Ailədə şəxsiyyətlərarası ünsiyyətin aspektləri

Plan:

1.Şəxsiyyətlərarası ünsiyyətin psixoloji mahiyyəti

2.Ailədaxili ünsiyyətin xarakteristikası və özünəməxsusluğu

3.Ailədə intim şəxsi münasibətlər ünsiyyətin tipi kimi

4.Ailədə tənhalıq problemi. Mənəvi ünsiyyət anlayışı

5.Verbal və qeyri-verbal kommunikasiya

6.Ailədaxili münasibətlərdə interaksiyanın əhəmiyyəti

7.Ailədaxili münasibətlərdə sosial persepsiyanın əhəmiyyəti

8.Ailədə şəxsiyyətlərarası münasibətlərdə attraksiya

9.Ailədaxili münasibətlərin tənzimlənməsində treninqlərin keçirilməsi

Sual 1.   Ünsiyyət dedikdə, biz nitq və nitqdən kənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə deyilir. Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir edir və onları daha da mütəhərrik edir. O, eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur.

Sual 2. L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O göstərirdi ki, uşağın xarici aləmi hətta ən sadə münasibəti də başqa adama münasibəti vasitəsilə əks olunur. Körpənin hər bir tə ləbatı, inkişafı prosesində tədricən onun üçün başqa adama, insanla təmasa, onunla ünsiyyət tələbatına çevrilir. Ünsiyyət tələbatı sonrakı yaş dövrlərində də uşaq şəxsiyyətinin inkişafında mühüm rol oynayır. Yeniyetmə ictimai-əxlaqi münasibət normalarını ünsiyyət prosesində mənimsəyir, yaşlılıq hissi və meyillərinin reallaşmasında da ünsiyyət sahəsi mühüm rol oynayır.

Sual 3. Ailədaxili ünsiyyətdə vacib amillərdən biri təkcə valideynlər arasındakı münasibət deyil, eyni zamanda valideyn-övlad arasında və  uşaq-uşaq arasındakı münasibətlərdir.

Ailənin psixoloji iqlimi məhz bu üç sistem üzərində qurulur (əlbəttə onlar mövcuddursa). Bu zaman ünsiyyət defisitinin kompensiyasının psixoloji mexanizmi yaranır. Ailənin uşağa münasibəti, uşağın ailəyə münasibəti və ayrı-ayrı ailə üzvlərinə münasibət çox vacibdir. Ailə kifayət qədər möhkəm olub, ierarxik quruluşa malik bir institutdur.  Biz istəyirik ki, ailədə özümüzü təhlükəsiz hiss edək, lakin doğmalarımız da bizi mütəəssir etməməlidir. Heç bir sevinc ailədəki effektiv ünsiyət qədər gözəl ola bilməz. Çünki ər-arvadın xoş ünsiyyəti, bir-birinə qaynayıb qarışması obrazlı desək, ailə həyatının psixoloji açarıdır.   Ailədaxili  ünsiyətdə olan qədər sevinc heç bir ünsiyyətdə ola bilməz. Biz ailədə qlobal məsələlərdən tutmuş gündəlik ailə problemlərinə qədər hər şeydən danışa bilərik. Məlumdur ki danışıqlar ünsiyyəti effektli və gözəl edərək insanı depressiyadan uzaqlaşmasına kömək edir.   Ailənin danışıq stilinin başa düşülməsi ailə üzvlərinin ünsiyyətində ümumi dil tapmağa imkan verir ki, bu da ailədə  əsas rol oynayan şəxsi münasibətlərin möhkəmləndirilməsinə və bütün qarşıya çıxan problemləri sağlam müzakirə etməyə imkan verir. Ailənin bir üzvünün arzusu və təlabatı başqa bir üzvünə təsir edir və bu da azadlığın azalmasına və asılılığa gətirib çıxara bilər. Ailədaxili ünsiyyət uzunmüddətli proses olub, çoxluqla çatışmazlıqların arasında balansın axtarılmasıdır.   Bəzi vaxtlar biz danışarkən nəyinsə aydınlaşmamış qaldığını düşünürük. Eyni zamanda biz bəzən həddindən çox danışırıq. Çatışmazlıqlar və çoxdanışmaq ailə münasibətlərinin mürəkkəbləşdirir.   Başqa adamın bizim misalımızda xanımın və ya bəyin hisləri ilə yaşamaq, ailə üçün əhəmiyyətli olan konkret situasiyalarda onun affektiv reaksiyalarını razılıq və ya narazılıqlarını, necə deyərlər, məqamında görmək – emosional empatiyanın başlıca paradoksları belədir.Ailə münasibətlərində  münasibətlərdə qığılcım kimi işıldayan və onların emosional aləminin formalaşmasında çox vaxt həlledici rol oynayan möcüzəli simpatiya(M.Lüşer) prosedurları bu nöqtələrdə əmləə gəlməyə başlayır.

