Psixi inkişaf faktorları və qanunauyğunluqları | İndiqo uşaqlar

  1. Psixi inkişafın qanunauyğunluqları
  2. Ontogenetik inkişaf prosesində şəxsiyyətin təşəkkülü.
  3. Şəxsiyyətin formalaşmasında sosial-psixoloji faktorlar
  4. Təlim və tərbiyənin fərdiləşməsi

Sual 1. İnsanın psixi inkişafı çox mürəkkəb proses olub, şəxsiyyətin yeni keyfiyyətlərini təşəkkül etdirir və onun müəyyən qanunauyğunluqları vardır:

  • Psixi inkişafın fasiləsizliyi. Bu, psixi inkişafın ana xəttini təşkil edir. Belə ki, bu qanun psixi inkişafın fasiləsiz, dialektik, ziddiyyətli, sıçrayışlarla cərəyanı, yüksəlişi, yeni törəmələrin əmələ gəlməsini bildirir.
  • Psixi inkişafın qeyri-bərabərliyi. Uşağın mənəvi aləminin, psixi proses və xassələrinin ayrı-ayrı dövrlərdə müxtəlif surətlə inkişafında, akselerasiyasında, yaxud gec təzahür etməsində, eyni inkişaf səviyyəsində olmamasında ifadə olunur. İnkişafın bu qanunauyğunluğu təlim-tərbiyə şəraitindən, uşağın anatomik-fizioloji, biokimyəvi xüsusiyyətlərindən, orqanizm və mühitin qarşılıqlı təsirindən, sinir sisteminin genotipindən asılıdır.
    Görkəmli alimlərin əksəriyyətini valideyn və müəllimləri kiçik yaşlarında tənbəl, qabiliyyətsiz hesab edirdilər. Deməli, uşağın qabiliyyətini tək təlim müvəffəqiyyətilə ölçmək olmaz, qabiliyyətlərin müxtəif inkişaf variantlarını, qeyri-bərabər inkişaf qanunauyğunluqlarını da nəzərə almaq lazımdır.
  • Psixi inkişafın inteqrasiyası. Psixi proses və xassələrin davamlılığı, bütövlüyü və sabitliyilə bağlı olub, onların şəxsiyyətin daimi əlamətlərinə çevrilməsi prosesində özünü göstərir.
  • Psixi inkişafın plastikliyi və ya kompensasiyası. Bir psixi funksiyanın surətlə inkişaf edərək zəif təşəkkül edəni, ya da inkişaf etməyəni əvəz etməsi şəklində başa düşülür. Məs, korlarda, taktil-lamisə həssaslığının, eşitmənin yüksək səviyyədə inkişaf edərək görmənin vəzifələrini icra etməsi.
  • İnteriorizasiya prosesi. İnsana xarici aləmdən olan təsirlər, qəbul etdiyi informasiyal, özünün apardığı maddi əməliyyatlar beyində möhkəmlənərək perseptiv (qavrayış), mnemik (hafizə), fikri (təfəkkür) əməliyyatlara çevrilir və beləliklə, subyektin əşyavi, maddi fəaliyyəti zəmnində psixika, şüur nəşət edir, daxili ideal əməliyyat, psixi hadisə, mənəvi aləm əmələ gəlir, insanda müvafiq obrazlar, anlayışlar formalaşır.
  • Hər bir adam xarici və daxili qıcıqlara qarşı sadəcə cavab verməklə kifayətlənməyib bilik və təcrübəsi əsasında dünya və insani münasibətlər haqqında özünəməxsus təsəvvür formalaşır, anlayışlar sistemi yaranır və onlar hadisələri özünəməxsus formada şərh edir, yeni fikir, mülahizə, fərziyə irəli sürür. Xalq arasında deyildiyi kimi, hər şeyi öz arşını ilə ölçür. Beləliklə, insanın şəxsi görüşləri, baxışlar sistemi təzahür edir, hadisələri qabaqcadan görür. Amerikan alimi C.Kellinin dediyi kimi: “Adamlar az və ya çox dərəcədə tədqiqatçıdır, alimdir, yaradıcılıq qabiiyyətinə malikdir, ixtira və kəşflər edir, özünün şəxsi nəzəriyyəsini yaradır.” Psixologiyada bu qanunauyğunluq şəxsi konstrukt nəzəriyyəsi adlanır.

