Görüntülər

Orada, zəminin ortasında, dum-duru çayın sahilində bir qəfəs gördüm ki, onun barmaqları böyük ustalıqla hazırlanmışdı. Qəfəsin bir küncündə-ölü quş, digərində-iki boş qab vardı; su və dən üçün.

Gördüklərim mənə hakim kəsildi. Mən anladım ki, bu binəva quşcığaz axar çayın sahilində və bərəkətli zəminin ortasında susuzluq və aclıqdan əziyyət çəkərək ölmüşdür; bir varlı öz xəzinəsində qalıb daş-qaş içində ölən kimi.
Gözümün qarşısında qəfildən qəfəs insan skeletinə çevrilməyə başladı və ölü quş isə yaralı insan ürəyinə döndü. Onun qan daman dərin yarası kədərli qadının dodaqlarına bənzəyirdi. Yaradan gələn səs deyirdi: "Mən maddiyyat qəfəsinə salınmış və yer qanunarının qurbanına çevrilmiş insan ürəyiyəm".
Allahın gözəllik zəmisində, həyat çayının sahilində məni insanların yaratdığı qanunlar qəfəsində əsir etmişlər.
Əsrarəngiz yaranışın mərkəzində əslində mən yaşamadım öldüm. Çünki, Allahın səxavəti olan azadlıqdan dadmağa mənə icazə vermədilər. Məndə eşq oyadan hər şey insanların təsəvvürünə görə rüsvayçılıq imiş; mənin həsrətlə arzuladığım hər şey insanların mühakiməsində heç nəyə döndü.

Mən - bəşər ürəyiyəm; cəmiyyət qanunlarının qaranlıq zindanına salınmış, xurafat zəncirləri ilə qandallanmış, təhqir olunmuş, unudulmuş, öldürülmüş bəşər ürəyi. O bəşərin ki, indi dili bağlı, gözləri isə qurudur".

Eşitdiyim bütün bu sözlər qan ağlayan ürəkdən gəlirdi.Çox şey deyirdi, qəhər gözümü dumanlandırdığına görə, daha heç nə eşidə bilmədim.

 

C. X. Cubranın "Göz yaşı və təbəssüm" kitabından

3 şərh

fidan
Şəkil nə şəklidir? Ona görə deyilib ki,həmişə şəkilə təsvir yazın.Bilinsin ki bu şəkil nə haqdadır.Yoxsa bir şəkil üoyursuz,sonra da adam baş sındırır ki görəsən bu şəklin mənası nədir?
IDEAL
C. X. Cubranın şəklidi.
Ferbara
Adi insan şəklindən fəlsəfə axtarmaq da bir istedadmış...))