Məktəbəqədər yaşda oyun fəaliyyəti

Plan:

  1. Oyun fəaliyyəti haqqında nəzəriyyə tarixindən
  2. Oyun mərhələləri (növləri)
  3. D.B.Elkonin oyunun inkişafının səviyyələri
  4. Məktəbəqədər yaşlı uşağın psixi inkişafında oyunun rolu

Sual 1. Bəzi ölkələrdə lap qədimdən bu günə kimi uşaq oyunlarının təbiətinə, mahiyyətinə aid bioloji, naturalist nəzəriyyələr böyük rola malikdir. (Q.Spenser, K.Qross, K.Büller, V.Ştern, F.Boytendayk və b.) Oyun nəzəriyyəsinin banilərindən olan alman psixoloqu K. Qross belə hesab edir ki, uşaq oyunu dərk etmədən, onun vasitəsilə özünü həyata hazırlayır; oyunların mexanizmi instinktlə, bioloji amillərlə şərtlənir. Oyun mənbəyinin təbii əsasını instinktin xüsusi forması təşkil edir. Oyun prosesində uşaqlar heyvan davranışını xatırladan, ona uyğun hərəkətlər edirlər.

Biogenetik nəzəriyyə nümayəndələri fərdi oyunu insanın tarixi təəssüratlarının gizli, instinktiv formasının təzahürü hesab edirlər.

Psixoanalitik istiqamət tərəfdarı Z.Freyd isə oyunda cinsi həvəsin, seksual meylin, şəhvani eşqin təzahürünü görür və qeyd edir ki, uşaq oyun prosesində özünün fərdi həvəsinə seksual tələbatına nail olur. Freyd deyirdi ki, uşaq həyatda sürücü, tərbiyəçi olmaq istəyir, amma onun buna imkanı yoxdur. Lakin oyun prosesində isə o istəsə həkim, istəsə sürücü və ya tərbiyəçi ola bilər.

Görkəmli alman psixoloqu Adlerin fikrincə, uşaq oyun prosesində özünün qeyri-müstəqilliyini, bacarıqsızlığını aradan qaldırır. Ona görə də o, fantastik, möcüzəli oyunlar oynayır, real həyatla uyğun gəlməyən sosial arzularının üstündən keçir.

Bir sıra alimlər oyuna uşağın real aləmdən təcrid olunmuş hissləri, təəssüratı ilə əsrarəngiz aləmə ünsiyyəti kimi baxır (K.Koffka, K.Levin, J.Piaje).

Uşaq oyuncaqlarından ətraf mühitdə qazandığı təsəvvürlərə biliklərə uyğun şəkildə istifadə edir.

K.D.Uşinski qeyd edir ki, uçağa aldığımız qəşəng və işıqlı evcikdən o qala kimi, gəlincik fiqurundan isə əsgər kimi istifadə edəcəkdir.

Uşağın oyunları ilə onu əhatə edən real aləm arasında sözsüz ki, “Çin səddi” yoxdur, onun oynadığı oyunlar ətraf aləmlə, böyüklərin fəaliyyəti ilə sıx bağlı olur. İndinin özündə hər cür oyuncaqların olmasına baxmayaraq, uşaqlar onu əhatə edən mühitdən, əşyalardan, sudan, palçıqdan, ağaclardan, bitkilərdən, heyvanlardan, insanlardan oyun vasitəsi kimi istifadə edirlər.

Deyilənlərdən aydın olur ki, uşağın oyun prosesində təzahür edən xüsusiyyətləri yaşadığı tarixi dövrün – coğrafi, iqtisadi, mədəni şəraitin, mikro və makromühitinin təsirilə təşəkkül tapır.

Hollandiya psixoloqu F.Boytendayk oyuna uşağın ətraf aləmə bələdləşmə fəaliyyəti kimi baxsa da, nəticədə o, belə bir qənaətə gəlir ki, uşaq oyuncaqlarının əsasında instinktlər, təbii amillər və bioloji tələbatlar durur.

