Körpəlik yaşının psixoloji xüsusiyyətləri

Plan:

  1. Körpənin fiziki inkişafı
  2. Körpənin psixi inkişafı
  3. Körpənin fəaliyyəti
  4. Üç yaşın böhranı problemi
  5. Erkən uşaqlıq dövründə öyrənmə

Sual 1. Körpəlik dövrü 1 yaşdan 3 yaşa qədər olan müddəti əhatə edir. Bu dövrdə uşağın fiziki inkişafında əsaslı dəyişiklik baş verir. Boyu və çəkisi artır.




Yeriməyi öyrənmə və körpənin inkişafında onun əhəmiyyəti. Uşağın ayaq üstə, düz yeriməyi öyrənməsi erkən yaşın ən böyük nailiyyətidir.Çağa bir yaşın sonunda ilk müstəqil addım atır.O, ilk vaxtlar öz hərəkətlərini uzlaşdıra bilmir, müvazinətini tez-tez itirir və yıxılır. Burada yaşlılar ona kömək edib, yerişi öyrədir. Beləliklə, uşaqda məkana ilkin münasibət yaranmağa başlayır. İlk kövrək addımlarını atan uşağın bu uğuruna yaşlıların sevinməsi uşaqları daha da həvəsləndirir və dəfələrlə yıxılsa belə onlar yenidən ayağa qalxıb yeriməyə çalışırlar.Uşağın yeriməsinə yalnız yaşlıların onları həvəsləndirməsi deyil, həm də əzələ hərəkətlərinə olan tələbat böyük təsir göstərir. Əzələ hərəkətlərinə olan daxili tələbat uşağı təhrik edir ki, o yerimək vərdişinə yiyələnsin. Eyni zamanda hər günkü yeriş hərəkət aparatını getdikcə təkmilləşdirir. Yaş yarımında körpə çətin yerlərdən keçərək yeriməyə çalışır.

 II ildə isə yerimək bacarığı uşağın tələbatına çevrilir, o, çox yeriməyə və mütəhərrik olmağa cəhd edir. Körpənin davranışı bir yaşın axırında avtomatlaşdıqca hərəkətlərdəki gərginlik zəifləyir.

II ilin ortalarında uşaq müxtəlif hərəkətləri mənimsəyir, şeyləri götürüb başqa yerə qoyur. Sərbəst yerimək qabiliyyəti uşağın ətraf mühitlə təmasınnı, əlaqəsini genişləndirir. Əzələ hissi ona şeylərin məkanda yerləşməsi vəziyyətini qavramağa imkan verir. Uşaq tədricən cisimlə özü arasındakı məkanı, əşyaların otaqda yerləşməsi təsəvvürünə yiyələnir. Yeriş uşağa əşyaların formasını, böyüklüyünü, rəngini praktik olaraq tanımağa imkan verir. Körpənin II ildə əşyalarla bilavasitə təması onun psixi inkişafında mühüm rol oynayır. Düzgün yerimə vərdişinə yiyələnmək uşağın ətraf aləmlə nəinki qarşılıqlı təsirini genişləndirir, eyni zamanda körpənin müstəqilliyini də inkişaf etdirir.

Uşaq psixikasının sürətli inkişafı bir neçə amillə əlaqədar həyata keçirilir.
Əvvəla, uşağın yeriməyi öyrənməsi onun davranışına, psixi inkişafına əsaslı təsir göstərir. Bu da ondan irəli gəlir ki, uşağın məkanda yerdəyişməsi imkanına yiyələnməsi onun ətraf aləmi daha yaxşı dərk etməsinə səbəb olur. Artıq yeriməyə başlamış uşaq müxtəlif cisimlərə yanaşır, onları “yoxlayır”, bir növ təhlil, tərkib aparmağa başlayır. Bu dövrdə valideynlər adətən, uşaqlarını hər şeydən qorumağa çalışırlar. Körpə bir növ “olmazlar” çəpərində böyüməyə başlayır. Valideynlərin bu cür hərəkətləri psixoloji baxımdan düzgün deyildir. Çünki belə hərəkət uşağın psixi inkişafına, onun ətraf aləm hadisələrindən baş çıxarmasına, onları dərk etməsinə mənfi təsir göstərir. Bu dövrdə valideyn və yaşlılar uşağa sərbəstlik və müstəqillik verməlidirlər. Belə olduqda psixoloji baxımdan, uşağın doğru və düzgün inkişafına şərait yaratmiş olarlar.

