Əqdlər

  • Hüquq
. 1. Mülki-hüquqi əqdlərin anlayışı;
. 2. Əqdlərin hüquqi təsnifi;
. 3. Əqdin qanunla nəzərdə tutulmuş forması;
. 4. Əqdlərdə razılıq anlayışı;
. 5. Əqdlərdə əvəzli və əvəzsizlik əlaməti;

1. Mülki hüquqi əqdlərin anlayışı


.Əqd vətəndaşların və hüquqi şəxslərin mülki hüquq və öhdəliklərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir. Əqdlər mülki-hüquqi faktların nisbətən geniş yayılmış növüdür. Əqdi xarakterizə edən xüsusiyyətlər aşağıdakılardır:
–    Əqd hər zaman iradi hərəkətdir;
–    Əqd qanunauyğun hərəkətdir;
–    Əqd mülki hüquq münasibətlərinin yaranıb, dəyişdirilməsinə yönəlmişdir;
–    Əqd mülki münasibətləri yaradır, bu onunla əlaqədardır ki, əqdin hüquqi nəticələri məhz mülki qanunvericiliklə tənzimlənir.
   Belə nəticəyə gələk ki, mülki hüquqda əqd iki mənada işlədilir:
 -mülki-hüquqi fakt mənasında;
 -mülki hüquq institutu mənasında.
Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, həm də xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlədən vətəndaşlığı olmayan şəxslər də bağlaya bilərlər.
Müllki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq normalarının məcmusu başa düşülür. Öz strukturuna görə əqd insitutu iki hissəyə bölünür:
-Ümumi
-Xüsusi
Ümumi hissənin normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil olunur. Xüsusi hissə normaları isə xüsusi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir.
 Mülki-hüquqi əqdlər son dərəcə müxtəlif olub, bir neçə növə bölünür. Qüvvədə olan mülki qanunvericilik onların ayrı-ayrı növlərini tənzimləyir.

2. Əqdlərin hüquqi təsnifi


Əqdlər müxtəlif əsas və meyarlara görə növlərə bölünür. Bu cür əsas və meyarlara aiddir:
-    əqddə iştirak edə tərəflərin sayı
-    tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anı
-    əqdin əvəzli-əvəzsiz olması və.s
Əqddə iştirak edən tərəflərin sayı kimi meyara və əsasa görə əqdlər üç növə bölünür:
-    birtərəfli əqdlər
-    ikitərəfli əqdlər
-    çoxtərəfli əqdlər
Əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edən əqdlərə birtərəfli əqdlər deyilir. Məsələn, vəsiyyət etmək bitərəfli əqdlərə misal ola bilər. Bu zaman vəsiyyət edən şəxs öz iradəsini vəsiyyətnamədə vərəsə kimi göstərilən şəxsin bu iradə ilə razı olmasından asılı olmayaraq ifadə edir.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, “əqdi bağlayan tərəf” anlayışı ilə “əqd iştirakçıları” anlayışını qarışdırmaq olmaz.
İkitərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün iki tərəfin iradə ifadəsinin olması tələb edilir. Bu cür əqdlərdə iki tərəfin razılaşdırılmış və qarşılıqlı iradəsi ifadə olunur. Məsələn, alqı-satqı, kirayə, icarə, borc, kredit, siğorta, girov və digər müqavilələr ikitərəfli əqdlərə misal ola bilər.
İkitərəfli əqdlərdə iki qarşılıqlı iradə ifadəsinin bir-birinə uyğun gəlməsi tələb edilir. Belə ki, bu əqddə iştirak edən tərəflərdən hər birinin öz iradəsini ifadə etməsi gərəkdir. Ona görə ikitərəfli əqdləri qarşılıqlı əqdlər də adlandırırlar.
Çoxtərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün ikidən çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması tələb edilir. Başqa sözlə desək, çoxtərəfli əqdlərin bağlanmasında ikidən çox tərəf iştirak edir. Çox tərəfli əqdlər üçün xarakterik olan belə bir xüsusiyyət vardır ki, burada hərbir tərəfin hərəkəti eyni bir ümumi məqsədə çatmağa yönəlir. Çoxtərəfli əqdlərə köhnə 1964-cü il MM-nin tənzimlədiyi və nəzərdə tutduğu birgə fəaliyyət haqqında müqaviləni misal çəkə bilərik.
Mülki qanunvericilikdə və mülki hüquq elmində ikitərəfli və çoxtərəfli əqdləri müqavilələr adlandırırlar. Öz həcminə görə “əqdlər” və “müqavilələr” kimi iki anlayış bir-birinə uyğun gəlmir və üst-üstə düşmür. Belə ki, əqdlər birtərəfli, ikitərəfli, çoxtərəfli ola bilər. Amma müqavilələrə yalnız ikitərəfli və çoxtərəfli əqdlər daxildir. Birtərəfli əqdlər müqavilə kateqoriyasına aid edilmir. Deməli, istənilən hər hansı müqavilə əqd hesab edilir, amma istənilən əqdi müqavilə hesab etmək olmaz.

