Yaşlı adamların psixoloji xüsusiyyətləri

  1. Yaşlılığa keçid mərhələləri
  2. Yaşlılıq dövrünün psixoloji xüsusiyyətləri
  3. Yetkinlik və psixoloji yaş
  4. Yaşlılığın “böhran” mərhələləri

Sual 1. Yaşlılıq, yaxud yetkinlik yaşı 30 yaşdan başlayaraq 60-70 yaşları əhatə edir. Kamillik dövrü insan həyatında ən uzun dövr kimi səciyyələnir. Psixoloqlar bu yaşın yuxarı həddinin müxtəlif yaşlarla, 50-55, bəzən də 65-70 yaşları əhatə etdiyini qeyd edirlər. Bunu adətən təqaüd yaşı ilə əlaqələndirirlər. Məşhur Amerika psixoloqu E.Eriksona görə isə, yetkinlik yaşı 25-65 yaşları əhatə etməklə, təxminən 40 il davam edir. Fərdi xüsusiyyətlərdən asılı olaraq 25-30 yaşdan 40 yaşa, bəzən isə 50 yaşa və yuxarı yaşa aid olur. Biz isə bunu 30 yaşdan təqaüd yaşına kimi, təxminən, 60-70 yaşları əhatə etdiyini qəbul edirik.
Yetkinlik yaşı insanın həyatının parlayan, yüksək potensiala malik, nailiyyətlər əldə edən dövrü kimi səciyyələnir. İnsanın peşə fəaliyyətinin, ictimai-siyasi fəaliyyətinin bərqərar olan dövrü kimi insanın həyatında xüsusi yer tutur. Yetkinlik yaşında şəxsiyyətin inkişafı, formalaşması və peşəkarlığın məhsuldarlığı diqqəti cəlb edir. Bu dövrdə, gənclik dövründə olduğu kimi peşəkarlıq fəaliyyəti və ailə münasibətlərinin formalaşması prosesi ciddi xarakter alır. Sosial situasiyalar dəyişir və inkişaf edir. Əgər gənclik yaşında bu keyfiyyətlər və münasibətlər yeni yaranırsa, yetkinlik yaşında möhkəmlənir, sabitləşir və ailə münasibətlərinə tətbiq edilir.
E.Erikson hesab edir ki, yetkinlik yaşının əsas problemi məhsuldarlıq və süstlükdür (ətalətdir) ki, bu da inkişafı proqressiv və reqressiv halda xarakterizə edir. Məhsuldarlıq insanda yaradıcılıq və peşəkarlıq keyfiyyətlərini formalaşdırır ki, bu da eyni zamanda gənc nəslin tərbiyə və istehsalata hazırlanması işində lazım olur. Bu cəhət insanlara qayğı və diqqətlə yanaşmaqla sıx əlaqədardır. Əgər məhsuldarlıq, fəallıq olmursa, onun yerini tənbəllik, süstlük, pessimizm halları tutur. Böyük şairimiz ulu Nizami Gəncəvi demişkən:

Dünyada boşuna keçmədi ömrüm,
Yeməkdən, içməkdən başqa iş gördüm.
Hər gecə biliyə qapı açmadan,
Başımı yastığa qoymadım bir an!

