Çağalıq dövrünün ümumi psixoloji səciyyəsi

Plan:

  1. Çağanın fiziki inkişaf xüsusiyyətləri
  2. Çağanın psixi inkişafı
  3. Ünsiyyət dairəsinin genişlənməsi və ünsiyyət prosesində emosional halların ilkin təşəkkül xüsusiyyətləri

Sual 1. Erkən yaşlı uşaqlar çağalıq və körpəlik dövrlərinə bölünür.
Çağalıq dövrü uşağın anadan olduğu andan 1 yaşadək olan müddəti əhatə edir.Aparılan tədqiqatlar göstərir ki,uşaq şəxsiyyətinin formalaşması məhz bu yaşdan başlayır.Valideynlər uşaq ana bətninə düşdüyü andan onun düzgün fiziki və psixi inkişafının qayğısına qalmalıdır,çünki uşaq ana bətninə düşən andan ona müəyyən amillər təsir edir,ananın keçirdiyi hisləri«yaşayır».Ana bətnində olan 6həftəlik uşaq sensor reaksiyalarla yanaşı,həm də mürəkkəb hərəkətlərə malik olur.

Anadan normal doğulmuş çağanın:Çəkisi-orta hesabla 3200-3500 q., boyu-50 sm, başı böyük,ayaqları gödək,gövdəsi uzun olur. Beyninin çəkisi-orta hesabla 360-400q(yaşlılarda 1400q) olur. Onurğa,uzunsov beyni, həmçinin qabığaltı mərkəzləri morfoloji və funksional cəhətdən inkişaf etdiyindən şərtsiz refleksləri tənzim və idarə edir. Yaşlıların köməyi olmadan çağa özünün heç bir tələbatını ödəyə bilmir. Deməli burada hərəkət subyekti yaşlı ilə birgə fəaliyyət göstərən çağadır.

Çağanın reseptor və hərəkətlərinin inkişafı:I ay-sosial hərəkətlərini məhdudlaşdırdıqda çox narahat,narazı,emosional hallar keçirir, əksinə mürəkkəb hərəkətlər etdikdə xoşhal olur. 4-5həftəlik uşaq görmə,eşitmə qıcıqlarının təsiri ilə öz hərəkətlərini dayandırır. 1,5-3aylıq-impulsiv hərəkətlərdə canlanma. 2,5—4-5 aylıq arası-əşyaları görəndə baxışını ona yönəldir, tərpənir, əlləşdirir, amma ona tərəf getmir. 4aylıq-mütəmadi olaraq əlini geydiyi paltarlara toxundurur,uzaqda olan cismə doğru əl uzadır,tutmağa çalışır, əli ilə tutur əşyanı, oynadır. 5-5,5 aylıq-oyuncaqlardan daha çox nəzərə çarpanı seçir.

Tədricən görmə,eşitmə, toxunma,hərəkət və digər analizatorlar arasında şərti reflektor rabitələr yaranır, 7-8 aylıqda əşyaları fəal əlləşdirmə prosesi təşəkkül edir.
9aylığında-barmaqla göstərmə hərəkətləri. Kiçik şeyləri iki barmağı ilə (baş və göstərici), böyük əşyaları bütöv əlini açaraq tutmağa çalışır. 11aylıq-əşyanı iki əli ilə də əlləşdirir, hərəkətlərini bəsit formada planlaşdırmağa başlayır.

I ilin II yarısı-uşaq müəyyən əşyalardan tutaraq sürünməyi, iməkləməyi, ayağa qalxmağı, oturmağı öyrənir. Bu da onun sümük-əzələ sisteminə təsir edərək onu möhkəmlədir, görmə hərəki sistemini tənzimləyir. 8aylığında əvvəlcə onu əhatə edən əşyalara söykənib oturur, ayağa qalxır, sonra isə müstəqil halda oturub-qalxır. 1yaş-yeriməyə başlayır.

Beləliklə, çağalıq yaşı dövründə uşaq həm əqli, həm də fiziki baxımdan sürətlə inkişaf edir, ətraf mühiti qavrayır, ona aid təsəvvür, münasibət yaranır, ünsiyyət tələbatı təşəkkül tapır, nitqi anlama qabiliyyəti təzahür edir, əşyalarla davranmağı öyrənir, yaşlılarla əməli və şəxsi emosional ünsiyyət formalaşır.