Sual 4. Ailədə tənhalıq problemi. Istirahət günü nevrozu.

Ailədə tənhalıq halətini keçirən ailə üzvü ən çox darıxma, pis əhval-ruhiyyə, boşluq, hər şeyə maraqsızlıq kimi hisslər keçirirlər. Ailədə tənhalıq hissini yaradan əsas səbəblər:

  • Sevgi-məhəbətin olmaması
  • Başa düşülməmək
  • Diqqətsizlik
  • Laqeyd münasibət
  • Təcrid olunma, ümidlərin boşa çıxması
  • Yaxınlarından ayrı düşmək

Tənhalıq ağır emosional yaşantıdır. Dərindən tənhalıq hissi keçirdən insan çox dözülməz hisslər yaşayır. Tənhalıqla aşağı özünüqiymətləndirmə arasında asılılıq olduğu aşkara çıxarılmışdır.Stress və depressiya tənhalığı yaradan amillərdən sayılır. Nigahda yaranan tənhalıq daha da kəskin formada özünü göstərir. Çünki hər bir insan nigaha böyük ümidlər bəsləyir və bu ümidlərin boşa çıxması insanda daha kəskin tənhalıq hissi yaradır.Tənhalığın iki növünü — fiziki və psixoloji tənhalığı fərqləndirirlər. Tənhalığın ən ağır forması psixoloji tənhalıqdır, yəni insanın insanlar mühitində, əhatəsində olmasına baxmayaraq tək, kimsəsiz qalması, özünə həmrəy, həmfikir, həmsöhbət tapa bilməməsi, kimsənin onunla ünsiyyətə girmək istəməməsi psixoloji tənhalıq kimi nəzərdən keçirilməlidir.Məsələn, insanın kollektivdə olması onun hələ başqa insanla ünsiyyətdə olması demək deyil. Kollektivdə şəxsiyyət öz tənhalığından can qurtara bilmir. Kollektivdə insanın tənhalığı aradan götürülmür, yalnız müəyyən mənada doldurulur, tənhalıq haqqında biliklər sıxışdırılır. C.İ.Yanq tənhalığın üç tipini fərqləndirməyi lazım bilir: xroniki, situativ və keçici tənhalıq.

Xroniki tənhalıqinsanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir.

Situativ tənhalıqinsanın artıq bərqərar olmuş sosial ünsiyyət modelinin dağılmasının nəticəsidir.

Keçici tənhalıqisə vaxtaşırı əksəriyyət insanlarda təsadüfi özünü göstərən ötəri bir haldır.

Ünsiyyətin kommunikativ tərəfi dar mənada kommunikasiya,  ünsiyyətdə olan ayrı — ayrı  adamlar arasında informasiya  mübadiləsindən ibarətdir

Ünsiyyətin interaktiv tərəfi  qarşılıqlı təsir təsir edəndən, təsirə məruz qalandan, təsiri təmin edən vasitələrdən,  təsirin nəticəsindən ibarətdir.

Ünsiyyətin perseptiv tərəfi   ünsiyyət prosesində fərdlərin  bir – birini qavraması və anlaması  prosesi kimi özünü göstərir.

Sual 5.Ünsiyyət informasiya mübadiləsi kimi dedikdə, informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator – informasiyanı verən, ikincisi resipient – informasiyanı qəbul edən. Ailə üzvləri ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Ailə üzvləri ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirməq olar: verbal və qeyri-verbal kommunikasiya.

