"Paris Məktəbi" rəssamları-2

Amadeo Modilyaninin ən yaxın dostlarından biri heykəltəraş Jak Lipşits idi. Modilyaninin “Jak Lipşist xanımı ilə” tablosu bu dostluqdan bir nişanədir. 1915-1925-ci illərdə Jak Lipşist Modilyaninin kiçikhəcmli heykəllərindən və rəngkarlıq əsərlərindən və eləcə də kubizmdən təsirlənən əsərlər yaradıb.

Lipşistin cəmi bir neçə əsərinin adlarını sadalamaqla sənətkarın kubist rəngkarlıqla genetik bağlılığını aydınca izləmək imümkündür. “Gitara ilə natürmort”, “Musiqi alətləri”, “Gitaraçı”, “Dənizçi gitara ilə” və s. O, kubist rəngkarlığa məxsus lirik duyğuları, hiss və həyəcanları plastik heykəltəraşlıq dilinə transformasiya etməklə yeni ifadə vasitələri yaratmağa nail oldu. O, bürünc fiqurlara rəngkarlıq elementləri əlavə edə bildi və bu əsərlər dünyada ajur heykəltəraşlıq nümunələri kimi tanındı. “Ana və uşaq”, “Azmış oğulun qayıtması” bu qəbildən olan əsərlərin bariz nümunələridir.

Jak Lipşist Latviyada doğulub. Jak Vilen rəsm məktəbinə daxil olmuşdu, o, mükəmməl təhsil alıb memar olmaq istəyirdi. Birinci Dünya Müharibəsi ərəfəsində gənc Jak Parisə gəldi və Paris onun memar olmaq arzusunu ürəyində qoydu. O, heykəltəraş oldu. Akademik heykəltəraşlıq təhsili görmüş Lipşistə yuxarıda dediyim kimi, kubist rəssamların, əsasən də Pikasso və Brakın böyük təsiri oldu. O, bu təsir altında bir heykəltəraş kimi formalaşdı.

1935-ci ildə heykəltəraş Sovet İttifaqına dəvət olundu, burda o, iki sifariş yerinə yetirdi.

Ajur heykəltəraşlıq tendensiyası tədricən öz yerini başqa bir tendensiyaya – güclü ekspressiv borroko üslubuna verdi. Bu dövrdə heykəltəraşın yaradıcılığında Prometey mövzusu müxtəlif variasiyalarda görünməyə başlayır. Prometey variantlarından biri Braziliyada, Rio-de-Janeyro şəhərində Milli Təhsil Nazirliyinin binasını bəzəyir.

İkinci Dünya müharibəsi başlananda bir çox alim və sənətkar kimi Jak Lipşist də Avropadan Amerika Birləşmiş Ştatlarına getdi. Müharibədən sonra da o, Amerikada yaşadı. Səksən iki yaşlı sənətkar uzun illərdən sonra Avropaya qayıtdı və bir neçə aydan sonra Kapri adasında ömrünü Prometeyə bağışladı…

***

1913-cü ildə Natalya Qonçarovanın “Velosipedçi” tablosu Moskvada sərgiləndi və futurist ruhlu bu əsər elə ilk baxışdan rəssamların və sənətşünasların diqqətini cəlb elədi.

Futurizm adlı avanqard sənət cərəyanı ötən əsrin onuncu illərində İtaliyada, Rusiyada və başqa Avropa ölkələrində geniş yayılmışdı. Futurizm latın dilində futurum – gələcək anlamında işlədilir. Vaxtı ilə futurizm cərəyanı haqqında ayrıca bir yazı yazdığımızı nəzərə alaraq indi futurizm cərəyanının fəlsəfi-estetik özəllikləri üzərində dayanmırıq.

Rusiyada bu avanqard cərəyan ədəbiyyat sahəsində, poeziyada özünü daha parlaq ifadə edirdi. Futurist sənətçilərin başlıca məqsədi “gələcəyin sənətini” formalaşdırmaq idi. David Burlyuk, Velimar Xlebnikov, Vladimir Mayakovski, İqor Kruçenix və başqa şairlər rus futurizminin ən görkəmli simalarıydılar. Onlarsız rus futurizmini təsəvvür etmək mümkün deyil.

Qonçarova rus futuristlərinin sərgilərində fəal iştirak edirdi. O, futurist şairlərinin şeir kitablarına orijinal qrafik illüstrasiyalar işləyirdi. Qonçarova Avropa rəssamları arasında kitab tərtibatı sahəsində kollaj texnikasına müraciət edən ilk rəssamlardan biridir.

Natalya Qonçarova Tula yaxınlığında doğulub. Moskva rəssamlıq məktəbində əvvəlcə heykəltəraşlıq fakültəsində P.Trubetskoyun, sonra K.Korovinin sinfində rəngkarlıq şöbəsində oxuyub. Təhsil aldığı illərdə Natalya gənc rəssam Mixail Larionovla tanış olur, onlar evlənirlər və nə az, nə çox, düz altmış il birgə yaşayırlar.

Natalya Qonçarova sağlığında deyərmiş ki, Larionov mənim kamertonumdur.

Foizm və primitizmlə ciddi maraqlanan Mixail Larionovun əsərlərini ədəbi tənqid vulqar sənət kimi qələmə verirdi, onu sinizmdə günahlandırırdılar.

1911-ci ildə yaradılmış “İstirahət edən əsər” tablosu Larionovun ən çox “qarğış” olunan əsərlərindən biri idi. İndi bu tablo Tretyakov qalereyasında rus təsviri sənətinin klassik əsərləri arasında yer alır…

1915-ci ildə Natalya Qonçarova və Mixail Larionov Parisə pənah apardılar. Onlar Parisdə Jak Kallo küçəsində qədim bir binada məskunlaşdılar. Parisdə onların qonağı olmuş şairə Marina Svetayeva “Natalya Qonçarova çox harmonik yaşayırdı və yaradırdı” yazır.

Qonçarova və Larionov teatr tamaşalarına tərtibat verməyi, xüsusilə S.Dyagilov baleti ilə əməkdaşlıq etməyi sevirdilər. Onlar teatr üçün vaxtlarını və güclərini əsirgəmirdilər. Yalnız iki il ərzində (1915-197) bu rəssamların tərtibat verdikləri tamaşaların siyahısına nəzər salaq: “Liturgiya” və “Sadko” (İ.Straviskinin musiqisinə), “İspan rapsodiyası” (M.Ravelin musiqisinə), “Rus nağılları”, “Baba Yaqa” (A.Lyadovun musiqisinə). Adlarını sadaladığımız tamaşalar rəssamların səhnə tərtibatı verdikləri əsərlərin yalnız bir qismidir.

Natalya Qonçarova 1962-ci ilin payızında qu quşu kimi dünyadan köçüb getdi. 1964-cü ilin may ayında Mixail Larionov gözlərini yumdu…

 

 

Müəllif: Adil Mirseyid

Əvvəli Paris məktəbi-1

 

1 şərh

MASON
MModilyaninin Jak Lipşits və xanımını çəkdiyi əsər budur, maraqlananlar baxa bilər: