Məktəb təliminə psixoloji hazırlıq

  1. Məktəb təliminə hazırlığın psixoloji xüsusiyyətləri
  2. Psixoloji hazırlığın komponentləri
  3. Məktəbə psixoloji hazırlıq işində adaptasiyanın rolu
  4. 6-7 yaşın böhranı, məktəbə uşağın  hazır olma problemi
Sual 1. Cəmiyyətin gələcəyi olan uşaqların formalaşması, təlim işləri, insanın sonrakı inkişafı bir çox cəhətdən uşağın məktəb təlimminə hazırlığından, özü də onun düzgün həllindən asılıdır. Ona görə də uşağın məktəb təliminə psixoloji hazırlığı problemi həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması məktəbəqədər yaş dövrünün sonunda fiziki və mənəvi inkişafın ən yüksək zirvəsini təşkil edir. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlığını konkret olaraq hansı keyfiyyətlər müəyyən edir?
Əvvəla, şagirdə, hər şeydən əvvəl, oxumaq bacarığını təmin edən kompleks keyfiyyətlər lazımdır. Buraya ilk növbədə təlim vəzifələrinin mənasını başa düşmək, onları əməli vəzifələrdən fərqləndirmək, hərəkətlərin icra tərzini, özünənəzarət və özünüqiymətləndirmə vərdişlərini şüurlu surətdə dərk etmək daxildir. Burada uşağın iradi keyfiyyətlərinin, xüsusilə təkidlilik, fəallıq, təşəbbüskarlıq və s. inkişafı da çox mühüm əhəmiyyət kəsb edir, belə ki, onlarsız uşaq öz rəftar, bacarıq və davranışını tənzimləyib təlim məsələlərinin həllinə yönəldə bilməz. Məktəbəqədər yaşlı uşaqlarda iradi keyfiyyətlərin inkişaf  səviyyəsi müxtəlif olur, lakin bununla yanaşı, 6 yaşlılarda motivləri bir-birinə tabe olan bir sıra tipik xüsusiyyətlər mövcuddur ki, onların sayəsində uşaq öz rəftar və davranışını idarə edir.
Təlim prosesində uşağın yalnız xarici rəftar və davranışını deyil, həm də əqli fəaliyyəti-nitqi, hafizəsi, təfəkkürü və s. ixtiyari, məqsədyönəlmiş və idarəolunan xarakter daşımalıdır. Uşaq müşahidə etməyi, dinləməyi, yadda saxlamağı və yadasalmanı bacarmalı, müəllimin verdiyi tapşırıqların həllinə  nail olmalıdır. Uşağın məktəb təliminə psixoloji hazırlanması heç də o demək deyil ki, məktəbə daxil olan müddətədək uşaqda müəyyən psixoloji keyfiyyətlər təzahür edir. Sözsüz ki, bu keyfiyyətlər məktəb təlimi zamanı ona məxsus olan həyat və fəaliyyət şəraitinin təsiri altında formalaşır və yalnız bunların sayəsində uşaq məktəb həyatına, müntəzəm təlim prosesinə uyğunlaşa bilir. Məktəbəqədər yaş dövrünün sonunda uşaqların əksəriyyətində məktəbli olmaq, ciddi fəaliyyət göstərmək və oxumaq meylləri baş qaldırır. Bu cür hal, bir növ inkişafın “böhranı” ilə əlaqədar meydana çıxır, daha doğrusu uşaq dərk edir ki, onun ümumi vəziyyəti, mövqeyi durmadan artmaqda olan imkanları ilə müvafiq gəlmir, aparıcı fəaliyyət növü olan oyun yaşlılarla ünsiyyət tərzləri üçün daha əlverişli deyildir. 
Məktəbəqədər yaşlılar artıq böyümüş, məktəb yaşına çatmışlar. Hazırlıq işləri görülmüşdür. Dərs başlanan günü, həm valideynlər, həm uşaqlar, eləcə də müəllimlər intizarla gözləyirlər. Hər bir insanın məktəbə getdiyi ilk gün onun yaddaşında əbədi iz buraxır, xatirələrində yaşayır.
