Psixi inkişafda fəaliyyət və ünsiyyətin rolu

Plan:

  1. Psixi inkişafın uşağın həyat və fəaliyyətlə əlaqəsi
  2. Yaşdan asılı olaraq əsas, aparıcı fəaliyyət
  3. Uşağın psixi inkişafında həmyaşıdlarla, yaşlılarla ünsiyyətin rolu.

Sual 1. Psixi inkişafda, şəxsiyyətin formalaşmasında mütəşəkkil, istiqamətləndirici fəaliyyət ən mühüm amillərdəndir. Genetik baxımdan uşaq ilk mərhələdə əşyavi fəaliyyətlə məşğul olur və bu prosesdə uşaq psixoloji cəhətdən inkişaf edib, əşyaların xüsusiyyətlərini dərk etməyə başlayır, onda təsəvvür, fikir formalaşır.

Uşağın ilk zamanlar əşya ilə, maddi olanla apardığı əməliyyatlar möhkəmlənir və yeni psixoloji fenomenə- daxili perseptiv (qavrayıça), mnemik (hafizəyə), fikri (təfəkkürə) əməliyyatlara çevrilir. Uşaqlarda maddi şeylərlə apardığı əməliyyatların fikri əməliyyata çevrilməsi prosesinə interiorizasiya deyilir. Lakin bununla proses qurtarmır, əşyavi formada saymaqdan fikri əməliyyata keçmiş uşaq əqli hazırlıq və təcrübəsi sayəsində, mənimsədiyi fikri əməliyyatdan istifadə edərək bizim ona təqdim edəcəyimiz məsələləri həll edir. Bu o deməkdir ki, formalaşmış daxili fikri əməliyyat zərurət nəticəsində yenidən uşağın fəaliyyətində təzahür edir və beləliklə, eksteriorizasiya baş verir. Eksteriorizasiya və interiorizasiya bir-birilə qarşılıqlı əlaqədədir. Lakin onların vəzifəsi-funksiyası başqadır. Eksteriorizasiya mənimsənilmiş müəyyən bilik, bacarıq, vərdişlər vasitəsilə fəaliyyət prosesində təzahür edir. Bu zaman bir çox hərəkətlər avtomatlaşır, hətta şüurun nəzarəti olmadan icra olunur. Nəhayət, deyilənləri ümumiləşdirək: xarici əməli əşyavi fəaliyyət (daşı saymaq və s.) daxili psixoloji fəaliyyətə (fikrən saymaq), bu da praktik tətbiqi (məsələni həll etmək) fəaliyyətə keçir. Beləliklə, subyektin, əşyavi fəaliyyəti zəminində psixika, şüur nəşət edir, psixi olan, ideal hadisə əmələ gəlir, əqli əməliyyat təşəkkül tapır, şüurlu, düşüncəli davranışlar formalaşır, insanın beynində dünyanın tədricən ideal mənzərəsi yaranır.

Uşağın idrak qabiliyyəti anatomik fizioloji xüsusiyyətlərdən asılı olaraq təşəkkül edir və onun sonrakı inkişafı fəaliyyətdən kənarda mümkün deyildir. Məsələn, qabiliyyəti təbii imkandan təşəkkül etsə də, onun inkişafı fəaliyyətdən asılıdır. Belə ki, insan beyni, xüsusi sinir mexanizmi dilə, nitqə yiyələnmənin təbii şərti olsa da, uşağın hansı dildə danışmağa başlaması nitq mühitindən onunla müəyyən dildə danışmaqdan, bilavasitə ünsiyyətdən asılıdır.

Sual 2. Psixi inkişafa fəaliyyət növlərinin müxtəlif cür təsiri var, uşaqda yeni psixoloji xüsusiyyətlərin təzahürü onun fəaliyyətinin xarakterindən, səmərəli təşkilindən, aparıcı rolundan, fəaliyyətin ayrı-ayrı növlərilə qarşılıqlı əlaqəsindən asılıdır.

