Ailə psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları

MÜHAZİRƏ 1. Ailə psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları

Plan:

1.      Ailə psixologiyasının predmeti və vəzifələri

2.      Ailə psiхоlоgiyаnın müаsir еlmlər sistеmində yеri və bаşqа еlmlərlə əlаqəsi

3.      Ailə psixologiyasının tədqiqat metodları

Sual 1.   Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur.

Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır. Ailə psixologiyasının predmetiniailənin şəxsiyyətlərarası qarşılıqlı təsir sistemi kimi strukturu və funksiyalarının öyrənilməsinə spesifik psixoloji yanaşma, onun inkişafının əsas qanunauyğunluqları və dinamikası, ailə mühitində şəxsiyyətin inkişafı təşkil edir.  Ailə 1960-1970-ci illərdən başlayaraq psixoloqların və digər elm sahələrinin mütəxəssislərinin tədqiqat predmetinə çevrilmişdir.

Psixoloq V.Drujinin qeyd edir ki, psixoloji tədqiqatın obyekti kimi ailənin öyrənilməsində mövcud yanaşmaları 2 şkalaya bölmək olar:

·        «normal — anormal ailə»;

·        «ideal — real ailə».

Birinci şkalaya əsasən, Drujinin «normal ailə» anlayışını təsvir edir, belə ki, burada ailənin hər bir üzvü üçün sosial rifah, sosial müdafiə və inkişaf tələb edilir, psixoloji və fizioloji yetkinlik üçün uşaqların sosializasiyasının şərtləri yaradılır. Bu tip ailələrdə ailənin bütün məsuliyyəti bütövlükdə atanın üzərinə düşür. Bu qaydaların yerinə yetirilmədiyi digər tipləri Drujinin anormal ailə hesab edir.İkinci şkalaya əsasən, «ideal ailə» anlayışı ailənin normativ modeli kimi müəyyən edilir,  Real ailə adı altında real qrup və tədqiqatın obyekti kimi konkret ailələr nəzərdə tutulur. Beləliklə, psixoloqlar real ailələri tədqiq edirlər.

Ailə sözünün mənşəyi ərəb dilindən gəlir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول(avl) kökündəndir. Bir birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Elmi ədəbiyyatda ailənin psixoloji mahiyyəti haqqında fikirlər kifayət qədər çoxdur. Onlardan hər biri konkret tarixi, etnik və sosial-iqtisadi şərtlərdən, həmçinin tədqiqatın konkret məqsədindən asılıdır.Əhalinin nəsilartırma meyarlarını və sosial-psixoloji tamlığını nəzərə alan sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur.Elmdə ailə sosial institut («ailə-cəmiyyət» münasibətləri) kimi, cəmiyyətin hüceyrəsi kimi müəyyən olunur.

Ailənin mahiyyətinə psixoloji yanaşma özünəməxsus xüsusiyyətlərə malikdir. T.V. Andreyev, ailə anlayışının çoxsaylı izahlarını birləşdirərək, aşağıdakı fikri irəli sürür: ailə-vahid ümumailə fəaliyyətinə əsaslanan evlilik-valideynlik-qohumluq zəncirləri ilə əlaqələnmiş insanların birliyidir.Bertalanfi tərəfindən hazırlanmış sistemlərin ümumi nəzəriyyəsinin terminlərinə əsasən, «ailə, bu ailənin üzvlərinin sadə cəmindən ibarət deyil, bu, hər şeydən əvvəl, ailə üzvləri arasındakı münasibətlərin müəyyən şəbəkəsidir». Ailə açıq sistemdir. Sistemin elementlərindən birində baş verən dəyişikliklər ailənin digər üzvlərinə də təsir edir.Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, insanların yaşadıqları yeridir, yalnız burada onlar özünü yaxşı hiss edir.Ailə, şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün adamlardır».  V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini qrupu» başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir.