İkincisi, uşağın yeriməyi öyrənməsi onda bir sıra psixoloji dəyişikliklərin yaranmasına səbəb olur. Məkanda sərbəst hərəkəti mənimsəmiş uşaq onu əhatə edən ətraf aləmin daha çox cisim və hadisələrilə ünsiyyətə girir. Bu ünsiyyət prosesində uşaq həm həmin cisim və hadisələrin mahiyyətini, həm də onların arasında mövcud olan əlaqə və münasibətləri dərk edir. Ətraf aləmlə olan ünsiyyət onun psixi inkişafını xeyli sürətləndirir.

Üçüncüsü, erkən uşaqlıq çağlarında uşağın indiyə qədər adətən,düşünülməmiş tərzdə həyata keçirilən hərəkətlər sistemi indi əşyavi fəaliyyətə çevrilir. Uşaq hər bir əşyanın nə funksiya daşıdığını bilmək istəyir. Uşaq bunları təkbaşına “kəşf” etmir. Uşağa böyüklər bunu izah edir. Deməli, uşağın ətraf aləmi dərk etməsi, onun hadisələrdən baş çıxarması bilavasitə yaşlıların rəhbərliyi altında həyata keçirilir.

Dördüncüsü, bu yaşda uşaqlar adətən, ünsiyyətdə olduqları əşyanı və ya oyuncağı hissələrə ayırır, yaxud qırırlar. Bu, valideynlərin əsəbləşməsinə səbəb olsa da, məsələyə psixloji baxımdan yanaşdıqda uşağın haqlı olduğunu görmək olar. Çünki, uşaq cismin mahiyyətini başa düşmək üçün onu tərkib hissələrinə ayırır.

Sual 2. 3 yaşın axırlarına yaxın uşaqda meydana gələn yeni fəaliyyət növləri- oyun və fəaliyyətin məhsuldar növləri, ətraf aləmə bələdliyi, maraq və meyli onun psixi inkişafı üçün zəmin yaradır. Bu dövrdə uşaq ətrafdakı hər şeyə maraq göstərir və suallar verməyə başlayır.

Erkən uşaqlıq dövrü uşağın nitqə yiyələnməsinin ən senzitiv, səmərəli dövrü hesab olunur.

Əgər uşaq həmin dövrdə nitqə yiyələnmək imkanından məhrum olarsa, sonradan bu qüsuru aradan qaldırmaq çətin olur.

1 yaşdan 3 yaşa qədər olan dövr- uşağın nitqə yiyələnməsi, dilin ilkin mənimsənilməsi mərhələlərini əhatə edir.

Bu dövrdə lüğət ehtiyatının artması və sözləri düzgün tələffüz etməklə bərabər nitqin qrammatik quruluşu da inkişaf edir. 1 yaş və yaş yarımlıq uşağın nitqi tək-tək sözlərdən ibarət olur.

Uşaq nitqə yiyələnməyə başlayarkən, ilk növbədə, yaşlı adamlardan eşitdiyi sözlərun mənasını mənimsəyir. Lakin onun həyat təcrübəsinin azlığı, fikri proseslərinin kifayət qədər inkişaf etməməsiilə əlaqədar uşaqların yiyələndikləri sözlərin mənaları yaşlıların işlətdiyi sözlərdən fərqlənir.

Uşaq II yaşın sonunda 300-ə qədər, III yaşın sonunda isə təxminən 1500-ə qədər sözdən istifadə edə bilir ki, bu da nitq ünsiyyətinə girməyi təmin edir.

Uşaq yaşa dolduqda onun nitqi tədricən dəqiqləşməyə, ifadə etdiyi sözlər əşyalara uyğun olmağa başlayır. Eyni zamanda uşaq tək-tək sözlərdən deyil, bir neçə söz iştirak edən ən sadə cümlələrdən istifadə etməyə başlayır. Lakin ilk dövrlər həmin cümlələrdəki sözlər arasındakı əlaqə istənilən səviyyədə olmur. III yaşdan başlayaraq bu cür çətinlik aradan qalxmağa başlayır, uşaq cümlədə işlətdiyi sözləri əlaqələndirə bilir.

