Yeniyetmələrin psixoloji xüsusiyyətləri

  1. Yeniyetməlik yaşının ümumi xarakteristikası
  2. Yeniyetməlik yaşında “böhran” probleminə dair nəzəriyyələr
  3. Yeniyetmənin orqanizmində baş verən anatomik-fizioloji dəyişikliklər
  4. Yeniyetmə şəxsiyyətinin formalaşması xüsusiyyətləri
  5. Yeniyetmələrdə identikliyin formalaşması
  6. Yenityetmənin təlim və idrak fəaliyyəti

Sual 1. Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaşadək müddəti, orta məktəbin 5-8-ci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, və ya bitə bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji təbəddülatları ilə nəzəri cəlb edir.
Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin-“uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir” müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müəyyən mərhələsində “onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Bəs, yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir?
Hər şeydən əvvəl,uşaq məktəbdə yeni şəraitə düşür, təlim materialı və dərsdə təlim işinin formaları mürəkkəbləşir, yeniyetmənin öz həmkarları və yaşlılarla ünsiyyəti, habelə məktəbdənkənar fəaliyyət növləri sahəsində əməli təcrübəsi xeyli genişlənir. Həmin şərait isə yeniyetmələrdə yaşlılarla münasibətdə yeni mövqe tutmaq, hərəkətlərində daha çox müstəqillik və sərbəstlik, öz yaşıdları ilə ünsiyyətində müəyyən yeniliklər yaratmaq meylinin meydana gəlməsinə səbəb olur.
İkinci, yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanı ilə müqayisədə xeyli irəli gedir, yeniyetmə həyat tərzini heç də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır.Buna görə də yaşlılar bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meylini müəyyən qədər məhdudlaşdırmalı, digər tərəfdən isə onlarda yaşlılığa olan tələbatl durmadan inkişaf etdirməli, şagirdləri elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb etməlidirlər ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünütənzimetmə və özünənəzarət vərdişlərini formalaşdıra bilsin.
Üçüncüsü, yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək üçün zəruri olan senzitivlik, həssaslıq və yüksək qavrama qabiliyyəti kimi keyfiyyətləri diqqəti cəlb edir. Yeniyetmə bu dövrdə təlim fəaliyyətinin bütün növlərini dərk etməyə, dərs zamanı çüstəqil iş formalarını həyata keçirməyə hazır və qadir olur, məktəbdənkənar vaxtlarda öz idrak fəaliyyətini tənzim etmək imkanına yiyələnir. Ancaq təəssüf ki, o hələ bu hazırlığı reallaşdırmağı bacarmır, təlim fəaliyyətinin yeni formalarının icra tərzlərinə yiyələnmiş olur.Şagirdi bu tərzlərə yiyələndirmək, onlara dərin maraq doğurmaq müəllimlərin qarşısında duran ən ümumi vəzifələrdəndir.
Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü” (uşaqlıqdan gəncliyə), “çətin dövr”(müəllim və valideynlər üçün), “dönüş dövrü”, hətta “böhran dövrü” belə adlandırırlar. Uşaq öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf həm surətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Əgər dördüncü sinif şagirdi ilə səkkizinci sinif şagirdini müqayisə etsək, görərik ki, bu qısa müddət ərzində uşaq fiziki, əqli, əxlaqi və ictimai-sosial baxımdan nə qədər böyümüş olur. Əlbəttə, bu böyümə hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur. Əlbəttə, bu yaşlılaşma hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur.
Müasir məktəblərin həyatında 2 əsas anı fərqləndirirlər:
1. Yaşlılaşmanın inkişafını ləngidənlər. Buraya uşağın dərsdən başqa heç bir işlə məşğul olmaması, valideynlərin hər bir sahədə uşağa himayədarlıq göstərməsi, onu məişət əməyindən, müəyyən qayğılardan uzaqlaşdırmaları aid edilir.
2. Yaşlılaşdırma məqamları-buraya isə müxtəlif məzmunlu zəngin informasiya axını, valideynlərin çoxunun müəyyən işləərdə çalışması sayəsində uşaqlarda təzahür edən erkən müstəqillik yoldaşları ilə ünsiyyətin intensiv inkişafı, fiziki inkişafın və cinsi yetişkənliyin akselerasiyası daxildir.
Bəs nə üçün bu dövr yaş psixologiyasında başqa cür deyil, məhz yeniyetməlik dövrü adlanır? Ona görə ki, həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişkənliklər, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçmaq və bu kimi keyfiyyətlər meydana gəlir, uşağı cəzalandırmaq qətiyyən səmərə vermir, valideyn uşaqla “ümumi dil” tapmaqda çətinlik çəkir. Yeniyetmə get-gedə valideynlərindən “uzaqlaşır”, öz qapalı şəxsi həyatını yaşamağa başlayır. Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrüdür. 
Yeniyetməlik yaş dövründə uşağın anatomik-fizioloji və psixi inkişafında, iradi-emosional və əqli həyatında nəzərə çarpan ciddi dəyişikliklər baş verir və yetkinliyin üç səviyyəsi özünü göstərir: cinsi, psixoloji və sosial yetkinlik. Yeniyetmənin şəxsiyyət mənasında formalaşması üçün yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi vəhdətdə, birlikdə inkişaf etməlidir.
Sual 2. Yeniyetməlik dövründə bioloji amilin-cinsi yetişkənliyin üstün rolu haqqında nəzəriyyələrin yaranması XX əsrin 20-ci illərinə təsadüf edir. Biogenetik nəzəriyyənin baniləri sayılan Amerikan psixoloqu Stenli Xoll və Avstriya psixoloqu Ziqmund Freydə görə yeniyetməlik yaşı, ilk növbədə, bioloji amillərlə, o cümlədən cinsi yetişkənliklə şərtlənir. Stenli Xoll passiv pedaqogika tərəfdarı idi: o belə hesab edirdi ki, yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, yenidən tərbiyə etmək məqsədyönlü deyil, tamamilə faydasızdır. Onun fikrincə, təbiətin verdiyini dəyişmək olmaz. Lakin elə həmin dövrdə aparılmış bir sıra tədqiqatlarla sübut edildi ki, şəxsiyyətin təşəkkülü heç də təkcə bioloji deyil, sosioloji, psixoloji amillərdən də asılıdır.