Ailə psixologiyası insanın ailə mühitində inkişafını, ailədaxili qarşılıqlı münasibətlərin psixoloji xüsusiyyətlərini, ailənin sosiuma adaptasiyasının psixoloji mexanizmlərini öyrənən elm sahəsidir.

O, ailə pedaqogikası, ailə sosiologiyası, psixoloji biliklərin müxtəlif sahələri, o cümlədən ailə psixoterapiyası, psixoloji konsultasiya, ailələrlə aparılan psixoprofılaktik və sosial işdən əldə edilən təcrübə və faktlara əsaslanır.Psixologiyanın bu sahəsi sağlam ailənin və ailə patologiyasının psixoloji xarakteristikasını verir, həmçinin ailələrə praktik psixoloji yardımın gedişində əldə edilən təcrübəni təhlil edib ümumiləşdirir. Ailə psixologiyasına aid qazanılmış nəzəri və emprik biliklər ailəyə köməyə yönəlmiş müxtəlif tipli sosial və psixoloji proqramların işlənib hazırlanmasına və tətbiqinə xidmət edir.Ailə sistemi psixoloji cəhətdən bütövlük, qarşılıqlı münasibətlərin təkrarlanan obrazları, xarici şəraitdən asılı olmadan şəxsi məntiqə əsaslanan subyektiv mühakimələr kimi xüsusiyyətlərlə səciyyələnir. Ailədaxili şəxsiyyətlərarası qarşılıqlı təsirlər şəxsiyyətin strukturunda cəmiyyətin mədəni sxemlərinin assimilyasına və fərdin daxili aləminin cəmiyyətin mədəni sxemlərinə uyğunlaşmasına imkan yaradır.Psixologiya elminin bu sahəsi ailəyə psixoloji yardım məqsədi daşıyır. Ailəyə psixoloji yardım isə o deməkdir ki, ailədaxili qarşılıqlı münasibətlər pozitiv istiqamətdə tənzimlənsin, ailə özünün hər bir üzvünə səmərəli inkişaf mühiti yaratsın. Funksional (sağlam) və disfunksional (qeyri-sağlam) ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi ailədaxili münasibətlər psixologiyasımn ən önəmli problemidir.

Ailə kiçik qapalı sosial qrup kimi hər şeydən əvvəl onu təşkil edən fərdlər və ailədaxili münasibətlər kontekstində nəzərdən keçirilir.Bu baxımdan yanaşdıqda sosial — psixoloji tədqiqatlar ər-arvad münasibətlərinin dinamikasını, valideynlərlə uşaqlar arasında münasibətlərin xarakterini, habelə boşanmanın səbəbləri və motivlərini müəyyənləşdirmək imkanı verir. Ailədə şəxsiyyətlərarası qarşılıqlı təsir probleminin öyrənilməsində həmin ailənin mövcud olduğu konkret cəmiyyətdə üstün qəbul edilən normaları, dəyərləri və davranış nümunələri etalon kimi qəbul edilməlidir.Cəmiyyətin digər sosial strukturları ilə xarici əlaqələri ailəni sosial institut, ailədaxili münasibətlər kontekstinə isə kiçik sosial qrup kimi xarakterizə etməyə əsas verir.

Ailənin psixologiyasının vəzifələrinə aiddirlər:

·        Həyat dövrlərinin müxtəlif mərhələlərində ailənin funksional-rollu struktunun inkişafı və formalaşması qanunauyğunluqlarının tədqiqi;

·        Nikaha qədərki dövrün xüsusiyyətlərinin, nikah partnyorunun seçiminin öyrənilməsi;

·        Ailə-nikah münasibətlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

·        Valideyn-övlad münasibətlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

·        Müxtəlif yaş mərhələlərində uşağın inkişafında ailə tərbiyəsi rolunun öyrənilməsi;

·        Ailədə normativ və qeyri-normativ böhranlarının öyrənilməsi və onların aradan qaldırılması strategiyalarının seçilməsi.

