Ailə tərbiyəsinin psixoloji xüsusiyyətləri, ailədə valideyn-övlad münasibətlərinin psixologiyası

Mühazirə 12. Ailə tərbiyəsinin psixoloji xüsusiyyətləri, ailədə valideyn-övlad münasibətlərinin psixologiyası
Plan:

  1. Tərbiyə haqqında anlayış. Ailədə tərbiyəedici funksiyanın mahiyyəti
  2. Uşaq şəxsiyyətinin formalaşmasında ailə tərbiyəsinin rolu
  1. Valideyn-övlad arasında emosional münasibət
  2. Uşağın tərbiyəsində mühafizəkarlığın səviyyəsi
  3. Nənə və babaların ailədə uşaqların tərbiyəsində rolu

Sual 1. Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərəailə münasibətləri- ata ilə ana valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluş ikinci tip amillər sırasına daxil edilir.İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz.

Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur.

Tərbiyə sözü adətən iki – dar və geniş mənada işlənilir. Dar mənada tərbiyə — tərbiyə edənin tərbiyə olunana məqsədyönlü təsiri prosesidir.Tərbiyə edən həmişə müəyyən məqsəddən çıxış edir; o, tərbiyə olunana ictimai təcrübəni aşılamaq, onda yaxşı və pis haqqında təsəvvür yaradaraq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar norması ilə tanış etmək, mənəvi keyfiyyətlər aşılamaq və s. məqsədilə müxtəlif üsulların köməyilə təsir göstərir.

Sual 2.Uşaq şəxsiyyətinin formalaşmasında ailə tərbiyəsinin roluəvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir. Biz yaxşı və pis uşaqlar haqqında danışırıq. Onların hər ikisinin atası da var, anası da. Lakin valideynlərin öz-özlüyündə xeyirxah arzularından asılı olmayaraq, bir evdə yaxşı, digərində isə pis uşaq böyümüşdür.Son illər valideynlərin ailə tərbiyəsi haqqında fikirlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alimlər müəyyən etmişlər ki, ata – anaların bir çoxunun ailə tərbiyəsi haqqındakı bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır. Belə valideynlər ailə tərbiyəsinin ən sadə məsələlərini belə yoluna qoymaqda çətinlik çəkirlər. Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraq artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə gənc ailələrdə uşaqların tərbiyəsi sahəsində biz ciddi nöqsanlara rast gəlirik. Onlar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır. Bu haqda aydın təsəvvür əldə etmək üçün bəzi məsələləri xüsusilə göstərmək gərəkdir.Uşağın gələcək kişi və qadın kimi formalaşmasının əsasları da ailədə qoyulur.Qızlar qadınlıq etalonlarını, hər şeydən əvvəl, ana ilə dialoq şəraitində mənimsəyirlər.Oğlan uşaqlarına isə kişiyə məxsus xarakter əlamətləri, xüsusilə iradi keyfiyyətlər aşılanır. Onlarda təmkinlilik, dözümlülük, mərdlik və s. keyfiyyətlər tərbiyə olunur. Atanın bir kişi, ananın isə qadın kimi nümunəsi uşaqların oğlan və qız kimi formalaşmasında eyni dərəcədə zəruridir. Bu baxımdan, valideynlərin uşaqlarına münasibətinin xarakteri də əhəmiyyətlidir.Oyuncaqları ilə qızlar «evcik-evcik» oynayar, gəlinciyini bələyər, layla çalar, yatırardılar. Beləliklə qızlar böyüyər, öz kiçik bacı-qardaşlarına qulluq edərdilər. Bu minvalla onlarda analıq hikməti baş qaldırardı.Elə ailələr olur ki, uşaqlar arasında ayrıseçkilik qoyulur. Uşaqların biri və ya ikisinə o birilərinə nisbətən daha çox qayğı göstərilir. Hansısa uşaq sevilir, o birisi isə daim danlanılır. Uşaq valideynin sevgisini hiss etmir. Əksinə valideynin aqressiyası ona qarşı yönəlir.

Ailə həyatı şəxsiyyətin inkişafına bütövlükdə təsir göstərir. Məlumdur ki, insanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır.Heç bir ailədə uşaq kor – koranə, kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur – olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən bir məqsədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir. Bu suallar ətrafında fikirləşmək lazımdır.Valideynlərin bir qisminin məqsədləri çox vaxt aydın xarakter daşımır, dəqiq olmur.Bu, uşaqların ailə tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ata – ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları məqsədlər dəqiqliyi ilə seçilir.Bu zaman o, öz “tərbiyə üsullarının” nəticələrini əslində görmür, özünün atalıq və analıq borcunu psixoloji baxımdan düzgün qiymətləndirə bilmir. Buna isə təəccüb etməyin. Bizə ailə psixologiyasını kim öyrədir? Demək olar ki, ailə tərbiyəsi məsələlərini biz özümüz başqalarına – uşaq vaxtı ata və anamıza, sonralar isə qonum – qonşuya baxa – baxa çox vaxt onların səhvlərini təkrar edə — edə öyrənirik. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduğunu ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yolverilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata – ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz – söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir.Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil – sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir.

