Bağışlayın, mən sizə inanmıram...

Gəlin əvvəlcə sizə bir sirr açım: mən əvvəllər yaman sadəlövh olmuşam. O vaxtlar kim nə desəydi, inanırdım. Çünki uşaqlıqdan bizə öyrədiblər ki, insanlara inanmaq lazımdır. Mən də buna görə həyətdə, məktəbdə, küçədə, bazarda nə danışılırdı, həqiqət bilib inanırdım. Ancaq eşitdiklərimi və oxuduqlarımı evdə böyük qardaşıma, həyətdə isə bəzi “gözüaçıq” dostlarıma danışanda çox vaxt gülüb məni başa salmağa çalışırdılar ki, gərək bu dünyada hər şeyə inanmayasan. Mən isə onların danlağına əhəmiyyət vermirdim. Lakin sonralar bəzi görüb-eşitdiklərim məni, belə demək olarsa, yaman diksindirirdi və başladım insanlara inanmamağa. Deyə bilərsiniz ki, bunu da yaxşı eləməmisən... Elə isə mən başıma gələn, yaxud rastlaşdığım adi və qeyri-adi hadisələrdən bir neçəsini danışım, sonra deyin görüm, bu inamsızlığın əsl günahkarı kimdir: mən, yoxsa başqaları?

Məsələn, bir dəfə gördüm ki, birisi başqa birinin ardınca dişinin dibindən ( görəsən, dişinin niyə? ) çıxanı deyir, onu asıb-kəsir. Deyilənləri “analiz” eləyib qənaətə gəldim ki, yəqin ünvanına xoşagəlməz sözlər söylənən həmin şəxs bunun əlinə düşsə, ortaya qan düşəcək, ən azından bir də onlar bir-birinə salam verməyəcəklər. Ancaq səhəri gün gördüm ki, həmin şəxslər heç nə olmamış kimi, can deyib-can eşidirlər. Hə, bundan sonra necə olarsan - məəttəl qalırsan və bilmirsən dünən deyilənlərə inanasan, yoxsa bu gün gördüklərinə.

Yaxud, salam-kalam elədiyin bir qonşu gəlib səndən pul istəyir. Yenə məəttəl qalırsan və öz-özünə fikirləşirsən ki, balam, bunun arvad-uşağı ayda mənim maaşım qədər mobil telefonla danışır. Hər oğlunun altında da bir xarici maşın. Axı o bilir ki, mənim evimə əməkhaqqından əlavə bir qəpik də pul gəlmir. Bəs niyə borc üçün mənim üstümə gəlib? Qalırsan çar-naçar, deyir “istəyənin bir üzü qara, verməyənin iki üzü”. Çox götür-qoydan sonra hamam-tualetin təmiri üçün boğazından kəsib yığdığın pulu vermək istəyirsən ona. Uşaqların anası mətbəxdə sənə başa salmağa çalışır ki, ay başıdaşlı, vermə, əlinlə verdiyini məhkəmə ilə də ala bilməyəcəksən. Bunlar qonşuların çoxuna atıblar. Sən də xanımı başa salmaq istəyirsən ki, arvad, yaxşı deyil, adam qapıya gələni, onda da qonşu ola, boş qaytarmaz. Nə isə, olub-qalanını verirsən qonşuya. Qonşu da nə qədər ki, pul əlinə çatmamışdı, and-aman eləyirdi ki, əmanəti deyilən vaxtda qaytaracaq. Amma pul əlinə keçəndən sonra o gedən gedir. Deyilən vaxtdan xeyli keçir və bir gün o qonşuyla səhər maşına minib harasa gedəndə üz-üzə gəlirsən. Salam verib keçirsən və düşünürsən ki, həyətdə borcu yada salmaq ayıbdı, yəqin bu axşam, ya iki gün sonra gətirib verər. Amma bu rastlaşmanın üstündən həftələr keçir və bir gün dözməyib qonşunun yaşadığı blokun qabağında durub onu gözləyirsən. Amma gecə yarıdan keçir, qonşu gəlib çıxmır... Axırda arvad deyən olur.

Başıma gələn belə olayların hər birinin qısa məzmununu sizə danışsam, neçə cildlik kitab əmələ gələr. Başına gələn başmaqçı olar (görəsən, başmaqçı niyə? ) deyiblər, ayağı da yalın. Mən hələ başmaqçı ola bilməmişəm, ancaq daha hər eşitdiyimə və deyilənə, hətta yazılana da inanmıram. Məsələn, biri ilə avtobusda və bağda həmsöhbət olanda deyilənlərə qulaq assam da inanmıram. Çünki həmsöhbətimin fikirlərini “analiz” edib, onun hansı yolun qulu olduğunu müəyyən edəndən sonra özüm üçün çıxış nöqtəsi axtarıram ki, bu adamın dediklərinə inanım, ya inanmayım. Ancaq nəyə görəsə çox zaman inanmamağa üstünlük verirəm.

Sizcə, bunun günahı məndədirmi?

[email protected]
 
 

0 şərh