Sual 2.Yaş dövrləri psixologiyanın ən mühüm problemlərindəndir. Ayrı-ayrı yaş dövrlərinin müəyyənləşdirilməsi həmişə təxmini xarakter daşıyır. Çünki inkişaf fasiləsiz olaraq davam edir. Ümumiyyətlə, fərdi inkişaf prosesi, yəni ontogenez 2 mərhələdən keçir:

  1. Rüşeymin ana bətnində inkişafı dövrünü əhatə edir. Bu mərhələ antenetal (prenetal) ontogenetik inkişaf adlanır.
  2. Uşağın anadan olduğu gündən ömrünün axırınadək olan müddətdir. Bu mərhələ isə postnetal ontogenetik inkişaf adlanır. Postnetal ontogenetik inkişafı 3 əlamətə görə xarakterizə edirlər:
  • İnsanın ömrü (həyatının ümumi davametmə müddəti);
  • Fərdi inkişafın bir-birini zəruri surətdə əvəz edən mərhələləri;
  • Ayrı-ayrılıqda hər bir mərhələnin müddəti.

Bu xarakteristikalar bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır.

İnsanın ömrü mütləq (xronoloji və ya təqvim) yaşla xarakterizə olunur və uşağın doğulduğu gündən hesablanır. Fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə xarakterizə olunur. Şərti yaş anlayışının evristik mənası vardır. Məsələnin kökü ondan ibarətdir ki, yaş dövrləri mütləq məna daşımır: onun hüdudlarını mütləq (xronoloji və ya təqvim) yaşa görə dəqiq ifadə etmək mümkün deyildir. Yaşın hüdudları mütəhərrikdir, dəyişkəndir, konkret tarixi xarakter daşıyır və şəxsiyyətin müxtəlif sosial-iqtisadi inkişafı şəraitində bir-birinə uyğun gəlmir.

Yaş dövrlərinin müxtəlif təsnifatları məlumdur.

İnsanın ontogenetik inkişafını təhlil etsək, onların bir-birini ardıcıl surətdə əvəz edən 5 mərhələdən ibarət olduğunu görərik: bətin inkişafı, uşaqlıq, gənclik, yaşlılıq və qocalıq mərhələləri. Onların hər birinin özünəməxsus yaş xüsusiyyətləri vardır.

İnsan ontogenetik inkişafın ümumi qanunlarına tabedir. Lakin bununla belə, o, şəxsiyyətin sosial tarixi ilə şərtlənir. İnsanın yaş xüsusiyyətləri sahəsində özünü göstərən ən başlıca variasiyalar onun bir şəxsiyyət kimi inkişafı ilə bilavasitə bağlıdır.Tarixi inkişaf prosesində uşaq inkişaf etdikcə, ümumi ictimai şərait, təlimin məzmunu və metodları da dəyişir ki, bu da yaş mərhələlərinin dəyişməsinə təsir edir.

Bir yaş mərhələsindən digərinə keçid zamanı əvvəlki yaş dövründəki xüsusiyyətlər də dəyişir və yeniləri yaranır. Ayrı-ayrı yaş dövrlərində uşaqlar təkcə əldə etdikləri bilik və bacarıqların miqdarına görə deyil,psixikasının xüsuaiyyətlərinə, ətraf gerçəkliyə münasibətlərinə görə də bir-birlərindən fərqlənirlər. Hər yaş dövründə isə «aparıcı fəaliyyət» xüsusilə diqqəti cəlb edir. Hər bir aparıcı (əsas) fəaliyyət yalnız həmin yaş üçün səciyyəvi olan keyfiyyət və xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur, bir fəaliyyət növündən digərinə keçid isə yeni yaş dövrünün başlamasına dəlalət edir. Məsələn, məktəbəqədər yaş dövründə aparıcı fəaliyyət oyun, məktəb yaşı dövründə təlim, yaşlılıq dövründə isə ictimai-faydalı əməkdir.