Çağalıq dövrünün mühüm fərqləndirici xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu dövrdə çağanın analizatorlarının fəaliyyəti somatik (bədən) hərəkətlərinə nisbətən surətlə inkişaf edir. Burada xüsusilə görmə və eşitmə analizatorları fərqlənir. II həftənin axırlarına yaxın çağada ilk şərti refleksin yarandığı müşahidə olunur. Bu cür şərti refleksə ilk qida refleksini aid etmək olar. Ana uşağı hər dəfə qucağına götürərək əmizdirir. Nəticədə 10-12 günlük uşağı yerindən götürən kimi o, ağlamağını kəsir, ağzı ilə anasının döşünü axtarır və əmmə hərəkətləri edir. II ayın sonunda bütün analizatorlar üzrə şərti refleks yarana bilir.

Çağa anadan sensomotor qabiliyyətlərlə doğulur. Onun psixi inkişafında görmə və eşitmə analizatorlarının fəaliyyəti çox mühüm rol oynayır. Uşaq anadan olduğu andan etibarən onda eşitmə duyğuları inkişaf edir.

Çağalıq dövründə uşaqda görmə duyğuları və bu əsasda da müdafiə reaksiyası müşahidə olunur. Bu, özünü aşağıdakı şəkildə göstərir: 1) bəbəklər geniş açılır; 2) baş geriyə tərəf atılır; 3) əlin qaldırılması- bu vaxt əl üzlə əşya arasında bir növ sədd rolunu oynayır.

Tədqiqat və müşahidələr göstərir ki, çağa bir həftəliyində artıq cismin uzaqlaşmasını və bu vaxt aş verən dəyişiklikliyi qavraya bilir. 12 günlük uşaq öz əlini nəzərdən keşirməyə başlayır.

Çağada emosional hallar daha qabarıq şəkildə nəzərə çarpır. Çağalıq dövründə xəstəlik, aclıq, yuxusuzluqla əlaqədar narazılıq hissi özünü biruzə verir. Belə ki, uşaq nədənsə narahat olanda dərhal əmmə hərəkətlərini dayandırır. Bu narazılıqdan xəbər verir.

Uşaq 2-3 aylığında onunla ünsiyyətdə olan adamlara müəyyən münasibət bəsləyir: onları gördükdə üzündə təbəssüm yaranır, sürətli əl qol hərəkətləri edir, ayaqları da bu canlanmaya qoşulur. Uşağın bu cür hərəkətlərini adətən, “canlanma kompleksi” adlandırırlar.Əgər uşaqlar bu dövrdə anadan ayrı düşür, uşaq evinə və ya doğum evində qalırlarsa, onlarda psixoloji inkişaf ləngiməyə başlayır, onlar 9-10 aylığa qədər sakit, süst, bir nöqtəyə yönələn baxışlara sahib olurlar ki, buna qospitalizm deyilir.

Bu dövrdə uşaqda hərəki və hissi davranış aparıcı rol oynayır.

İnsanın erkən uşaqlığı və meymunun “uşaqlığı”. İnsan övladı özünün idrakı, əqli sayəsində cəmiyyətin həyat təcrübəsini mənimsəmə imkanlarına malikdir. O, heyvan balasına nisbətən xarici mühitə daha sürətlə alışır, uyğunlaşır və sonralar əmək alətləri hazırlayır, onlardan istifadə edir. Bunun üçün uşağın əlləri lazımi formada inkişaf edir. Belə olmasa idi, əmək alətlərinin hazırlanması mümkün olmazdı. Elm sübut edir ki, yerimə halında olduğu kimi, əlin dartma vərdişlərinin ayrı-ayrı ünsürləri də doğumdan xeyli əvvəl təzahür edir. Tutma və dartma üçün zəruri olan ünsürlərin hamısı rüşeym hələ 14-16 həftəlik olduqda seçilir.