3. Əqdin qanunla nəzərdə tutulmuş forması


Qeyd edək ki, iradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Söhbət əqd bağlamaq niyyətində olan şəxsin bu iradəni əqdin digər iştirakçılarının nəzərinə düzgün çatdırmasından gedir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunda nəzərdə tutulan və göstərilən üsullarla çatdırıla bilər. Bu üsullar qanunun müəyyənləşdirdiyi formadır. Həmin forma isə əqdin forması adlanır.
.Əqdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar başa düşülür ki, bu üsullar vasitəsilə əqd bağlamaq niyyətində olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digər iştirakçılarının nəzərinə çatdırılır.
Əqdin forması onun etibarlı hesab edilməsinə dəlalət əsas və vacib şərtlərdən biridir. Özü də əqdlər yalnız qanunda nəzərdə tutulan formada bağlana bilər. Qanun göstərir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Əgər bu cür forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilər. Əvəzsiz istifadə müqaviləsi üçün qanun konkret müəyyən forma müəyyən etmir. Deməli, bu müqavilə istənilən formada bağlana bilər.
.Qanun əqdin iki formasını müəyyənləşdirir və fərqləndirir:
-    şifahi forma
-    yazılı forma
.Şifahi formada əqd bağlamaq istəyən şəxsin iradəsi şifahi formada, sözlə, dilcavabı ifadə edilir. Bu cür iradə ifadə olunarkən, əqd iştirakçısı əqdin bağlanma şərtlərini və onu bağlamağa hazır olduğunu sözlə bildirir. Şifahi formada əqdlərin bağlanması hər hansı kağız sənədinin tərtib edilməsi ilə müşayiət olunmur, burada danışıqlar əsas rol oynayır. Bu cür danışıqlar tərəflərin şəxsi görüşü zamanı, telefon və digər rabitə vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Buna görə də şifahi forma daha sadə forma hesab edilir.
Şifahi formalı əqdlərdən fərqli olaraq yazılı formalı əqdlər müvafiq sənədin tərtib olunması ilə müşayiət edilir. Əqdin yazılı forması şifahi formaya nisbətən üstünlüyə malikdir. Çünki yazılı formada əqd bağlamaq niyyətində olan şəxsin iradəsi maddiləşmiş sənəddə möhkəmləndirilir və obyektivləşir.
Əqdin yazılı formasına riayət edilməsi üçün üç məcburi və labüd şərtin olması gərəkdir:
-    yazılı formalı əqd vahid sənəd tərtib etmək yolu ilə bağlanır;
-    bu sənəd əqdin məzmununu ifadə edir;
-    bu sənəd əqd bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanır;
Yazılı formada əqd iki qaydada bağlanır. Birinci qaydaya görə, əqd vahid sənəd tərtib etmək yolu ilə bağlanır. İkinci qayda isə yazılı əqdin sənədlərin mübadiləsi yolu ilə bağlanmasını nəzərdə tutur. Sənədlərin mübadiləsi poçt, teleqraf, telefon, elektron rabitəsi kimi vasitələrə əsaslanır. Bu vasitələr müvafiq sənədin müqavilə bağlayan tərəfdən gəldiyini doğru-dürüst müəyyənləşdirməyə imkan verir.