Fəaliyyətin psixi inkişafa təsirini, onların qarşılıqlı əlaqəsini təhlil edərkən aşağıdakı nəticələrə gəlmək olur:

  • Çağa anası ilə vasitəsiz emosional ünsiyyətdə normal inkişaf edir, xəstələndikdə daha tez sağalmağa başlayır. Əksinə, uşaq anadan ayrıldıqda, “ana həsrəti” uşağın psixi sağlamlığına mənfi təsir göstərir. Uşaq anasının qucağında onun nəvazişini duyur və bundan rahat, məst olur, əhvali-ruhiyyəsi yaxşılaşır. Ana da övladı əmizdirərkən, onun xidmətində olarkən özündən razı qalır, fərəhlənir. Şübhəsiz, bu qarşılıqlı emosional ünsiyyət ananın uşağa məhəbbətini artırır, uşağın psixi inkişafına əməli təsir edir.
  • Əşyavi manipulyativ fəaliyyət zamanı uşaqda əşyavi əməliyyat ön plana keçir, uşaq öz oyuncaqlarını, ona verilən şeyləri əlilə yoxlayır, söküb dağıdır, qırıb sındırır.
  • Uşaq rollu oyunlarda bilavasitə insani münasibətləri mənimsəyir və tədricən cəmiyyətin gələcək üzvü kimi formalaşır.
  • Təlim fəaliyyətində uşaq ictimai təcrübənimənimsəyir, bilik, bacarıq və vərdişlərə yiyələnir.
  • Şəxsi ünsiyyət zamanı uşaqda şəxsi münasibətlər dəyişir, onda yeni keyfiyyətlər, mənlik şüuru formalaşır.

Psixi dəyişmələr, inkişaf, subyektin fəaliyyəti əsasında təşəkkül tapır. Bu fəaliyyətin yaşlının köməyi və rəhbərliyi ilə həyata keçirilməsi olduqca vacibdir. Çünki yeni olan hər bir şey uşaq fəaliyyətinə məhz xaricdən, kənardan daxil edilir, xarici fəaliyyət formasında təşkil olunur. Xarici fəaliyyət isə öz növbəsində tədricən daxili ideal, psixi fəaliyyətə çevrilir, yəni interiorizasiya olunur.

İnsan bütün həyatı boyu özünün tələbat­larını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi psixi xassələrinin inkişa­fını şərtləndirən fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi onun yeni yaş mərhələ­sinə keçməsini göstərən əsas amildir. D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən istifadə edir və buna müvafiq olaraq yaş dövrləri müəyyənləşdirilir:

  • bilavasitə-emosional ünsiyyət;
  • əşyavi-manipulyativ fəaliyyət;
  • rollu oyunlar;
  • təlim fəaliyyəti;
  • intim-şəxsi ünsiyyət;
  • təlim-peşə fəaliyyəti.

Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə əsaslanaraq D.B.Elkonin müvafiq şəkildə uşağın anadan olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş dövrünü keçdiyini qeyd etmişdir:

  1. Körpəlik dövrü: anadan olandan bir yaşa qədər.
    Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət rolunu oynayır. İkinci ayda meydana gələn kompleks canlanma uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması kimi özünü göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrə qədər davam edir.
  2. Erkən uşaqlıq dövrü:bir yaşdan üç yaşa qədər.
    Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliy­yət olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması inkişaf edir. Aparılmış tədqiqatlar göstərmişdir ki, bu dövrdə uşaqlar nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi istifadə edirlər. 
  3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.
    Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü göstərir. 
  4. Kiçik məktəb yaşı dövrü:altı-yeddi yaşdan on-on bir yaşa qədər.
    Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə edən adamlarla onun münasibətlər sistemi şərtlənir.
  5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş yaşa qədər.
    Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin başlıca məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara çıxarılması və mənimsənilməsindən ibarət olur. Ünsiyyətin bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe olmaq münasibəti müşahidə olunur. 
  6. İlk gənclik dövrü: on dörd-on beş yaşdan on yeddi yaşa qədər.
    Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət inkişafda mühüm əhəmiyyət kəsb edir. İlk gənclik dövründə həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.

Fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşağıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri.

Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə giriŞməyə və bu yolla öz tələbatımızı ödəməyə yönəldir. Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur. Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə birbirlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaŞması üçün getməsi isə motivi ola bilər. Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoyduğu məqsədə hansı yollarla nail olur. Şübhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir. Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra və qiymətləndirilmə.