Nəzəri və eksperimental-genetik tədqiqatlar göstərir ki, insan psixikası ilə meymun psixikasının ontogenetik inkişafı arasında dərin və əsaslı fərqlər mövcuddur. Əgər meymunlarda 2 cür təcrübənin-ayrı-ayrı fərdlərin anadangəlmə, insanların mövcud həyat şəraitində adaptasiya yolu ilə uyğunlaşmasında ifadə olunan təcrübənin mənimsənilməsi nəzərə çarpırsa, insanlar ayrı-ayrı fərdlərin öz həyatı müddətində bəşəriyyətin yaratdığı, maddi və mənəvi mədəniyyət məhsullarından cəmlənmiş ictimai tarixi təcrübəni mənimsəyir.
Deməli, insan olmaq üçün hər şeydən əvvəl, insan beyni ilə doğulmaq lazımdır. Psixoloq Ladıgina-Kotsun yüksək inkişaf etmiş meymun balaları üzərində apardığı tədqiqatlar inandırıcı surətdə sübut etdi ki, müvafiq təbii zəminlər olmadan insan şəxsiyyətini formalaşdırmaq mümkün deyildir. Təbii zəminlər insan psixikasının inkişafı üçün sadəcə olaraq mühüm deyil, həm də tamamilə zəruri şərtdir. Lakin təbii zəminlər zəruri şərt olmasına baxmayaraq, heç də uşağın psixi inkişafının hərəkətverici səbəbi hesab olunmamalıdır. Meymun balalarından fərqli olaraq, uşaqda sinir sisteminin yetkinliyi öz-özlüyündə heç bir fəaliyyət növünün inkişafına təsir göstərmək iqtidarına malik deyildir. Bu yetkinlik uşağın psixi inkişafı üçün ancaq elə imkanlar verir ki, onlar bilavasitə müəyyən ictimai mühit və tərbiyənin varlığı zamanı həyata keçirilə bilər. Əgər meymun balası üçün mühit yalnız onun uyğunlaşdığı şəraitlərin məcmuyu rolunu oynayırsa, insan övladı üçün ona məxsus olan ictimai mühit, sadəcə xarici şərait kimi deyil, meymunun psixi və fiziki inkişafının mənbəyi kimi çıxış edir.

Uşaq və yaşlı. Bu dövrdən uşaq hərəki vərdişlərə yiyələnir, idrak qabiliyyətlərinin əsası qoyulur. Körpəlik şəxsiyyətin inkişafında elə bir mərhələdir ki, bu dövrdə idrak baxımından uşaq çox şey qazana və ya itirə bilər. Özü də körpə bu dövrdə köməksiz, aciz bir varlıqdan ağıllı, düşünülmüş hərəkətlər edən şəxsiyyət kimi inkişaf etməyə başlayır. Bu vaxt uşağın inkişaf mənbəyini körpənin mövcud imkanları ilə ətraf aləmin tələbləri arasındakı ziddiyyətlər təşkil edir.

Tədqiqatlardan məlum olur ki, uşağın psixi inkişafında yaşlı nəslin qazandığı ictimai təcrübəni onun mənimsəməsi həlledici rol oynayır. Bu cür mənimsəmə ətrafdakı adamlarla ünsiyyət və onlarla birgə fəaliyyət prosesində həyata keçirilir.

Ziqmund Freydin fikrincə uşaq körpəlik dövründə qeyri-sosial varlıq olub, özünün daxili aləminə qapılıb qalır. Görkəmli psixoloq L.S.Vıqotski və başqa rus psixoloqları elmi dəlillərlə sübut edirlər ki, körpə yaşlılarla bilavasitə ünsiyyətdə olan və bu birgə fəaliyyət prosesində təşəkkül tapan sosial varlıqdır. Yaşlılar körpənin bütün üzvi tələbatlarını ödəyir, onun psixi həyatını fəallaşdırırlar.  L.S.Vıqotski göstərir ki, uşağın gerçəkliyə münasibəti ilk andan sosial münasibətdədir. Məhz buna görə də körpə lap elə əvvəldən sosial varlıq kimi diqqəti cəlb edir.

I yaş dövründə yaşlı adamlar, adətən, uşağın ətraf aləmdəki şeylərlə ünsiyyətində vasitəçi rolunu oynayır. Yaşlılar olmadıqda çox vaxt körpə onu əhatə edeən şeylərə məhəl qoymur. Əksinə, yaşlıları yanında hiss etdikdə, onların iştirakı ilə ətrafdakı şeylərə daha çox maraq göstərir. Uşağın yaşlılarla ünsiyyəti tədricən birgə fəaliyyətə çevrilir. Adətən, uşaq oyaq olduğu bütün dövr ərzində yaşlılarla ünsiyyət göstərməyə hazır olur.