Sual 2.Bir sıra müasir elmlər cəmiyyətin inkişafı gedişində insan münasibətlərinin xarakteri haqqında geniş və etibarlı informasiya təqdim edir. Bu məlumatlar ailə sosiologiyası, ailə pedaqogikası, ailə psixologiyası, habelə, iqtisadiyyat, tibb, hüquq, fəlsəfə, etnoqrafıya və s. kimi elmlərdə öz əksini tapmışdır.Ailə psixologiyası psixologiya elminin ailə və nikah problemlərini öyrənən fənlərarası istiqamətlərindən biri olub, sosioloji, iqtisadi, etnoqrafik, tarixi, hüquqi, pedaqoji, demoqrafik və s. tədqiqatlara əsaslanır.Ailə fəlsəfə, sosiologiya, etnoqrafiya, antropologiya, psixologiya, pedaqogika və s. elm sahələrində müxtəlif aspektdən tədqiq edilir.

·        Fəlsəfədə ailəyə «cəmiyyətin hüceyrəsi, əhəmiyyətli sosial institut, özündə qarşılıqlı yardım və qarşılıqlı müdafiəni ehtiva edın sistem kimi baxılır...» ( İ.Q.Qerasimov, A.İ.Priqojin, F.Enqels);

·        Etnoqrafiyada ailə insanların birliyi kimi nəzərdən keçirilir, burada əməkdə iştirak zamanı hər kəsin obyektiv tələbatlar atmosferi yaradılır, uşaqlar bilavasitə və ya bilvasitə valideynlərin əmək fəaliyyətində iştirak edirlər (V.F.Afanasyev);

·        Antropologiyada ailə insanın bioloji, irsi və təbii təbiəti kimi nəzərdən keçirilir (V.S.Vişarenko, Q.N.Volkov, V.V.Elizarov, Y.İ.Semenov);

·        Pedaqogikada ailəyə tərbiyə institutu kimi baxılır, burada uşaq tərbiyənin obyekti və subyekti kimi valideynlər, qohumlar, yaxınlar tərəfindən daimi, məqsədyönlü və qeyri-formal nəzarət altındadır (A.Q.Asmolov, Y.K.Babanski, A.Y.Qrankin, İ.V.Qrebennikov, N.K.Krupskaya, A.S.Makarenko, V.A.Suxomlinski).

Ailə psixologiyasının nəzəri əsasını sosial psixologiya, şəxsiyyət psixologiyası, inkişaf psixologiyası, pedaqoji psixologiya, klinik psixologiya və başqa psixoloji elm sahələrində tədqiqi təşkil edir. Sosial psixologiya ailə haqqında kiçik qrup kimi təsəvvürə əsaslanaraq, ailənin rollu strukturu və liderlik məsələlərini, ailənin qrup kimi inkişaf mərhələlərini, nikah partnyorunun seçilməsi problemlərini, ailədə münaqişələr və konfliktlər, onların həll olunması üsullarını araşdırır.Yaş psixologiyasının tədqiqat fokusunu müxtəlif yaş mərhələlərində ailədə şəxsiyyətin inkişaf qanunauyğunluqları, sosializasiyanın məzmun, şərtləri və faktorları, ailədə uşağın tərbiyəsi problemləri, valideyn-övlad münasibətlərinin psixoloji xüsusiyyətləri təşkil edir.Şəxsiyyət psixologiyası ailəni şəxsi inkişafın və özünüreallaşdırmanın əsası kimi ünsiyyət və şəxsiyyətlərarası münasibətləri nəzərdən keçirir, həmçinin ailə resurslarını nəzərə alaraq insanın şəxsi inkişafının optimallaşdırılması metodlarını hazırlayır. Klinik psixologiya çərçivəsində ailədaxili münasibətlər psixi pozulma və kənara çıxma davranışlarının aradan qaldırılması kimi etiologiya, terapiya və reabilitasiya problemləri kontekstində əhəmiyyətli amil kimi baxılır.
Ailə psixologiyasının digər elm sahələri ilə qarşılıqlı əlaqəsi aşağıdakı kimidir:

Şəxsiyyət psixologiyası -Ailə sistemində şəxsiyyətin inkişafının daxili mexanizmləri