Uşaq təfəkkürünün inkişafı ana dilinə, onun lüğət fonduna və qrammatik quruluşuna yiyələnməsi prosesi ilə ayrılmaz surətdə bağlıdır.

Aparılan psixoloji tədqiqatlar göstərir ki, bağça yaşına çatmamış uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, onların təfəkkürü müəyyən hərəkətlərlə daha çox bağlı olub, bu hərəkətlərdə təzahür edir.

Bu dövrdə uşaqların fikri fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Get-gedə uşaqlar böyüklərdən eşitdiyi sözləri ikinci siqnallar kimi dərk etməyə başlayır və bununla əlaqədar ümumiləşdirmələrə meyl edirlər. Bu ümumiləşdirmələr təkcə hərəkətlərlə bağlı olub qalmır, söz siqnalları əsasında da aparılmağa başlayır.

Uşağın yaşlılarla ünsiyyəti, onun şəxsi həyat təcrübəsi, uşağı əhatə edən sosial mühit də onda təfəkkürün inkişafına təsir göstərir.

2-3 yaşında uşağın diqqəti yeni xüsusiyyətlər qazanmağa başlayır. Burada uşağın böyüklərlə nitq ünsiyyətində olması mühüm rol oynayır. Söz siqnalları onun diqqətinin müəyyən obyektə yönəlməsi üçün qıcıqlandırıcı rolunu oynamaqla bərabər, uşağın qeyri-ixtiyari diqqətinin davamlılığı və dəqiqliyinə əsaslı təsir göstərir.

3 yaşa qədər olan uşaqlar əşyaya uzun müddət baxa bilir, diqqətləri onun üzərində mərkəzləşir, cismi əlləşdirir, onunla oynayırlar.

 Bu dövrdə hafizə sürətlə inkişaf edir. 18-22 aylıq uşaq özünü güzgüdə tanıyır. Əgər I yaşın axırı, II yaşın əvvəllərində uşaq sözləri fərqləndirir və müəyyən hecalar şəklində yada sala bilirdisə, indi o, yaşa dolduqca əvvəllər gördüyü cisimləri yenidən qavradıqda tanıya bilir. Bu yaş dövründə tanımanın gizli dövrü bir neçə günə bərabər olur.

2 yaşlı uşaq bir neçə həftə əvvəl, 3-4 yaşlı uşaq isə bir neçə ay əvvəl ünsiyyətdə olduğu, gördüyü adamları tanıyır.

Tanıma ilə yanaşı, qavranılmış əşyaları xatırlama da inkişaf edir. Qavrayış prosesi iştirak etmədən iradi səy sayəsində həyata keçirilən xatırlama hafizənin formalaşmasında yeni mərhələ təşkil edir. Xatırlama I ilin axırı, II ilin əvvəllərində özünü göstərməyə başlayır.

Körpə uşaqlarda hafizə qeyri-ixtiyari xarakter daşıyır, bu dövrdə uşaqlar öz qarşılarına xüsusi yaddasaxlama məqsədi qoymurlar. 2-3 yaşlı uşaqlar onları maraqlandıran, tələbatları ilə əlaqədar olan məsələləri qeyri-ixtiyari şəkildə yadda saxlayırlar.

İxtiyari yaddasaxlamanın ilk təzaürlərinə 3-4 yaşlı uşaqlarda rast gəlinir. Uşaqlarda ilk ixtiyari (niyyətli) yaddasaxlama müəyyən tapşırıqları icra edərkən oyun prosesində baş verir. Tərbiyəçi və valideynin tapşırıqlarını düzgün yerinə yetirmək, oyun zamanı səhvə yol verməmək üçün uşaq bu və ya digər tələbləri, qaydaları ixtiyari olaraq yadda saxlayıb, yada salmağa cəhd edir.

Təxəyyül uşaqlarda onlar müəyyən təsəvvür ehtiyatına yiyələndikdən sonra inkişaf edir. Bu təsəvvür ehtiyatı uşaqda 1 yaşla 3 yaş arasında qazanılır. 2 yaşda uşaqlarda təxəyyülün ilk təzahürünü müşahidə etmək olar.