Sual 2. Uşağın ətraf mühitlə ilkin əlaqəsində duyğuların böyük rolu vardır. Duyğular vasitəsilə o, ilk dəfə cisim və hadisələrin ayrı-ayrı xassələri haqqında məlumat əldə edir. Uşaqda duyğu üçün lazım olan anatomik-fizioloji cihaz-analizator anadangəlmə mövcud olur. Bunun sayəsindı yeni şəraitə uyğunlaşmaq üçün uşaqda bir sıra şərtsiz reflekslər özünü göstərir, lakin ətraf mühitdən baş çıxarmaq üçün bunlar hələ kifayət etmir. Xarici mühitin qıcıqlandırıcılarına cəld və dəqiq surətdə cavab vermək üçün uşaqda yaşlıların təsiri altında müəyyən şərti reflekslər yaranmağa başlayır. 2-3 aylıqda bütün analizatorlar üzrə şərti refleks yarana bilir.

Yeni doğulmuş uşaqda görmə duyğusu hələ normal fəaliyyət üçün tam hazır olmur.Gözlərin uzlaşmış hərəkəti I ayın sonunda,II ayın əvvələrində meydana gəlir.Nəticədə uşaq başını və gözünü işığın mənbəyinə,hərəkət edən cismə tərəf yönəldir.

3 həftəlik uşaq optik qıcıqlara qarşı göz almacığının hərəkətlərini uzlaşdırır və onda konvergensiya (uyğunlaşma) əmələ gəlir. Amma ilk zaman konvergensiya çətinliklə yaranır, uşaq hətta gözdən 10 sm uzaqda olan parlaq cismə belə gözünü uyğunlaşdıra bilmir.

II aydan sonra uşaqda görmənin mərkəzləşməsi daha tez-tez müşahidə olunur. Bununla yanaşı, hərəkət etməyən parlaq cisimlər də uşağı cəlb edir. Onun ümumi inkişafı ilə əlaqədar görmə duyğuları təkmilləşir və inkişaf edir.

Uşaqlarda görmə duyğuları görmənin itiliyi istiqamətində inkişaf edir.
Psixoloqların apardıqları tədqiqatlar sübut edib ki,uşaqlar böyüdükcə görmənin itiliyi də yüksəlir.

Yeni doğulmuş uşaqda eşitmə üzvünün tam inkişaf etməsinəbaxmayaraq, orta qulaq selikli maye ilə dolu olduğundan, uşaq hələ səsləri aydın şəkildə eşidə bilmir. Bu maye I həftənin sonunda orqanizmə sorulur və bunun sayəsində uşaq səsə qarşı reaksiya verir. III həftənin sonunda əgər uşaq səsə qarşı reaksiya vermirsə, deməli, qüsur var.

3 aylıq uşaqda eşitmə duyğuları xeyli inkişaf etmiş olur. 3-5 aylıq uşaq təkcə güclü səslərə doğru deyil, onun mənbəyinə doğru da çevrilir. 6 aylıq uşaq ayrı-ayrı səsləri, 7 aylıq uşaq isə hecaları təqlid etməyə başlayır.

Uşaqlarda taktil duyğular da nisbətən yaxşı inkişaf etmiş olur.Xüsusilə də toxunma və təzyiq duyğuları. 3-5 aylıq uşağın alnı, qulağı, qarnı, sinəsi arasında lokal reaksiya əmələ gəlir.

İstilik və soyuqluq duyğuları da uşaqda müəyyən qədər inkişaf etmiş olur. Uşaqda getdikcə lamisə duyğuları, yəni cisimləri əl ilə yoxlamağa yönəlmiş reaksiyalar da əmələ gəlir. Uşaq həyatının I ayında dərinin qıcıqlandırılan hissəsinə əlini uzadır. 2-3 aylıqda isə bədəninin müxtəlif yerlərinə əli ilə toxunur. III aydan başlayaraq körpədə lamisə duyğuları tədricən görmə və eşitmə ilə əlaqəyə girir, bu da beyində şərti reflekslərin yaranmasına səbəb olur. 6 aylıq uşaqda əl hərəkətetmə və idrak aləti kimi inkişaf edir.

İybilmə duyğusu çox zəif olur. Dadbilmə isə digər duyğulara nisbətən yaxşı inkişaf etmiş olur.

II ayın axırında çağada qavrayışın çox sadə formasına təsadüf edilir ki, bu da onda mürəkkəb qıcıqlandırıcılara qarşı şərti refleksin yaranması ilə əlaqədardır.