Yetkinlik yaş dövrünün ən mühüm xüsusiyyəti insanın özü və başqaları qarşısında məsuliyyətli ola bilməsidir. Öz məsuliyyətini dərk edərək etdiyini sona çatdırır. Mədəni əxlaqi keyfiyyətlərlə hərəkət edir. Bəzən 30 yaş böhranında olduğu kimi, 40 yaşında da böhranlı hallar müşahidə edilir. Bu da həmin yaşlı adamların istədiklərinə nail ola bilməmələri ilə əlaqədardır. Belə hallarda iş yoldaşları həmin adamlara kömək etməli, onların depressiyaya düşmələrinin qarşısı alınmalıdır. 40 yaş böhranı ailə münasibətlərinə təsir edir. Xüsusilə, yaxın ətraf adamların itkisi psixoloji sarsıntılar yaradır. Ər-arvad münasibətlərində diqqəti çəkən münaqişəli hallar isə daha dərin fəsadlar yaradır. Bu dövrdə peşəkarlığın məhsuldarlığı insanın həyatını işıqlandırır və parlaq edir. Bəzən yetkinlik yaş okmelogiya – yəni işıqlı, parlaq yaş dövrü kimi qədim yunan anlayışından istifadə olunaraq ifadə edilir.
İsveçrə psixoloqu E.Klapard qeyd edir ki, yetkin yaşda peşəkarlıq, məhsuldarlıq daha yüksək səviyyəyə çatır, peşəkarlığın ustalığı, yaradıcılığın potensialı artır. Bir çox psixoloqlar, xüsusilə, B.Q.Ananyev və onun şagirdləri qeyd etmişlər ki, 40-50 yaşlarında inkişaf prosesində psixi funksiyalar mürəkkəb və fərdi cəhətlərlə təzahür edir. Yetkin yaşın ilk və orta dövründə birinci proqressiv tərəqqi mərhələsi ümumi xüsusiyyətləri özündə bərabərləşdirməklə təzahür edir. İkinci mərhələsində də peşəkarlıq və məhsuldarlıq keyfiyyətləri inkişaf edir. Müxtəlif peşə sahibləri, o cümlədən alimlər, müəllimlər, aktyorlar və s. bu dövrdə püxtələşirlər. Ustalıqları yüksəlir, öz peşəsinin ustası olurlar. Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimləri bu yaş dövründə yaradıcılıqlarının pik nöqtəsinə, ən uca zirvəsinə çatmışlar. Məsələn, İsmayıl Şıxlı “Dəli Kür” romanını 52 yaşında yazmış və böyük şöhrət qazanmışdır. Böyük mütəffəkkir M.F.Axundov 1850-1856-cı illərdə 50 yaşlarında 6 komediya yazmış və dünya şöhrəti qazanmışdır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin bəziləri 49-54 il yaşamışlar. Bunlara misal olaraq Azərbaycanın görkəmli şəxsiyyətləri olan A.A.Bakıxanov, S.Ə.Şirvani, M.Ə.Sabir və başqaları göstərmək olar.
Yetkin yaşlıların uşaqlarla, övladlarla münasibəti də elmdə maraq doğurur. Onlar həyatın bütün sahələri üzrə məhsuldardırlar. Yaşlı adam üçün ən zəruri problem övladlarını sağlam və tərbiyəli vətəndaş kimi yetişdirməkdir. Valideynlər bu prosesə müxtəlif cür yanaşırlar. Hər kəsin öz tərbiyə metodu, yanaşma tərzi vardır. Valideynlərin övladlara münasibətinin psixoloqlar 3 variantda ifadə edildiyini qeyd edirlər:

  1. Şərtsiz, intəhasız məhəbbət göstərmək
  2. Şərti məhəbbət, istək ifadə etmək
  3. Uşaqların qəbul olunmaması, istəkdə soyuqluq

Birinci variantda valideynlər uşaqlarını həddən artıq çox istəyirlər, onların istək və arzularını yerinə yetirirlər, uşağın gözəl, çirkin, şikəst, qabiliyyətsiz olmasından asılı olmayaraq onu çox əzizləyirlər.
İkinci variantda valideynin tələblərini yerinə yetirdikdə uşağı əzizləyirlər, çox istəyirlər. Uşağa iş tapşıranda uşaq onu yerinə yetirdikdə, bir sözlə, şərti ödədikdə o əzizlənir və sevilir, hədiyyələr alınır.
Üçüncü variantda valideynlər müxtəlif cür yanaşırlar. Uşaqlarla maraqlanmır, onlara qarşı soyuq münasibət bəsləyirlər. Məsələn, valideyn oğlan gözlədiyi halda, ailəyə qız uşağı dünyaya gəlir və həmin qız da ailədə sevilmir. 

Valideynlər uşaqların tərbiyəsi ilə müxtəlif üslublar tətbiq etməklə məşğul olurlar: avtokratik, liberal, demokratik.

  • Tətbiq edilən avtokratik tərbiyə üslubu zamanı valideyn sərt, ciddi, bəzən də amansız mövqe tutur. Uşağa güzəştə getmir, onu danlayır, əsəbiləşərək ona fiziki cəza verməkdən belə çəkinmir.
  • Liberal üslubu tətbiq edən valideynlər uşaqların tələblərini yerinə yetirir, onların tərbiyəsi ilə yaxından maraqlanmır, uşağa qarşı laqeyd, etinasız münasibət göstərir.
  • Demokratik üslublu valideynlər isə uşaqları ilə dost, yoldaş kimi rəftar edir, onların istəklərini dinləyir, onlarla məsləhətləşir, onların rəyini nəzərə alır. Ailədə müsbət psixoloji iqlim yaradırlar. Hər kəsin fikir, rəy söyləməsinə əməli şərait yaradılır. Belə ailələrdə pozitiv istiqamətdə yüksək ovqat yaranır, uşaqlar ev tapşırıqlarını sakit və rahat yerinə yetirirlər.