Bioloji nəzəriyyənin əsas qüsuru oyunun mənşəyini tədqiq edərkən ona tarixilik baxımından yanaşa bilməməsidir. Ona görə də bu nəzəriyyə tərəfdarları məsələni araşdırarkən sosial məzmunla bioloji mənşə arasında ziddiyyəti heç də tam həll edə bilmirlər.

Rus psixoloqlarından P.P.Bolonski və L.S.Vıqotski hələ XX əsrin 30-cu illərində bu problemi araşdırarkən uşağın psixi inkiaşfına tarixilik baxımından yanaşmanın əsasını qoymuşlar. Onların nöqteyi-nəzərinə istinadən psixoloq D.B.Elkonin uşaq oyunlarının, xüsusilə də rollu oyunların mənşəyini tarixilik baxımındaneksperimental üsulla tədqiq etməyə başlamışdır. O, belə bir fikir irəli sürür ki, hal-hazırda oynamaq üçün hər cür uşaq oyuncaqları var, lakin ibtidai insanın uşaqları üçün belə oyuncaqlar yox idi. Odur ki, onlar öz ata-anaları ilə, yaşlılarla meyvə yığmağa, balıq tutmağa gedir, ev-eşiyin təmizlənməsində, səliqə-səhmana salınmasında iştirak edirdilər.

Beləliklə, ibtidai insanın övladları da ta qədimdən oyun xarakterli işlərdə iştirak etmiş, onları əhatə edən əşyalardan oyunlarda istifadə etmişlər. İndi də uşaqlar müxtəlif oyunlarla məşğul olurlar. Əlbəttə, indiki işlər ondan dərin bilik və bacarıq tələb edir. Ona görə də uşaqlar traktor sürməyi bacarmaz, ancaq oyuncaq traktordan istifadə edib sürücü rolunu oynayırlar.

Beləliklə, etnoqrafik materiallar da oyunun, o cümlədən rollu oyunların sosial-tarixi xarakter daşıdığını təsdiq edir.

Sual 2. Məlum olduğu kimi, bağça yaşlı uşaqların əsas, aparıcı fəaliyyət növü oyundur. Bu dövrdə süjetli oyunların inkişafı sürətlənir, rolların mənimsənilməsi inkanları genişlənir. Xüsusilə də bu yaş üçün səciyyəvi, tipik olan rollu oyunlarda uşaqlar yaşlıların fəaliyyətini öz üzərinə götürür, onların real həyati funksiyalarını yerinə yetirir, özlərini yaşlı kimi aparırlar. Bu yaş dövra üçün aparıcı fəaliyyət olan oyun prosesində uşaq müəyyən işlər görür, rola aid mübahisə edir və yaş artdıqca qaydalı oyunlar onların həyatında mühüm yer tutmağa başlayır.

Məktəbəqədər yaşlı uşaqlarda yeni fəaliyyət növü – oyun həlledici rol oynayır.Bu prosesdə uşaq oyun qaydalarına tabe olmaqla yanaşı həm də oyunu başqa uşaqlarla həyata keçirməyə başlayır.

Qaydaları pozduğu üçün uşaq cəzalandıra və ya düz oynadığı üçün mükafatlandırıla bilər.Oyun prosesində uşaq oyunu məqsədini ,sujetini ,oyunun vasitələrini və oyun davranışlarını mənimsəmiş olur.Oyunun sujetini mənimsəmə prosesinin olması uşağı planlı fəaliyyətə sövq edir.