Sosial psixologiya — Ailə kiçik qrup kimi (ailənin öz üzvlərinə təsiri)

Pedaqoji psixologiya — Valideyn-övlad münasibətləri, ailədə tərbiyə üslubu

Psixodiaqnostika — Ailə-nikah,valideyn-övlad münasibətlərinin diaqnostikası

Yaş psixologiyası — Ailədə uşaq şəxsiyyətinin inkişafı

Klinik psixologiya — Ailə funksiyalarının pozulması, psixi travmanın mənbəyi kimi ailənin rolu, ailə rollarının patologiyası

Gender psixologiyası — Ailə üzvlərinin rol davranışı

Konfliktologiya — Ailə konfliktlərinin yaranması, həll edilməsi və s.

Sual 3.Ailə psixologiyası hazırda müasir psixologiya elminin müstəqil sahələrindən birinə çevrilmişdir. Sosiologiya, etnoqrafiya, yaş psixologiyası, diferensial psixologiya, şəxsiyyət psixologiyası, cinsi fərqlər psixologiyası və s. kimi elm sahələrinin qovşağında meydana gəlmiş ailə psixologiyası ailənin psixoloji cəhətdən öyrənilməsi məqsədini qarşıya qoyur.Şəxsiyyətin ailə sistemində öyrənilməsi vəzifələrini təmin etmək üçün ailə psixologiyası bir sıra spesifık tədqiqat metodlarına istinad edir. Bunların sırasında psixologiya elminin ənənəvi metodları hesab edilən müşahidə və eksperiment kimi emprik metodların müstəsna rolu vardır.Bundan başqa ailənin öyrənilməsi üçün söhbət-müsahibə, “ana gündəlikləri”, “əkizlər”, müayinə edilənlərə aid sənədlərin və onların fəaliyyət məhsullarının təhlili, bioqrafik (şəxsiyyətin həyat yolu haqqında məlumatların toplanması və onların təhlili), erkən uşaqlıq xatirələrinin təhlili, uşaqların və yaşlıların əl işləri, ailə üzvlərinin xatirələri, yazılı qeydləri və gündəlikləri başlıca metodlar hesab edilir.Ailənin psixoloji baxımdan öyrənilməsi bu və ya digər metod çərçivəsində bir sıra diaqnostik metodlara istinad edilməsini tələb edir.Bu səbəbdən və tədqiqat qarşısında duran diaqnostik vəzifələrdən asılı olaraq bir sıra standartlaşdırılmış və standartlaşdırılmamış metodikalardan istifadə edilir.Ailə problemlərinin öyrənilməsində obyektiv nəticələrin əldə edilməsi məqsədilə tətbiq olunan metod və metodikaların öyrənilən parametrlərə uyğunluğu, həmçinin nəticələrin etibarlılığı və validliyi başlıca şərt kimi qiymətləndirilir. Hər hansı metod və metodikanın tətbiqi zamanı istifadə olunan vasitələr subyektin öyrənilən parametrlərinə uyğun olmalı və aşağıdakı prinsiplərə əsaslanmalıdır:

 

·        seçilən metodikalar tədqiqat obyektinin bütün mümkün parametrlər kontekstində kompleks səviyyədə maksimal öyrənilməsinə təminat verməli;

·        aşkar edilmiş faktların diaqnostik vasitələrlə kəmiyyət-keyfiyyətcə və müqayisəli təhlili aparılmalı;

·        əldə edilən nəticələr obyektiv olmalı və tədqiqatın qarşıya qoyulmuş məqsəd və vəzifələri ilə ciddi şəkildə determinləşməlidir;

 