Bioloji amillərə üstünlük verən, biogenetik nəzəriyyənin təməlini təşkil edən bu nəzəriyyə ilk dəfə A.S.Makarenkonun çətin tərbiyə olunan yeniyetmələr üzərində apardığı tədqiqatlarla təsbiq olundu. Biogenetik nəzəriyyəyə II zərbəni amerikan etnoqraflarının apardığı tədqiqatlar vurdu. 
Amerika etnoqrafı Marqaret Mid insan şəxsiyyətinin formalaşmasına mühitin və ictimai tarixi şəraitin təsirini müəyyənləşdirmək məqsədilə Samoa adasında yaşayan yeniyetmələr üzərində tədqiqat aparmış və aşkar etmişdir ki, qız və oğlanlarda yeniyetməlik dövrünün böhranı heç də bioloji amillərlə deyil, sosioloji amillərlə şərtlənir. Mid eyni zamanda müəyəən etmişdir ki, həmin adanın oğlan və qızları uşaqlıqdan yeniyetməlik dövrünə, böyük yaşa ziddiyyətsiz, konfliktsiz keçir. Özü də bu dövr yeniyetmənin inkişafında demək olar ki, ən sərbəst dövr hesab olunur. Ancaq qızların yetişgənliyi onları yaşlı adam kimi səciyyələndirən bir göstərici olub bir növ kəbin mərasiminə hazırlığı bildirir. Digər tərəfdən isə bu fizioloji hadisədən sonra qızın yaşlılaq arasında hüquq və vəzifə dairəsi xeyli genişlənir, ona yeni tələblər və hüquqlar verilir. Etnoqrafların tədqiqatları ilə belə bir fakt da təsbit olundu ki, əvvalə, yeniyetməlik dövrünün müddəti, sonra bu vaxt müəyyən böhran, ziddiyyət və ya konfliktlərin mövcudluğu, yaxud olmaması, daha sonra isə uşaqlıqdan yaşlılığa keçidin özü belə uşaq həyatının konkret şərtlərilə müəyyən edilir. Bununla Freydin irəli sürdüyü “Edip kompleksi” haqqındakı nəzəriyyə də iflasa uğradı: çünki insanda təbii olanlar sosial olanlara qarşı qoyula bilməz, ona görə ki, təbii olanın özü elə sosial deməkdir.
Antropoloq Ruf Bendikt uşaqlıqdan yaşlılığa keçidin, daha doğrusu, yeniyetməlik dövrünə keçidin 2 tipini göstərir: 1) fasiləsiz keçid 2) uşağın əvvəllər, uşaqlıq dövründə öyrəndiklərilə böyük rolunu həyata keçirmək üçün lazım olan davranış tərzləri və təsəvvürləri arasında uyğunsuzluğun, uçurumun olduğu keçid. Birinci növ keçiddə uşaq və yaşlıya verilən tələblər qismən uyğun gəlir, bu zaman uşaq böyüklərin davranışı və tələb normalarını tədricən mənimsəyir və böyük, yaşlı statusunu yerinə yetirə bilir. II tipli keçiddə isə uşaq və böyüklərə verilən tələblərdə müəyyən uyğunsuzluq, ayrılıq, keçilməzlik olur. R,Benedik və M,Mid bu keçid tələblərini sənaye cəhətdən yüksək inkişaf etmiş ölkələrə, cəmiyyətə aid edir və burada uşaqlıqdan yaşlılığa keçiddə müəyyən çətinliklərin olduğunu göstərir; nəticədə uşaq formal yetkinliyə malik olsa da, o yaşlı statusunu yerinə yetirə bilmir.
Antropoloqlar yeniyetməlik yaşını uşağın cəmiyyətdə müəyyən mövqe tutmağa doğru getdiyi yol, başqa sözlə desək, bir növ cəmiyyətə daxil olma dövrü hesab edirlər. Bu ideyanı xüsusilə inkişaf etdirən Kurt Levin (ABŞ) göstərir ki, cəmiyyətə nüfuz edən yeniyetmədə uşaqlıq dövrünə məxsus olmayan yeni üstünlüklər əmələ gəlir. Lakin bu üstünlüklər uşaqlıqla yaşlılıq arasında müəyyən bir sədd çəkdiyindən və yeniyetmə uşaq qrupu ilə yaşlı qrupu arasında qaldığından onun inkişafında hər cür ziddiyət və “böhran” baş verir. D.Koulmen bu ideyanı bir qədər inkişaf etdirərək göstərir ki, yaşlılar cəmiyyətində yeniyetmələrin də özünəməxsus cəmiyyəti mövcud olur.
L.S.Vıqotski böhran probleminə tamam başqa cür və orijinal yanaşıb göstərir ki, yaş böhranlarını öyrənərkən iki cəhətə daha çox fikir vermək lazımdır. Əvvəl, şüurda baş verən əsas dəyişiklikləri fərqləndirmək, ikincisi isə, hər yaşda uşaqla mühit arasındakı təkrarolunmaz münasibətlər sistemini təmsil edən inkişafın sosial şəraitini müəyyənləşdirmək zəruridir. Beləliklə, yeniyetməlik dövrünün “böhranları” ictimai həyatın onlara verdiyi konkret sosioloji tələbatı ödəyərkən, yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatla bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir.
