Psixi inkişafın zəmini və şərtləri

Plan:

  1. İrsi xüsusiyyətlərin, orqanizmin anadangəlmə xassələrinin psixi inkişafın şərtləri kimi səciyyəsi
  2. Uşağın psixi inkişafında hərəkətverici qüvvələrin rolu
  3. N.Leontyevin qabiliyyətlərin həyat boyu formalaşması nəzəriyyəsi
  4. S.Vıqotskinin psixi inkişafın “mədəni-tarixi nəzəriyyəsi”

 Sual 1. Uşağın psixi inkişafında onun hərəkətverici qüvvələri və bu inkişafı təmin edən amillər, zəruri şərtlər özünəməxsus rol oynayır. Bunların bəziləri psixi inkişafda həlledici, aparıcı, əsas rola malikdir, bəziləri isə köməkçi, yardımçı əhəmiyyət kəsb edir. Eyni zamanda müxtəlif yaş mərhələlərində bunların oynadığı rol, yer, mövqe dəyişə bilər.

Uşağın psixi inkişafına irsi, anadangəlmə amillər də təsir göstərir. Uşaq bunların köməyilə həyatda yaşamağa, öz mühafizəsini təmin etməyə çalışır ki, onlar irsiyyət və təbii imkan məfhumları ilə ifadə olunur. İrsiyyət dedikdə, müəyyən anatomik-fizioloji, psixoloji əlamət və xüsusiyyətlərin valideyn genləri vasitəsilə övlada, nəsildən-nəsilə verilməsi nəzərdə tutulur. Adətən, inkişaf prosesində genotip 2 funksiyanı yerinə yetirir. Əvvəla, genetik amillər inkişafı təkmilləşdirir, daha doğrusu, növün-insanın genotip proqramının reallaşmasını təmin edir. Məsələn, deyək ki, bədənin təşkili, əllərin universallığı, düz ayaq üstə yerimək, nitq vasitəsilə ünsiyyətə girmək qabiliyyəti kimi ümumi insani keyfiyyətlər sabitləşdirilərək seçmə yolu ilə insanın həyatında genetik cəhətdən möhkəmləndirilir. Bu cür funksional sistemlər sərt genetik şərtlənməyə malikdir. Növün genetik proqramı ilə şərtlənən və fərdi dəyişikliyi olmayan dəyişməz əlamətlər fondu konservativ (mühafizəkar) irsiyyəti təşkil edir.

Genotipin ikinci funksiyası- inkişafın fərdiləşdirilməsidir. Genetiklər insanların fərdi xüsusiyyətlərini müəyyən edən çoxlu ünsürlər aşkar etmişlər. Alimlər hesablamışlar ki, insan genotiplərinin potensial variantların miqdarı Yer üzərində yaşayan adamların miqdarı cəmindən dəfələrlə böyükdür.

Beləliklə, insanın inkişafının genetik şərtlənməsinin 2 səpgisini fərqləndirmək lazım gəlir: inkişafın normativ (universal, ümum növ) qanunauyğunluqlarının təşəkkülü və fərdi xüsusiyyətlərin təşəkkülü.

Psixi inkişafın sosial amillərlə şərtlənməsi bu inkişafın məxsusi məntiqini, onda müəyyən özünühərəkətin varlığını inkar etmir, əksinə, bioloji və sosioloji amillərin qarşılıqlı əlaqəsini nəzərdə tutur. Eyni zamanda inkişaf müəyyən səviyyələrdə baş verən və özündə sistemlərin diferensiasiyası və inteqrasiyasını, makro və mikrogenetik dəyişiklikləri birləşdirən bir sistem kimi başa düşülür. Buna müvafiq olaraq, bir səviyyə sistemi sonrakı səviyyənin inkişafı üçün əsas qoyur.

İnkişafda mərkəzi sinir sistemi böyük rol oynayır. Özü də insanın ontogenezdə psixi keyfiyyət və xüsusiyyətlərinin təşəkkülünə mərkəzi sinir sistemi vasitəli şəkildə təsir göstərir.