Tədqiqat prosesində psixodiaqnostik məqsədlə bir sıra məlum metodikalardan (psixi inkişafda geridə qalan uşaqlann ailədə şəxsiyyətlərarası münasibətləri) istifadə oluna bilər. Ümumi psixologiyada olduğu kimi, ailə psixologiyasında da ən geniş yayılmıış emprik metodlardan biri müşahidədir.Müşahidə daha qədim psixodiaqnostik metodlardan biridir. Müşahidə insanlar arasında qarşılıqlı təsirin müxtəlif aspektləri haqqında obyektiv məlumat əldə etmək üçün tətbiq olunan uzunmüddətli prosesdir. Onun nəticələri o halda qəbul edilir ki, onlar psixoloq tərəfındən dəfələrlə qeydə alına bilsin, fərdi və ya tipik hal kimi qiymətləndirilməyə əsas vermiş olsun.Müşahidənin başlıca üstünlüyü qaydaların standartlaşdırılmadan tətbiqi və sınanılan şəxsin bu metodun tətbiqinə razılğının və zərurətin olmasıdır. Müşahidə metodu vasitəsilə psixoloq ailə şəraitində adamların davranışını izləyir, müşahidə faktlarını qeydə alır, lakin onların davranışına müdaxilə etmir. Bu metodun əsas prinsipləri XX əsrin 20-ci illərində rus psixoloqu M.Y.Basov tərəfındən aşağıdakı kimi müəyyən edilmişdir:

·        müşahidə prosesi tədqiq edilən subyektin davranışının obyektiv xarici təzahürlərini maksimum izləməyə təminat verməlidir;

·        müşahidə fasiləsiz və müxtəlif situasiyalarda subyektin izlənilməsinə yönəldilməlidir;

·        müşahidə faktları məqsəddən asılı olaraq seçmə yolla qeydə alınmalıdır.

Elmi müşahidə tədqiqatın məqsədlərinə uyğun olaraq gərəkli faktların seçilməsi yolu ilə həyata keçirilməli, nəticələr yazılmalı və qeydə alınmalıdır. Pedaqoji-psixoloji müşahidə prosesində şəxsiyyətin kommunikativ-davranış, emosional-iradi, ailədə yaşlılar və kiçiklərlə qarşılıqlı münasibətlər (o cümlədən ər-arvad, bacı-qardaş, gəlin-qaynana və s.), qarşılıqlı təsirin xarakteri (xeyirxahlıq, empatiya, təşəbbüskarlıq, səmimiyyət, qayğıkeşlik, kobudluq, qorxu, zorakılıq, laqeydlik, utancaqlıq, qapalılıq, isteriklik, depressivlik, inamsızlıq, hörmət, məhəbbət və s.) öyrənilir.İnkişaf qüsurları olan ailələrdə uşaqların müşahidə metodu vasitəsilə öyrənilməsi prosesində onların emosional-iradi, onların valideynlərinin  fərdi-psixoloji xüsusiyyətləri müşahidə obyekti kimi götürülür.Şəxsi reaksiyaların müşahidəsi əsasında ailə üzvlərinin nitqinin tonallığı, səsin titrəməsi, sifət əzələlərinin dəyişməsi, jestlər və s. kimi gündəlik ünsiyyətdə daha çox əhəmiyyət kəsb edən xüsusiyyətlər şəxsiyyətin xarakter dəyişkənliyinə təsir fonunda öyrənilir.