Valideynlər, tərbiyəçilər nigaran hallar keçirirlər ki, uşaq məktəbdə necə olacaq? Oxuya biləcəkmi? Yoldaşları ilə ünsiyyət tapa biləcəkmi? Bu səpgili suallar ata, ana, baba və nənələri, bağça tərbiyəçilərini narahat edir.
Tədrisin başlanğıcı uşaqların yeni fəaliyyət növünə  psixoloji hazırlığı ilə bağlıdır. Uşaqların psixi inkişafı nəzərə alınmalıdır. İlk növbədə uşaqlarda intellektual inkişaf normal getməli, uşaqların yeni sosial mövqeyə hazırlaşmalarına ciddi diqqət yetirilməlidir. Uşaqların psixi inkişafı tələb olunan səviyyəyə çatmalı, davranış və qaydalara əməl etməyə qadir olmalıdırlar. Uşaqlar təlim – tərbiyə prosesində qarşıda duran məqsəd və vəzifələri icra etməyə hazır olmalıdırlar. Bu dövrdə uşaqlarda müşahidə olunan senzitivlik halını müəllimlər düzgün qiymətləndirməli və ondan məharətlə istifadə etməlidirlər.
Uşaqlar məktəbə gələrkən fiziki, anatomik –fizioloji cəhətdən sağlam olurlar. Bu dövrdə uşaq orqanizmində fəal surətdə inkişaf gedir. Ayda təxminən uşaqların çəkisi 200 q, boyu 0.5 sm artır. Bədəndə dəyişikliklər baş verir.  6 yaşlı uşaqlarda hərəkət sürətli olur, qaçır, tullanır,  müxtəlif növlü hərəkətlər edirlər. Sinir sistemində, hərəkətlərdə 7 yaşa doğru inkişaf və dəyişikliklər müşahidə olunur. Uşaqların sağlam və gümrah olmaları onların nəinki məhsuldar fəaliyyətini, habelə tədris fəaliyyətini də xarakterizə edir.
Psixoloqlar, xüsusilə,  B.Q.Ananyev, L.İ.Bojoviç, A.N.Leontyev, A.B.Elkonin və başqalarının tədqiqatlarından məlum olur ki, uşaqların fiziki gümrah vəziyyəti onların məktəb təliminə hazırlığına çox kömək edir. Belə vəziyyət uşaqların sosial mövqeyini, cəmiyyətdə münasibətini müəyyənləşdirməyə kömək edir. Psixoloji hazırlıq şəraitindən asılı olaraq dəyişir. Texniki və elmi tərəqqi uşaqların təlim fəaliyyətinə dəyişdirici, inkişafetdirici təsir göstərir.
Uşaq bağçalarının hazırlıq qruplarında aparılmış sorğulardan məlum olmuşdur ki, uşaqların demək olar hamısı məktəbə böyük həvəslə can atır, uşaq bağçasında qalmaq istəmirlər.
Uşaqları məktəbə cəlb edən amillərdən biri də məktəb həyatının xarici atributlarıdır: parta arxasında oturmaq, şəkilli kitablara, rəngli karandaşlara, penala, məktəbli çantasına və formasına malik olmaq arzularıdır.
Uşağın məktəbə hazırlanmasında II əsas cəhət I sinfə daxil olan uşaq ətraf aləm haqqında, onu əhatə edən cisim və hadisələr haqqında, canlı və cansız təbiətin müxtəlif  xüsusiyyətləri haqqında, insanlar və onların əməyi haqqında, ictimai həyatın ayrı-ayrı sahələri haqqında davranışın əxlaq normaları haqqında müəyyən bilik ehtiyatına malik olmalıdır. Burada həmin biliklərin həcmilə yanaşı həm də keyfiyyətli olması böyük əhəmiyyət kəsb edir.
Uşağın məktəbə psixoloji hazırlanmasında III cəhət onun məktəbəqədər yaş dövründə, əvvəllər ənənəvi şəkildə yalnız məktəbdə öyrədilən bir sıra xüsusi bilik və vərdişlərə-savada, saymaya, hesablamaya, hesab məsələlərinin həlli tərzinə yiyələnməsindən ibarətdir. Bəhs olunan yaş dövründə uşağın savada və riyaziyyat ünsürlərinə yiyələnməsi onun məktəb təliminə müvəffəqiyyətlə təsir göstərir.