Beyin funksiyalarının genetik determinasiyası probleminin 3 aspekti vardır: molekulyar-genetik, neyrofizioloji və sistemli. Bunlardan birincisi hüceyrə ünsürləri və beyin toxumalarının funksiyalarının genetik determinasiyası-şərtlənməsi, ikincisi neyrofizioloji və elektrofizioloji xarakteristikalarla, üçüncüsü isə funksional sistemlərin təşkili ilə əlaqədardır.

Eksperimentlərlə sübuta yetirilmişdir ki, genomun fəallığının təşkilində bu fəallığı mühitin tələblərinə müvafiq surətdə alışdıran mərkəzi sinir sistemi aparıcı rol oynayır. Genetik strukturları və mərkəzi sinir sistemini əlaqələndirən maddi həlqə hormonlardır. Görünür, psixi halətlər neyroendokrin tənzimləyici mexanizmlər vasitəsilə genotip səviyəyə şəkli dəyişilmiş təsir göstərə bilər. Təcrübələrlə genetik proseslərə psixoemosional stressin təsiri öyrənilmişdir. Güman edilir ki, psixoemosional stress həm antropogenezdə, həm də fərdi inkişafda insan genləri fəallığının mühüm tənzimləyicisi kimi çıxış edə bilər.

Beləliklə, insan fəaliyyətinin strukturu insanın psixi inkişafına heç də yalnız genotipin vasitəli təsiri deyil, psixi xassə və halətlər də müəyyən şəraitdə genotip proseslərin reallaşmasına təsir göstərə bilər.

Genotip və onun reallaşması şəraitinin qarşılıqlı təsiri, “gen-əlamət” münasibətlər sisteminin reallaşması çox mürəkkəb və heç də eyni mənalı olmayan gerşəkləşmə yolu keçir.

Uşağın psixi inkişafında digər bir cəhəti də qeyd etmək lazımdır. Uşaq üçün müəyyən kimyəvi maddələr çatışmırsa, yaxud genlər tam deyilsə, irsiyyətdən asılı olmayaraq inkişaf edən orqanizmdə müəyyən anormallıq, ağıl kəmliyi özünü büruzə verir. Beyinə dəyən zərbənin əmələ gətirdiyi zədə də əqli çatışmazlığa səbəb olur. Şübhəsiz, belə patoloji hallar irsiyyətin nəticəsi deyildir. Qidanın çatışmazlığı, zəhərli maddələrin təsiri, ananın keçirdiyi həyəcan və dəhşət hisləri hələ ana bətnində ikən dölün fiziki və əqli inkişafına mənfi təsir göstərir. Əlbəttə, bu xüsusiyyətlər də irsi hesab edilməməlidir.

Sual 2. Uşağın psixi inkişafında onun hərəkətverici qüvvələri və bu inkişafı təmin edən amillər, zəruri şərtlər özünəməxsus rol oynayır. Bunların bəziləri psixi inkişafda həlledici, aparıcı, əsas rola malikdir, bəziləri isə köməkçi, yardımçı əhəmiyyət kəsb edir.

 Bildiyimiz kimi inkişaf hər bir dəyişkənlik deyil. İnkişaf 3 xassəyə görə dəyişikliyin bütün digər növlərindən fərqlənir. Bu xassələr aşağıdakılardan ibarətdir.

İnkişaf özünü-dönməzlik (ilk vəziyyətə qayıtmamaq), qanunauyğunluq və dəyişkənliyin müəyyən istiqamətdə cərəyanı(baş verməsi) formasında büruzə verir və o, köhnənin məhv olması, yeninin meydana gəlməsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətt boyunca hərəkətdən, yüksəlişdən ibarətdir. Bu cür inkişafın əsasını öz hərəkəti, fəallığı, ziddiyyətlərin mübarizəsi təşkil edir.Lakin hər cür ziddiyyət şəxsiyyəti inkişaf etdirmir. Şəxsiyyəti onun fəallığının mənbəyi olan tələbatların ödənilməsi prosesində əmələ gələn ziddiyyətlər inkişaf etdirir və bu ziddiyyətlər şəxsiyyətin inkişafının hərəkətverici mexanizmini təşkil edir.

Bu prosesdə yalnız kəmiyyət və keyfiyyət dəyişmələri deyil, həm də keyfiyyətcə yeni təzahür edən əlamət və xüsusiyyətlər meydana çıxır. Psixi inkişafın mahiyyəti kəmiyyət dəyişmələrinin müəyyən sıçrayışlar yolu ilə keyfiyyət dəyişmələrinə keçməsindən ibarətdir.

Uşağa öyrədilir ki, özünü böyüklərin yanında nəzakətli, ədəbli, mədəni aparsın. Bu tələbin dəfələrlə icrası sayəsində bir müddətdən sonra uşağın davranışında böyüklərə hörmət hissi kimi yeni keyfiyyət meydana çıxır.Bu cür hal-kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi uşağın psixi inkişafının bütün sahələrində -fikri fəaliyyətində, iradi emosional sahəsində, uşağın yaşlılara və özünün özünə münasibətində, rəftar və davranışında, ümumiyyətlə, bütün şüurunda özünü büruzə verir.

Deməli, inkişaf belə bir xətt üzrə gedir: fəaliyyət tələbat  — fəaliyyət

Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatları təşkil edir. Tələbatların özlərinin təmin olunması daxilən ziddiyyətli prosesdir. Deməli, insanın fəaliyyət prosesində dəyişən tələbat ilə onların təmin olunması imkanları arasında ziddiyyətlər əmələ gəlir. Şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri də məhz burada-onun fəaliyyət prosesində dəyişən tələbatlar ilə həmin tələbatların real surətdə təmin edilməsi imkanları arasında yaranan ziddiyyətlərlə üzə çıxır.

Eyni zamanda müxtəlif yaş mərhələlərində bunların oynadığı rol, yer, mövqe dəyişə bilər.Uşaq inkişafının ayrı-ayrı mərhələlərində psixikanın müəyyən istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bu şəraitlərdən bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Psixi fəaliyyətin ayrı-ayrı dövrlərinin olması və güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri bu və ya digər xüsusiyyət və keyfiyyətin inkişafı üçün nisbətən optimal olarsa, həmin dövrləri senzitiv dövrlər adlandırmaq olar. Senzitiv dövrlər insan ömrünün ən yaxşı çağları, psixi energiyanın güclənməsi, zənginləşməsi çağlarıdır. Məsələn, nitqin inkişafı üçün bir yaşdan 5 yaşa qədərki dövr, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20yaş senzitiv dövr hesab olunur. Vıqotski senzitiv dövrlər haqqında yazırdı: «Bu dövrdə hissi həssaslıq inkişafda dərin dəyişikliklər əmələ gətirərək onun bütün gedişinə müəyyən təsir göstərir. Senzitiv dövrlər bizim təlimin optimal müddətləri adlandırdığımız anlarla tam uyğundur.

Ümumiyyətlə, şəxsiyyətin inkişafı olduqca mürəkkəb və ziddiyyətli prosesdir. Adətən, şəxsiyyətin təşəkkül tarixinə nəzər saldıqda insanın müəyyən inkişaf səviyyəsinə necə çatdığı böyük təəccüb doğurur. Bu inkişafın rəngarəngliyini anlamaq, həmin prosesdə nəyin aparıcı olduğunu, hansı əsas səbəblərin təsir etdiyini, başqa sözlə desək, inkişafın hərəkətverici qüvvələrini, zəmin və şərtlərini müəyyənləşdirmək nəinki bu prosesin mahiyyətini dərindən başa düşməyə, həm də onu lazimi istiqamətdə idarə etməyə imkan verir.

Sual 3. Leontyevin təsnifatına görə insanda iki sıra qabiliyyəti fərqləndirmək lazımdır: bioloji imkanların əsasında yaranan təbii qabiliyyətlər və spesifik qabiliyyətlər, hansılar ki ictima-tarixi mənşəyə malikdirlər. Birinci növ qabiliyyətlərin əsasında şərti əlaqələri tez yaratmaq və fərqləndirmək və ya mənfi təsirli qıcıqlandırıcılara qarşıdurma qabiliyyəti, hətta analiz etmək ( məsələn səs siqnalları s. ) və bu kimi qabiliyyətlər qeyd olunur. Bu qabiliyyətlər bütün insanlarda hətta ali heyvanlardada mövcuddur. Lakin bunlar anadangəlmə təbii imkanlarla bağlıdır eyni deyildirlər .