Sual 3. Yeniyetmənin fizioloji inkişaf xüsusiyyətlərini nəzərə almadan onun tərbiyyəsini, böyüklərlə qarşılıqlı münasibətlərini tənzim etmək və həyata keçirmək imkan xaricindədir. Doğrudur, bu fikri bütün yaş dövrlərinə şamil etmək olar, lakin yeniyetməlik dövrü boyun surətlə inkişafı, orqanizmdə gedən maddələr mübadiləsinin yüksəlməsi, daxili sekresiya vəziləri fəaliyyətinin kəskin surətdə güclənməsi və cinsi yetişkənliyin baş verməsilə xarakterizə olunur. Məhz buna görə də yeniyetmənin orqanizmində baş verən fizioloji proseslərin mahiyyətilə yaxından tanış olduqdan sonra onun təlim və tərbiyəsini lazımi istiqamətdə tənzim və idarə etmək mümkündür. Uşaq yeniyetməlik dövrünə qədəm qoyduğu andan onun orqanizmində əsaslı dəyişikliklər baş verir: orqanizmdə maddələr mübadiləsi yüksəlir, bədənin aşağı və yuxarı ətrafları uzununa sürətlə inkişaf edir, hərəkətləri yöndəmsiz, kobud və qaba olur. Uşağın döş qəfəsi və çanağı digər üzvlərin inkişafından geri qalır. Boy o qədər sürətlə inkişaf edir ki, bu bəzən 1 il ərzində 8-10 sm olur.
Yeniyetməlikdə nəzərə çarpan ən mühüm cəhətlərdən biri fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir. Uşaq orqanizmində bu hadisənin yaranması bir çox hallarda iqlim şəraitindən, bəzi milli-etnoqrafik amillərdən, bəzən də orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Cinsi yetişkənlik qızlarda əsasən 11-13, oğlanlarda isə 13-15 yaşda daha intensiv inkişafa başlayır. Cinsi yetişkənlik dövründə onlarda tədricən II cinsi əlamətlər əmələ gəlir: qızlarda döş vəziləri inki.af edir, oğlanların səsi kobudlaşır, əzələ qüvvəsi artır və s. Yeniyetməlikdə bədən çəkiləri, boy artımında ciddi dəyişikliklər ortaya çıxır. Həmçinin ürək də sürətlə inkişaf edir: il ərzində təqribən özünün 4-də biri qədər böyüyür. Ürək böyüdükcə damarlar və ürəyin qanqovma qüvvəsi də böyüyür, çoxalır. Damarların darlığı isə ürəyin fəaliyyətinə müəyyən qədər müqavimət göstərir. Bunun sayəsində də yeniyetmələrdə gənclik hipertoniyası adlanan hal özünü büruzə verir. Bu vəziyyət müvəqqəti xarakter daşıyır. Yeniyetmənin ürək-damar fəaliyyətinə təkcə fiziki cəhətdən ağır yüklər deyil, həm də mənfi emosiyalar da pis təsir göstərir.
Yeniyetmənin sinir sistemində əsaslı dəyişikliklər baş verir: qabıq, qabıqaltı sahəyə daha çox ləngidici təsir gpstərmək imkanına “yiyələnir”. Lakin cinsi yetişkənlik dövründə qabıqaltı sahədə fəallığın artması diqqəti cəlb edir. Bunun sayəsində yeniyetmələrin rəftar və davranışlarında əsəbilik, hövsələsizlik, səbrsizlik, emosional reaksiyaların davamsızlığı kimi hallar müşahidə olunur. Bu dövrdə beynin ali şöbələri- qabığın alın sahələri də xeyli inkişaf edir, bunun sayəsində yeniyetmənin idrak imkanları xeyli genişlənir-qavrayışın mənalılığı, diqqətin və digər idrak proseslərinin ixtiyariliyi artır.
Yeniyetməlik yaşında daxili sekresiya vəziləri aparıcı rol oynayır: onların hazırladığı hormonlar həm cinsi yetişkənliyi təmin edir, həm də onların təsiri sayəsində bütün orqanlar formalaşır, bu və ya digər cinsə aid olan II cinsi əlamətlər təzahür edir. 
Yuxarıda deyilənlərə yekun vuraq: əvvəla eyni bir xronoloji yaşda olan yeniyetmə orqanizminin fizioloji yetkinlik dərəcəsi tamamilə müxtəlif cür ola bilər və bununla əlaqədar da cinsi yetişkənlik həm ayrı-ayrı vaxtlarda başlaya, həm də müxtəlif sürətlə davam edə bilər.
II-si, cinsi yetişkənliyin müxtəlif əlamətləri də ayrı-ayrı yeniyetmələrdə cürbəcür olur. Deyək ki, birində əvvəlcə bədənin sürətli inkişafı nəzərə çarpır, cinsi əlamətlər isə müşahidə olunmur.
III-sü cinsi yetişkənliyin ayrı-ayrı əlamətlərinin çoxluğuna baxmayaraq, ayrıca götürülmüş bir əlamət tam cinsi yetişkənlik haqda düzgün fikir söyləməyə imkan vermir.
Sual 4. Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət, əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onlar “kiçik” uşaqdan böyük “uşağa” çevrilir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarlarında əvvəlki yaş dövrlərində müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Bütün bunlar yeniyetmənin şəxsiyyətini kiçik məktəblinin şəxsiyyətindən fərqləndirir. Yeniyetmə yaşında şəxsiyyətin inkişafı, bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyllərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşması, Mənlik şüurunun inkişafa başlaması və s. cəhətlər təzahür edir. Yeniyetmə yaşında şəxsiyyətin inkişafı, bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyllərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşması, mənlik şüurunun inkişafa başlaması və s. cəhətlər təzahür edir.
Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərdən biri, uşağın özünüdərketməsinin inkişafında keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Psixoloji ədəbiyyatda yeniyetmənin özünüdərk etməsində baş verən bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar.
Fiziki inkişafın akselerasiyası, cinsi yetişkənliyin daha tez baş verməsi uşaqda, yaşlılıq hissinin əvvəlki illərdən fərqli olaraq daha tez əmələ gəlməsinə səbəb olur. Yaşlılıq hissi öz mənşəyinə görə sosial xarakter daşıya bilər. 
Yeniyetməlik dövründə nəzərə çarpan mühüm xüsusiyyətlərdən biri də uşağın ünsiyyət fəaliyyətinin genişlənməsi, yoldaşları, həmyaşıdları ilə daha çox qarşılıqlı münasibətə səy göstərməsidir. Yeniyetmənin yoldaşları ilə ünsiyyəti getdikcə genişlənir və möhkəmlənir. Yeniyetməlik yaşında yoldaşa sadiq qalmaq, düzgünlük və doğruluq, bərabərlik, qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçərək “yoldaşlıq kodeksi” normalarına çevrilir, əxlaqi-etik meyar məzmunu daşıyır. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişləri qəbul edir, həmyaşıdlarının rəy və qiymətləri ilə razılaşır, tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri-adekvat, həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür, “yoldaşlıq kodeksinin” etik məzmununu təhlil edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur.