Sual 3. Psixi inkişafın hərəkətverici qüvvələrindən biri də ünsiyyətdir. O, insan tələbatları içərisində xüsusi yer tutaraq insanın inkişafında, o cümlədən şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.

Ünsiyyət zamanı uşaqlar bir-birinə qarşılıqlı təsir göstərir, əlaqəyə girir, əməkdaşlıq edir və bir-birini anlayıb başa düşürlər. Ünsiyyət olmadıqda isə, onların psixikasında dəyişiklik, sarsıntı baş verir, onlar həm fiziki, həm də psixi cəhətdən anormal inkişaf edirlər.

Uşağın ünsiyyət tələbatında iki meyl özünü göstərir:

  1. Uşaq başqalarına oxşamağa,onlar kimi davranmağa,düşünməyə, insanlar arasında olmağa çalışır.
  2. Öz “Mən”-ini başqasından ayırmağa, fərqlənməyə, müstəqil olmağa çalışır. Bu zaman onun fərdiyyətə aid xüsusiyyətləri inkişaf edir, şəxsiyyətlərarası münasibətdə özünə yer tutur və bunun əsasında uşağın psixikası əməli ünsiyyətdə formalaşmağa başlayır, o, özünün və başqalarının hərəkətlərini, rəftarını təhlil etməyi öyrənir, sosial-psixoloji təcrübəyə yiyələnir, bir-birini qavrayır, mənəvi cəhətdən zənginləşir, onda psixi sağlamlıq, xoş əhval yaranır.

Həm ailədaxili ünsiyyət, həm yaşlılarla, həm də həmkarları ilə ünsiyyət uşağın inkişafında mühüm rol oynayır.

Uşağın şəxsiyyət kimi formalaşmasının əsası çox vaxt həmin ünsiyyət və söhbətdə yaranır. Uşaq valideynlə ünsiyyət zamanı təbiət və cəmiyyət haqqında müəyyən biliklərə yiyələnir, başqalarını və özünü qiymətləndirməyi öyrənir. Uşaq ailədaxili ünsiyyətlə məhdudlaşmır, tez-tez ailədənkənar ünsiyyətdə də olur. Məsələn, qonaqlıqda, gəzintidə, klubda, istirahət axşamında, asudə vaxtda və ya müxtəlif oyunlarda.

Uşaq ünsiyyətinin mühüm bir forması da söhbətdir. Söhbət ünsiyyətin forması kimi uşaqların psixi inkişafında mühüm rola malikdir.Belə ki söhbət uşaqlarda nitqi zənginləşdirir, ünsiyyət zamanı uşaq monoloji və dialoji nitq formasından istifadə edərək müvafiq biliklər əldə edir, dünyagörüşü formalaşmağa başlayır.

Uşağın psixikasının və şəxsiyyətinin inkişafındapedaqoji ünsiyyətin də çox böyük əhəmiyyəti vardır. Pedaqoji ünsiyyət müəllim və tərbiyəçilərlə aparılan ünsiyyətdir. Uşaq qrupunda ünsiyyətin əsas forması dialoqdur. Bu zaman uşaq öz fikrini, öz hissini, biliyini bölüşdürməyi öyrənərək, müxtəlif keyfiyyət və xassələri dərk etməyə çalışır.

Pedaqoji ünsiyyət zamanı şagirdlər tədris materiallarının məzmununu mənimsəyir,sosial-siyasi hadisələr haqqında məlumat alır, müxtəlif üsul və metodlara yiyələnir, müəllim və şagirdlər arasında inam, səmimiyyət yaranır.

Bu münasibət zamanı müəllimdən uşağa qarşı diqqətli olmaq, onun günahı olduqda belə şəxsiyyətinə və mənliyinə hörmətlə yanaşmaq tələb olunur. Bu ünsiyyət forması zamanı müəllim öz şəxsi nümunəsi ilə uşağa təsir edərək onlarda əqidənin formalaşmasına, həyata hazırlaşmasına, dünyagörüşünün formalaşmasına, inkişafına kömək etməlidir.

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı,
  2. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  3. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  4. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.

0 şərh