B.M.Teplovun ümumi qəbul olunmuş tərifinə görə qabiliyyətlər — anadangəlmə anatomik-fizioloji xüsusiyyətlərdir. Bu xüsusiyyətlər hansılar ki, özlərində qabiliyyətlərin şərtlərindən bu və ya digərini, məhz subyektin daxilində olan şərtləri ehtiva edirlər. Beləliklə qabiliyyətlər ümumiyətlə psixoloji kateqoriya hesab olunmurlar.

Düzdür hər bir insanda və heyvanda qabiliyyətləri şərtləndirən anadangəlmə anatomik — fizioloji təbii imkanlar vardır. Lakin ortada belə bir məşhur fakt var — » labarator təcrübəsi " olan heyvanlarda şərti reflekslərin və diferensiallaşmanın yaranması daha sürətli gedir, nəinki belə təcrübəsi olmayan heyvanlarda. Deməli labaratoriya təcrübəsi olan heyvanların daxilində nəsə dəyişiklik baş verir .

Digər bir məsələ insanlarda anadangəlmə sinir sisteminin tipologiyasıdır. Onlar birmənalı deyildirlər, həmçinin inkişafda çıxış edə bilirlər. Tez-tez heyvanları xarakterizə edən, adi şəraitdə tərbiyə olunan heyvanlar və " təcrid olunmuş " halda tərbiyə olunan heyvanlar faktına istinad edirlər. Deməli bu vəziyyət o zaman qüvvədə qalır ki, nə vaxt ki biz sensor qabiliyyətlərin inkişafını əsas götürürüksə .

Beləliklə, ən sadə faktın təhlili göstərir ki, təbii qabiliyyətlər bacarıq və spesifik qabiliyyətlərdən fərqlidir .

Təbii qabiliyyətləri ikinci növ qabiliyyətlərdən ayırmaq lazımdır. İkinci növ qabiliyyətlər spesifik insana xas qabiliyyətlərdir. Buna misal olaraq musiqi, danışıq və s. qabiliyyətlərini göstərmək olar. Bunu xüsusilə qeyd etmək lazımdır ki, prinsipial olaraq insana xas olan spesifik qabiliyyətlər hələ kifayət qədər araşdırılmamışdır .

İnsan qabiliyyətlərinin inkişafını əsaslandıran real bir proses vardır; analoji proses heyvanlardada mövcuddur, hansı ki, ontogenetik inkişafın gedişində heyvanların daxili şərtləri, təbii imkanları dəyişilir .

İnsani qabiliyyətlərin səciyyəvi olan başqa bir mənşəyi vardır. Onlar təbii qabiliyyətlərdən fərqli formada, xüsusi olaraq formalaşırlar, buna determinasiya (səbəb- nəticə əlaqələri ) deyilir. Leontyevin fikrinə görə insani qabiliyyətlərin ikişafı ictimai-tarixi təhlil prosesindən yaranır .

Elmi cəhətdən təyin olunmuşdur ki, müasir tip insanın yaranması anından morfonegenez prosesinin inkişafı dayanır. Bu o deməkdirki, insanların inkişafı morfoloji xüsusiyyətlərə görə olmur, irsi xüsusiyyətlərin ötürülməsi, irsiyyət qanununa əsasən olur. Və bu ideyalar insanın, bəşəriyyətin tarixi-mədəni inkişafı fikirlərini dağıdır. Qeyd edək ki, bu sırf bioloji açıqlamadır .