Yeniyetmələrin yoldaşlığı tədricən seçici xarakterdə inkişaf edir. Adətən, yeniyetmələr yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini fərqləndirirlər: sadəcə olaraq yoldaş, yaxın yoldaş və dost seçir, sirdaşını, həmkarını müəyyənləşdirir; seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi-nəzərdən qiymətləndirir. Bu baxımdan yeniyetmələrdə “oğlan-qız ”münasibətləri də formalaşır, onlar bir-birilə maraqlanır, bir-birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir-birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir. Lakin yeniyetmə yaşının ayrı-ayrı dövrlərində “oğlan-qız” münasibətlərində fərqli cəhətlər özünü göstərir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ ambivalent (ikili) xarakter daşıyır: onlar bir tərəfdən, bir-birilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Ona görə də bu dövrdə oğlanlar əksər hallarda oğlanlarla, qızlar isə qızlarla oynamağa, oturub-durmağa, yoldaşlıq etməyə meylli olurlar. Hətta qızlar ad gününü keçirəndə oğlanları həmin təntənəli mərasimə, şənliyə dəvət etmirlər. Psixoloqlar bu cəhəti, birinci növbədə, oğlanlarla qızların aralarında cinsi fərqlərin olması ilə əlaqələndirirlər. Oğlanlarla qızların bu cür xüsusiləşmə halları tədricən aradan qalxır, onların arasında qarşılıqlı münasibətlər yenidən əsl yoldaşlıq münasibətinə çevrilir. Hər iki cinsdən olan yeniyetmələr təlim prosesində müxtəlif əxlaqi anlayışlara yiyələndikcə özlərinin yoldaşları qarşısında borcunu və məsuliyyətini daha aydın dərk edirlər. Deyilənlərdən göründüyü kimi, yeniyetməlik dövründə yoldaşları ilə ünsiyyət yeniyetmənin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Onlar bir-birləri üçün nümunəyə çevrilir, bir-birlərinə fəal təsir göstərirlər.
Sual 5. XX əsrin 40-cı illərində E.Erikson öz nəzəriyyələrində “identiklik”, “identiklik böhranı” terminlərinə əsaslanır. Onları psixopatologiyanın müxtəlif formalarının diaqnostikası zamanı aktiv istifadə etməyə başlayırlar. Ötən əsrin 50- ci illərində bu anlayışların müxtəlif şərhlərini təklif edirdilər. İdentiklik haqqında ilkin fikirlərdən tutmuş müstəqil nəzəriyyə kimi yaranması dövrünə qədər olan identiklik probleminin inkişafı aşağıdakı müəlliflərin işlərində rast gəlinir: klassik xarici ölkə filosofları, psixoloq və sosioloqları Ceyms U., Freyd Z., Yunq K., Piaje J., Fromm E., Mid C., müasir müəlliflərdən: Erikson E., Maslou A., Ollport Q., Rocers K., Xorni K., Vıqotski L.S., Leontyev A.N., Rubinşteyn S.L., Elkonin D.B.
İdentifikasiyanın tədqiqi identikliyin analoji təhlili deyil. İdentiklik özündə müxtəlif aspektləri cəmləşdirir, identifikasiya isə — belə aspektləri təsvir edir. İdentiklik – nəticə, özünü müdafiə, qorunma, identifikasiya isə — uyğunlaşdırma, daim seçim prosesi, adətlərin, ustanovkaların, normaların qəbuludur. Bu səbəbdən də, identifikasiya prosesinin müxtəlif səviyyələrinin təsviri identikliyin dərk edilməsinin ardınca gedir.
“İdentiklik” termininin elmi praktikada ənənəvi yayılması Erik Eriksonun adı ilə bağlıdır. E.Erikson öz nəzəriyyəsində adları göstərilən sələflərindən fərqli fikirlər söyləyir. Ceyms üçün identiklik – özünə münasibətdə subyektiv hiss, ətraf mühitə münasibətdə “eqonun”müqaviməti, yaradıcı gücdür. Onun fikrincə, həyatı aktivlikdə, yaradıcılıqda, əziyyətdə qurmaq lazımdır. Ceyms əsasən identiklik terminindən deyil, xarakter terminindən istifadə edir.
Patoloji vəziyyət şəxsiyyətin parçalanması, həyati hissin yox olması, mənəvi idealların, daxili aləmin və dünyanın itirilməsi zamanı yarana bilər. Şəxsiyyətin parçalanmasına ən gözəl nümunə, amerikan aliminin fikrincə, Avqustinin inamına xidmət etməkdir. Həyati hisslərin itməsinə misal Lyuterin, Hötenin, Tolstoyun həyatını göstərmək olar. Bundan əlavə, Ceyms istənilən həyatda dağınıqlıq və pessimizmin zəruriliyini qeyd edir. Ancaq Ceymsə görə, ontoloji zərurilikdən başqa öz daxilində aradan qaldırılmış narahatlıq vəziyyəti də mövcuddur. Müraciət etməyə (yönəltmə, işlətmə, dolanma), yenidən canlanma, inam və firavanlığın əldə edilməsi, daxili aləmə nail olma başa çatır. Bu zəif (ağır) proses möhkəm mənəvi güc tələb edir. Ancaq mükafat biçarə (uğursuz) qəlbə öz – özü ilə birləşməli olur. Bu prosesin effektivliyi U.Ceymsə görə, hər hansı fikrin mənəvi həyatın enerji mərkəzində yaranması və bu əlaqənin mərkəzi və ya periferik yer tutmasından asılıdır. Beləliklə, Ceymsə görə insanın iradəsinə yönəlmiş ideyalar qrupu – onun enerjisinin mərkəzində durur. Müxtəlif vəziyyətlərdə, bizdə bir- birilərini əvəzləyir. Onlardan hər birinin özünün parlaq mərkəzi var. Mərkəzin ətrafında isə bizim fikirlərimizin obyekti yerləşir.