Sorğu metodu da psixodiaqnostikada istifadə olunan əsas metodlardan biridir. Sorğu metodu psixoloqa müəyyən vasitələrdən (telefon, şəxsi söhbət, poçtla anket göndərmək və s.) istifadə etməklə ailədaxili münasibətləri daha müfəssəl öyrənmək imkanı verir. Bu metod sınanılan şəxsin ona ünvanlanan konkret suallara cavab verməsini nəzərdə tutur. Sorğu metodunun bir sıra müxtəlif variantları vardır.Şifahi sorğuo halda tətbiq olunur ki, suala cavab verməli olan adamın eyni vaxtda davranışını və suala reyaksiyasını müşahidə etmək məqsədi qarşıya qoyulmuş olsun. Şifahi sorğu yazılı sorğuya nəzərən insanın psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir, xüsusi təlim və vaxt sərfi tələb etmir. Şifahi sorğu zamanı sınanılan şəxsin suallara cavabı əhəmiyyətli dərəcədə sorğunu aparanın şəxsiyyətindən, şəxsi davranışından asılıdır.Yazılı sorğueyni vaxtda çoxsaylı adamların rəyini öyrənməyə, onları tədqiqata cəlb etməyə imkan verir. Onun ən geniş yayılmış forması anket sorğusudur. Yazılı sorğunun çatışmazlığı ondan ibarətdir ki, onun tətbiqi zamanı cavab verən şəxsin reaksiyasını irəlicədən bilmək, cavab verəcək adamın psixi vəziyyətindən asılı olaraq sualın xarakterini, məzmun və tonunu dəyişmək olmur.Sərbəst sorğuyazılı və ya şifahi sorğunun xüsusi formasıdır. Onun tətbiqi zamanı verilən sualların və onlara verilən mümkün cavabların siyahısı müəyyən hədd ilə məhdudlaşdırılmır. Bu isə tədqiqatın taktiki gedişini, verilən sualları çevik surətdə dəyişməyə və onlara qeyri-standart cavablar almağa imkan verir.

Standart sorğu sərbəst sorğuya nəzərən mümkün cavabları irəlicədən müəyyən etmək baxımından daha qənaətlidir.