2-3 yaşından başlayaraq uşaqlarda təxəyyül müxtəlif vasitələr əsasında təşəkkül tapır. Belə ki, bu yaşda olan uşaqlar illüstrasiyalar, kiçik həcmli nağıllarla əlaqədar məsələləri təsəvvür edə bilir. Bütün bunlar uşaq təxəyyülünün ilk təzahürləridir. Lakin bu zaman uşaqlarda təxəyyül surətləri çox məhdud xarakter daşıyır. Bu dövrdə uşaqda həmçinin təxəyyül qeyri-fəal xarakter daşıyır. Bu vaxt yalnız bərpaedici təxəyyül müşahidə olunur.

Bu dövrdə uşaqlarda hisslər də surətlə inkişaf edir. Xüsusilə də utancaqlıq hissi özünü daha çox büruzə verir. Uşaq başqa bir yerə getdikdə və ya tanımadığı insanların içərisində olduqda utanmağa başlayır. Bu hiss bəzən uşaqda böyüdüyü şəraitin və ya tərbiyənin təsiri üzündən baş verir.

Kiçik yaşlı uşaqlarda məsuliyyət hissinin inkişafına da təsadüf etmək olar. Bu hissə malik uşaqlar ləyaqətlə davranmağa, öz üzərinə düşən işi layiqincə yerinə yetirməyə can atır. Uşaqda müşahidə olunan bu məsuliyyət hissini daha da inkişaf etdirmək lazımdır. Əks təqdirdə uşaq mənəvi cəhətdən zəif, qüsurlu inkişaf edə bilər.

Sual 3.  Əşyavi fəaliyyət.

Körpənin əsas aparıcı fəaliyyət növü onun əşyavi xarakterli fəaliyyətə yiyələnməsidir. Bu fəaliyyətin ilkin ünsürləri hələ çağalıq dövründən formalaşmağa başlayır. Əşyavi fəaliyyətə keçid uşaqda cisim və hadisələrə yeni münasibət yaradır.

Əşya uşaq üçün yalnız əlləşdirmə obyekti olmur, həm də körpə ondan istifadə qaydalarını öyrənir. Əşyanın hansı funksiya, xassə və əlamətlərə malik olmasını uşağa böyüklər öyrədir.

Uşağın əşyavi fəaliyyətinin təşəkkülü əsasən 3 mərhələdən keçir:

  1. 6-7 aylıq uşaqların əşyanı əlləşdirmə fəaliyyəti olub, 7-9aylığında bələdləşmə hərəkətlərinə çevrilir.
  2. Bir yaşın sonunda bu iş spesifik, əşyavi hərəkətlərə keçir. (nəticəli fəaliyyət) Uşaq əşyalarla necə davranmağı, necə rəftar etməyi mənimsəyir. Bunun üçün o, əşyalar üzərində bir sıra əməliyyatlar həyata keçirir. Məsələn, topu dığırlayır, avtomobili itələyir, kuklanı yatmaq üçün yerinə qoyur və s.
  3. Əşyavi işlərlə bilavasitə bağlı olan alətlərlə əməli fəaliyyət. Qaşıqla yemək, əşyaları yük maşınına yığıb aparmaq və s.

Əşyavi fəaliyyətin inkişafının ilkin mərhələsində əşya ilə hərəkət bir-biri ilə sıx surətdə bağlı olur: uşaq həmin əşya ilə davranmaq üçün lazımu hərəkətlərə yiyələnir.

Uşaq iki yaşından sadə situasiyalardan tədricən mürəkkəbə keçir və bununla da o, əllə əməliyyatdan alətlə əməliyyata keçir. 11 aylıqdan 2-3 yaşa qədər olan uşaqlar əməli “fəaliyyət” zamanı bir çox əşyalardan, köməkçi vasitələrdən istifadə edərək onlara verilən “tapşırıqları” yerinə yetirirlər. Yaşlılarla əməli ünsiyyət zamanı uşaq ona müraciətlə deyilənləri və yaşlılar tərəfindən bəyənilən hərəkətləri sayəsində yeni əşyavi hərəkətləri müvəffəqiyyətlə mənimsəyir və onları icra edir. Ona görə yaşlılarla ünsiyyətdə ödənilən tələbatlar əşyavi hərəkətlərin təkmilləşməsinin əsas şərti olur.