İnkişafın yaş dövrlərinə tarixilik və fəaliyyət prinsipləri mövqeyindən yanaşan alimlər hər bir yaş dövrünü səciyyələndirən aşağıdakı xüsusiyyətləri aşkar etmişlər: həyat şəraiti və fəaliyyət, ətrafakılara münasibət, şəxsiyyət strukturunun və idrak sahəsinin xüsusiyyətləri,subyektin dəyişməsi, anatomik-fizioloji xüsusiyyətlər.

Psixoloji-pedaqoji elmlərin inkişafı və yaş dövrləri sahəsində aparılan tədqiqatlar göstərdi ki, müəyyən yaş dövrü üçün səciyyəvi olan eyni aparıcı fəaliyyət çərçivəsində onun müxtəlif mərhələlərini fərqləndirmək mümkündür, özü də bu mərhələlərin hər birində uşağın inkişafı heç də eyni xarakter daşımır. Müəyyən mərhələdə uşağın fəallığı cisimlərə, onu dərk edən ətraf aləm obyektlərinə, başqa sözlə desək, onların dərk olunmasına yönəlir. Başqa bir mərhələdə isə uşağın istiqaməti adamlarla qarşılıqlı münasibətlərin dərk olunmasına-ünsiyyətə yönəlir.

Məktəbəqədər yaş dövrünün əvvəlində oyun zamanı uşaq diqqətini əsasən cisim və hadisələrə, onlar arasındakı əlaqə və münasibətlərə yönəldirsə, orta və yuxarı məktəbəqədər yaş dövründə rollu oyunlar zamanı onun psixi fəaliyyəti ətrafdakı insani münasibətlərin dərk olunması üzərində cəmləşir.

Sual 3. Şəxsiyyətin təşəkkülü onun sosiallaşmasını, uşağın əməli, idraki fəaliyyətini, iradi-emosional sahəsini, fərdi xüsusiyyətlərini, ictimai münasibətlərini əhatə edən mürəkkəb və çoxcəhətli prosesdir.

Şəxsiyyətin formalaşmasında, uşağın şəxsiyyətə çevrilməsində sosial amillər (ailə, məktəb, sosial müəssisə və təşkilatlar) həlledici rol oynayır. Sosial amillər insanın təbii, bioloji quruluşuna, orqanizminə psixoloji amillər vasitəsilə təsir edərək onu normal şəxsiyyət kimi təşəkkül etdirir, başqa sözlə, şəxsiyyətə çevirir. Bunu da qeyd edək ki, sosial cəhətlər yalnız təlim-tərbiyə ilə məhdudlaşmır.İnsan passiv varlıq, ağ lövhə deyil.

Sosiallaşma prosesində insan müəyyən üsul və vasitələrlə (təqlid, təlqin, yönəlmə, bənzətmə, yoluxma, alışma və s.) ictimai təcrübəni, sosial normalar sistemini, maddi mədəniyyət sərvətlərini, şəxsiyyətlərarası münasibətləri mənimsəyir və beləliklə, bunun əsasında özü mənəviyyatca zənginləşir, yetkinləşib şəxsiyyət kimi inkişaf edir; həm də müstəqilləşib, özünəməxsus keyfiyyətlərlə fərqlənir, müəyyən rol və funksiyaları ifa edir, ayrı-ayrı qruplar, xalqlar, millətlərarası həmrəylik, ünsiyyət yaradır, dünyanı, özünü şüurlu surətdə dərk və idarə edir.

