Karel Çapek kimdir?

Karel Çapek (1890—1938) XX əsr çex nəsrinin məşhur adlarındandır. Nasir, dramaturq. “Makropolus vasitəsi”, “Ana”, “R.U.R.” pyeslərinin, “Absolyut fabriki”, “Krakatit”, “Qordubal”, “Meteor”, “Adi həyat” romanlarının və bir çox hekayə, esse, felyeton və oçerklərin müəllifidir. Müasir Fransız poeziyasının tərcüməçilərindəndir. 1917-ci ildən Národní listy (Milli Qəzet) jurnalist-tənqidçi, 1921-ci ildən həyatının sonuna qədər Lidové noviny (Xalq Qəzeti) qəzetində mədəniyyət və siyasət redaktoru kimi işləyib.
1916-cı ildən ədəbiyyatla məşğul olub. Hələ sağkən öz ölkəsində və kənarda məşhur olub. 1936-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı nominantı olub. Çexoslovakiya Pen Klubunun yaradıcısı və rəhbəri olub (1925—1933).
Çapek qatı antifaşist idi. 1938-ci ildə ölümündən qabaq cəmiyyətdən tamamilə təcrid edilməyinə baxmayaraq ölkəni tərk etməyə razı olmamışdı. Ölümündən sonra arxivi dul qalan xanımı tərəfindən son 3 ilini yaşadığı bağ evinin həyətində gizlədilmiş, yalnız müharibədən sonra aşkar edilmişdir. Sosializmə də rəğbət bəsləməyən (“Mən niyə kommunist deyiləm” adlı məşhur məqaləsi) Çapekin əsərləri kommunist Çexoslovakiyasında ilk illər qadağan edilmiş, 50-60-cı illərdə yenidən çap edilib oxunmağa başlamışdır.
Karel Çapek və qardaşı rəssam Yozef (Bergen-Belzen konslagerində tifdən vəfat edib) “robot” sözünün həmmüəllifidirlər. Çex dilində iş – práce, robota isə – “katorqa”, “ağır iş” mənasını verir.
 

0 şərh