Psixoloji diaqnostikada daha geniş tətbiq olunan metodlardan biri testlərdir. Onların vasitəsilə öyrənilən hadisənin dəqiq kəmiyyət və keyfiyyət xarakteristikasını əldə etmək mümkündür. Psixoloji diaqnostikanın digər metodlardan fərqli olaraq testlər standartlaşdırılmış, məlumatların yığılması, əldə edilmiş nəticələrin işlənilməsi və həmçinin şərh edilməsi baxımından böyük üstünlüklərə malikdir.Test-sorğu elə diaqnostik metoddur ki, onun köməyi ilə irəlicədən seçilmiş, yoxlanılmış etibarlı suallar vasitəsilə sınanılan şəxsin müəyyən psixoloji keyfıyyətini müəyyənləşdirmək mümkündür.Test-tapşırıq test sorğudan ona görə fərqlənir ki, o, sınanılan şəxsin davranışı və psixologiyasını onun nə söyləməsinə görə deyil, nə etməsinə görə qiymətləndirməyə əsas verir.Bu tipli testlərdə xüsusi tapşırıqlar sistemi olur, onların yerinə yetirilməsi nəticələrinə görə sınanılan şəxsdə öyrənilən keyfıyyətin səviyyəsi haqqında qiymətləndirici mühakimə irəli sürülür.Söhbət metodu ailə psixologiyasında üstün əhəmiyyət verilən və ən geniş istinad edilən köməkçi metodlardan biridir. Bu metod vasitəsilə ünsiyyətdə olan psixoloq ailə üzvləri ilə xüsusi tərtib edilmiş proqram əsasında şəxsi ünsiyyət prosesində onların psixi vəziyyəti, ailədəki mövqeyi, həyat idealları, sosial yönəlişlikləri, dəyərlər sistemi, ailədaxili münasibətlər və s. haqqında faktlar əldə edir.Bir elmi metod kimi söhbətin məxsusi xüsusiyyəti ondan ibarətdir ki, bu metod əsasında psixoloq ailə subyekti olan hər bir şəxslə canlı ünsiyyətdə olmaq imkanına malik olur, söhbət zamanı eyni məqsədə yönəlmiş şəkilcə dəyişmiş müxtəlif üsullardan istifadə edə bilir. Suallar birbaşa və ya dolayı şəkildə verilə bilər.Son dövrlərdə valideynlərin və digər ailə üzvlərinin problemlərinin öyrənilməsində şəxsiyyət sorğuları metodundan istifadə geniş yayılmışdır. Şəxsiyyət sorğuları şəxsiyyətin baza əlamətlərini, fərdin psixi xassələrini səciyyələndirən geniş spektri əhatə edir.Konkret situasiyaların təhlili metodu ailənin hərtərəfli tədqiqini nəzərdə tutur. Bu metodun tətbiqi zamanı müxtəlif testlərdən, tərcümeyi-halın öyrənilməsindən və s. kimi yardımçı metodlardan istifadə olunur. Psixi xüsusiyyətlərin aşkar edilməsi şəxsiyyətin təlabatlarını, motiv və məqsədlərini, bunların əsasında isə onun istiqamətini müəyyən etməyə imkan yaradır. Onların vasitəsilə şəxsiyyətin temperament tipi, xarakter əlamətləri və qabiliyyətlərinin inkişaf səviyyəsini müəyyən etmək imkanı əldə edilir.Şəxsiyyət sorğularına L.T.Burlaçuk və S. M.Morozovun tərtib etdikləri “şəxsiyyət əlamətləri sorğusu”nu, tipoloji sorğuları, motivlər sorğusunu, maraq və məqsədlər sorğusunu, dəyərlər sorğusunu, ustanovkalar sorğusunu misal göstərmək olar. Aİlənin və ailədaxili şəxsiyyətlərarası münasibətlərin öyrənilməsində geniş yayılmış qrafik proyektiv metodikalara “Ailə rəsmi” (V.Vulf və b), “Ev-ağac-adam” (C.Buk), “Ağac testi” (K.Kox), “Avtoportret” (R.Bems) və bir çox digərlərini misal göstərmək olar.Ailədə ər-arvad cütlüyü arasında münasibətlərin öyrənilməsində rus psixoloqu A.N.Volkovanın tərtib etdiyi “Rol gözləmələri və nikahda iddia” adlanan diaqnostik sorğudan da geniş istifadə olunur.Bu sorğu ailə cütlüklərinin valideyn kimi vəzifələri haqqında təsəvvürlərini, cinsi münasibətləri, hər bir şəxsin peşə maraqlarını, məişət- təsərrüfat vəzifələrini dərketmə, ailədə mənəvi və emosional dəstəyin səviyyəsini və cütlüyün hər birinin öz zahiri cəlbediciliyi barədə rəylərini qiymətləndirmək imkanı verir. Ər-arvad cütlüyündən hər bir-inə dörd qrupda cəmlənmiş 36 şəkil dəsti verilir və onlardan bu şəkillərdən hansılardakı situasiyalarla razılaşdıqlarını və ya “tam razıyam”, “ümumiyyətlə bu doğru deyil”, “bu heç də belə deyil” və “bu doğru deyil” olmaqla dörd variantdan biri ilə qiymətləndirmək təklif olunur.Nəticələrin təhlili psixoloqa ailədə konfliktlərin səviyyəsini və səbəblərini müəyyənləşdirmək üçün əsas verir.Ailə psixologiyası sahəsində xidmət göstərən praktik psixoloqun işində başlıca sahələrdən birini ailələrlə (ər-arvad, valideynlər və uşaqlarla) iş təşkil edir. Bu sahədə fəaliyyətin əsas məqsədi öyrənilən ailə haqqında tam və obyektiv məlumatın əldə edilməsidir. Bu məqsədlə ailədə şəxsİyyətlərarası münasibətlərin diaqnostikasında geniş istifadə olunan obrazlı metodikalar Rene Jilyanın “Ailə uşağın gözü ilə” və ABŞ psixoloqları E.S.Şeffer və P.K.Bellin “Ailə həyatı ananın gözü ilə” PARİ (perental altitude rasearch instrument) metodikalarıdır. Bunlardan başqa ailənin öyrənilməsində müxtəlif modifikasiyah ailə testlərindən “Nikahın stabilIiyi”,“Nikahın uğurluluğu”,“Siz qısqancsınızmı?”, “Məhəbbəti qoruyub saxlamağı bacarırsınızmı?”, “Evə qayğı”, “Ailənin böyüyü” və s. kimi müxtəlif ailə testlərindən istifadə etmək mümkündür.Müasir ailə psixologiyasında görkəmli psixoterapevtlər E.Y.Eydemiller və V.Yustiskis tərəfındən klassik kliniki sorğular əsasında tərtib edilmiş, tibbi psixologiya və psixoterapiyada geniş yayılmış müxtəlif şəxsiyyət tiplərinə aid sorğulardan və xarakteroloji tiplərə aid sözlü portretlərdən (melanxolik, gipertim, tsikloid, emosional-labil, nevrastenik, senzitiv, psixoastenik, şizoid, paranoid, epileptoid, isterik, davamsız, komform) geniş istifadə edilir.