Sual 4. Bütün fəaliyyət sahələrində uşaqların yaş, cinsi və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq, son zamanlar pedoqoji işdə tərbiyə və təlimin fərdiləşdirilməsi məsələsi irəli sürülür.

Məlumdur ki, şagirdlərin hamısı üçün eyni olan proqram materialını şagirdlərin hamısı heç də eyni dərəcədə mənimsəmir. Hazırda akselerant, vunderkind, reterdant, infantil deyilən sağlam uşaq tipləri diqqəti cəlb edir.

Biz həyatda istər əqli qabiliyyətinə görə, istərsə də inkişafına görə digər uşaqlardan daha sürətlə formalaşan uşaqlarla rastlaşırıq. Belə uşaqlara, yəni qabiliyyətləri erkən, tez, parlaq təzahür edənlərə Vunderkind deyilir. Vunder-alman dilindən “qəribə”, kind isə “uşaq” deməkdir.

Bəşər tarixində vunderkind uşaqlardan görkəmli bəstəkar, alim, yazıçı yetişmişdir. Belə uşaqlar çox qısa bir müddətdə sürətlə inkişaf edir, orta təhsili başa vurub, ali məktəbə daxil olur və ya istehsalatda işləməyə gedirlər.

Belə uşaqlar hətta 3 yaşından məktəbə başlaya və 2-ci sinifdə oxuyarkən 8-9-cu sinif səviyyəsində bir biliyə sahib ola bilərlər.

Valideyn, tərbiyəçi və müəllimlər vunderkind uşaqların qabiliyyətinə, onların tərbiyəsinə daha çox diqqət yetirməlidirlər. Lakin valideynlər onun uşaq olduğuna, fərdi və yaş xüsusiyyətlərinə əhəmiyyət vermir. Tərbiyəçi bəzən vunderkind uşağa qeyri-adi adam kimi baxır və beləliklə, uşaq özü haqqında düzgün təsəvvürə malik olmur. Odur ki, həmin vunderkind uşağın uşaq olduğu faktını unutmamaq lazımdır. Əks təqdirdə qabiliyyətlərin inkişafı ləngiyər, qeyri-münasib istiqamət alar, cəmiyyət üçün faydalı şəxsiyyət kimi böyüyə bilməz.

Vunderkind uşaqların psixologiyasına diqqət yetirdikdə aydın görünür ki, belə uşaqların bir qismi öz marağı, meyli, adama münasibəti, etibarilə məktəblilər kimi hərəkət edir. Şəraitə tez alışır, dərsi asanlıqla mənimsəyir, tapşırıqları tez icra edir, amma özünü sadəlövh aparır, aşağı qiymət aldıqda hisslərini qabarıq şəkildə büruzə verir. Digərləri isə özünü böyük şagirdlərə oxşadır, valideyn və tərbiyəçinin məsləhətini bəzən nəzərə almır, dərsdə kənar işlər görür. Lakin maraqlandığı fənləri dərindən öyrənir, çoxlu ədəbiyyat oxuyur, güclü intellektə malik olur, böyük səylə uzun müddət işləyirlər.

Vunderkindlərlə məşğul olan valideyn və tərbiyəçi xüsusi psixoloji biliyə, hazırlığa malik olmalı, uşağın psixoloji xüsusiyyətlərini nəzərə almalı, onlara fərdi yanaşmağı bacarmalıdır.

Psixi inkişafın akselerasiyası problemi. Akselerasiya dedikdə (latınca-acseleranto- “sürətləndirmə” deməkdir) uşağın fiziki və psixi inkişafında özünü büruzə verən sürətlənmə, tez böyümə, yetişkənlik nəzərdə tutulur. Bəzən belə hallar baş verir ki, uşağın senzitiv dövrlərilə əlaqədar olan müəyyən funksiyaların inkişafı öz təbii xronoloji axınını sürətlə ötüb keçir, uşağın ümumi psixi inkişafında fövqəladə erkən təzahürlər diqqəti cəlb edir. Bu cür halı psixologiyada akselerasiya hadisəsi kimi qiymətləndirirlər.