Ailə bəzən uşaqlar üçün öz əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlanlar özlərinin ünsiyyət tələbatını küçə qruplarında təmin etməyə başlayırlar. Dəqiq müəyyən edilmişdir ki, çətin tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan uşaqların böyük əksəriyyəti məhz natamam ailələrdə böyümüşdür.Valideynləri boşanmış uşaqların yarısı özlərinin inkişaf səviyyələrinə görə öz həmyaşıdlarının çoxundan geridə qalır.Onların bir çoxunun nitqində pozğunluqlar müşahidə edilir. Dərsdə fikirli olurlar, diqqətləri tez – tez yayınır. Onların çoxu adamlara düşmən gözü ilə baxırlar. Onlar məktəbdə də, evdə də çox vaxt asanlıqla kobudluq edir, münaqişəyə girir, dava – dalaş salırlar. Qızlar isə, əksinə, sözəbaxan olurlar, analarının yanında olmağa çalışırlar və ev işlərində ona yaxından kömək göstərirlər.Elə insanlar var ki, valideyn nə qədər qəddar olsa da, onunla son bağları qırmağa gücü çatmır, vicdan əzabı çəkir və özünü günahkar hiss edir. Amma bəzi hallarda valideynlə münasibətə son qoymaq yeganə çıxış yolu olur.Bu münasibətlər və ailədaxili konfliktlər ifrat dərəcəyə çatdıqda, insan ağır psixoloji zərbə aldıqda baş verir.

Bəzən ata uşağa bir tərzdə, ana başqa cür, nənə isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması prosesini çətinləşdirir.Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişaf etdirici məşğələlərin digər formalarından az istifadə edilməsi məhz bununla bağlıdır.Böyüməkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şüurunun və s. formalaşmasına xüsusi diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır.O, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər sisteminə daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ünsiyyətini dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini genişləndirmək zəruridir.Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar.Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata – analar hətta uşaqlar üçün “peşə seçəndə” belə onun “maddi cəhətdən sərfəli” olmasına diqqət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi kasadlığı istər – istəməz uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində əks olunur.Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Bu, bəzi hallarda valideynin iradəsindən asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludurlar.Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeknəsək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır.Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları — məktəbdən və ailədən uzaq gəzib – dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi – buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur.Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.

Tərbiyənin məqsədi müxtəlif formalarda – ideya – siyasi tərbiyə, əmək tərbiyəsi, əqli tərbiyə, mənəvi tərbiyə, estetik tərbiyə, ekoloji tərbiyə, hüquq tərbiyəsi, fiziki tərbiyə və s. kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları və xüsusiyyətləri, uşaq bağçalarının, məktəbin isə öz imkanları və xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir.Bir məsələ də mühümdür. Əmək tərbiyəsi, mənəvi tərbiyə və ya əqli tərbiyənin ayrı – ayrılıqda özünəməxsus məzmunu, vəzifələri və üsulları vardır. Ata və ana onları yaxşı bilməlidir. Lakin nəzərə alınmalıdır ki, şəxsiyyət hissə — hissə tərbiyə olunmur. Onun formalaşması sistemli xarakter daşıyır. Tərbiyənin yuxarıda göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə — şəxsiyyətin formalaşdırılması məqsədinə xidmət edir. Buna görə də ailə tərbiyəsində onların qarşılıqlı əlaqəsinə diqqət yetirmək vacibdir.

Sual 3.Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır.Belə ki, ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi – emosional xarakter daşıyır. Ana uşaqla hisslərin dili ilə danışır. Ata məhəbbəti də şirindir, övladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz buradadır. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa, hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata – ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır.Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır:“Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər”. Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman “çətin” olur. Uşağı tez – tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq lazım deyil.Uşağın xüsusi ilə yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis nəticələnir. O, məktəbdən yayınır, papiros çəkməyə, içki içməyə, yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır.Təəccüblü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı həddindən artıq qayğı ilə bürüyürlər, çünki bu çox asan yoldur. Uşağı əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çətindir. Çünki bu valideyndən təkcə vaxt yox, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edir. Biz hər hansı bir qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun başını qatırıq, əslində isə onu başımızdan edirik, öz ümidinə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq.

Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adi sözünə əməl edir, nə desə o da olmalıdır, bərkə — boşa salmırlar, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır… Bir də xəbər tuturlar ki, uşağın iddiası yerə — görə sığmır. Artıq böyük oğlandır, lakin ailənin dərdi – səri ilə maraqlanmır, yalnız özü haqda fikirləşir.

