Gör necə güclüsən - Bəxtiyar Vahabzadə

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə. 
Yuxumsa kölgəni öz kölgəm kimi 
İzləyir, qısqanıb səni hər şeyə. 
Yuxum qaçaq düşüb məndən yan gəzir, 
Yuxum küçələrdə sərgərdan gəzir.


Həsrətin asılıb kirpiklərimdən. 
Yuxum da gəlmir ki, heç olmasa mən 
İtirim, batırım səni yuxumda. 
Məndən vəfalıymış sənə yuxum da. 
Yuxum qaçaq düşüb yatammıram mən, 
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,
neyləyim ancaq 
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm, 
dərd ondadır ki, 
Özündən ağırdır xatirələrin.
 
 
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
 
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın. 
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın! 


Gülmək istəyirəm… ürəyimdəki 
Hönkürtü səsini batırmaq üçün. 
Bilmirdim, məhəbbət bir cəllad təki 
Mənim gülüşümü öldürmüş bütün. 

Yandırdı könlümü bu soyuqluğun, 
Var ikən, sağ ikən yox olmuşam mən. 
Gör necə güclüsən, sənin yoxluğun, 
Mənim varlığımı aldı əlimdən…

Başımda tufan var, könlümdə çovğun, 
Arzu da, fikir də qaldı yarıda, 
Gör necə güclüsən, 
sənin yoxluğun 
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
— Yoxluğun gör necə qələbə çaldı, 
Bu günüm ölüdür, 
yaşar dünənim! 
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
 

8 şərh

ferid1001
Bəxtiyar poeziyasının vurgunuyam, çox hissiyatlı şeirdi
sirius
cox sevdiyim şeirdi bu menim....yeniden yada saldiginiza gore teşekkurler…
MASON
buyurun, xoşdu
pascal
Nə deyə bilər, necə şərh yaza bilərik ki, bu şeirdən daha üstün? Heç nə.
Someone, oxu burdan. :) 
Someone
Çooox saq olun. Bilirdim ki, kim də tapmasa, Siz mütləq tapacaqsınız :)
pascal
)) Mason sağ olsun, nəşr etdiyinə görə. :)
Someone
Bəli ona da derin təşəkkürlər. Baxdım 2011-ci ildə nəşr edilib. İndi nəysə heç görünmür Kayzendə
Someone

Nəcə gözəl şeir imiş. Oxuduqum bir cümləsindən bəlli idi, amma gözəldiyimdən daha artıq bir şeri oldu.