Verbal kommunikasiya.Verbal kommunikasiyanın vasitəsi nitqdir. Ünsiyyət prosesində nitq mühüm rol oynayır.Insan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə əldə edir. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. I.P.Pavlovun sözləri ilə desək «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. İnsanın ən gərgin anında ailə üzvləri tərəfindən deyilən bircə kəlmə xoş söz belə onda ruh yüksəkliyi yaradır, müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin, formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düz­gün qiymət verməkdir. Ünsiyyət həm də qeyri-verbal vasitələrlə həyata keçirilir. Ər-arvad ünsiyyətinin mimika parametrləri necə də önəmlidir. Onlar şirin söhbət edirdilər. Hamının bu şirin söhbətlərdə heyran qoysalar da, heç kim onların dilini başa düşmür ki, düşmür. Uşaqlar da bu söz-söhbətləri açıqlaya bilmirlər. Bu dilin, bəlkə də, bənzərsiz heroqlifləri-mimika heroqlifləri var. Bu, ər-arvad düsturun şəxsi lüğətidir. Ancaq iki adamın teatrında səslənən, iki, üç, dörd, hətta beşmənalı sözlərlə rövnəqlənir, özünəməxsus məcazlarla qaynaqlanmır. Bu dili heç kəs bilmir. Onun əlifbası olmasa da, hislər aləmindən qaynaqlanmış emosional dili var. Onun dalğalarında qeydsiz-şərtsiz cinsi meyil bu və ya digər səviyyədə bərq vursa da, emosiyaların dilinin məhz mixi yazıları kimi sirli olan bənzərsiz seksual heroqlifləri-mimika heroqlifləri var.

Qadın mimikasının etnopsixoloji boyaları.Mimika-sifətin obrazlı dilidir. Bu dilin palitrası çoxrənglidir. Palitranın açar boyaları isə qaşlar, gözlər və dodaqlardır. Qadının əhvalını, affekt, stress hallarını da bu boyalar müxtəlif yönlərdən təsvir edir. Etnopsixoloji müşahidələrdə qadınların mimikaları (qadınlar utananda gözlərini gizlədir)bildirilir. Qadın mimikasında bənzərsiz kardioloji effektlər diqqəti cəlb edir. Lakin qadın mimikasının kardioqramında onun emosional aləminin sirlərini oxumaq çətindir. Qadın mimikasının effektlərində onun bütün həyat sirləri gizlənir. Lakin onlar partnyorlarının mimikasını həssaslıqla oxuyurlar. Kişilərsə əksinə. Qadın bu mimikalarla özü haqqında təəssürat yaradır. Deməli, qadın mimikası təkcə qeyri-verbal ünsiyyət deyil, önəmli qadın şəxsiyyəti problemidir.Qadın sifətinin psixoloji palitrası.
Sifət əsas ünsiyyət vasitəsi kimi qeyri-verbal kommunikasiyanın fizioqnomik kanalı hesab olunur və qadının da ekspressiv davranışında həlledici rol oynayır. Psixoloji həqiqətlərə görə(A.A.Krılov,M.,1998) qadının başqa adamlarla ünsiyyət prosedurları məhz onun sifətilə tənzimlənir. İnsan sifətin mimika palitrası var. Mimika bilavasitə situativ məqamlarda şərtlənir,qadının sifətinin təkrarolunmaz fərdi xüsusiyyətlərini rövnəqləndirir.Qadın gözləri psixoloji effektlərdən başlıca olanıdır. Qadının məhəbbət aləmini də gözlərilə müəyyən etmək olar. Gözlərin tilsimli sehri baxışlardadır. Baxışların lüğəti emosional lüğətdir. Psixolinqvistikanın ənənəvi modelində dil və təfəkkürün psixosemantikasına önəm verilir. Dil və emosiyaların psixosemantikası probleminə isə hələ ki əhəmiyyət verilməyib. Qadın dodaqları zərif, emosional, ifadəlidir.

Qadın mimikası; etüdvari düşüncələr. Bəzən qadınlar özlərinin bəzi baxışlarını və s. gizlədəndə maskalanırlar. Başqa sözlə desək önəmli psixoloji maska taxırlar. Qız uşaqlar bəzi işləri maska effekti ilə gizlədir. Naz-qəmzə paradoksları-qadınlar üçün səciyyəvi olan bu paradokslar qadın psixologiyasında da bədənin ifadəli hərəkətlərinin güzəran psixologiyasında hələ təsnif olunmamış dili kimi mənalandırılır.  Problemi bu konteksdə araşdıranda pantomimika məsəlləri-bədənin ifadəli hərəkətləri diqqqəti cəlb edir. Qadın davranışının hər bir məqamı özünəməxsus ifadəli hərəkətlərlə seçilir. Qadın naz-qəmzəsi bu konteksdə xüsusilə vəsf olunur.