Oyun inkişafı mürəkkəb və çox mərhələli bir prosesdir. Onun aşağıdakı mərhələləri var:

  1. Oyunların predmeti və atributları ilə bağlı tanışlıq mərhələsi. Çağalıq dövrünə təsadüf edir. Həmin mərhələ əşyavi-manipulyativ xarakter daşıyıb, uşağın oyuncaqları əli ilə yoxlamasınaŞ əlləşdirməsinə və ona bələdləşməyə cəhd göstərməsində özünü büruzə verir.
  2. Əşyavi oyun əməliyyatı. I ilin axırı, II ilin əvvəllərini əhatə edir. Burada uşaq əşya-oyuncaqla müxtəlif əməliyyatla aparır, onu yelləyir, silkələyir, itələyir və hərəkətə gətirir.
  3. Əşyavi əməliyyatdan süjeti əks etdirən oyunlara keçid. Bu zaman uşaq müxtəlif alətlərlə əməliyyat aparır.
  4. Süjetli əksetdirici oyunlar. Körpəlik dövrünün sonunda özünü büruzə verir. Bu, bir növ, süjetli-rollu oyuna keçmə ərəfəsi olub uşağın real həyatda mövcud olanları öz oyunlarında əks etdirmə mərhələsidir.
  5. Süjetli-rollu oyunlar. Məktəbəqədər yaş dövrünün əvvəllərində təşəkkül tapmağa başlayır.
  6. Qaydalı oyunlar mərhələsi. Bu mərhələ uşağın həyatında mühüm yer tutur. Qaydalı oyunlar mərhələsində fəaliyyətin məqsədi sosial cəhətdən şərtlənir; işlər hələ məhsul verməsə də ictimai əlamətlərini büruzə verir və psixoloji strukturuna görə oyunun özü mənimsənilir, əmək və təlim işlərinə yaxınlaşır.

Oyunun inkişafı hər şeydən əvvəl özünü onun məzmununun və süjetinin dəyişməsində göstərir.

Uşaq oynadığı süjetli oyunları ilə onu əhatə edən maddi aləmi, ətraf gerçəkliyi əks etdirir. Əgər kiçik uşaqları məişətlə bağlı süjetli oyunlar (ana-qız) daha çox məşğul edirsə, orta məktəbəqədər yaşlılar üçün istehsalatla əlaqədar süjetli tipik oyunlar (“tikinti”, “dəmir yolu”, “xəstəxana” və s.) səciyyəvidir.

Böyük məktəbəqədər yaşlı uşaqlarda isə bəzən ictimai-siyasi süjetli (“kosmos”, “müharibə”, “inqilab”) oyunlar da təşəkkül tapır.

Məktəbəqədər dövrdə oyunun məzmunu dəyişir və uşaqlar yaşlıların fəaliyyətini əksetdirən, onu xatırladan, ona uyğun oyunlar oynamağa çalışırlar. Belə ki, kiçik məktəbəqədər yaşlı uşaqlarda müəyyən əşyalarla oyunlar (“çörək kəsmək”, “qabları yumaq” və s.), orta məktəbəqədər yaşda yaşlılarla münasibəti xatırladan oyunlar, böyük məktəbəqədər yaşda isə rolun qaydaları yerinə yetirilən oyunlar üstünlük təşkil edir.

Beləliklə, süjetli və məzmunlu oyunlar yaradıcı oyunlara keçməkdə mühüm amil kimi meydana çıxır.

Bəllidir ki. Hər bir oyunun özünəməxsus qayda-qanunu var. Uşaq oyunda sərbəst və özbaşına olsa da, oyunun qayda- qanunları onun tərəfindən ciddi surətdə gözlənilir.

Oyunlar mürəkkəbləşdikcə onun iştirakçıları çoxalır, o kollektiv xarakter alır, həm də böyük məktəbəqədər yaşda rollar üzrə vəzifə bölgüsü aparılır və ona uyğun hərəkət edilir. Oyunun təlimata uyğun gedişinə və uşağın özünü necə aparmasına nəzarət olunur, tənqid edilir, hətta oyundan çıxarılır, kənar edilir.

Sual 3. D.B.Elkonin oyunun inkişafının 4 səviyyəsini müəyyənləşdirmişdir.