Əşyavi fəaliyyətdə diqqəti cəlb edən cəhətlərdən biri də budur: uşaq 2 yaşından sadə situasiyalardan tədricən mürəkkəbə keçdikcə o, əllə əməliyyatdan alətlə əməliyyata keçir.

Körpəlik dövründə alətdən istifadə etmək aparıcı fəaliyyət olub, uşağın idrak prosesinin inkişafına böyük təkan verir, həm də müsbət təsir göstərir. Əşyalarla iş qaydası qavrayışın hissi-hərəki etalonunu formalaşdırır. Əşyavi hərəkətdən alətlə əməliyyatlara keçərkən əşyalardan istifadənin ictimai qaydaları mənimsənilir. Bu da əqli fəaliyyətin-əyani əməli təfəkkürün sadə formasını təşəkkül etdirir.

Alimlər 1 yaşdan 2 yaş yarımına qədər uşaqlarda əşyavi ümumiləşdirmənin 3 mərhələsini müəyyənləşdirmişlər:

  1. Uşaq əşyaları parlaq rənglərə, nəzərə çarpan əlamətlərə görə qruplaşdırır. Bu, ilkin əyani ümumiləşdirmədir. Lakin bu mərhələdə uşaq hələlik əşyavi fəaliyyətə yiyələnməmiş olur.
  2. Uşaq ayrı-ayrı əşyaları bir-birindən fərqləndirir. Lakin o, əsas əlamətləri II dərəcəli və dəyişkən əlamətlərdən ayıra bilmir.
  3. Artıq körpədə ümumi məfhumlar təşəkkül tapmağa başlayır. Əşyavi fəaliyyət uşağın nitqini, oyun və təsviri fəaliyyətini, idrak proseslərini, yəni bütövlükdə psixikasını inkişaf etdirir.

Əşyavi fəaliyyət zamanı istifadə olunan ünsiyyət prosesi uşağın yeni şəraitə alışmasına, onun şəxsi keyfiyyətlərinin inkişafına da müsbət təsir edir və bu prosesdə uşaq qorxaqlığı, əzginliyi aradan qaldırır, yeni rastlaşdığı adamlarla ünsiyyət yaradır, onlarla münasibəti formalaşdırır.

Təsviri fəaliyyətin təşəkkülü. Erkən yaşlı uşaq nəinki əşyavi fəaliyyətə, həm də təsviri fəaliyyətə- nəticədə məhsulu olan fəaliyyətə, başqa sözlə desək, rəsm, yapma, aplikasiya, quraşdırma işlərinə də yiyələnir. Bunların təşəkkülü əşyavi fəaliyyətlə sıx bağlıdır.

Uşaqlar qələmlə kağız üzərində cızma-qara etməklə, ən başlıcası isə bir iz, işarə qoymağa çox həvəs göstərib maraqlanırlar. Bununla əlaqədar uşağın təsviri fəaliyyətə keçməsi üçün yaşlılar onunla uzun müddətli hazırlıq işləri aparmalı, qələmdən, kağızdan istifadə etməlidirlər. Bu işə meyllənmiş uşaq bəzən saatlarla qələmlə kağız üzərində cızma-qara işlərilə məşğul olurlar. 2 yaşından etibarən uşaqda öz əməli hərəkətlərini tənzimetmə imkanları yaranır. Əlbəttə, təkcə anatomik-fizioloji imkanları tənzimləmək heç də təsviri iş üçün hələlik kifayət deyildir. Bundan ötrü uşağa ləvazimatlar və böyüklərin köməyi lazım olur.
Erkən yaşlı uşaqlarda rəsmetmə qabiliyyətinin inkişafı onun psixikasının yüksək səviyyəsini göstərir. Uşaq eyni formada asanlıqla çəkdiyi cızma- qarasına müxtəlif mənalar verir. Bir dəfə onu dayısına oxşadır, bir dəfə dovşana və s.
Alimlər uşağın cızma-qarasını məna və əhəmiyyət etibarilə 4 mərhələyə ayırmışdır;

Imərhələ-qələmlə müstəqil manipulyasiyanın nəticəsi olan cızma-qara.

