü başa düşülməyəndə özünü çox pis hiss edir. Ona görə də adam söhbəti alınmayan, deyilən sözü, fikri dərk etməyən şəxsdən həmişə uzaq olmağa çalışır. "Dünyada iki şəxs heç vaxt dost olmaz: biri - qanan, biri - qanmaz" deyən babalarımız qeyd edir ki, "Dünyada ən zor iş anlamaza söz anlatmaqdır". "Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır". Müdriklər hətta arzu edirlər ki, kaş adamın düşməni də başa düşən olsun. "Ağıllı düşmən nadan dostdan yaxşıdır". "Başa düşənə can qurban" deyən ariflər xahiş edir ki, "Başa düş, başımı yar". Nadan isə deyir: "Necəsən qanmayım atan yansın!"

Beləliklə, ağsaqqalların dili ilə desək: “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. Söz necə olmalıdır? sualına müdriklər belə cavab verirlər ki, “Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Söz odur ki, haqqa vara”. Sonda məsləhət görürlər ki, “Sözü xiridarı olana deyərlər”.

Vüqar Haqverdiyev



5 şərh

2ral
Eyni fikri müxtəlif sözlərlə çatdırmaq olar.Harun ər rəşid və yuxuyozanlar haqda rəvayət buna misaldır.
Hagverdiyev

Bir lətifə var,təxmini məzmunu belədir ki, bir molla suya düşüb boğulurmuş və qışqırırmış ki, mənə kömək edin!!! Kim gəlirmiş ki, molla əlini ver səni sudan çıxardım, molla əlini uzatmırmış. Axırı bir ağsaqqal əlini ona uzadıb deiyr ki, molla əlimi ala. Molla da onun əlindən tutub sudan çıxır. Camaat bu işə məttəl qalanda ağsaqqal deir ki, bizim mollar ver yox al sözünü başa düşürlər.


İndi burada da ağsaqqal sözləri məharətlə dəyişməklə mollanı xilas edir.

bloqçu

«Sözün ən gözəli — söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür.»


Sözün qüdrəti böyükdür. Keçən dəfə mikrotopikdə də yerləşdirmişdim, təkrara yol versəm də burda da qeyd edim: Sözlərin gücünü anlamadınsa, insanların da gücünü anlaya bilməyəcəksən.(Confucius). Sözün qüdrəti o qədər böyükdür ki, insanı göyə də qaldırar, yerə də batırar. Bu yerdə çox düz deyiblər ki, çöhrəsindən gül də yağsa, insan ki ağzını açdı, bilirsən ki, bu necə insandır, qabında nə var. Sədi də çox düz buyurub: «Nə üçün söylədim» deyə sonda peşman olmaqdansa, lazımdır ki, əvvəlcəddən «nə söyləyim» deyə düşünəsən. (Sədi)

telebe
Çox maraqlı fikirlərdir, thx)
bloqçu

«Qədim zamanlarda bir padşah var imiş və o kahinlərindən birini çağırıb ondan soruşur ki, „mən nə qədər yaşayacağam?“


Kahin deyir: Siz qədər uzun yaşayacaqsınız ki, bütün övladlarınızın ölümünü də görmüş olacaqsınız.


Padşah bu cavabdan qəzəblənirvə kahini zindana saldırır. Bundan sonra başqa bir kahini hüzuruna çağırıb sualını təkrarlayır.


Bu kahin isə belə cavab verir: — Allah Təala sizə o qədər uzun və bərəkətli ömür bəxş edəcək ki, siz övladlarınızın xoşbəxt həyatını da görəcəksiniz,  hamısından uzun da yaşayacaqsınız.


Bu sözlərdən sanra padşah ikinci kahini hədiyyələndirərək, ona çoxlu bəxşiş verir.»


İki kahin də eyni həqiqəti demişdi, ancaq burda fərq yalnız və yalnız üslubda idi.  Söz eyni mənaya gəlib çıxsa da, onu demək qaydasına görə arada dağ boyda fərq yaranır.