Valideynin uşağa münasibəti həm valideynin, həm də uşağın fərdi xüsusiyyətlərindən asılı olaraq tətbiq edilir. Fərdi yanaşma üsulundan istifadə olunur. Uşaqların müsbət keyfiyyətlərindən istifadə edərək onları tərbiyə etmək mümkündür. Məşhur pedaqoqlar A.S.Makorenkonun, B.A.Suxomlinskinin, Azərbaycan pedaqoqu Z.Şöyübovun təcrübələri uşaq tərbiyəsində parlaq nümunələrdəndir. Ailədə uşaqların tərbiyəsinə nümunəvi şərait yaradılmalıdır. Tərbiyədə vahidlik prinsipinə əməl olunmalıdır. Ata siqaret çəkirsə, övladına bu zərərli işi tərgitməyi tələb etsə belə, yanaşmanın təsiri olmayacaqdır. Ailədə uşaqların, xüsusilə, yeniyetmələrin funksiyaları müəyyənləşdirilməyəndə konfliktlər, münaqişələr baş verir.

Sual 2. İnsanın yetkinlik inkişafı psixoloji yaşın dinamikası ilə sıx surətdə əlaqədardır. Bu da yaşın 3 əlaməti ilə: xronoloji (pasport), fiziki, yaxud bioloji və psixoloji xüsusiyyətlərinin bir-birilə əlaqəsi formasında özünü biruzə verir. Məsələn, 40 yaşlı adamda fiziki əlamətlər güc, orqanizmin möhkəmliyi ilə yanaşı, qocalığın da əlamətləri müşahidə olunur.
Psixoloji yaş dedikdə, insanın özünü necə hiss etməsi, dərk etməsi başa düşülür. Bu da fiziki yaşa təsir edir. Psixoloji yaş yaşın identifikasiya (eyniləşdirmə) olunmasıdır ki, bu da müxtəlif dərəcədə özünü göstərir. İnsanların yaşı çox olmasına baxmayaraq, özünü gənc adam kimi aparır, onlarla eyniləşir. Psixoloji yaş özünüdərketmənin vaxtla, zamanla ayaqlaşması aspektində özünü göstərir. Hər şey vaxta baxsa da, vaxt, zaman heç nəyə baxmır. Vaxtı, zamanı düzgün qiymətləndirmək lazımdır. Psixoloji yaş müvəqqəti perspektivlərlə sıx əlaqədardır. İnsan keçmişdə olanları xatırlayır, yeni şəraitdə buraxdıqları səhvləri təkrar etmir, yeni mühitə, yeni perspektivlərlə baxır, ona uyğunlaşır. Yeniyetmələr gənclərə oxşamaq, gənclər isə yetkin yaşlılara oxşamaq istəyirlər. Psixoloji yaş yetkinlik dövründə insanların fərdi xüsusiyyətlərindən asılıdır. Həmin xüsusiyyətlərdən asılı olaraq şəxsiyyət formalaşır, həyat məqsədinə, ideallarına çatmağı arzulayırlar. Psixoloji yaş insanın pasport yaşı ilə bəzən uyğun gəlir, bəzən geri qalır, bəzən də çox qabağa gedir. Gərginlik və stress halları insanı vaxtından əvvəl xronoloji göstəriciyə baxmadan tez qocaldır, məsələn, xalq şairi S.Vurğun 45-50 yaşlarında qoca, ahıl yaşlıya oxşayırdı.

Yetkinlik yaşında mənəvi-əxlaqi keyfiyyətlərin formalaşması müşahidə olunur. Psixoloji araşdırmalar göstərir ki, yetkinlik yaşlarında, xüsusilə 45-47 yaşlarında əsaslı psixoloji dəyişikliklər baş verir. Beləliklə, qeyd edə bilərik ki, yetkinlik yaşı ən uzun, ən əhəmiyyətli olmaqla insanın şəxsiyyət və mənəvi keyfiyyətlərinin formalaşması dövrü kimi xarakterizə edilir. İnkişafın yüksəlməsi, yeni əlamətlərin əldə edilməsi dövrü kimi səciyyələnir. Ontogenetik inkişafın yüksək mərhələsidir. Bu dövrdə insanın perspektiv keyfiyyətləri üzə çıxır, dövlət qulluğunda, siyasi işlərdə, digər sahələrdə səmərəli fəaliyyət göstərir. Peşəkarlıq, məhsuldarlıq artır, yüksəlir.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1. Əliyev B.H., Əliyeva K.R.,Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı, 2011.
  2. Əzimov Q.E. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 2004.
  3. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  4. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  5. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  6. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

This document has been edited with the free version of the instant HTML converter. Try it here and use it every time for your projects.

0 şərh