Sual 6.Ünsiyyət prosesində insanlar arasında baş verən qarşılıqlı təsir (interaksiya) – təsir edəndən, təsirə məruz qalandan, təsiri təmin edən vasitələrdən, təsi­rin insan davranışında əmələ gətirdiyi dəyişiklikdən, daha doğrusu, təsirin nəticəsindən ibarətdir.

Qarşılıqlı təsir prosesində söz, hiss və hərəkət özünəməxsus şəkildə birləşir. Bu zaman ünsiyyət birgə fəaliyyətin təşkilinə xidmət edir. Təsadüfi deyildir ki, ünsiyyət tələbatı, insanların bir-birinə söz demək tələbatı elə əmək prosesinin özündə əmələ gəlmişdir. Ailədə qarşılıqlı təsir nəticəsində insanlar bir-birlərini mənəvi aləmlərinə, ideyalarına, zövqlərinə, mənəvi aləmlərinə, intellektual sferasına, həyata baxışlarına, dünyagörüşünə müsbət və ya mənfi təsir göstərəbilərlər.

Sual 7.Ünsiyyət insanların bir-birini qavramasından başlayır. Qavrayışın bu növü psixologiyada sosial persepsiya (latınca sosialis – ictimai, perseptio – qavrayış deməkdir) adlanır. Sosial persepsiya termini psixologiyada 40-cı illərin ortalarından etibarən işlənməyə başlanılmışdır. Ailə üzvlərinin bir birini anlaması və başa düşməsində empatiyanın xüsusi əhəmiyyəti vardır. Empatiya konsepsiyasının açar sözləri belədir: başqasının hislərinə, necə deyərlər, nüfuz etmək, öz hislərini onunla bölüşmək...Empatiya ər-arvad münasibətlərinin, bəlkə də, ana xəttidir.  Müasir psixologiyada bu xəttin münasibətlər triadası-K.Rocers triadası məlumdur: empatiya+səmimilik+pozitiv+diqqət. Diqqətin ölməsi ilə ailədə empatiya piramidası da öz-özünə dağılır. Empatiya konsepsiyasının fəlsəfi ənənələrə söykənən mini tarixi (E.Tutçener, E.Klifford, T.Lipps və b.) var. Bu konsepsiyalarda empatiyanın kökləri simpatiya dalğalarında axtarılır, onun emosional parametrləri isə bilavasitə koqnitiv və prediaktiv məqamlarla açıqlanır.

Empatiya konsepsiyasının bəzi postulatları diqqəti xüsusilə cəlb edir. 1.Qadın ailə məkanında həyat yoldaşının hisləri ilə yaşayır, onun reaksiyalarını, vaxtında sezib neytrallaşdırır.

2.Empatiya dalğalarında qadın özünü həyat yoldaşı ilə, bəlkə də, eyniləşdirir, özünün emosional halətlərini onun hisləri ilə əlaqələndirir.

  1. Qadın dünyaya həyat yoldaşının gözüylə baxanda, özünü artıq əsl qadın kimi və şübhəsiz ki, həm də ana kimi dərk edir...

Bu nöqtələrdə qadın psixologiyasının öz-özünə nidalı sualları    səslənir.

-Görəsən, qadın həyat yoldaşına emosional halətlərini, onun gözləmələrini və ailə güzəranı həssaslıqla dəyərləndirə bilirmi. Onun emosiya və hislərinin, əgər belə demək mümkündursə, kordiologiyasının oxuya bilir.

-Onun hisləri ilə yaşayır, yoxsa yaşamır?

-Özünü simpatiya aurası ilə həyat yoldaşına sevdirə bilirmi?...

Ailədə ər-arvad münasibətlərinin ana xətti, bəlkə də, bu nöqtələrdə aktuallaşır. Qadın sevəndə, lakin özünü sevdirə bilməyəndə ailədə psixoloji fəsadlar başlayır.  Ailə psixologiyasında bu suallar suallar həmişə səslənib. A.Maslounun sözlərini xatırlayır. Qadın özünü sevdirmək istəsə də, sevdirə bilmir-nidalı sualı nidalı cavabı belədir.   Gender psixologiyasında bu problemin önəmli şərhi var. Aysenberqin və onun əməkdaşlarının tədqiqatlarına əsaslansaq, bir önəmli konnotasiyanı xüsusilə ayırd edə bilərik: empatiya prosedurlarınin yaş koordinatları var: yaş artdıqca qadının münasibətlərində də empatiya effektləri artır.