Oyunun inkişafının I səviyyəsi

  1. Oyunun məzmunun mərkəzini onda iştirak edənlərin müəyyən əşyalarla iş görməsi təşkil edir. Bu cür iş və oyunda tərbiyəçilərin hərəkətləri uşağa yönəldilir.Bu rolun yerinə yetirilməsinin əsasında uşağın əmizdirilməsi, yedizdirilməsi durur, lakin burada kimin yedizdirilməsinin fərqinə varmırlar.
  2. Uşağın faktik rolları olur, lakin rollar hərəkətlərin xarakterilə müəyyənləşdirilir, icra üçün lazım olan işlərlə təyin olunmur. Rollarda vəzifə bölgüsü aparılsa da, hətta rol adlandırılsa belə, məsələn, uşağın biri ana, digəri ata, III-sü tərbiyəçi vəzifəsində çıxış etsə də, real həyati münasibətləri əks etdirmir.
  3. Oyunda hərəkətlər, işlər yeksənək, birtərəfli olaraq əməliyyatların təkrarından ibarət olur. Məsələn, uşağı yedizdirərkən bir xörəkdən digərinə keçmək, yedizdirmə zamanı hərəkətlərin məntiqi, yeməkdən sonra əli yumaq, nahar edilməsinin qaydaları gözlənilmir.

Oyunun inkişafının II səviyyəsi

  1. Oyunun əsas məzmunu əşyavi hərəkətlərdən ibarət olsa da, I planda oyun hərkətlərinin real işlərə müvafiq aparılması nəzərə çarpır.
  2. Uşaq rolu adlandırır, vəzifə bölgüsü aparır, rol onunla bağlı işlərin həyata keçirilməsinə yönəldilir.
  3. Hərəkətlər məntiqi və ya əhəmiyyəti olan sistemlə, yəni real gerçəkliklərə uyğun ardıcıllıqla aparılır, hərəkətlərin miqdarı artaraq birtipli hərəkətlər çərçivəsindən çıxır, yəni hərəkətlər çoxalır, şaxələnir, yedizdirmə əməliyyatı, qidanın hazırlanması və stola gətizdirilməsi, qoyulması ilə əlaqələndirilir. Beləliklə, yedizdirmə prosesi məntiqi ardıcıllığı gözləməklə həyata keçirilir.

Oyunun inkişafının III səviyyəsi

  1. Oyunun əsas məzmununu rolların və onun üçün lazım gələn hərəkətlərin yerinə yetirilməsi təşkil edir. Demək, oyunun tələbinə müvafiq olaraq, digər iştirakçılar ilə bağlı hərəkətlər icra edilir. Məsələn, aşpaza müraciət edilir ki, yeməyi versin.
  2. Rollar dəqiq və aydın olur, uşaq oyun başlanana qədər öz rollarının adını bilir. Rol uşağın davranışlarını istiqamətləndirir və müəyyənləşdirir.
  3. Oyundakı hərəkətlərin xarakteri və məntiqi uşağın öz üzərinə götürdüyü rollarla müəyyənləşdirilir. Belə ki, oyun zamanı “uşağı” təkcə yedizdirmək deyil, həm də ona nağıl söylənir, yatmaq üçün yerinə qoyulur və ya xəstə nəinki peyvənd edilir, həm də ürəyin səsinə, nəbzin vurmasına qulaq asılır, sarıq işi görülür, temperaturası ölçülür, rolda onlara nitqlə xüsusi müraciət forması təşəkkül tapır, hətta oyundankənar münasibət də özünü göstərir.
  4. Oyunda hərəkətlərin məntiqinin pozulmasına etiraz olunur. Lakin etiraz təkcə “bu, belə olmaz” şəklində olunmur. Uşağın oyundakı tabe olacağı davranış qaydalar sadalanır ki, belə hərəkət etmək lazım idi. Uşağa tutulan iradlar onu narazı salsa da ona yaxşı istiqamət almağa kömək edir, uşaq “fəaliyyəətində” buraxdığı nöqsanları düzəltməyə səy göstərir.