Akselerasiya hadisəsi bütün yaş dövrlərində özünü büruzə verir. Akselerasiyanın baş verməsilə əlaqədar bir sıra fərziyyə və mülahizələr vardır, amma hələ də tam səbəbi tapılmamışdır. Akselerasiya haqqında olan nəzəriyyələrdən biri E.Koxun heliogen nəzəriyyəsidir ki, həmin nəzəriyyəyə görə erkən cinsi yetişkənliyin baş verməsinə yüksək günəş insolyasiyası (vahid zaman ərzində bir kvadrat santimetr yer səthinə günəşdən düşən işıq enerjisinin miqdarı) müsbət, əlverişli təsir göstərir və bunun sayəsində də guya uşaq orqanizmi boy inkişafını sürətləndirən vitaminlərini qüvvətli şəkildə sintezləşdirmək qabiliyyətinə yiyələnir. E.Kox göstərir ki, bu, uşaqların yüngül geyinməsi, açıq havada, günəş altında çox olmaları ilə əlaqədardır. Lakin bu nəzəriyyəyə adi bir tənqid gəldi: “Bəs niyə insolyasiyanın ən cüzi olduğu şimal rayonlarında da akselerasiya hadisəsi baş verir?”

Akselerasiyanı iqlimin dəyişməsilə əlaqədar izah edən MİLLS nəzəriyyəsi də elmi cəhətdən özünü doğrultmur.O, göstərir ki, havanın temperatur və rütubətliliyinin artmasilə guya uşaqların sürətlə inkişafına son qoyulacaqdır. Lakin müasir uşaqların həyatında heç bir “dönüş” əlaməti müşahidə olunmur, əksinə, inkişafın sürəti bir az da yüksəlir.

Akselerasiyanı müasir ailələrdə uşaqların maddi-məişət şəraitinin və qidalanmasının yaxşılaşması ilə şərtləndirən nəzəriyyələr də mövcuddur. Bu nəzəriyyənin tərəfdarları göstərirlər ki, ətdən, heyvan piylərindən, şəkər və süd məhsullarından geniş istifadə inkişafı sürətləndirir. Adətən, həmin nəzəriyyəyə qarşı belə bir fikir yürüdülür: Yaponiyada uşaqlar heyvan zülalları və piylərini xeyli az qəbul edirlər, lakin burada cinsi yetişkənliyin intensivliyi Avropa ölkələrindən heç də geri qalmır.

V.Bunakin “Geterolokal kəbin” adı altında irəli sürdüyü nəzəriyyə xüsusi maraq doğurur. Burada göstərilir ki, bizim zəmanədə indiyədək bir-birindən ərazicə çox uzaqda yaşamış adamlar arasında kəsilən kəbinlərin sayı xeyli artmışdır. Yeni-yeni ərazilərin mənimsənilməsilə əlaqədar əhalinin yüksəliş miqrasiyası, ölkənin intensiv şəkildə sənayeləşdirilməsi sayəsində şəhər əhalisinin durmadan sıxlaşması şübhəsiz ki, geterolokal kəbinlərinin sayının durmadan sıxlaşdırılmasına səbəb olur. Lakin bu nəzəriyyə də akselerasiya fenomeninin bütün mürəkkəbliklərini əhatə edə bilmir.

Akselerasiyaya dair nəzəriyyələrin içərisində bu hadisəni müasir həyat tərzinin urbanizasiyası ilə əlaqədar izah edən nəzəriyyə daha çox elmi xarakter daşıyır. Burada göstərilir ki, müasir uşaq, elmi-texniki inqilabın bilavasitə diqtəsi altında formalaşır.Lakin uşağın bu günkü elm və texnika yeniliklərinə, möcüzələrinə uyğunlaşması heç də öz-özünə, birdən-birə baş vermir. Əgər bu, birdən baş verərsə, nəinki uşağı qorxudar, hətta onda psixi əsəb xəstəliyinin inkişafına da səbəb ola bilər. Uşaq orqanizmi şəhər həyatında tez-tez dəyişilən hissi informasiyanı, bir-birini əvəz edən təəssüratları, müxtəlif cür gözlənilməz hadisələri, bir sözlə, hər cür stress hallarını qəbul etməyə hazırlanmalıdır.