Əgər məktəbdə öyrədilən biliklərin məzmunu uşağı özünə cəlb etmirsə, dərsdə tanış olduğu yeniliklər, idrak prosesinin özü onu maraqlandırmırsa, uşağın məktəbə, oxumağa və müəllimə olan müsbət münasibəti heç vaxt təlimdə müvəfəqiyyət qazandıra bilməyəcəkdir.
Məktəbə daxil olan uşaq cisim və hadisələri planauyğun şəkildə nəzərdən keçirməli, onların müxtəlif xüsusiyyətlərini fərqləndirməyi bacarmalıdır. Bu baxımdan, valideynlər və bağça tərbiyəçiləri uçaqda, hər şeydən əvvəl, müşahidəçilik qabiliyyətini inkişaf etdirməlidirlər. Bu vaxt uşaq cisim və hadisələrin fərqli və oxşar cəhətlərini asanlıqla aşkar edir, onları heç bir çətinlik çəkmədən bir-birindən seçə bilir.
Uşağın məkan və zamanda düzgün istiqamət seçməsinin də olduqca böyük əhəmiyyəti vardır. Belə ki, uşaq məktəbə getdiyi elə ilk günlərdən etibarən cisimlərin məkan əlamətləri və istiqamətləri ilə qarşılaşmalı olur.
Uşağın sinif  kollektivinə daxil olmasına, onunla qaynayıb-qarışmasına, orada öz yerini tapmasına və ictimai fəaliyyətə qoşulmasına kömək edən şəxsi keyfiyyətlər də məktəbə psixoloji cəhətdən hazırlığın tərkib hissəsini təşkil edən amillərdən biridir.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlanmalarında uşaq bağçasının böyük və hazırlıq qruplarında aparılan xüsusi tərbiyəvi iş də müəyyən rol oynayır.
Sual 2. Psixoloji hazırlığa hansı komponentlər daxildir? Qeyd etmək olar ki, buraya intellektual, şəxsi keyfiyyətlər və nəhayət, iradi hazırlıq komponentləri daxildir. İntellektual hazırlıq dedikdə, idrak funksiyalarının inkişaf etməsi sayəsində təlim prosesinə hazırlıq, bu prosesin müstəqil iştirakçısı olmaqdır. İntellektual hazırlıq prosesində valideynlər və müəllimlər belə düşünürlər ki, uşaqlar nə qədər çox söz bilirlərsə, o qədər də onların əqli inkişaf edir. Ancaq bəzən belə olmur. 6–7 yaşlı uşaqlar materialı, anlayışı qavrayır, faktları izah edir. Təfəkkürün məntiqi formaları, dəyər formalarının inkişafının şahidi oluruq. Məktəbəqədər yaşlıların təfəkkürü əyani–obrazlı xarakterdə ifadə olunur. Uşaq onu əhatə edən hadisələri, gerçəklikləri,  əşyaları qavrayır  və dərk edir. Əşyaları əlamətlərinə görə qruplaşdırır və sistemə sala bilirlər.
Müvafiq əqli imkanlar əsasında tədris prosesinə hazırlaşırlar. Şagirdlər müstəqil tədris tapşırıqlarını icra edə bilirlər. Onlar tapşırıqları lazımi səviyyədə icra etdikdən sonra çox sevinir, fərəh hissi keçirirlər. Təbii olaraq, intellektual baxımdan zəif uşaqlar da var. Onlar qabaqcıllardan öyrənir, müəllimlər tərəfindən fəal tədris prosesinə cəlb olunurlar. 