Oyunun inkişafının IV səviyyəsi

  1. Oyunun əsas məzmununu onun başqa iştirakçılara, başqa uşaqların ifa etdikləri rollara münasibətilə bağlı işlərin yerinə yetirilməsi təşkil edir. Belə işlər bütün rolların icrası fonunda həyata keçirilir.
  2. Rol aydın təsvir olunur və bölünür.Bütün rol boyu uşaq yalnız bir davranışı rəhbər tutaraq hərəkət edir. Uşağın oyundakı rollarının vəzifələri bir-birilə qarşılıqlı əlaqədə olur. Bütün hərəkətlər, danışıqlar, mühakimələr rollarla bağlı aparılır, rola girmiş uşaq danışır, başqa rolda olan uşaqlara müraciət edir və eyni zamanda onları dinləyir.
  3. Hərəkətlər, işlər ciddi məntiqə uyğun aparılır. Uşağın hərəkətləri çoxalıb müxtəlifləşmiş davranışlar hərtərəfli əks etdirir. Oyunun müxtəlif personajlara aid hərəkətləri aydın şəkildə motivləşdirilir.
  1. Hərəkətlərin qayda məntiqinin pozulması rədd edilir, onun rasional qaydaları, hərəkətə uyğunluğu, təshihi göstərilir.

Sual 4. Oyun uşağın psixi inkişafında bir sıra keyfiyyət dəyişiklikləri əmələ gətirir. 3 yaşdan sonra uşaq kollektiv xarakterli oyunlara daha çox maraq göstərir, hətta o, istəyir ki, burada vəzifə bölgüsü aparılsın. Lakin bir çox hallarda 3 yaşlı uşaq nə ilə oynadığını, hansı oyuncaqdan necə istifadə etdiyini çox tezliklə unudur.Bununla əlaqədar tərbiyəçi və valideynlər uşaqların oyununa rəhbərlik etməli, onlara oyunun tələb və funksiyalarını tez-tez xatırlatmalıdırlar.

3 yaşdan etibarən uşaqların fəaliyyətində rollu oyunlar müşahidə olunur. Belə oyunlar uşağın həyatında böyük hadisə olmaqla bərabər, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək işində mühüm vasitəyə çevrilir. M.Qorki göstərir ki, oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirməli olduğu dünyanı dərketmə yoludur. Uşaq bu fəaliyyət növündə həm fiziki, həm də psixi baxımdan çox böyük surətlə inkişaf edir.

Rollu oyunların sujeti ilə yanaşı, məzmununu da fərqləndirmək lazım gəlir. Oyunun məzmunu dedikdə, uşağın yaşlıların fəaliyyətində əsas məqam kimi fərqləndirdiyi cəhət nəzərdə tutulur. Müxtəlif yaş qruplarına aid olan uşaqlar eyni süjetli oyunu tamam başqa məzmunda oynayırlar.

Ümumiyyətlə, rollu oyunların süjet və məzmununun inkişafı ona dəlalət edir ki, uşaq onu əhatə edən adamların həyat fəaliyyətinə daha dərindən nüfuz etsin. Oyun prosesində o, 2 cür qarşılıqlı münasibətdə olur ki, bunlardan biri oyun, digəri isə həqiqi, real qarşılıqlı münasibətdir.

Real qarşılıqlı münasibətlər –ümumi işin icrası zamanı uşaqların öz oyun yoldaşları ilə, oyun sujeti haqqında danışarkən, rolları bölüşdürərkən oyunun gedişində qarşıya çıxan anlaşılmazlıqları müzakirə edərkən təzahür edən münasibətlərə deyilir.

Oyun fəaliyyətində uşaqların müəyyən ünsiyyət formaları da meydana çıxır. Uşaq öz yoldaşları ilə ünsiyyətə girmək üçün hərəkətlərini uzlaşdırmaq bacarığına, təşəbbüskarlıq və ünsiyyətlilik kimi keyfiyyətlərə malik olmalıdır.