Müasir psixologiyada sosial persepsiya prosesi aşağıdakı istiqamətlərdə tədqiq olunur:

  • qrup üzvlərinin bir-birini qavraması;
  • qrup üzvlərinin başqa qrup üzvlərini qavraması;
  • insanın özünü qavraması;
  • insanın öz qrupunu qavraması;
  • insanın “başqa” qrupu qavraması;
  • qrupun öz üzvünü qavraması;
  • qrupun başqa qrupun üzvünü qavraması;
  • qrupun başqa qrupu (və ya qrupları) qavraması.

Sual 8.Attraksiya (latınca attrahere – cəlb etmək) başqa insana münasibətdə emo-sional komponentin, başqa sözlə, affektiv qiymətləndirmənin üstünlük təşkil etdiyi sosial yönəlişliyin xüsusi növüdür. İnsanlar bir-birini sadəcə olaraq qavramırlar, həm də bu prosesdə onlarda bir-birinə qarşı müəyyən münasibət formalaşır.Bir-birini qiymətləndirmə nəticəsində insanda başqasına qarşı ya müsbət, ya mənfi hisslər yaranır. Bu zəmində də özünəməxsus münasibət yaranır. Sosial psixologiyada bu cəlb etmək baxımından təhlil olunur. Attraksiya fenomenini tədqiq edən alimlər anlayışın psixoloji mahiyyətinə aydınlıq gətirmək üçün onun daxili və xarici amillərinə xüsusi diqqət yetirirlər. Attraksiyanın xarici amillərindən biri kimi affilyasiyaya təlabat hesab olunur. Hər bir insanda başqaları ilə qarşılıqlı münasibət qurmaq və onu saxlamağa tələbat vardır. Belə ki,insanlarda xoşa gəlmək arzusu, başqalarının diqqətini cəlb etmək istəyi, müsahibini maraqlandırmağa meyil var. Görünür bu təlabatın ifadə dərəcəsi hər bir insanda şəxsiyyətlərarası davranışının tipini özündə əks etdirir. Əgər insanda affilyasiyaya tələbat zəifdirsə onda bu insan ünsiyyətə girməyə me­yil­li deyil və tədricən insanlardan uzaqlaşır. Bu təlabatı üstün olan insanlar digər insanlarla ünsiyyətdə olmağa daha çox çalışırlar. Ünsiyyətin konkret situasiyasında emosional əhvalı ətrafdakı insanlara yaxşı təsir göstərdikdə attraksiyanın xarici faktoru kimi o vaxt baxılır. Bu istiqamətdə aparılan tədqiqatlar təsdiq edir ki, o insanlar ki, müsbət emosional əhvalda olurlar, onlar ətrafdakı insanlarda da da müsbət emosional hal yaradırlar. İnsanlarda olan neqativ enerji ya başqa adamlara təsir etmir, ya da həmin neqativ əhvali–ruhiyyə o adamlara keçir. Belə olan halda biz başqalarına da o cür münasibət bəsləyirik və bizə elə gəlir ki, onlar da bizə elə münasibət bəsləyirlər. Bu bizim emosional vəziyyətimizin bir hissəsidir və müxtəlif faktorlarla, o cümlədən xarici mühitdə baş verən amillərlə bir başa əlaqədardır. Attraksiyanın xarici faktorlarından biri də məkan yaxınlığı sayılır. Təbiidir ki, in-sanlar bir-birilərinə məkanca nə qədər çox yaxın olsalar, qarşılıqlı cəzb etmə bir o qədər çox olur. Məkan yaxınlığı şəxsiyyətlərarası əlaqənin yaranmasında mühüm rol oynayır. Hələ uşaqlıq vaxtından onun formalaşmasına hər şeydən əvvəl onun yaxın dostları və həmyaşıdları, bir evdə və ya bir binada yaşayanlar, həmçinin bir sinifdə oxuyanların təsiri olur. Adətən insanlar özlərinə ailə həyatı qurarkən ya bir — birinə yaxın olan ya da bir yerdə oxuduğu və işlədiyi insanları seçirlər.Məkan yaxınlığı insanların münasibətlərinin davam etməsinə təsir edir. Insanlar məkanca bir – birindən uzaqlaşdıqca onların bir – birinə qayğı göstərmələri, məhəbbətləri və çox böyük olan dostluq münasibətləri ya azalır, ya da sona çatır. Atalar sözlərində deyildiyi kimi “İnsanlar bir-birini nə qədər az görsələr, bir o qədər bir-birinə yadlaşırlar”.Hər şeydən əvvəl bir sıra tədqiqatçılar məkan yaxınlığını şəxsiyyətlərası attraksiyanın faktoru olduğunu ona görə qeyd edirlər  ki, onlar bir sosial iqtisadi mühitdə və eyni sosial infrastukturdan istifadə edirlər. Nəticədə onlar eyni məsələ və problemləri həll edir, bu da onların sosial əlaqələrini yaradır və ola bilər ki, həm də bir – birlərinə kömək edirlər. Qeyd edilənlərdən sonra onların arasında şəxsi yaxınlıq yaranır. Fiziki cazibədarliq attraksiyanın daxili faktorlarından biridir. Gözəl insanlar bizim xoşumuza gəlirlər. İnsanlar seçim edərkən özünə inamı olanlar daha qəşəng partnyor, özünə inamı olmayanlar isə ya orta, ya da aşağı səviyyədə olanları seçirlər.Tanışlığın ilk mərhələsində bu prosesə fiziki cazibədarlıq yüksək səviyyədə təsir etsə də, bəzən münasibətlərin uzun ömürlü olmasını təmin etmir.Bəzən insanlar bir — birlərinin şəxsi keyfiyyətlərini öyrəndikcə bu onların münasibətlərinin aşağı enməsinə də səbəb ola bilər. Attraksiyanın daxili faktorlarından biri də ünsiyyətdə nümayişkaranə stildir. İnsanlarla ünsiyyətdə kimsə bizə başqalarına nisbətən daha çox xoş gələ bilər. Ünsiyyətdə mehriban, ürəyiaçıq, incə, ünsiyyətcil, iradəli insanlar bizə daha çox xoş gəlirlər.