Şəxsi və sosial psixoloji hazırlıq–məktəbdə müvəffəqiyyətli təhsil almağın yeganə yolu əqli cəhətdən inkişaf etməklə kifayyətlənmir. Burada mühüm hazırlıq faktorlarından biri də şəxsiyyət keyfiyyətlərinin inkişafı baxımından sosial–psixoloji mövqedən yanaşmaqdır. Şagirdin şəxsi hazırlığı zamanı məktəbə, tədris fəaliyyətinə, müəllimə və özünə münasibəti dəyişir. Sual olunur. Uşaqları məktəbə cəlb edən nədir? Məlum olur ki, əsas tədris prosesi cəlb edir. Yazmaq, oxumaq, şəkil çəkmək, uşaqlarla birgə oynamaq, bir sözlə məktəb həyatı. Məktəb həyatı uşaqlarda intellektual və  emosional dəyişikliklər yaradır. Məktəbdə keçirilən tədbirlər, görüşlər birinci sinif şagirdlərinin həmyaşıdları ilə, böyük yaşlılarla ünsiyyət motivləri formalaşır. Bu cəhətlər birinci sinif şagirdlərinin həyatında dərin iz buraxır.
Şagirdlərin məktəb təliminə psixoloji hazırlıq prosesində onların iradi cəhətdən hazırlığı da xüsusi yer tutur. Altı yaşlı uşaq iradi hərəkətlər nümayiş etdirirlər. Belə ki, qarşıya məqsəd qoyulur, qərar qəbul edilir, plan qurulur, onu icra edirlər. İşlərin sonunda özlərinə hesabat verirlər. Verilmiş tapşırığın asanlığını, çətinliyini dərk edirlər.
Tədqiqatçılar sübut etmişlər ki, uşaqları oyun və təhsil prosesinə müvafiq motivlər cəlb edir, motivləşmə iradi fəaliyyəti artırır. 6 yaşlı uşaqlarda iradi hərəkətlər təşəkkül edir. İradi hərəkətlərin formalaşmasında müəllimlər, valideynlər, həmyaşıdların rolu əhəmiyyətlidir. 
Sual 3. Məktəb təliminə hazırlıq prosesində psixoloji adaptasiyanın da rolu böyükdür. Uşaqların məktəbə adaptasiyası, yəni sosial–psixoloji adaptasiyası fizioloji adaptasiyadan fərqlənir. Şagirdlər məktəbdə yeni rejimə, şəraitə uyğunlaşır. Sosial–psixoloji adaptasiya başqalarından fərqlənir. Uşaq məktəbə, sinfə, oturduğu yerə, müəllimə, yoldaşlarına, məktəb rejiminə alışır. Psixoloq Q.M.Çutkina uşaqların məktəbə adaptasiyasının üç səviyyəsini müəyyən etmişdir.
1. Adaptasiyanın yüksək səviyyəsi. Birincilər məktəbə yüksək münasibət göstərirlər. Tədris materialı asan olur. Müəllimi eşidir, tapşırığı yerinə yetirir. Müstəqil fəaliyyət göstərməyə meyl edirlər.
2. Adaptasiyanın orta səviyyəsi. Məktəbə cəlb olunurlar. Tapşırıqları yerinə yetirirlər. Yoldaşları ilə münasibət qururlar. Lakin bəzi hallarda tərəddüdlər yaranır. Həvəsdən düşürlər, məktəbə soyuq münasibət təzahür edir.
3. Adaptasiyanın aşağı səviyyəsi. Birinci sinif şagirdi məktəbə mənfi münasibət göstərir.  Qayda – qanunu pozur, şıltaqlıq edir. Məktəbə getmək istəmir, tapşırıqları pis yerinə yetirir. Passiv olur. Ailə üzvlərinin diqqətsizliyi, etinasız münasibəti də adaptasiyanın yaranmasına mənfi təsir göstərir.
Lakin bu proses uzun müddət davam etmir. Müəllimlərin pedaqoji ustalığı, interaktiv metodların tətbiqi adaptasiyanın formalaşmasına kömək edir. Müəllimin ünsiyyətliliyi, xüsusilə demokratik mövqe tutması adaptasiyanın yaranmasına kömək edir. Uşaqların pedaqoji–psixoloji xarakteristikasının tərtibində bütün cəhətlər, xüsusilə adaptasiyanın formalaşması prosesində şagirdlərin fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.