Leontyevə görə isə inkişaf prosesi hal-hazırda yeni qanunla: ictimai -tarixi qanunla idarə olunur. Əvvəlki, təşəkkül dövründən fərqli olaraq, ictima-tarixi qanun irəliləyişə məhdudiyyət qoymur və morfoloji inkişafın təzahürü üçün sərbəstlik yaradır. Leontyev növbəti alternativi qeyd edirdi ki, insanın ictimai-tarixi inkişafı prosesində insanın əldə etdikləri ( misal üçün sözlü eşitmə, nəzəri təfəkkür və s.) möhkəmlənir və bacarıqlar formasında ötürülür. İnsanlar bir — birlərindən bacarıqlarına görə fərqlənirlər. İnsanlarda anatomik fizioloji aparat eyni deyildir ( eşitmə aparatında, nitqdə qüsurlar və s. ). Onlar eyni deyildirlər, möhkəmlənərək ötürülmürlər və ontogenetik inkişafda formalaşırlar .

İnsanların spesifik qabiliyyətlərinin mexanizmlərini eksperimental yol ilə öyrənmək üçün bir sıra tədqiqatlar ( insanın spesifik eşitmə qabiliyyəti əsasında) aparılmışdır. Leontyev belə bir fikir qeyd edirdi ki; insan insanlar tərəfindən yaradılmış səslərin dünyasında yaşayır — musiqinin dünyasında, eşidilən səslərin düynasında. İnsan bu səsləri yaradır çünki özünün xüsusi eşitmə aparatı vardır .

Beləliklə Leontyevin tədqiqatlardan, qeydlərdən sonra biz buna şahid oluruq ki, eşitmə qabiliyyəti öz-özünə kortəbii şəkildə formalaşmır ( və digər spesifik qabiliyyətlərdə ). Bunu fəal şəkildə qurmaq lazımdır .

Aparılan bu tədqiqatlarla qane olmaq və bu məsələni sonlandırmaq olmaz. Yenidən bir sıra tədqiqatlar aparmaq və qabiliyyətlərinin necə inkişaf etməsi, formalaşması problemini dahada dərindən öyrənmək lazımdır .

Sual 4. Heç kim üçün sirr deyil ki, tədqiqat metodları, metodikası və elmi mübahisələr özünəməxsus tarixi mənbələrə və izahatlara malikdirlər. Şəxsiyyət isə bu və ya digər halda zaman və məkan ilə müəyyən edilir: tarixi zaman və məkanda mövcud olaraq o, müvafiq mentallığa sahib olur – yəni, o, nəinki konkret görüşləri paylaşır, həmçinin də onun düşüncə və hissetmə, dünyanı qavrama və insanları qiymətləndirmə mühitində aparıcı rola malikdir.

Bu mənada məsələn, orta əsrlərdə mövcud olan cəngavərliklərin mentallığından və yaxud da İntibah dövrü insanının mentallığından danışmaq lazımdır. Hər hansı alim öz dövrünü yalnız bir tədqiqatçı kimi qabaqlaya bilər, lakin şəxsi refleksiyası nə qədər dərin olmasından asılı olmayaraq şəxsiyyət göstəriciləri baxımından öz dövrünün mentallığını paylaşır. Tarixi dəyişkənliklər zəminində yaranan yeni ideyalar bu və ya digər dərəcədə ümumi mentallıq əsasında formalaşmağa çalışırlar. Bu o deməkdir ki, mədəni innovasiyalar heçdən yaranmırlar.

Onlar həmişə — dövrün mənəvi çağırışa cavab, dövr isə — yalnız elitanın deyil, çoxluğun fəaliyyət və mülahizələrinin məcmusudur. Buna görə də fəlsəfə və sosiologiya tərəfindən tədqiq edilən ideyalar tarixi ideyaların “ sosial” tarixi ilə — yəni ağıllardakı ideyaların resepsiya tarixi ilə — üst – üstə düşmür. Müəyyən elmi nəzəriyyələrin və məktəblərin inkişaf tarixi sosiumun bu və ya digər tarixi mərhələsindəki həyatın ümumi atmosferi ilə müqayisə etmək olmaz.

L.Vıqotski əsas mədəniyyət tarixini yaradan alimlər sırasındadır.

Müəllif: Kamilə KazımovaBakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Həmzəyev M.Ə. Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  2. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2003.
  3. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  4. Грейс Крайг. Психология развития. Питер. 2002.
  5. Обухова Л.Ф. Возрастная психология, М., 2000.
  6. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
 

0 şərh