Siqaret və Sən

Siqaretin sağlamlığa ziyan olduğunu, ömrü azaltdığını deyirdilər.Sən də daim bunu mənə xatırladırdın, əgər xətrimi istəyirsənsə at bu "zibili" deyirdin.Mən də hər dəfə "yaxşı, gülüm, ataram" deyirdim.Fikir vermişdinsə heç vaxt yanımda olarkən səni "zəhərli" siqaret tüstüsü ilə narahat etməmişdim.Sən yanımda olanda buna ehtiyacım olmurdu çünki...Siqaretin sağlamlığımı məhv etməsi məni zərrə qədər də qorxutmurdu.Axı mən siqareti sən yanımda olmayanda içimə çəkirdim, içdən və sevə-sevə...İçimə çəkdiyimin, ciyərlərimi parçalayanın tüstü yox, həmişə sən olduğunu düşünərdim.Səni içimə çəkməkdən, məndə olduğunu düşünməkdən gözəl nə ola bilərdi axı?..Amma son zamanlar mən də siqaretin zərərli olduğunu fikirləşirəm.Buna səbəb heç də onun görünən zərərli təsirləri deyil.Sadəcə, artıq çəkdiyim siqaret, içimə aldığım tüstü əvvəlki kimi səni də içimə çəkməyə imkan vermir...Əksinə, hər dəfə ağız boşluğumdan ciyərlərimə kimi aramla dolan tüstü indi heç də gəldiyi kimi geri qayıtmaq istəmir.Qayıdarkən ürəyimə də toxunur tüstü, səni xatırladır...Bu xatırlatma hər dəfə sanki ürəyimdən bir bağ qoparır, səni ürəyimə həbs elədiyim bağlardan birini...Mən bir gün o bağların hamısının qırılıb qurtaracağından qprxuram gülüm, sənin o bağların arasından siqaret dumanı ilə birlikdə bir gün xilas olacağından qorxuram...Bir zaman inadla atmağımı təkid elədiyin siqareti bir gün sənin xəbərin olmadan, elə sənin xatirinə tərkedəcəm.Ruhumu parçalasan da məndən xilas ola bilməyəsən deyə...

1 şərh

ElcinHesenov
bunun üçün səmimi qəlbdən təşəkkürlər