Sual 4. Uşaqlarda psixi inkişafın dövrləşməsi problemlərinin araşdırılmasından aydın olur ki, məktəbəqədər yaş dövrü 3–6 yaş, bəzən isə 7 yaşa qədərki dövrü əhatə edir. Bu məsələ ilə əlaqədar suallar doğur ki, o da xüsusi psixoloji təhlil tələb edir. Əgər 6 yaşlı uşaq məktəbdə təhsil almağa başlayırsa, deməli, o əqli cəhətdən normal inkişaf etmişdir və məktəbəqədər yaş dövrünü qurtarmaq istəyir. Lakin 6 yaşlılarla məşğul olan psixoloqlar yekdil fikirdədirlər ki, 1–ci sinif şagirdləri məktəbəqədər yaşlılar səviyyəsində qalırlar. İdrak prosesləri,  xüsusilə təfəkkür və hafizə qeyri-ixtiyari səviyyədə təzahür edir. Diqqət 10–15 dəqiqə məhsuldar xarakter daşıyır.
6 yaşlıların şəxsiyyət keyfiyyətləri təlim prosesində müəyyən çətinliklər yaradır. İdrak motivləri, təlim tapşırıqları hələ ki, möhkəm olmur, dəyişkən olur. Müəllimlərin gərgin əməyi və səyi nəticəsində təlim tapşırıqları icra olunur. Şagirdlər müəllimin pedaqoji tələblərini çətin yerinə yetirirlər. Uşağa irad tutduqda, onlar həmin iradı yüksək emosionallıqla qarşılayırlar. Davranış və münasibətləri sabit olmur. Uşaqlar öz uşaq aləmində olmaq istəyirlər. Uşaqları uşaqlıq aləmindən qoparmaq müəllimin pedaqoji ustalığı, psixoloji səriştəliliyi sayəsində mümkün olur.
Şəxsiyyətin dərki prosesində  7 yaş böhranı yaranır. Başlıca əlamətləri bunlardır:     
  • Uşağın sabit halı arzu olunan ilə gözlənilən davranış arasında yaranan uyğunsuzluq əsasında pozulur;
  • Uşaq xüsusi tərz davranışlar ifadə edir,sanki nə isə gizlədir;
  •  “Acı konfet” sindromu –uşaq özünü pis hiss edir, lakin bunu göstərməməyə çalışır;
    Məktəbqabağı yaranan bu böhranın digər səbəbi yeni şəraiti neqativ qarşılamasıdır. Əsas səbəb valideynlərin uşağı məktəb ilə, müəllim ilə hədələməsidir.
  • Məktəbqabağı yaranan bu böhranın digər səbəbi yeni şəraiti neqativ qarşılamasıdır. Əsas səbəb valideynlərin uşağı məktəb ilə, müəllim ilə hədələməsidir.
Məktəb üçün  psixoloji hazırlıq – qarışıq bir haldır. Motivasiyanın düzgün formalaşdırılması, oxumağın vacibliyini uşağa düzgün aşılamaq lazımdır. Şəxsiyyətin inkişafı, onun sosial göstəricisi və məktəb üçün intellektual hazırlığı — əsasən də psixoloji hazırlığı iki mövqedə: şəxsi dayanaqlılıq və psixoloji dayanaqlılıq baxımından inkişaf edir. Məktəb üçün əsas göstəricilər bunlardır:
  •  ətrafdakılara bələdləşmə;
  • bilik bazası;
  •  idrak proseslərinin inkişafı (ünsiyyət bacarığı, obyektləri ümumiləşdirmək qabiliyyəti və s.);
  • müxtəlif yaddaş tiplərinin inkişafı ( obrazlı, eşitmə, mexaniki və s.);
  • ixtiyari diqqətin yaranması.
Müəllimlərin gərgin iradi səyi, dözümü və pedaqoji ustalığı sayəsində qeyd olunan əlamətlər inkişaf edir, təlim prosesi fəallaşır.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:
  1. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları. Bakı 2003.

  2. Qədirov Ə.Ə. Uşaqlarda idrak proseslərinin inkişafı. Bakı, Maarif nəşriyyatı, 1969.

  3. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.

  4. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.

  5. Vəliyev M.V., Mustafayev A.M. Uşaq psixologiyası-Metodik vəsait, Bakı 2011.

  6. Шаповаленко И.В. Возрастная психология, М., 2007.         

 

0 şərh