Uşaq 3-4 yaşına keçdikdən sonra öz yaşıdları ilə daha fəal ünsiyyətə qoşulur, lakin bu qarşılıqlı hərəkətlər hələ o qədər də davamlı olmur. Ancaq onların ünsiyyəti nisbətən uzun müddətli xarakter daşımağa başlayır.

Oyun şəraiti və uşağın buradakı iştirakı onun əqli fəaliyyətinin və nitqinin inkişafına da müsbət təsir göstərir. Oyuna daxil edilmiş uşaq nitq vasitələrilə ünsiyyətə girmək üçün müəyyən inkişaf səviyyəsinə malik olmalıdır. Bununla yanaşı, didaktik oyunlardan istifadə zamanı tərbiyəçi uşaqlarına nitqini inkişaf etdirməyə, nitq qüsurlarını aradan qaldırmağa şərait yaradır.

Məktəbəqədər yaş dövrünün sonuna yaxın oyun fəaliyyətinin içərisində gələcək aparıcı rola malik olacaq təlim fəaliyyəti də əmələ gəlməyə başlayır. Uşaq oyun qaydalarını yerinə yetirərkən özü də hiss etmədən elementar təlim hərəkətlərini mənimsəyir.

Məktəbəqədər yaşlıların təlim formalarından biri də tədris didaktik oyun və məşğələlərdir. Didaktik-tədris oyunlarından uşaqlar məşğələ və müstəqil işlərində istifadə edirlər və beləliklə, didaktik-tədris oyunları məktəbəqədər yaşlı uşaqların fəaliyyətində əsas yer tutaraq biliklərin mənimsənilməsinə, möhkəmlənməsinə, dərinləşməsinə və onların üsullarına, fikri əməliyyatlara yiyələnməsinə kömək edir. Tədris-didaktik oyunlar təlimin forması kimi uşaqların məşğələlərə marağınl artırır, diqqətini inkişaf etdirir, materialın mənimsənilməsini yaxşılaşdırır. Eyni zamanda müəllim-tərbiyəçi oyun-tədris məşğələlərilə uşağa məqsədəuyğun təsir edir, proqramın tələbini nəzərə alaraq, keçirilən materialı müntəzəm mürəkkəbləşdirir və onlara müəyyən bilikləri mənimsədir, onlarda zəruri bacarıqlar formalaşdırır, psixi prosesləri (qavrayışı, nitqi, təxəyyülü) təkmilləşdirir.

İstifadə olunan materialın xarakterinə görə tədris-didaktik məşğələləri 4 qrupa ayırmaq mümkündür:
1) Oyuncaqlarla (əşya) məşğələlər
2) çap olunmuş stolüstü oyunlar
3) şifahi (sözlü) didaktik oyunlar
4) kompüter oyunları

Oyuncaqlar əşyanın şərti təsviri, ümumiləşmiş obrazı, inikasıdır. Uşaq əşya ilə oyun məşğələlərində onların müxtəlif əlamət və keyfiyyətlərini dərk edir, istifadə qaydalarını öyrənir. Məsələn, praktik olaraq şarla kubun həcmini, formasını, ölçüsünü, rəngini öyrənir. Çap olunmuş stolüste oyunlarla uşağın əyani-hərəki təfəkkürü fəaliyyətə başlayır, burada uşaqlar bilikləri əşyalarla deyil, onların şəkilləri, kağıza çəkilmiş rəsmlərlə mənimsəyir. Məsələn: loto, domino, şəkilləri və kubikləri bir yerə yığır, kukla, ayı, it fiqurları kimi oyuncaqlardan istifadə edir.

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Əzimov Q.Ə. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 2004.
  2. Çələbiyev N.Z. Uşaq psixologiyası. Bakı, 2005
  3. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  4. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  5. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  6. Обухова Л.Ф. Возрастная психология, М., 2000.
 

0 şərh