Diqqət uşaqlarda çox erkən inki.af etməyə başlayır. Uşaq diqqətinin təşkilində onun üzvi tələbatının ödənilməsi ilə bilavasitə bağlı olan obyektlərin rolu böyükdür. Diqqətin davamsızlığı, məhdudluğu, tez yayınması və s. kiçik yaşlı uşağın diqqətini xarakterizə edən xüsusiyyətlərdir. Diqqət ilk dövrlər qeyri-ixtiyari olsa da, müəyyən inkişaf yolu keçərək onun fəaliyyətində mühüm rol oynayır.

Uşaqda hafizənin təşəkkülü şərti reflekslərin meydana gəlməsilə əlaqədar baş verir. Uşaq həyatının 3-4 ayından başlayaraq, bütün analizatorlar üzrə şərti reflektor əlaqələr hafizənin əsasını təşkil edir.Uşaqlarda duyğu və qavrayış əsasında təfəkkür də tədricən təşəkkül tapmağa başlayır.

Sual 3. Uşaq dünyaya gələrkən danışa bilmir, amma daxili və xarici qıcıqlandırıcıların təsiri ilə bəzi reaksiyalara cavab verir.

Psixoloji ədəbiyyatda uşağın nitq inkişafının 3 əsas mərhələsi qeyd olunur;
I mərhələ- 2aydan 11 aya qədər.Uşağın nitqə yiyəlnməyə hazırlıq mərhələsi.
II mərhələ- 11aydan 1il yeddi aya qədər. Dilin psixi-hissi mənimsənilməsi mərhələsi.
III mərhələ- 1 yaş yeddi aydan 3 yaşa qədər. Dilin qrammatik quruluşuna yiyələnmək mərhələsi.

Nitqə hazırlıq mərhələsinin özünün də bir neçə yarımmərhələsi var:
I yarımmərhələ- emosional ünsiyyət mərhələsi. Birinci 6ay ərzində təzahür edir. 2-3 aylıq uşaq səsini eşitdiyi adamı gözü ilə axtarır. Bu mərhələdə böyüklərlə ünsiyyətə tələbat doğur; çağa yaşlılara baxıb gülümsəyir. 3-4 aylıq uşaq böyüklərin nitqini dinləməklə bərabər qığıldamağa başlayır.
Uşaq normal inkişaf etdikdə, anadan olduqdan 2, 3 ay sonra “a”, “o”, “u” səslərinə bənzər, aydın olmayan səslər ifadə etməyə başlayır. 4-cü aydan başlayaraq uşaqda səsləri qavrama, səsin tonunu, intonasiyasını ayırd etmə özünü büruzə verir.
II yarımmərhələ- uşaq yaşlıların hərəkətlərini, mimikalarını və nitqini anlamağa başlayır və hərəkətlərini böyüklərin danışığı ilə əlaqələndirməyə çalışır.

Uşağın nitq və tələffüz orqanlarının inkişafı ilə əlaqədar olaraq o, tədricən “b”, “m”, “n” səslərini tələffüz etməyə başlayır və “də”, “ba”, “nə” hecalarını ifadə edir. Bu hal 6-7 aylıq uşaqlarda müşahidə edilir.

8 aylıq uşaq səsin intonasiyasını qavraya bilir, ona müraciətlə və yaxud məzəmmətlə deyilən sözləri bir-birindən fərqləndirir. Uşağı oxşadıqda sevinir, gülümsəyir, qığıldayır, ona hirsləndikdə isə dodağını büzür, inciyir və ağlamağa başlayır. Bu, uşağın fenomatik eşitmə, yəni səsləri aydın qavrama bacarığının inkişafının başlanğıcını göstərir.

8-9 aylıq uşaq bir sıra sözləri başa düşür, sözə müvafiq hərəkət edir, yaşlıların uşağa söylədiyi sözləri təqlid edir, onları tələffüz etməyə çalışır. Nitqə hazırlıq mərhələsində uşaq “ana”, “nənə”, “ata”, “çay” kimi sözləri tələffüz edə bilir. Bu zaman uşağın nitqində 10-dan 45-ə kimi söz söz ehtiyatı olur.

Bu söz ehtiyatı passiv, yəni uşağın yalnız başa düşdüyü sözlərə və fəal, yəni uşağın danışıqda işlətdiyi sözlər ayrılır. Uşaqda qeyri-fəal söz ehtiyatına nisbətən, fəal söz ehtiyatı az olur.