Bu işin həyata keçirilməsində böyrəküstü daxili sekresiya vəziləri böyük əhəmiyyət kəsb edir. Qeyd edilən hadisələrin uşaq orqanizmi tərəfindən qəbul olunması üçün bu vəzilər daimi “döyüş hazırlığı” vəziyyətində olmalıdır.

Beləliklə, deyilənlərdən bu cür qənaətə gəlmək olar ki, müasir sənaye əsri, müasir mədəniyyət uşaq hələ ana bətnindən dünyaya göz açmamış onun orqanizminə təsir göstərir. Misal gətirdiyimiz nəzəriyyə və fikirlərin hamısı nə qədər ciddi tənqidə məruz qalsa da, akselerasiya hadisəsi mövcuddur və onunla hesablaşmamaq mümkün deyildir.

Akselerasiyanın müsbət cəhəti burdadır ki, o, erkən fiziki inkişafla yanaşı, erkən intellektual inkişafı da təmin edir.

Akselerasiyanın çatışmayan cəhətləri də vardır: erkən fiziki və intellektual inkişaf mənəvi və sosial inkişafı heç də öz ardınca apara bilmir.

Reterdant (inkişafı ləngiyən) uşaqlar psixi və fiziki cəhətdən sağlam olsa da, ailədə qəddar münasibətlə qarşılaşdığından, sosial şəraiti ağır olduğundan əqli inkişaf cəhətdən geri qalır.

İnfantil (uşağa məxsus mənada) uşaqlar öz emosional-iradi xüsusiyyətlərilə həmyaşıdlarına az, özündən kiçiklərə daha çox bənzəyən uşaqlardır. Onlar böyüklərdən kömək umur, müstəqil fikir yürütməkdə çətinlik çəkir, başqalarının təsirinə tez düşürlər.

İndiqo — qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlar.

İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir. Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indiqo uşaqlardan gedir.

İndiqo uşaqlar” haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı “İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar” kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə — tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırmışdır.

Onların görünüşü. İndiqo (indigo children) uşaqların istedadı həqiqətən fenomenaldır. V.İ.Vernadski demişdir ki, XX əsrdə insan noosfera ilə əlaqə qurmağı öyrənəcək və yeganə əlaqə vasitəsi intuisiya olacaq. İndigoların fərqli cəhəti də odur ki, onlar ətraf aləmi dərk etmək üçün intuisiyaya daha çox üstünlük verirlər. Müəyyən situasiyanın həlli yolunu intuisiya ilə daha çox tapırlar. Bunda əlavə, indigo rəngli auraya malik insanlar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurumağı da bacara bilirlər. Onlardan əksəriyyəti rentgen kimi insanların daxili orqanlarını görə, hiss edə, ovucları ilə kitabları oxuya və s. fenomenal qabiliyyətlərə də malikdirlər. İndiqo insanlar keçmiş həyatını, uşaq yaşlarında baş verən hadisələri kiçik detalları ilə olduğu kimi yadda saxlaya bilirlər. Bəzi indiqo insanlar noosfera ilə əlaqəyə girib, oradan lazımı informasiyaları qəbul edir, bəziləri hətta kosmosdan gələn signalları belə analiz etmək imkanına malik olur.