Özünə yönəlmə prosesi təkcə mənəvi həyatın mərkəzi vəziyyətindən asılı deyil, eləcə də insanın xarakterindən asılıdır. Elə insanlar olur ki, onlar böyük təşkilati bacarıqlarla əhatə olunur, geniş mənəvi ruha malik olurlar. Bu insanlarda eyni zamanda irəlidə olan (gözlənilən) bütün istiqamətlərdə fəaliyyət və radiuslar (yaxın sahə) proqramı yerləşir. Elə insanlar da olur ki, bütün bu keyfiyyətlərdən məhrum olur. Amerikan fəlsəfəsinin rəyinə görə bu orta insanlar mənəvi görmədən (intuisiyadan) məhrumdular. Beləliklə, öz yolunu tapma, bu yolda çatışmazlıqları bərpa etmək imkanı öz şəxsi enerji mərkəzinin mənbəyindən, mənəvi görməni təşkil etməyi şərtləndirməkdən, öz fəaliyyətini müvəqqəti sərhədləndirmə imkanından asılıdır. Müvəqqəti sərhədləri təsvir etmək olduqca çətindir, sanki “şüur sahəsi” və ya “tamamilə ruhi vəziyyət” anlayışlarını təyin edirsiniz. Onlar qəti şəkildə qeyd oluna bilməz.
İdentiklik nəzəriyyəsinin nəzəri sələfi müasir psixologiyanın banisi hesab edilən Z.Freydir. Freydin uğurunu onun özünün istedadlı romanist və dramaturq olması ilə izah etmək olar, onun nəzəriyyəsi orta əsrlər pyesinin xarakteri, oradakı qəhrəmanlar, mənfi obrazlar, qəddar şəxslərin simasında təsvir olunur: Mən (İd), O (Ego), Yüksək Mən (Superego), Eros, Tanatosla mübarizə aparır. Müasir fransız mütəfəkkiri M.Serto onun haqqında yazırdı: bu “sadə insanla müqavilə bağlamış və diskursiv formada evlənən” öyrənci tələbə idi. Nəzəriyyə universallaşdırılmalı və tarixin reallıqlarına əsaslanmalıdır. Onun nəzəriyyəsi bütün problemlərin həllinə, həyatda təhlükəsiz yeri təmin etməyə iddia edirdi.
Freydin uğuru elmi nəzəriyyənin və psixoloji terapiyanın uğurlu kombinasiyası ilə təmin olunub. Terapiya, yüzilliyin əvvəlində əsası qoyulmuş, mədəni modernizm və postmodernizm elementləri ilə müşayiət olunmuşdur. Şəxsiyyətin patologiyasının aradan qaldırılması, həqiqi arzuların, gələcək layihələrin və keçmişin psixoloji izlərinin ahəngi üçün özünüdərketməyə nail olma vasitəsi kimi inkişaf etmişdir. 
Əvvəlki kimi insanın gündəlik davranışının sistematik müşahidəsi yolunda forma almasına təsir ideyası S.Qrofun transpersonal psixologiyasında, Selterin özünəhörmət treninqində və s. böyük uğurla istifadə olunur. Bu əlaqə ilə identiklik Freyd üçün – şəxsi, daxili aləm, insanın emosional gücüdür. Sevib və işləmək – uğurlu identikliyin sadə formuludur. Şəxsiyyətin tapılmasında həlledici rol avstriyalı psixoanalitikin fikrincə, uşaqlığın öyrənilməsidir. Leonardo Da Vinçidə olduğu kimi fiziki, yaradıcı və mənəvi inkişafın hər bir mərhələsində uşaq psixoloji çarpışması aktuallaşır. Onların tamamlanmaması onun inkişafına əsas təkan verən stimuldur. Freydin fikrincə, məhz uşaqlıqda özünəhörmətin əsas mənbələri əmələ gəlir: uşaq narsizmi, uşaq özünüsevməsi, öz “eqo — ideal”ının tədqiqi hissi, obyektiv libido, digərlərinə sevgi.
İdentikliyin inkişafında Freyd 2 müxtəlif prosesi fərqləndirmişdir:

  • Bioloji – həyati silsilədə orqanizm canlı üzvi sistemlər arasında ierarxiyalı orqanizm olur.
  • Sosial – coğrafi, tarixi və mədəni konteksdə orqanizm qrupda sistemləşir.

İdentiklik termini həmçinin Freyd tərəfindən izah olunmuşdur. Freydə görə, identifikasiya vasitəsilə “Superego” formalaşır. İdentifikasiya – Mən-in hüdudlarından çıxmağa imkan verən və digərlərinin yaşantılarını hiss edən qrup şəklində əmələ gələn faktorlardır. İdentifikasiya – şüursuz vəziyyətdə subyektin obyekt ilə eyniləşdirilməsidir. Motivləri isə sevgini itirmə və cəzalandırılmaqdan qorxmadır. İdentifikasiyanın həqiqi səbəbi insanın bioloji təbiətində cəmləşmişdir. İdentifikasiyanın nəticəsi – valideyn “Supereqo”sunun izidir. İdentikliyin saxlanılması şəxsiyyətin özünütəsdiq etməsinin müxtəlif formalarını şərtləndirir. Z.Freyd bunları müdafiə mexanizmləri adlandırır: sıxışdırma (impulsun boğulması), proeksiya (şüursuz vəziyyətdə öz hisslərini digərinin üzərinə köçürmə), qarışdırma, rasionalizasiya (özünüaldatma, mütləq ideyaların rasional izahına cəhd etmək). Müdafiə mexanizmləri istifadə edilən “Mən” obrazını saxlayır.