Ailə psixologiyası və psixoterapiyasında şöhrət qazanmış ən məşhur testlərdən biri də M.Lyuşerin “Rənglər testi”dir. Bu test belə bir müddəaya əsaslanır ki, insan münasibətlərinin qeyri-verbal komponentlərinin xarakteristikası öz-özlüyündə insanın özü və əhəmiyyətli başqa şəxs üçün rəng assosiasiyalarında əks olunur. Rəngli testlər sırasında ən çox istifadə olunan dörd əsas (qırmızı, göy, yaşıl, sarı) və dörd əlavə (bənövşəyi, şabalıdı, boz və qara) rənglər daxildir. Bu test stressin diaqnostikasında köməkçi vasitə hesab edilir. Belə ki, həyəcanlılığın göstəriciləri (A) və onu kom- pensasiya etmək imkanları © stressin göstəricisi kimi qiymətləndirilir.Ailədaxili münasibətlərin və valideynlərin tərbiyəçi mövqeyinin öyrənilməsində “Ailə sosioqrammı” testi uğurlu diaqnostik alət hesab edilir. E.Y.Eydemiller tərəfindən təklif edilmiş bu test “proyektiv rəsmetmə testi” kimi də tanınır.“Ailə sosioqrammı” testi subyektin ailədə şəxsiyyətlərarası münasibətlər sistemində vəziyyətini aşkara çıxarmağa və ailədə ünsiyyətin strukturu və xarakterini müəyyənləşdirməyə imkan verir. Valideynlərə 110 mm ölçüdə dairə çəkilmiş vərəq paylanır və burada özünü və ailə üzvlərini dairə şəklində çəkmək barədə təlimat verilir. Nəticələrin qiymətləndirilməsi dairə içərisində çəkilmiş ailə üzvlərinin sayı, dairələrin ölçüləri, dairələrin bir-birinə yaxın və ya uzaqda yerləşməsi, onların arasında məsafə kimi meyarlar nəzərə alınmaqla apanlır.Birinci meyar əsasında nəticələri qiymətləndirən psixoloq real ailə üzvlərinin sayı ilə sınanılan şəxsin çəkdiyi dairələrin sayını müqayisə edir. Ailə üzvü olan sınanılan şəxslə konfliktli vəziyyətdə olan ailə üvzü onu dairədən kənarda çəkə bilər.Dairələrin böyüklüyü sınanılan şəxsin nəzərində ailə üzvünün əhəmiyyətlilik dərəcəsini əks etdirir. Dairələrin bir-birindən uzaqda və ya yaxında yerləşməsi və onlar arasındakı məsafə ailə üzvləri arasındakı münasibətlərin xarakterini əks etdirir.Statistik metodlar ailə psixologiyası sahəsində tədqiqatlarda önəmli əhəmiyyətə malikdir. Bu metodlar psixoloqa ailədaxili münasibətlərdə baş verən dəyişmələrə səbəb olan amilləri müəyyən etməyə, müxtəlif amillər arasında səbəb-nəticə asılılıqlarını aşkara çıxarmağa imkan verir.

Ədəbiyyat siyahısı

1.      Ə.Əlizadə, A.N.Abbasov. Ailə. Bakı, 1989.

2.      N.Çələbiyev. Ailə psixologiyası. Bakı, 2015.

3.      Андреева  Т. В. Семейная психология. Москва, 2004.

4.      В.Н.Дружинин. Психология семьи. Москва, 2006.

5.      В.М.Целуйко. Психология современной семьи. Москва 2006

6.     William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent. Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

 

0 şərh