IImərhələ-real şeylərlə assosiasiya yaradan və sözlə adlandırılaraq sərbəst manipulyasiya edilmiş cızma-qara (qələmlə çəkilən əlamətə — məna verir).

IIImərhələ-planlaşdırılmış real işarələri əks etdirəməyən cızma-qara (cisim və hadisələr öz-özlüyündə təsvir edilməmişdir).

IVmərhələ-əşyanın təsvir olunan cızma-qarası, onun qrafik quruluşu əşyanın ümumi cəhətlərini əks etdirir.

Uşaqda ilk qrafik-surətlər, təsviri fəaliyyətin təşəkkülü böyüklərin köməyi, onların uşağa yaratdıqları əlverişli şərait sayəsində körpənin sensor işlərinə fəal təsir etməklə təşəkkül tapır.

Uşağın təsviri fəaliyyəti, onun fəaliyyətinin xüsusi növünə çevrilməsi, rəsmin, yapışdırılmanın sonrakı inkişafı məktəbəqədər yaşda davam edir, sürətlə formalaşır və uşağın məktəbə hazırlanması sahəsində geniş imkanlar yaradır.

Sual 4. 3-cü yaşda uşaqda adətən “böhran” özünü büruzə verir. Buna 3 yaş “böhranı” deyilir. Bu yaşda uşağın inkişafında nəzərə çarpan tipik xüsusiyyətlər- ifadəli nitqin meydana gəlməsi, ətraf aləmin təsiri sayəsində onda parlaq surətlərin, təəssüratların yaranmasıdır. Bu yaşda uşaq, artıq özü haqqında «MƏN» deyə danışmağa başlayır.

Bu mərhələdə uşağın psixi və fiziki keyfiyyətlərinin qeyri-adi surətdə inkişafı orqanizmin bütün sistemlərinin fəaliyyətubu gərginləşdirir.

Uşaq inkişafında bu “böhran” böyüklərlə qarşılıqlı münasibət zamanı, onun tələbinə əhəmiyyət verilmədikdə o, tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyət halında diqqəti cəlb edir. Uşağın müstəqil olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla müqayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması və hərəkətlərindəki sərbəstliyi bu “böhran” haqqında tam təsəvvür formalaşdırır.

Əgər yaşlılar uşağın müstəqilliyini, sərbəstliyini lazımı şəkildə tənzim və təşkil edərsə, yaş böhranı tədricən aradan qalxar. Bu böhran uşağın psixi və fiziki inkişafında mühüm addım sayılır.

Böyüklərlə qarşıllıqlı ünsiyyət prosesi, uşağı əhatə edən ictimai münasibətlər sistemi, özünə xidmət əməyi, nitqin təfəkkürlə dialektik əlaqəsi, sosial mühüm təsiri, xüsusi təlim və tərbiyə uşaq şəxsiyyətini formalaşdırır, onu cəmiyyətin üzvü olan fəal varlıq – insan kimi duymağa və fikirləşməyə sövq edir.

Uşağın özü haqqında ilkin təsəvvürləri, özünü dərk etməyə başlaması, müstəqilliyə can atması, onun şəxsiyyətinin təşəkkülü üçün zəmin yaradır.

Sual 5. Erkən uşaqlıq dövrü öyrənməyə başlamanın, öyrənmənin formalarının, əlamətlərinin, müəyyən xüsusiyyətlərinin təşəkkül etməsi, hərəkətlərin, psixi təzahürlərin nitq və ünsiyyətin optimal inkişafı ilə səciyyələnir. Uşaq həyatda cisim və hadisələrlə, adamlarla ünsiyyətdə olduqda onları qavrayır, təqlid edir, beləliklə, onların həm xarici, həm də daxili, yəni psixi və fiziki aləmində dəyişmələr, törəmələr baş verir. Bu isə öyrənmə ilə nəticələnir. Öyrənmənin mexanizmi bütün canlılarda əsasən eynidir. Lakin uşağın öyrənmə prosesinin mexanizmi ilə heyvanların öyrənmə prosesinin mexanizmi arasında fərqlər də vardır. Uşağın öyrənmə prosesində tədricən ixtiyarilik, şüurluluq, ümumiləşdirmə, mücərrədləşdirməkimi təfəkkür əməliyyatları iştirak edir. Beləliklə, heyvanlar cisim və hadisələrin keyfiyyətini, kəmiyyətini, formasını, zaman və məkan əlaqələrini irsi davranışlarla, yaşadığı ətraf mühitdən mənimsədiyi siqnallara əsasən öyrənir. Burada ictimai təcrübə iştirak etmir. Uşaq isə bunlarla yanaşı, cisim və hadisələri ictimai təcrübəyə əsasən şüurlu, məqsədli əks etdirir, bu da biliklərin mənimsənilməsilə nəticələnir.

