Qocalıq və ahıl yaşının psixoloji xüsusiyyətləri

  1. Qocalıq yaşının psixoloji xüsusiyyətləri
  2. Qocalıq sosial-bioloji hadisə kimi
  3. Qocalıq şəxsiyyətinin xüsusiyyətləri
  4. Herentopsixologiya aktual tədqiqat obyekti kimi

Sual 1. Adətən insanın həyatının qürub dövrü olan qocalıq yaşının təxminən 60-75 yaşları arasında olduğunu qeyd edirlər. Məşhur psixoloq E.Erikson bu dövrü yetkinliyin, yaşlılığın sonu, ahıl dövrün bərqərar olması kimi səciyyələndirir. Ümumiyyətlə, qocalıq, yaxud təqaüd yaşı, sevincli həyatın sönməsi, qürub çağının yaxınlaşması deməkdir. Bəzi filosoflar, yazıçılar bu dövrə münasibətini bədii sözlərlə ifadə etmişlər. “Qocalar ölü canlardır”. İnsanlar qocalanda təqaüdə çıxır ki, bu da qocalarda müəyyən böhran vəziyyəti yaradır.
Qocalıq yaşında insan istək və sevgisini nəvələrinə ötürür. Burada xalqımızın gözəl bayatısı yada düşür:
Əzizim qalasına,
Bu dağın qalasına.
Əzəl balama qurban,
Sonra da, balasına.

Qocalıq yaşının ilk əlamətləri bioloji əlamətlərlə ifadə olunur. Fiziki güc zəifləyir, ümumi zəiflik müşahidə olunur, psixi funksiyalar, xüsusilə hafizə zəifləyir, tempi aşağı düşür. İnsan qocalığında yaşamaq ümidini, psixoloji dəyərini itirir. Psixoloji sarsıntı keçirir. Ancaq canlı orqanizm kimi mövcud olur. Eyni zamanda şəxsiyyət bioloji, fizioloji istiqamətə yönəlir. İnsan keyf üçün yaşamaq istəyir. “5 günlük dünya” prinsipinə əsaslanır.
Qocalıq nədir? Ömrün mülayim payızı, yoxsa sərt qış çağıdır? Kimi xarakterinə uyğun olaraq qocalığı mülayim payız, kimi də sərt qış kimi qarşılayır. D.Rayqorodki “Qocalığın psixologiyası” adlı kitabında yazır: “Qocalıq — bu ömrün elə bir dövrüdür ki, bu vaxt vacib olan, “illər ömrə əlavə” etmək deyil, “ömrü illərə” əlavə etməkdir. Qocalıq — təkcə rolların dəyişdiyi deyil, həm də yeni identikliyin formalaşdığı dövrdür.” Təbii ki, bu zaman gənclik dövründə meydana gələn “Mən kiməm?” sualı ömrün qürub çağı insanın qarşısında durursa, o insan çox vaxt ümidsizliyə qapanır.
Yaşlılıq dövrünün ən fəal müdafiəçisi “Böyük Katon və qocalıq haqqında” dialoq yazmış qədim roma filosofu, siyasi xadimi Mark Tuli Siseron (b.e.ə.106-43) olmuşdur. Siseron ustalıqla qocalığı müdafiə edir və tərifləyərək, qocalığın insan və cəmiyyət üçün ən dəyərli dövr olduğunu qeyd edirdi. O, qocalığın əleyhinə olan aşağıda sadalanan dörd əsas arqumentə qarşı çıxırdı:

1) qocalığın insana ictimai həyatda aktiv iştirakına mane olmasına;

2) qocalığın insana müxtəlif xəstəliklər və köməksizlik gətirməsinə;

3) cinsi həyatdan məhrum etməsinə;

4) insanı ölümün yaxınlaşması ilə qorxuzmasına.