Bəzi indiqolar fərqli immunitetlərinə görə başqalarından seçilir. Belə ki, XX əsrin 90-cı illərində HİV virusuna yoluxmuş ana bir uşaq dünyaya gətirir. Analizlərin cavabına əsasən bu uşaq da HİV-ə yoluxmuş hesab edilir. Bir müddətdən sonra, uşağı 6 yaşında ikən təzədən qanın analizi zamanı heç bir virus tapılmır. Alimlərin analiz üçün həmin uşaqdan götürdükləri DNT-yə əsasən müəyyən oldu ki, bu uşaqda 20 kodon əvəzinə 24 kodon “işləyir”. (Normal insanda 60 kodon vardır, hansı ki, bunlardan cəmi 20-si “işləyir”. Kodon- genetik informasiyaların daşıyıcısı).

İndiqo uşaqların ümumi cəhəti. Amerikan psixologu Li Kerroll özünün “indiqo uşaqlar” kitabında onları 4 tipə ayırır və hər tipin həyat proqramlarını təsvir edir.

  • * Humanistlər. Gələcəkdə onlar həkim, hüquqşunas, müəllim, dənizçi, biznesmen, siyasətçi, elmi işçi olacaqlar. Bu tipə daxil olan uşaqlar həddən çox müxtəlif məlumatlara meyilli olurlar. İstənilən insanlarla, istənilən mövzuda uzun və səmimi söhbətə girə bilirlər. Onlar hiperaktivdirlər. Özlərinə o qədər də fikir vermirlər. Otaqları səliqəsiz, dağınıqlı olur. Uşaq vaxtı onlar heç cür dərk edə bilmirlər ki, bir oyuncaqla necə oynamaq olar. Onlar bütün oyuncaqlarını dağıdıb ya hamısı ilə oynayacaq, ya da ki, heç birinə əl vurmayacaq.
  • * Konseptualistlər. (konseptualizm — insan ağlında ümumi təsəvvürlərin mövcudluğu) Daha çox yayılmış tipdir. Bunlar gələcəyin mühəndisi, arxitektoru, dizayneri, kosmonavtı, hərbiçisi, səyahətçisidir. Bu tipə daxil olan uşaqlar gözəl bədən quruluşları ilə seçilirlər. Diribaş, enerjili, lider olmağa can atmaqları ilə fərqlənirlər. Uşaq vaxtı xüsusi qayğıya tələbkardırlar. Oğlan uşaqları ən çox anaya, qızlar isə ataya meyilli olurlar. Əgər onları valideynlərindən ayırsalar, bu onlarda dərin psixoloji nəticəyə gətirib çıxarır. Belə indiqolar yeniyetmə dövründə pis adətlərə meyilli olur, ən çox da narkotiklərə. Valideynləri onlara qarşı daha diqqətli olmalıdırlar.
  • * Sənətkarlar. Bu tipə daxil olan insanlar müasir həyatla uzlaşa bilmirlər. Onlar çox həssas və zərif olurlar. Onlar gələcəkdə öz sənətinin sənətkarına çevrilirlər. Əgər onlar tibbdədirsə yaxşı cərrah, incəsənətdədirsə, məhşur aktyorlara çevrilirlər. Onlar artıq 4-10 yaşında bir neçə sənətlə maraqlanır, axırda isə birini seçirlər.
  • * Bütün ölçülərdə yaşaya bilən. Bu tip indiqolar dalaşqan, daha çox aqressiv olurlar. Qalan 3 tipdən fərqli olaraq yekəpər bədən quruluşuna və düşdüyü mühitə uyğunlaşması ilə seçilirlər. Bu uşaqlar hər şey haqqında biləndirlər. Hətta gənc yaşlarından valideynlərinə məsləhət də verirlər. Hər şeyi özləri etməyə çalışır. Belə çox bilmişlərdən gələcəkdə böyük şəxsiyyətlər çıxır. Bunlar dünyaya yeni fəlsəfə, yeni din gətirən insanlardır.

İndiqo uşaqlar XX əsrin 70-ci illərindən doğulmağa başlayıblar. O vaxtlar onlara tək-tək rast gəlinirdi. 80-cı illərdə isə artıq 15%-ə çatırlar. Günü-gündən onların sayı artmaqdadır. Bəzi hesablamalara görə artıq onların sayı 60 milyona çatıb. Psixoloqların gəldiyi qənaətə görə, demək olar ki, bugün 50 yaşlılar arasında 1%, 30 yaşlılar arasında 10%, 12 yaşlılar arasında 25% insanlar təşkil edir.