Uşaqdaemosiyalar çox erkən müşahidə olunur. İlkin emosiyalar körpənin üzvi ehtiyacları ilə bağlıdır. Uşaqda aclıq, susuzluq duyğularının təsiri ilə narazılıq, toxluq və rahatlıqla bağlı razılıq əhvalı təzahür edir. Aparılan tədqiqatlara görə körpədə lap ilk gündən qorxuya, şadlığa oxşar emosiyalar mövcud olur. Məsələn, uşağı atıb-tutduqda onun sifətində sevinc hissi, yuxarıdan aşağıya baxdıqda onun üzündə qorxu hissi, bələyərkən bələyin onun sərbəstliyinə mane olması sayəsində qəzəb hissi əmələ gəlir.

Uşaqlarda emosiyalar çox mütəhərrik, dəyişkən olur.  Belə ki, onların ağlamalarını gülməklə, şadlığını başqa bir halla əvəz etmək çox asandır.Uşaqlar ona iynə vuran və ya dərman verən adamları görəndə çox narahatlıq hiss edirlər. Ağ xalat geyinən adamın yaxınlaşdığını görən kimi uşaq təşvişə düşür. Amma onu tərifləyəndə, oxşayanda sevinir, fərəhlənir.

Uşaq anadan hazır iradə ilə doğulmur.Belə ki,o anadan olarkən nə cəsarətli,nə qorxaq,nə tənbəl,nə də qoçaq olur.Bu keyfiyyətlər uşağın ictimai mühitdə inkişafı prosesində formalaşır.

Dünyaya gəlmiş uşağa daxili və xarici qıcıqlar təsir edir və uşaq onlara qarşı bu və ya digər reaksiyalar verir. Bu reaksiyalar çox təkrar edildikdə tədricən uşaqlar onları idarə etməyi öyrənir, həmin hərəkətlər getdikcə ixtiyari xarakter daşıyır və bu da iradənin ilk təzahürləri kimi meydana çıxır. 11-12 aylıq uşaq nəinki baxmağı, eşitməyi, oturmağı, əlləri ilə müxtəlif hərəkətlər etməyi, həm də müstəqil surətdə yeriməyi öyrənir ki, bu da iradənin inkişafına geniş imkanlar yaradır, onu formalaşdırır.

I yaşın sonunda uşaqlarda həmin yaş üçün səciyyəvi olan təqlidçilik əlamətləri təzahür edir. Belə ki, o, yaşlılar tərəfindən icra olunan hərəkətləri yamsılayır, ona oxşar hərəkətlər etməyə başlayır. Uşaqların təlim-tərbiyəsində təqlid mühüm rol oynayıb, bir sıra düşüncəli və mürəkkəb hərəkətlərin mənimsənilməsinə kömək edir.

Uşaqların təqlidçilik xüsusiyyətlərini nəzərə alaraq onların yanında mənfi, düzgün olmayan hərəkətlər edilməməlidir. Bu haqda görkəmli pedaqoq P.F.Lesqaft yazmışdır: “Uşaqda baş verən bütün yaramaz halların səbəbini onun özündə axtarmağa təşəbbüs göstərənlər, uşaqda təzahür edən sifətlərin onu əhatə edən adamlara məxsus xüsusiyyətlərin inikası olduğunu unudurlar, uşaqda görmək istəmədiyin hərəkətləri özün etmə”.

Uşağın ətraf aləmi dərk etməsi ilə yanaşı, öz-özünü dərk etməsi də inkişafın zəruri şərtlərindəndir.

Uşağın özünü dərk etməsi, hər şeydən əvvəl, ünsiyyət prosesində təzahür edir. Kommunikativ fəaliyyət prosesində uşaq öz tərəf müqabilinin idrak obyektinə çevrilir və onun reaksiyalarına əsasən öz hərəkətlərini müəyyənləşdirir.

Həyatının II yarım ilindən başlayaraq çağada yaşlılarla qarşılıqlı ünsiyyət prosesində özü haqqında təsəvvür yaranır. Bu dövrün I yarm ilində uşaqda özünüdərketmə müsbət emosional özünüduyma halında, II yarım ildə isə özünü fəaliyyət subyekti kimi qavrama halında formalaşmağa başlayır.

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  2. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  3. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  4. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
 

0 şərh