Beləliklə, identifikasiya qarşılıqlı təsiri təsvir edir. Ancaq, Freydə görə, belə qarşılıqlı təsir bioloji aspektdən müəyyən olunur. Əsas məqsəd bioloji adaptasiyadır. “Mən” üçün bioloji-psixoloji tarazlığın saxlanılmasında əsas məqsəddir. Çünki identiklik əsas və ilkin identifikasiyanın tarazlığı şərtidir. İdentifikasiya tarazlanır, mədəniləşir, identiklik isə xilas olunur.
Z.Freydin davamçıları identiklik terminini dəqiqləşdirmiş və genişləndirmişlər: M.Kleyn “proyektiv identiklik” anlayışını təklif etmiş, A.Freyd “müdafiə identikliyi”, M.Eynsvort, C.Boulbi, M.Maler, R.Şafer, U.Meyssner identifikasiyaya internalizasiya səviyyəsi kimi baxırdılar. Z.Freyd tərəfdarlarının hamısı üçün şüursuz strukturlara identifikasiya, subyektin keyfiyyətlərinə birbaşa köçürülmə fikirləri ümumidir; uşaqlıq yaşlarından prosesin məhdudlaşdırılması, aydın biliklərin olmaması, identifikasiya və identiklik anlayışlarının tez – tez eyniləşdirilməsi. İdentiklik və identifikasiya heç cür tarixi zamanla əlaqəli deyil, belə ki, onların cəmiyyətə təsir mexanizmləri hələ də izah olunmamışdır. Aydındır ki, belə yanaşmanı sosial atomizm və ya metodoloji individualizm kimi xarakterizə etmək olar. Freydə qədər o, bioloji tendensiyalarla sıxışdırılırdı. Bizim baxışımıza görə, müvafiq mövqe sosial fenomenlərin təşkil olunması mexanizmlərini izah etməyə imkan vermir, ancaq şəxsiyyətin qabiliyyətlərini və ya xarakter əlamətlərini müəyyən etmək olar. Fərdi – psixoloji identiklik bağlı qalır. Bununla bərabər, kollektiv identifikasiyanın necə inkişaf etdiyi anlaşılmaz qalır. Nəhayət, fərdi həyati planın qurulması prosesi də anlaşılmaz qalır. Z.Freydin davamçıları K.Yunq və A.Adler fərdi inkişafın belə gedişini birtərəfli və natamam hesab edirdilər. Fərdin özünəqapanması insanlığın qurulmasının təməli olmasına xidmət edə bilməz. Yunq və Adler sosial əhatənin öyrənilməsinə xüsusi diqqət yetirirdilər. Tarixi prosesə əsaslanan, fərdiyyətin təşəkkülünə aparan prosesi Yunq fərdiləşmə hesab edir. Fərdiləşmə – fərdin, varlığın cəmiyyətdən, kollektiv psixologiyadan fərqləndirilməsi prosesidir. Bu proses differensiasiyadır. Məqsədi isə fərdi şəxsiyyətin inkişafıdır .
Müasir dünyada müasir insana öz-özünü nizam-intizama salmaq, şəxsiyyətin daxili aləmi ilə ziddiyyətinin ahəngini şərtləndirən vasitələri tapmaq lazımdır. Fərdiləşmənin məqsədi “özlüyə” nail olmadır (Das Selbst, the Self). “Özlük” – bütün fərdi – yaş əlamətləri – mənəvi – etik keyfiyyətlər, estetik zövqləri ilə birlikdə bütöv, birləşmiş (inteqrallaşmış) şəxsiyyətdir; bu, insan psixikasının unikal mərkəzidir, onun ətrafında insanın bütün fərdi şəxsiyyət keyfiyyətləri strukturlaşır. Yunq özü qeyd edirdi ki, “özlük” termini ilk dəfə M.Ekxart (1260-1327) tərəfindən işlənilmişdir. “Özlük” – istənilən həyatın məqsədidir. O, deindividuasiyaya, şəxsiyyətinin bütövlüyünün itirilməsinə, avtomat və dözülməz yalnızlığa gətirib çıxaran “saxta Mən”in alınması təhlükəsinə qarşı durur. “Özlük” – şüursuzluq və şüurluluq arasında nəsədir, bədən, persona və “Mən”lə üst –üstə düşməyən şəxsiyyətin mərkəzidir. Bu, şəxsiyyətin tarazlıq nöqtəsidir.
K.Yunq insanı fərdiləşməyə can atan kimi fərqləndirir, A.Adler isə kamilliyə çatma kimi. K.Xorni insanın özünügerçəkləşməyə canatma təbiətinə məxsus olduğu tezisini postulat (müddəa) kimi qəbul edir. İnsan özünüinkişafa can atır, özünü idealla eyniləşdirmək istəyir. “Mən” konflikti, hissələrə bölünməni üstələyir, özünün həyata əvvəlcədən hazırlayır, özünə və başqalarına görə məsuliyyət altına girir. İnsanın özü haqqında bilməsi intellektual snobizm (təkəbbür) xarakteri daşımamalıdır, onun şəxsi emosional yaşantısı olmalıdır. Əsas odur ki, təkcə daxili güc haqqında fikirləşmək yox, onu daxili varlıq kimi həyata keçirmək lazımdır. 
Özlüyün digər təbiəti haqqında fikirlər Freydin davamçıları arasında Q.Sallivenə məxsusdur. O, özlük sistemini şəxsiyyətin müdafiə mexanizmi hesab edir. İnsanın onun fərdiliyində itirmə şərti altında şəxsi mövcud olma illüziyasını qurur.
Beləliklə, Yunq, Adler, Xorni, Sallivenin işlərində daxili “Mən” və cəmiyyətin qarşılıqlı təsirinin zəruriliyi xüsusi ilə qeyd olunur. Tədqiqatın bütün məntiqi psixi stabilliyinin əldə olunmasına, kamilliyinə və müdafiəsinə istiqamətlənibdir. Əsas məqsədi bütövlük olaraq qalır. Məkanın ölçüsü artırılır. Burada şəxsiyyətin bütövlüyü – “Mən və dünya”nın qarşılıqlı münasibətləri qiymətləndirilir. Yenə də, əvvəl olduğu kimi, subyektiv fərdi təcrübə xüsusi qeyd olunur.