Onların missiyası. Həyatın itirilmiş harmoniyasını geri qaytarmaq. Hələ qədim Yunanıstanda Appolon məbədində belə bir yazı yazılmışdı. “Özünü dərk et”. İndiqo uşaqlar da belədir. Onlar özünü dərk edir. Öz dünyasını ələ almağı, psixikasını, düşüncələrini və hisslərini idarə etməyi bacarır.

İndiqo insanların adi insandan fərqi. İndiqo auralı insanlar daxilən ziddiyətli şəxslərdir. Onların insanlara sevgisində xüsusi bir ahənglik olur. Sadə və fərasətli, agressiv, başqaları ilə o qədər də maraqlanmamaq kimi bir çox xüsusiyyətləri özündə cəmliyirlər. Onlar nüfuzlu insanları qəbul etmir, özlərini daha əhəmiyyətli sayırlar.

İndiqo insanların marağına səbəb olan bir şeyi onlar yarımçıq cümlədən mənimsəməyə, dərk etməyə başlayırlar. Bundan əlavə onların rəqəmli texnologiyalardan yaxşı başı çıxır. İndiqo insanların reallığa baxışı tam fərqli olur və onlar müəyyən problemləri heç kəsin görə bilmədiyi və gözləniləməyən tərəfdən həll etməyə çalışır.

Onların çatışmayan cəhəti. Özlərinin unikallığına baxmayaraq, onların da bəzi çatışmamazlıqları vardır. Ətrafdakıların onları başa düşməməsi səbəbindən özlərinə qapılırlar. İntellektual potensiallarının çox olmasına baxmayaraq, onlar dərs proqramlarını çox çətinliklə ödəyə bilirlər. Öz daxili meyarlarına rəhbərlik edən indiqolar özlərinə lazım olan və lazım olmayanı öyrənməyə çalışırlar. Onlara imtahan vermək çətindir. Onlar heç cür dərk etmir ki, oxuyub kiməsə cavab verməlidirlər. Onlar ətraf cəmiyyətə, onların hərəkət tərzinə uyğunlaşa bilmirlər. “Düzəlməkdən” imtina edirlər. “Öz səhvlərini” qəbul etmək istəmirlər. İndiqo üçün vacibi onun özü kimisi ilə bir yerdə olmasıdır.

İndiqolar zərər gətirə bilərlərmi?

İndiqolar özləri-özlərinə təhlükəli deyillər. Onların nəyisə dağıtmaq məqsədi də yoxdur. Amma əgər cəmiyyət onu qəbul etmirsə, onun hərəkətlərinə normal baxmırsa, onda onlar aqressiv ola bilirlər. Düşdüyü mühit onları qəbul etmirsə, o qisas ala bilir. İndiqo uşaqları aldatmaq təşəbbüsü heç cür mümkün deyil. Sonra isə onun inamını qaytarmaq da qeyri-mümkündür.

İndiqolar hər zaman müşahidəçi və ağıllı olurlar. İndiqolar hətta valideyn və ətrafındakıların zəif nöqtələrini bilib, onları idarə etməyi də bacarırlar. İndiqolar əmindirlər ki, onlar seçilmişlərdən biridir və Yerdə öz missiyaları var və onlara qarşı heç kim çıxa bilməz.

Müəllif: Kamilə KazımovaBakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Bayramov Ə.Ə., Əlizadə Ə.Ə. – Ümumi psixologiya. Bakı, 2009.
  2. Əzimli Q.Ə. Yaş və pedaqoji psixologiyanın müasir problemləri. Bakı, 2006.
  3. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  4. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  5. edeb.az/az/view/7780/indiqo-usaqlar-haqqnda-fenomenler/?

0 şərh