Sual 4.Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələbkarlıq göstərirlər. Cəzanın ədalətli olmasına fikir vermirlər. Bir çox hallarda cəza müstəsna dərəcədə sərt xarakter daşıyır. Uşağı qorxudurlar. Onda inamsızlıq hissi yaradırlar. Bəzi ailələrdə isə uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə, xoşagəlməz iş tutduqda valideyn yerli – yersiz onu döyür. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda valideyn uşağın gözündə nüfuzdan düşür.Fiziki cəzaya əl atan valideyn uşağa təkcə fiziki zədə deyil, həm də psixi zədə yetirir. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz. Uşağı döymək, onu təhqir etmək, ləyaqətini alçaltmaq, şəxsiyyətini tapdalamaq deməkdir.Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri vardır. Onların bir çoxu ailə tərbiyəsində də bu və ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə olmalıdır. Həm də uşağı addımbaşı danlamaq, utandırmaq və ya hədələmək yaramaz. Cəzalandırma valideyndən xüsusi məharət tələb edir.

F.E.Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər.Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd olan tərzdə hərəkət etməyə vadar edirsə, o zaman müəyyən bir müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab — əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, “vicdanlı” adamlara çevriləcək.Ailədə tez – tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud, qəzəbli və cinli olur. Fiziki cəza uşağın qəlbində zərifliyi və həssaslığı məhv edir. Düzgün tərbiyə isə xoş rəftar və tələbkarlıqla yanaşı gedir.Tələbkarlıq – uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində olmalıdır. Valideyn ilk gündən öz uşağında düzgün adət və vərdişlər formalaşdıra bilmişdirsə, uşaq bircə sərt baxışdan səhvini anlayacaq, yaxşı işi ilə “günahını” Yumağa çalışacaqdır.Tutduğu əməllərə görə uşaqda elə söhbətlər aparılmalı, elə təsir göstərilməlidir ki, o həmin pis hərəkətin onun üzvü olduğu, kollektivə, valideynlərə, ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir.Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlar qarşı münasibətdə özünü büruzə verən qəddar və rəhmsiz münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. heyvanlarla qəddarcasına rəftar edən, yaşıllığı korlayan, gözəlliyə xor baxan, quşları güdən əli sapandlı uşaqlarla demək olar ki, hamımız qarşılaşırıq. Çox vaxt həmin sapandı, quş tutmaq üçün tələni valideynlər özləri düzəldirlər.

Sual 5. Tərbiyə prosesində nənə-babanın rolu böyük əhəmiyyət daşıyır. Çünki ailə tək ata, ana və uşaqdan ibarət deyil. Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Bəzən gənc ailələr övladlarının tərbiyəsini valideynlərinə etibar etməkdə bir az tərəddüd edirlər.Nənə-babanın uşaqla daha ürəkdən davrandığı məlumdur. Bəzən vaxtın azlığından və ya digər səbəblərdən valideynin gözündən qaçan xırda detallar ola bilir. Nənə-baba bu detalları daha tez sezir və tədbir görür.Ümumiyyətlə, hesab olunur ki, nəvə və nənə-baba arasında sanki sehrli bir əlaqə var və bu uşaq psixologiyasına müsbət təsir edir. Məsələn, bir nağılı uşağa həm ana, həm nənə söylədikdə onun üçün nənənin söylədiyi nağıl daha maraqlı olur. Həm də bu əlaqədə ciddi tələb və cəzalanma qorxusu olmur.Amma, nənə-baba bəzən bilmədən uşağı çox ərköyün etməklə tərbiyəsinə mənfi təsir göstərə bilir. Uşağın hər istədiyini yerinə yetirmək, çox hədiyyə almaqla onun sevgisini qazanmaq kimi hallar buna misal ola bilər.Yaxud bəzən ata və ya ananın qoyduğu bir sıra ciddi qaydalara nənə-baba uşağa güzəştə gedərək istədiyi kimi hərəkət etməyə icazə verir və ya valideyn uşağa irad tutan zaman nənə-baba müdaxilə edib onu “qorumağa” çalışır.İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yük çevrilməsin.

Ədəbiyyat siyahısı

  1. Həmzəyev M. – Yaş və pedaqoji psixologiya. Bakı-2003
  2. Əliyev B. Əliyeva K. Cabbarov R.- Pedaqoji psixologiya. Bakı-2011
  3. Аbbаsоv А.N., Əlizаdə H.Ə. Pеdаqоgiка. Bakı: Rеnеsаns, 2000
  4. Ağayev Ə.Ə. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi. Bakı: Avrora, 2005.
  5. Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Bakı: 1993.
  6. И.В.Васков Психологический тренинг Москва 2010
  7. Бешенков А.К и др. Семья и дети: воспитание трудолюбия Москва, 1988.
  8. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

 Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent. Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

 

0 şərh