Sual 9.Ailədə kommunikativ maneələri necə aradan qaldırmaq olar? Ailədə kommnikativ maneələri aradan qaldırmaq   ve şəxsiyyətlərarası münasibətləri tənzimləmək üçün sosial-psixoloji treninqlərdən istifadə edilir. Ailədə müəyyən ünsiyyət çətinlikləri yaranarkən sosial-psixoloji treninqlərdən istifadə edilir.Bəzən ailə üzvləri situasiyanı eyni şəkildə başa düşmür, anlayışları müxtəlif mənalarda işlədir, hadisələrə fərqli aspektdən yanaşırlar. Şüphəsiz ki, belə maneələr olduqda da kommunikasiya prosesi həyata keçir. Lakin bir cəhət aydındır ki, əksər hallarda belə kommunikativ maneələr olduqda ailədə ünsiyyət şəraitini xeyli mürəkkəbləşdirir.Ər arvad konfliktlərinin aradan qaldırılması valideynlərlə uşaqlar arasında münasibətlərin yaxşılaşdırılması, çətin yeniyetmələrin tərbiyəsi və s. sahələrdə də sosial psixoloji treninq geniş tətbiq olunur.Müasir dövrdə ünsiyyət aşılamağın təsirli vasitəsi kimi sosial – psixoloji treninqdən istifadə olunur.

Treninq – ingiliscə trainin – öyrənmək, hazırlamaq, məşq etmək deməkdir. Sosial – psixoloji terninq ideyasını ilk dəfə 1936-cı ildə  Kurt Levin irəli sürüb. Praktik şəkildə ilk dəfə 1947 ci ildə K.Rocers tərəfindən tətbiq edilib.

Ədəbiyyat siyahısı

  1. Həmzəyev S.Əmiraslanova-Ünsiyyətin psixologiyası.Bakı-2007
  2. Əlizadə Ə.Ə.,Abbasov A.N.-Ailə Bakı-1989
  3. Əlizadə Ə.Ə.-Qadın Psixologiyası Bakı-2015.
  4. Əlizadə Ə.Ə.-Məhəbbət Aləmi Bakı-1995
  5. Некрасова А.Н. Проявление культуры межнационального общения в семье и межнациональные браки. — М.: Владос, 2000.
  6. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

0 şərh