Viktor Soy əfsanəsi-1

O, bir ağac əkmişdi, ona elə gəlirdi ki, əkdiyi ağac onun dostudu, sirdaşıdı, oğludu, qardaşıdı, bir sözlə, ömrünün mənasıdı…

O, bir ağac əkmişdi və bu ağacın ömrünün az olacağı onun ürəyinə dammışdı…

O, şeir yazardı, musiqi bəstələyərdi, gitarasını bağrına basıb yanıq səslə nəğmələr oxuyardı. Rəsm çəkərdi, içki içərdi. Ürəyə daman, ağla gələn bir gün başa gəldi. 28 yaşında bir avtomobil qəzasında həlak oldu…Keçən əsrin 80-ci illərinin məşhur “Kino” rok qrupunu yəqin ki, xatırlayırsınız. Rejissor Rəşid Nuqmanovun “İynə” filmini gördüyünüzə əminəm.

Viktor Çoyİyirmi yaşlı oğlum, “Kino” rok qrupunun musiqisini dinləmir, “İynə” filmini də bəyənmir. Amma “Kino” qrupunun musiqisi 80-ci illərdə çox populyar idi, mən hələ də o qrupun 45-lik disklərini qoruyub saxlayıram.

“Kino” qrupunun döyünən qəlbi Viktor Soy idi. Rəssam, şair, bəstəkar, aranjemançı və aktyor Viktor Soy. Cəmi iyirmi səkkiz bahar ömür sürmüş fenomen Viktor Soy.

80-cilər, bir daha Viktoru xatırlayın. İyirmi yaşlı oğlumun yaşıdları, Viktor Soyu dinləyin, mən bu yazını sizinçün yazıram. Amma, öncə Viktor Soyun xatirəsinə bəstələdiyim şeiri oxumaq istəyirəm. Səsim yoxdu, gitara da çala bilmirəm, amma bu nəğməni axıra qədər dinləyin:

öz nəğməmi oxudum
öz şərabımı içdim
min yol vardı önümdə
min birincini seçdim.

qəhrəman deyiləm yox
sonuncu lirikəm mən
sonuncu gerçək aşiq
unudub bizi vətən.

bir ruh çağırır məni
dağların ötəsində
bir müjdə gözləyirəm
bu cümə ertəsində.

hələ də qara sevda
havası var başımda
xarakiri etmədim
iyirmi bir yaşımda.

Bu nəğməni Viktor Soyun ruhuna bağışlayıram.

***

Viktor 1962-ci ildə Leninqradda mühəndis Robert Maksimoviç Soyun ailəsində doğulub. Anası Valentina Vasilyevna idman müəllimi idi. Səkkizinci sinifə qədər Viktor anası ilə birlikdə üç məktəb dəyişib. Səkkizinci sinifi bitirdikdən sonra V.Serov adına rəssamlıq məktəbinə daxil olur, iki ildən sonra rəssamlıq məktəbindən gedir, texniki peşə məktəbində ağac üzərində oyma sənətinə yiyələnir. Dostlarının dediyinə görə o illərdə Vitya sakit, təvazökar, özünü gözə soxmağı bacarmayan, çox utancaq bir yeniyetmə idi. O, saatlarla gitara çalardı. Yadımdadı, o vaxtlar “Duran-Duran” qrupunun melodiyaları və Boriç Qrebeşnikovun “Akvarium”u çox populyardı.

1981-ci ilin yayı. Soy Aleksey Rıbin və Oleq Volinski ilə birlikdə “Qarin i Qiperboloidı” qrupunu yaradırlar. Elə həmən ilin payızında Leninqrad rok-klubunda qrupun ilk konserti baş tutur. Vitya banan şalvar geyirdi, “banan” hələ dəbdə deyildi, “Mendess” qrupunun “Baqqi tauzer” (“Kilsə şalvarlar”) plastikasının üz qabığındakı fotoda artıq beş qitədə tanınan musiqiçilər belə şalvarlar geymişdilər, Soyun hiperboloidi də hardasa onları təqlid eləyirdi, Leninqradda bu gənclərə bir az başdanxarab uşaqlar kimi baxırdılar. Aradan iki-üç il keçəndən sonra sovet gəncliyinin qızıl oğlanları “banan” geyməyə başladı.

Leninqradda ikiotaqlı “xruşovka”, bu gün Vitkanın kefi kökdü, o bu gün “qara bazarda” üç “əsərini” sata bilib – bu “əsərlər” vatman üzərində quaşla çəkilmiş portretlərdi. Vitka Elis Kuper, Piter Qabriel, Stiv Nou, Con Lennon və bir sıra başqa sevimli musiqiçilərinin şəkillərini çəkib tolkuçkada biri beş manatdan satardı. Bu gün uğurlu gündü, o, üç portret satıb, cibində on beş rubl var, bu on beş rubl ona rahatlıq vermir – indi dostlarla çaxır içmək olar.

Kimsə Vitkaya “With the Beatles” albomunu bağışlayıb, – o hər gün bu albomu dinləyir…

0 şərh