Siserona görə, müdrik insan üçün qocalıq yaş dövrü ömrün ən qiymətli dövrüdür. Yəni, bu dövrdə beyni dumanlandıran gənclik ehtirasları sakitləşir, insan ömrü boyu yığmış olduğu təcrübə kimi xəzinəyə sahib olur. Xarakterin gücü, sağlam düşüncə tərzi ilə yaşlı insan çox şeyə nail ola bilər və bununla da o çox gənclərdən daha üstündür.
Qədim romalı şair, filosof, siyasi xadim Seneka (I əsr) isə qocaların özlərini cəmiyyət üçün gərəkli hiss etmələrinin vacib olmasını qeyd edirdi. Onun fikrincə, insan həyatı onun davamlılığında, uzunluğunda deyil, yaşanmış ömürdə nə qazanması və nəyə nail olması ilə dəyərləndirilir.
“Yaşlı insanlar”, “qocalar”, “ahıllar”, “veteranlar” kimi ifadələrin xatırlanması belə neqativ hisslər yaradır. Bizim qocalığa münasibətimiz uşaqlıqdan mənimsəmiş olduğumuz yaş stereotipləri ilə bağlıdır. Bu stereotiplər mədəni ənənələr, ictimai mühit və kütləvi informasiya vasitələrinin səyi nəticəsində qorunub saxlanılır. Təəssüf ki, yaşlı insanların işəyaramaz, xəstə, intellektual cəhətdən tənəzzülə uğramış, tam dəyərli həyat yaşamayan insanlar olması barəsində formalaşan səhv fikrin özü də onların davranışına təsir edir. Bir çox yaşlı insanlar bu cür stereotiplərin təsiri altında əks şablonu təsdiq etməkdən çəkinərək özünüqiymətləndirməni bilərəkdən aşağı salır. Orqanizmin qocalması böyümənin dayanmasından başlayan fizioloji prosesdir. Canlı orqanizmin qocalmasının qarşısını almaq, vaxtı dayandırmağa cəhd kimi qeyri-mümkündür. Bununla belə, qocalma prosesini ləngitmək, yubatmaq mümkündür. Səmərəli gigiyena, qida və digər ekoloji faktorlara riayət etməklə qocalma prosesini ləngitmək olar. Müasir elmdə qocalmaya müxtəlif yanaşmalar mövcuddur. Daha çox diqqət isə psixoloji qocalmaya və onunla bağlı meydana çıxan suallara yönəlir.
Qeyd etdiyimiz kimi, çox vaxtlar yaşlı insanlar keçirdiyi ömrün qiymətləndirilməsi ilə bağlı böhran yaşayırlar. Yaşlılıq dövrü yaşamış həyatın dərki, nəticələrinin yekunlaşması və nə isə etməyə cəhdlə nəticələnir. Həyatda əldə etdiklərindən narazı olan yaşlılar bəzən depressiyaya düşüb psixi halsızlıq keçirirlər: “Sağlam qocalıq” öz yaşını, həyat yolunu qəbul edənlərə aid edilir, “ağrılı, çətin qocalıq” isə öz həyat yolunu qəbul etməyənlərə şamil edilir: “Çətin qocalıq” keçirənlərə keçirdiyi həyat mənasız görünür və belə fikirlərin özü onu ümidsizliyə düçar edir.
Təqaüdə çıxmaq insanlara psixoloji təsir edir. Rusiyada orta yaş həddi qadınlar üçün 58, kişilər üçün isə 72 yaşdır. Buna baxmayaraq istənilən yaşda ölüm halı baş verə bilər. Yaxın adamların itirilməsi yaşlı həyat yoldaşına pis təsir edir. Hindistanın Xunza vilayətində dağlıq hissələrdə orta yaş həddi 90 yaş (ət yemirlər), aşağı aran hissədə isə 70 yaşdır (ət yeyirlər). Ahıl adamların fəaliyyətində 3 psixoloji cəhət müşahidə olunur.

  1. Onlar işləməkdən bezirlər, işdən çıxandan sonra psixoloji sarsıntılar keçirirlər.
  2. Təqaüd yaşında fəaliyyətin xarakteri dəyişir, nisbətən asan işə cəlb olunurlar.
  3.  Təqaüd yaşlı adamlara diqqət və qayğı zəruridir.

Aparılan tibbi-psixoloji araşdırmalardan aydın olur ki, ürək-damar xəstəliklərindən qocalar arasında ölüm halları aşağıdakı kimi göstərilir:

  •  40-50 yaşında -25%
  •  50-60 yaşında -40%
  •  60-70 yaşında -32%
  • 70-80 yaşında -62%
  • 80-90 yaşında -66%

Qocalıq yaşı 65 yaşdan sonrakı dövr kimi insanın ömründə xüsusi mərhələ kimi qeyd olunur. Stresslərlə sıx əlaqədardır. Xarici ölkə psixoloqları Xolms və Ranq stressin yaranma səbəbini insana təsir etmənin müsbət və mənfi stressorlarını öyrənmişlər. Onu balla qiymətləndirmişlər. Nəticə aşağıdakı kimi olmuşdur:

  1. Həyat yoldaşının ölümü – 100 bal
  2. Boşanma – 73 bal
  3. Ailədə münaqişə — 65 bal
  4. Həbs olunma – 63 bal
  5. Yaxın adamların ölümü – 63 bal
  6. Xəstələnmə və zədələnmə — 53 bal
  7. Toy – 50 bal
  8. Təqaüdə çıxmaq – 45 bal
  9. Ailə üzvlərinin xəstələnməsi – 42 bal
  10. Seksual narahatlıq – 39 bal
  11. Uşağın doğulması – 39 bal
  12. Yaşayış yerinin dəyişdirilməsi – 25 bal
  13. Rəhbərliklə münaqişə — 23 bal
  14. İmtahan – 20 bal
  15. Övladın səhhətinin pisləşməsi – 15 bal və s.

Yuxarıda göstərilənləri nəzərə alaraq bir daha qeyd etməliyik ki, qoca, ahıl yaşlılara xüsusi diqqət və qayğı ilə yanaşmalı, onların stress halları keçirmələrinə qətiyyən yol verilməməlidir. Çünki qocalar bizim valideynlərimiz, məsləhət yerimiz, mənəvi dayağımızdır. Onları əlimizin içində, gözümüzün üstündə saxlamaq müqəddəs övladlıq borcumuzdur.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1.  Çələbiyev N.Z. Uşaq psixologiyası. Bakı, 2005.
  2. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  3. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  4.  Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  5. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

0 şərh