Viktor Soy əfsanəsi-2

“Qarin i Qiperboloidı” qrupunun ömrü çox az oldu. 1982-ci ildə “Kino” rok-qrupu “45″ adlı ilk albomunu yazdırdı. Albomda Viktorun öz sözlərinə bəstələdiyi on dörd nəğmə toplanıb.

Viktor Soy – vokal, gitara, Aleksey Rıbin – gitara, Boris Qrebeşnikov – gitara, metallofon, Mixail Vasilyev – zərb alətləri.

Viktor Tsoyİlk albom və ilk uğur, bu uğur qeyri-rəsmi uğurdu. “Kino” “Akvarium”un musiqiçiləri ilə birlikdə rok-klubda konsert verir. Daha bir uğur, amma Viktor bir nəğməsində dediyi kimi, “Vremya est, a deneq net”. Rok-klubdakı konsertlərinə görə musiqiçilərə qonorar ödənmirdi.

O vaxtlar Piterdə mənzil konsertləri, “kvartirnıe konsertı” dəbə düşmüşdü. Belə konsertlərin dinləyiciləri əsasən rok musiqisinə maraqlı universitet tələbələriydi, mənzil konsertlərin bileti iki-üç rubl idi və musiqiçilər konsertdən həmən sonra paralarını alıb ciblərinə qoyardılar. Mənzil konsertlərdə adətən əlli-altmış adam yığışardı. Burda musiqiçiləri alqışlamaq, fit çalmaq, qonşuları narahat etmək olmazdı. Qonşunuz bir balaca narahat olsaydı, sovet milisi də sizi bir balaca narahat edəcəkdi, hələ qəribə geyimləriniz, uzun saçlarınız, şübhəli kimliyiniz, ictimai-faydalı əməkdən yayınmağınız və s. və i. Yeri gəlmişkən, Viktorun həmyerlisi Nobel mükafatçısı, şair İosif Brodskinin tərcümeyi-halından ibrətamiz bir olayı gəlin bir daha xatırlayaq.

Şairə necə yanaşmağı öyrətmək istəyən sistem “faydalı əmək”lə məşğul olmayan şairə məhkəmə qurdu. Günahının nədən ibarət olduğunu anlamayan şairə hakim üç dəfə eyni sualla müraciət edir.

- Siz niyə faydalı əməklə məşğul olmursunuz?
- Mən məşğul oluram. Mən şeir yazıram.
- Nə səbəbdən işləmirsiniz?
- Mən işləyirəm. Mən şeir yazıram.
- Niyə bir sənətə yiyələnmirsiniz?
- Mənim sənətim var. Mən şeir yazıram.

İosif Brodski belə bir dünyanın şairi idi. Cəlayi-vətən oldu. Qürbətdə Nobel mükafatı aldı. Leninqradlı rəssam Mixail Şemyakin də oxşar tale yaşadı, sosializm-realizm ideologiyası çərçivələrinə sığmayan rəssam KQB-yə çağırıldı. KQB qayğısıyla sonra “ruhi xəstəxanada” müalicə olundu. O da cəlayi-vətən oldu.

Bir də belə bir rəssam vardı – Əşrəf Muradoğlu. Deyəcəksiniz ki, minlərlə, onminlərlə insan taleyinin şikəst edildiyi bir sistemdə İosif Brodskinin və Mixail Şemyakinin bəxti gətirib.

Viktor Soy da o mühitin içindəydi.

Viktor Soyun musiqisi axına qarşı üzənlərin musiqisidi.

***

Vitya “koçeqar” idi. O, qazanxanaçı maaşı ilə keçinirdi. Metro ilə işə gedib gəlirdi. Bayırda “yenidənqurma” rüzgarları əsirdi. Qəzetlər istedadlı musiqiçi haqqında məqalələr, intervülər çap etməyə vaxt tapdı, arabir o, televizorda görünməyə başladı.

Bir dəfə Vityanın işlədiyi qazanxanaya bir adam gəlib qışqır-bağır salır, qazanxanaçını, yəni Viktor Soyu hədələyib asıb-kəsir. Və birdən adamın matı-mutu quruyur: “Siz burda neynəyirsiniz, siz ki Viktor Soysunuz”.

1985-ci ilin fevral ayında Viktor dörd il öncə tanış olduğu Marianna ilə evlənir.

Bir il əvvəl “Kino” ikinci rok-festivalın qalibi olub, “Naçalnik Kamçatki” albomunu yazdırıb. Kiyevdə “Tətilin sonu”, rejissor Aleksey Uçitelin “Rok” adlı filmində çəkilib.

Viktor Soy Piterin ən tanınmış adamlarından biridi, amma hələ də qazanxanada işləyir.

Şeir yazır, musiqi bəstələyir və oğul böyüdür. Onun Saşa adlı oğlu dünyaya gəlib.

Viktor Soy pələng bürcündəndi, qoroskopa görə bu bürc altında doğulanlar adətən uzun yaşamırlar.

***

Viktorun səsi sovetlər birliyinin sınırlarına sığmırdı, onun səsi sınırları aşdı, Parisdən, Nyu-Yorkdan, Los-Ancelosdan, Tokiodan gəldi.

Nyu-Yorkda onu krallar kimi qarşıladılar, içində barı və televizoru olan ağ limuzin gözləyirdi – 80-ci illərdə bu, sovet adamı üçün bir möcüzəydi, əsl möcüzə.

Viktor oğlunun anası Mariannadan ayrılır, Moskvaya köçür, ikinci dəfə evlənir. İkinci arvadı Nataşa ilə Amerikaya uçur, Amerikaya qədəm basdıqları gün Nataşanı Disneylendə aparır. O, Disneylenddə özünün yaşanmamış uşaqlığına qovuşdu. Viktor Soy kimi adamlar yaşa dolsalar da, qəlblərinin dərinliyində həmişə çocuq olaraq qalırlar. O, içindəki çocuq xəyallarına qovuşmuşdu. O, həyatda arzuladığı hər şeyə nail olmuşdu.

***

1990-cı ilin yayı. İyunun 24-də “Kino” Moskvada, “Lujniki”də konsert verir. Altmış iki min adam onları ayaq üstə alqışlayır, – kimin ağlına gələrdi ki, bu konsert “Kino” qrupunun son konserti olacaq, əlbəttə, o konsertdə iştirak edən altmış iki min adamın heç biri buna inanmazdı.

***

Viktor Leninqradda doğulmuşdu. O, əsl piterli idi. Pasportunda milliyyəti rus olaraq qeyd olunmuşdu. Alma-Atada, “İynə” filmində baş rolda çəkildiyi günlərdə Alma-Atada yaşayan koreyalılar pərvanə kimi onun başına dolanırdılar, o, ilk dəfə özünü koreyalı kimi hiss edirdi, axşamlar koreya restoranında dincəlirdi.

1990-cı ilin avqustunda Viktor Riqa yaxınlığında dincəlirdi. Avqustun on beşində səhər tezdən, hələ xoruz banlamamış yuxudan durub motosikletlə balıq ovuna yollandı. Və bir daha geri dönmədi – avtomobil qəzasında həlak oldu.

İyirmi səkkiz yaşında əbədiyyətə qovuşub əfsanə oldu…
Müəllif:Adil Mirseyid

 

0 şərh