Lakin uşağın hər cür hərəkətini, işini öyrənmə kimi qəbul etmək olmaz. Məsələn, uşaq işıqlı otaqdan qaranlıq otağa keçdikdə gözləri həmin situasiyaya öyrəşir. Bu isə öyrənmə yox, adaptasiyadır.

Öyrənmə həm heyvanda, həm də uşaqda orqanizmə təsir edən müəyyən stimula əsasən əmələ gələn reaksiyaların mənimsənilməsi nəticəsidir. Belə bir reaksiya stimulun özünə yox, sinir sistemində əks olunandan törəyir. Öyrənmənin mexanizmi bütün canlılarda əsasən eynidir. Lakin uşağın öyrənmə prosesinin mexanizmi ilə heyvanların öyrənmə prosesinin mexanizmi arasında fərqlər də vardır. Uşağın öyrənmə prosesində tədricən ixtiyarilik, şüurluluq, ümumiləşdirmə, mücərrədləşdirməkimi təfəkkür əməliyyatları iştirak edir. Məhz bunun sayəsində heyvanla uşağın inikasının məzmununda fərqlər əmələ gəlir. Beləliklə, heyvanlar cisim və hadisələrin keyfiyyətini, kəmiyyətini, formasını, zaman və məkan əlaqələrini irsi davranışlarla, yaşadığı ətraf mühitdən mənimsədiyi siqnallara əsasən öyrənir. Burada ictimai təcrübə iştirak etmir. Deməli, heyvan irsi davranışlara, yaşadığı ətraf mühitdən aldığı siqnallara əsasən onları inikas etdirir. Uşaq isə bunlarla yanaşı, cisim və hadisələri ictimai təcrübəyə əsasən şüurlu, məqsədli əks etdirir, bu da biliklərin mənimsənilməsilə nəticələnir.

Erkən uşaqlıq dövründə öyrənmənin bir sıra forma və əlamətləri müşahidə olunur və onun əsas ibtidai formaları aşağıdakılardır:
a) impritinq (həkkolma)
b) şərti reflektor öyrənmə
c) operant öyrənmə
d) vikar öyrənmə
e) verbal öyrənmə (sözlü,şifahi öyrənmə)

Uşaq anadan olandan sonra həyatının I günü və ayında öyrənmənin elementar növünə- impritinq, şərti reflektor və operant öyrənməyə əməli surətdə hazır olur. Bu cür öyrənmə həm insanlarda, həm də heyvanlarda müşahidə olunur. Vikar və verbal öyrənmə isə yalnız insanlara məxsusdur.

İmpritinq- canlı dünyaya gələrkən ilk dəfə ona təsir edən, hərəkətdə olan obyektlərin sinir sistemində, beynində tez həkk olmasıdır. (Lorensin qaz balaları ilə təcrübəsi)

Uşaq reflektor öyrənmə zamanı stimulu, qıcığı mənimsəyir, ona reaksiya verir. Əgər qıcıqlayıcılar uşağa təkrar-təkrar təsir edirsə, beynində müvəqqəti əlaqələr əmələ gəlir və bu rabitələr reflektor əlaqələr hesab olunur. Bu öyrənmə həm heyvanlara, həm də uşaqlara aiddir.

 Uşaq Vikar sistemli perseptiv əməliyyatlarla obrazlı təfəkkürə keçir. Vikar öyrənmənin davamı kimi verbal öyrənmədə uşaq sözlərdən, II siqnal sistemindən, analiz, sintezdən istifadə edir.