 4. Əqdlərdə razılıq anlayışı


   Elə əqdlər var ki, onların hüquqi nəticə verməsi hər hansı üçüncü şəxsin razılıq verməsindən asılı olur. Həmin şəxsin verdiyi razılıq hüquqi fakt kimi tərəflər üçün mülki hüquq və vəzifələr yaradır. Bu cür razılığın verilməsi müəyyən məqsədə xidmət edir. Birincisi, razılıq ziyana düşməməkdən ötrü əqd subyektlərinin mənafeyi üçün verilir. Məsələn, valideynlər fəaliyyət qabiliyyəti natamam olan şəxslərin əqd bağlamasına razılıq verirlər. İkincisi, razılığın verilməsi təmsil olunanın mənafeyinə xidmət edir. Ona görə ki, təmsilçi yaxud nümayəndə məhz təmsil olunanın adından və onun mənafeyi üçün əqd bağlayır.
Əqdlərdə razılıq müstəqil mülki-hüquqi konstruksiya kimi bizim ölkə qanunvericiliyində yeni haldır. Düzdür, köhnə qanunvericilik onun müəyyən fraqmentlərini nəzərdə tuturdu amma həmin qanunvericiliyə görə, əqdlərdə razılıq müstəqil konstruksiya sayılmırdı.
   Əqdlərdə razılıq dedikdə, əqddə iştirak etməyən üçüncü şəxsin əqdin bağlanmasına icazə verməsi başa düşülür. O, əqdin bağlanması prosesinin əlavə mərhələsidir. “əqdlərdə razılıq” və “əqdlərdə icazə” eyni mənalı anlayışlardır. Əqdlərdə razılığın üç forması var:
-    qabaqcadan verilmiş razılıq;
-    xüsusi razılıq;
-    sonradan verilən razılıq;
   Qabaqcadan verilmiş razılığın mahiyyəti, əqd bağlananadək üçüncü şəxsin əvvəlcədən icazə verməsi əqdin etibarlı sayılması üçün əsas olur. Xüsusi razılığa və ya xüsusi icazəyə “lisenziya” deyilir. Yalnız bu cür lisenziya olduqda şəxs müvafiq əqdlər bağlaya bilər. Lisenziya xüsusi razılıq tələb edən ayrı-ayrı fəaliyyət növləri üzrə verilir. Məsələn, kredit təşkilatı bank əmanəti, bank hesabı, kredit və digər müqavilələr bağlamaq üçün Milli Bankdan lisenziya almalıdır. Sonradan verilən razılığın mahiyyəti ondan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd qüvvəyə minir. Ümumi qayda belədir ki, səlahiyyəti olmayan şəxsin əşyaya və ya hüquqa dair sərəncam vermək hüququ çatmır, o, yalnız səlahiyyətli şəxsin qabaqcadan verdiyi icazə əsasında əşya və ya hüquq barədə sərəncam əqdi bağlaya bilər.
   Razılığın formasına gəldikdə isə, qeyd etmək lazımdır ki, əqdin bağlanmasına verilən razılığın forması həmin əqdin formasından asılı deyildir. Əgər əqd üçün qanunla müəyyən forma nəzərdə tutularsa, onda həmin əqdin bağlanmasına verilən razılığın göstərilən formaya uyğun gəlməsi tələb edilmir və məcburi deyil.

5.Əqdlərdə əvəzli və əvəzsizlik əlaməti


   Əvəzlilik-ekvivalentlik kimi əlamətə, yəni əvəzli– ekvivalentli olub-olmaması kimi əlamətə görə əqdlər iki yerə bölünür:
-    əvəzli əqdlər
-    əvəzsiz əqdlər
   Əvəzli əqdə görə bir tərəf öz vəzifələrinin icrası müqabilində o biri tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almaq hüququna malik olur. Söhbət əqddə iştirak edən bir tərəfin özünün etdiyi hərəkətə görə digər tərəfdən qarşılıqlı əvəz almasından gedir. Hərəkət dedikdə, tərəfin digər tərəfə əşya və ya pul verməsi, iş görməsi və ya xidmət göstərməsi başa düşülür. Məsələn, alqı-satqı müqaviləsinə görə, satıcı əşya verməyin müqabilində pul formasında qarşılıqlı əvəz alır.
   Mülki-hüquqi əqdlərin əsas kütləsini əvəzli əqdlər təşkil edir. Bu əqdlərin xüsusi çəkisi müqayisəedilməz dərəcədə böyükdür. Bütün sahibkarlıq müqavilələri əvəzli əqd hesab edilir. Əvəzli əqdlərin üstünlük təşkil etməsi mülki dövriyyənin əmtəə və əmlak xarakterli olması ilə, onun əmtəə-pul münasibətlərindən ibarət olması ilə izah edilir. Belə ki, bəzi əqdlər əvəzli olsa da, ekvivalent əqd hesab edilmir. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı həqiqi qiymətindən nisbətən ucuz qiymətə satır. Siğorta müqaviləsi əvəzli olsa da, ekvivalentlik xüsusiyyətindən məhrumdur. Belə təsəvvür yaranır ki, ekvivalentlik yox, qarşılıqlı əvəz almaq əvəzli əqdlərdə həlledici əhəmiyyəy kəsb edir.
   Əvəzsiz əqddə isə, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan onun üçün müəyyən hərəkət edir, yəni əmlak verir, xidmət göstərir, iş görür və ya pul verir. Bu cür əqdlərə misal olaraq bağışlama müqaviləsini göstərmək olar. Bu əvəzsiz əqdlərin klassik növü hesab edilir.

Nəticə:.
Mülkiyyət hüququnun əmələ gəlməsinin əsas törəmə üsullarından biri əqd əsasında əmlakın verilməsidir. Bu üsul MM-nin 181-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.
Bununla belə nəticəyə gəlmək olar ki, mülkiyyət hüququnun tanınması son dərəcə mühüm əhəmiyyətli hüquqi nəticələrə səbəb olan mülkiyyət hüququnun müdafiəsi üsuludur. Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

İstifadə olunan ədəbiyyatlar:
 1.Sabir Allahverdiyev, “Azərbaycan Respuplikasının Mülki Hüququ”, I cild, I kitab ümumi hissə. Dərslik, Digesta–2003.
 2. Ziyafət Əsgərov, “Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları”, Bakı 2006.
3. Sabir Allahverdiyev, “Azərbaycan Respublikasının Mülki hüququ” II cild (Dərslik), Digesta–2001

 

0 şərh