Heyvanların söhbəti

Qoyun, uzunqulaq bir yerdə otlayır, it quyruğunu bulayır, çoban da çomağını yerə dirəyib onlara baxırdı. Bir müddətdən sonra çoban iti çağırır yanına, ona tapşırıq verib gedir.

Çoban uzaqlaşan kimi it başlayır tez-tez ucadan hürməyə ki, qurd-quş qorxudan yaxın gəlməsin. Ham, ham, ham!...

İtin səsi uzunqulağı lap təngə gətirir və o, üzünü qoyuna tutub ucadan deyir:

– Bu da, it kimi hürməkdən başqa bir şey bilmir?
Söz itin xətrinə dəyir.
– Ala, uzunqulaq, gərək bağışlayasan, mən eşşək kimi anqıra bilmirəm! Ham, ham, ham!..
Uzunqulaq isə cavabında deyir:
– Sən hələ düz-əməlli it kimi hürməyi öyrən, sonra danışarıq! İhaha, ihaha, ihaha!...
– Ala get, anqır tayını tap! Bir bunun çuvalına-zadına bax! Gör ipək necə xar olub, sənin kimi eşşəyə çuval olub?! – deyə it uzunqulağı söz atəşinə tutur: – Boş yerə deməyiblər ki, eşşəyə geydirsən məxmərdən yükü, yenə eşşəkdir parıldar tükü! Ham, ham, ham!...
Uzunqulaq itin söz hücumundan az qalır nokauta düşsün, lakin tez özünü əla alır.
– Dünyanın işinə bir bax, özgəyə it hürər, bizə də bazarın tulası! İhaha, ihaha, ihaha!...– deyə uzunqulaq dişlərini ağardır.
Qoyun vəziyyətin gərginləşdiyini görüb deyir:
– Dostlar, bəsdirin də, hər gün bu qədər mübahisə olar? Kim istəyir anqırsın, kim istəyir hürsün, kim də istəyir mənim kimi lap məildəsin, məə, məə, məə!!! ...
Ə qoyun, kəs səsini! İndi qurd eşidər, gələr! – deyə it həyəcanlanır.
– Eşşəyin səsinə gəlmir, mənim səsimə gələcək? – deyə qoyun etirazını bildirir.
– Ağzında eşşək deyirsən, onun anqırtısına kim gələr? – it deyir.
– Nə tez qorxdun, ala, bayaqdan it kimi hürən sən deyildin, belə görürəm ki, qurd gəlsə sən bizdən bərk qaçacaqsan! – uzunqulaq rişxəndlə deyir.
– Ay uzunqulaq, it bizə keşik çəkir, bizi qoruyur, gəl ona hörmətlə yanaşaq! – deyə qoyun eşşəyi ədalətli olmağa çağırır.
– İtə yiyəsinə görə hörmət edərlər! O, bizi havayı yerə qorumur ki, özünü fikirləşir, gözləyir ki, çoban nə vaxt gələcək, yaxşı hürdüyünə görə ona bir tula payı verəcək! – uzunqulaq özünü sındırmır.
– Sən dünyaya eşşək gəlib, eşşək kimi də gedəcəksən, ona görə də səni qınamıram, ancaq bu qoyun, səndən fərqli olaraq heç olmasa qədir-qiymət biləndir! – deyə it qoyunu alqışlayır.
– Ala, buna qoyun deyirsən? Bu, özünü qoyunluğa vurub, dünyanın altın da bilir, üstün də! – deyə uzunqulaq təslim olmaq istəmir.
– Bu qoyun, sənin kimi qanmazlardan min dəfə yaxşıdır, nə deyirsən başa düşür, ancaq, heyf ki, bu yazığın ömrü çox qısa olur, bir az əmələ gələn kimi kəsib yeyəcəklər, – deyə it qoyuna canıyananlıq edir.
Uzunqulaq görür ki, belə getsə onu təkləyəcəklər, tez bu söhbətə son qoymaq üçün deyir:
– Elə yaxşı edib kəsəcəklər, qoyun kimi yaşamaqdansa, – bir az pauza verib itə baxır – it kimi ömür sürməkdənsə yaşamamaq daha yaxşıdır! Birdəfəlik başa düşün ki, yaşamaq üçün, həyatda mənim kimi eşşək və qanmaz olmaq lazımdır! ....– deyə uzunqulaq qələbə ruhunda ürəkdən üç dəfə anqırır: – İhaha, ihaha, ihaha!...

Bu dəm də çoban gəlib çıxır. Heyvanlar tez səslərini kəsirlər, qoyun və uzunqulaq başlarını aşağı salıb yenə sakitcə otlamağa başlayır, it də əvvəlki kimi quyruğun bulayır.

Vüqar Haqverdiyev

http://doqquziklim.net/?p=1873#more-1873

 

3 şərh

burla xatun
Dünyaya eşşək kimi gəlib eşşək kimi gedəcəksən söünün yeri vardı. Atalar sözlərini yaxşı yığmısınız bir yerə. Məndən +1
MAQA
eslinde essek olmaq ebiy deyil ama o dunyaya essek kimi getmek bax bu uje eyibdi
Zeynal
Bəzi insanları tanıdıqca heyvanlara hörmətim artır.