Əsas tezis ondan ibarətdir ki, insan hal – hazırda olana adaptasiya olunur, gələcək və keçmişin təsirlərini nəzərə almır. Belə hal təbii ki, XX əsrin 30-cu illərinə təsadüf edir. N.A.Berdyaev, Q.Şpet, P.Florenski, M.Haydeqqer, K.Yaspers və sonralar T.Adorno, J.P.Sartr qeyd edirdilər ki, şəxsiyyətin bütövlüyü və fasiləsizliyi saxlanılır və fərdi mövcudluğun metamorfozu və çevrilməsi zamanı saxlanılır. Əks halda “Biz” və ya “ümumi identiklik” təzyiqi yaranır.
E.Fromm Z.Freydin dərin kök salmış insan təbiətindən narsizm fikrini davam etdirərək tarixə narsizm və humanizmin daimi mübarizəsi kimi baxmağı təklif edir. Kopernik, Darvin, Freyd insan illüziyasını şərh edir. Bildirir ki, o dünyanın mərkəzi, bioloji inqilabın zirvəsi, psixi təşkil olunmanın bitməsi deyil. Tənqidin, spektisizmin köməyilə elm, obyektiv fikir insanın özünü sevməsinin birtərəfliliyini ifşa edir. Ancaq insan yeni güclə narsizmi radio, televiziya, atom bombası qurmaqla yenidən bərpa edir. Freyddən fərqli olaraq, hesab edir ki, insan heç vaxt narsistik mahiyyətini üstələyə bilməyəcək. Fromm ümid edir ki, narsistik enerjini təkcə özünə deyil, bütün insanlığa şamil etmək olar. Bunu bütün dünya tarixi şərtləndirir, təkcə onda fərd özünü dünyanın sakini kimi hiss edir.
E.Fromm şəxsiyyətin bütövlüyünün bərpasını aktiv şəkildə müzakirə edərək identiklik terminindən istifadə edir. “İdentikliyə malik olmaq – yaşamaq, ancaq sahib olmamaqdır”. “İnsan yaşayıb sahib olmamağı seçdikdə, o, həyəcan və özünəinamsızlıq, sahib olduqlarını itirmək qorxusu hiss etmir. Əgər “Mən” – bu mən oluduğum kimiyəm, ancaq sahib deyiləm, bu zaman heç bir güc məni təhlükəsizliyimlə hədələyə və məni identiklik hissindən məhrum edə bilməz”.
İdentiklik böhranı müasir cəmiyyətdə cəmiyyətin üzvlərinin bürokratik maşının əlində yaxın alət olması ilə yaranır. Böhranı üstələmək üçün gündəlik həyatda fərdi təşəbbüs üçün şərt qoymaq lazımdır. Desentralizasiya, iqtisadi və siyasi qərar qəbul etmək imkanı ilə böhranı üstələmək mümkündür.
E.Fromm artıq “identiklik” və “identiklik böhranı” terminlərini istifadə etmişdir. Öz sələflərindən fərqli olaraq o, insanın özünü müasir dünyada tapmasına imkan verən daxili potensialına xüsusi diqqət yetirir. Fromm Freyd, Adler, Yunq kimi insanın özünə deyil, başqası üçün mübarizəsinə xüsusi diqqət yetirir. Amerika filosofu insanın ümumiyə mənsubluğuna böyük əhəmiyyət verir və onun identifikasiyası üçün vəziyyətin mümkünlüyünü qeyd edir.
XX əsrin ortalarında psixoanalitik istiqamətdə şəxsiyyətin daxili psixi strukturu, şəxsiyyətin narsistik nüvəsi, özlük şəxsiyyətin mərkəzi inteqralı kimi, bütöv “Mən” uğurlu özünügerçəkləşdirmənin əsası kimi labüdlüyü, fərdin və onun sosial mühitinin qarşılıqlı təsirinin tədqiqinin mühümlüyü anlayışları tədqiq olunmuşdur.
İdentiklik anlayışına növbəti yanaşma biheviorizmdir. İdentifikasiya – identikliyin formalaşması və möhkəmlənməsidir (D.Dollard, N.Miller, O.Maurer). İdentifikasiyanın məzmunu – obyekt və subyekt üçün ümuminin qurulması və onların subyekt tərəfindən mənimsənilməsi, deklamasiyalı (təntənəli) rollu münasibətlərin müəyyən edilməsi prosesidir. Dəyərli obrazlar (patternlər) hər iki istiqamətə bölünür (R.Siers, X.Levin, E.Makkobi, P.Mussen).
İdentifikasiyanın kökləri – asılılıqların və bağlılıqların formalaşmasıdır. Əsas funksiyası – artıq hazır davranış formalarının yenilənməsini əldə etməkdir. İdentifikasiyanın məzmunu — subyekt və obyekt üçün ümümi dəyərlərin qurulması və onların möhkəmlənməsi prosesidir. İdentifikasiya möhkəmlənmə, imitasiya, ümumiləşdirmə, müşahidə, modelləşdirmə ilə, öyrənmə ilə əldə olunur. Bu prosesin səbəbi asılılıq və bağlılığın psixoloji formalaşmasıdır. İdentifikasiyanın əsas funksiyası artıq hazır davranış formalarının yenilənməsini əldə etməsidir. İdentifikasiya nəzəriyyəsi koqnitiv proseslərin səviyyəsində də baxılmadır. Eləcə də, identifikasiya şüurlu səviyyədə baş verən proses kimidir (X.Levinin, E.Makkobi, P.Mussena, L.Raunin, R.Siersin nəzəriyyəsi).
Beləliklə, biheviorizm nəzəriyyəsi ilə razılaşaraq, identifikasiya – digərlərinin əlamətləri və ya atributlarının şüurlu və ya şüursuz köçürülməsidir. İdentifikasiyanın əsas nəzəriyyəsi – müdafiəedici, inkişaf edən, həsəd nəzəriyyəsi, hakimiyyət nəzəriyyəsi, deklamasiyalı rollar nəzəriyyəsi, oxşarlıq nəzəriyyəsidir. İdentifikasiya nəzəriyyəsinin inkişafında müsbət qat bu prosesin koqnitiv aspektlərinin təhlilinə giriş, onun şüurlu şəkildə qəbul edilməsi olmuşdur. Biheviorizmdə identifikasiyanı təkcə bioloji – psixoloji deyil, eləcə də sosial hesab etməyə başlamışdılar. 