Operant öyrənmədə isə uşaq sınaq və səhv metodilə bilik, bacarıqlara yiyələnir, özü də o, orqanizmin daxili tələbatından istifadə edir. Operant (refleks) öyrənmə zamanı təsadüfi hallar yaxşı nəticə verir, faydalı hərəkətlər seçilir və bunlar məqsədəuyğun hərəkətlər hesab olunur.

Beləliklə, öyrənmənin bu formalarının nəticəsində uşaqda sensor, motor öyrənmə metodları əmələ gəlir.

Məqsəd və nəticə uşağın öyrənməsi zamanı analiz və sintezlə, yəni məlumatların mənimsənilməsilə, diferensasiya və sistemləşdirilməsilə müşayiət olunarsa, o, sensor öyrənmədir.

Öyrənmənin məqsəd və vəzifələri müxtəlif hərəkətlərin seçilməsi, əlaqələndirilməsi, diferensiasiyası və sistemləşdirilməsindən asılıdırsa, belə öyrənməyə motor öyrənmə deyilir.

Əgər öyrənmə prosesində hər iki amil qarşılıqlı iştirak edirsə, bu, sensor-motor öyrənmə adlanır.

Öyrənmə prosesi müəyyən tədris-intellektual mexanizm əsasında həyata keçirilir:

  1. Assosiasiyanın formalaşması. Burada bilik, bacarıq müvəqqəti sinir rabitələrinin əmələ gəlmə mexanizmi əsasında formalaşır.
  2. Təqlidetmə. Burada təqlidlə bilik, bacarıq və vərdişlərə yiyələnir.
  3. Fərqləndirmə və ümumiləşdirmə. Məfhumların formalaşması ilə bağlı olur.
  4. İnsayat (qəflətən anlama).Keçmiş təcrübə əsasında naməlumun bilavasitə tapılması, qəflətən anlaşılması ilə bağlıdır.
  5. Yaradıcılıq. Nümunələrə əsasən yeni kəşflər edilməsi, yeni bilik, bacarığa yiyələnməklə əldə edilir.

Öyrənmə bu mexanizmlərin qarşılıqlı təsiri ilə təkmilləşir.

Ümumiyyətlə, öyrənmənin müvəfəqiyyəti çox amillərdən asılıdır, amma bunların içərisində psixoloji amillər mühüm yer tutur.

Psixoloji amillərə aiddir: öyrənmənin motivləri, idrak proseslərinin ixtiyariliyi, şəxsiyyətin keyfiyyətləri: davamlılığı, məqsədyönlü cəhətləri, məsuliyyətliliyi, intizamlılığı, şüurluluğu, birgə fəaliyyət zamanı adamlarla qarşılıqlı ünsiyyət yaratmaq bacarığı, digər tərəfdən öyrənmənin mürəkkəbliyi, çətinlik dərəcəsi, öyrənmək ustanovkası. Bunlar həm şagirdə, həm də müəllimə aid olub öyrətmək və öyrənməklə nəticələnir.

2-3 yaşlı uşaqların öyrənməsinə, inkişafına oyun və oyuncaqların təsiri daha böyükdür. Hal-hazırda uşaqlar üçün müəyyən metodlardan müxtəlif oyuncaqlar hazırlanır, xüsusi fabrik və zavodlar uşağın yaşına, bacarığına, maraq və meylinə uyğun oyuncaqlar istehsal edib buraxırlar. Oyun prosesində oyuncaqlar uşağın qavrayışını, diqqət və hafizəsini, hisslərini inkişaf etdirir.

Erkən yaşlı uşaqlara qorxulu nağıllar söyləmək, yaşa müvafiq, uyğun olmayan əcayib əhvalatlar danışmaq, radio-televiziya verlişlərinə baxmaq məsləhət görülmür. Belə verilişlərin təsiri ilə uşaq gecə yuxuda qorxur, narahat yatır, ağlayır. Bu da uşağım sinir, əsəb sisteminin zəifləməsinə səbəb olur, onu həyəcanlandırır əsəbi vəziyyətə salır.

Müəllif: Kamile Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  2. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  3. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  4. Выгодский Л.С. Детская психология. Собрание сочинений. Т.4. М., Педагогика. 1984.
  5. Смирнова Е.О. Детская психология. Питер. 2009.
  6. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
 

0 şərh