Bihevioristik nəzəriyyənin çatışmazlıqları indiyə qədər şəxsiyyətin inkişafı və münasibətinin təhlilinin olmaması ilə əlaqədardır. Belə ki, identifikasiyanın ilkin izahında (freydizm nəzəriyyəsində olduğu kimi, biheviorizmdə də) identikliyin əldə olunması prosesinin dərk olunmasına birtərəfli yanaşma üstünlük təşkil edir. O, identifikasiya məlumatında ya şüursuz səviyyədə, ya şüurlu səviyyədə — subyekt və obyektin formal-məntiqi ziddiyəti yaranır. Bu, obyektin xarakteristikasının sadə köçürülməsinə gətirib çıxarır, məsələn, valideynin subyektə. Formal – məntiqi interpretasiya öz növbəsində subyektin özündə heç bir aktiv rolu etiraz etmir: ya o, özü tərəfindən tanınmayan İd, Eqonun təsirinə dözür, ya da o, sosial vəziyyətin qurbanına çevrilir. Bununla bərabər, identifikasiyanın fenomenoloji məzmunu tam açılmır.
Beləliklə, identiklik nəzəriyyəsinin inkişafında ilkin mərhələni yuxarıda göstərilən əlamətlərə görə formal – məntiqi kimi xarakterizə etmək olar.
Sual 6. Yeniyetmənin təlim fəaliyyətində əvvəlki yaş dövrlərindən fərqlənən xüsusiyyətlər müşahidə olunur. Yeniyetmə elmlərin əsaslarına sistemli şəkildə yiyələnməyə başlayır, bu isə onun təlim fəaliyyətində elmi ümumiləşdirmə və mücərrəd məsələləri mənimsəməklə yanaşı, həm də nəzəri təfəkkürün, ixtiyari diqqətin, hafizənin yüksək səviyyədə inkişafını tələb edir. Yeniyetmənin təlim fəaliyyətinin yeni xüsusiyyətlərini səciyyələndirən ən ümdə cəhət təlimdə şagirdin müstəqilliyinin inkişafı ilə əlaqədardır. Yeniyetmə yalnız dərsdə rast gəldiyi yenilikləri mənimsəməklə kifayətlənməyib, biliklərin yeni sahələrini müstəqil surətdə mənimsəməyə çalışır.
Yeniyetməni səciyyələndirən cəhətlərdən biri də onlarda peşə bacarıq və vərdişlərinin, maraqlarının təşəkkül etməsidir. Bununla bağlı olaraq, yeniyetmələr dərsləri lazımlı və lazımsız qruplara ayırırlar. Yeniyetmənin təlim fəaliyyətinın və onun münasibətinin dəyişməsi ilə əlaqədar olaraq onun idrak fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Bu dövrdə yeniyetmənin qavrayışı hərtərəfli, ardıcıl və seçici xarakter daşıyır, qavrayışın həcmi genişlənir, nə ilə çox maraqlanırsa, onu da yaxşı qavrayır, maraqlanmadığı sahədə qavrayışı səthi olur. Zaman, məkan və hərəkət qavrayışı nəzərə çarpacaq dərəcədə inkişaf edir. 
Yeniyetmənin hafizəsində də yeni ilkin xüsusiyyətlərə təsadüf edilir. Yeniyetmə hafizəsini tənzim və idarə etməyi bacarır, yaddasaxlamanın səmərəli üsullarından şüurlu surətdə istifadə edir, öyrənəcəyi materialı müqayisə edir, sistemləşdirir, mənasını anlayır, öz sözləri ilə sərbəst nəql edir.
Yeniyetməlik yaşında şagirdlərin diqqətinin inkişafında da müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunur. Yeniyetmədə sabit ixtiyari diqqətlə yanaşı, diqqətin tez yayılması hallarına da təsadüf edilir. Bu xüsusiyyətlər onun iş şəraitindən, keçilən mövzunun məzmunundan, şagirdin dərsə olan münasibətindən, psixi halından, maraqlarından asılıdır.
Yeniyetməlik dövründə uşağın təxəyyülü, xüsusilə də yaradıcı təxəyyülü xeyli inkişaf edir, hekayə yazmağa, şəkil çəkməyə, müəyyən modellər düzəltməyə başlayırlar.
Yeniyetmənin iradi-emosional xüsusiyyətləri daha zəngin olur. Onların hissləri real xarakter daşıyır, yoldaşlıq, dostluq münasibətlərində açıqürəklilik edirlər, sirlərini bir-birlərinə söyləyirlər, bir-birinin daha çox hüsn – rəğbətini qazanmağa can atırlar. Onlarda əxlaqi, zehni, estetik hisslər sürətlə, hərtərəfli inkişaf edir. Yeniyetmələr əxlaq normalarını və həyat gözəlliklərini qiymətləndirir, ondan zövq alır, insanı valeh edən işlərlə məşğul olurlar.
Yeniyetmələr təlim fəaliyyəti ilə yanaşı, əmək və oyun fəaliyyəti ilə də məşğul olurlar. Onlar süjetli-obrazlı, didaktik-tədris, idman, əyləncəli, kompüter oyunlarını sevir, xüsusilə futbol, şahmat, dama və digər oyunlarla da maraqlanırlar. Yeniyetmələr əmək fəaliyyəti ilə, özünəxidmət əməyi ilə məşğul olur, həmçinin məktəbin həyətyanı sahəsində işləyir, ətraf mühitin yaşıllaşdırılmasında, tətil vaxtlarında valideynlərinə kənd təsərrüfatı işində yardım edir, kommersiya işlərində və s. fəal surətdə iştirak edirlər.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1. Cabbarov R.V. Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili nam. dis., Bakı, 2004.
  2. Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı,2011.
  3. Əzimov Q.E. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 2004.
  4. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  5. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

0 şərh