Bir-birimizi incitməyəcək qədər yaxın, bir-birimizi dondurmayacaq qədər uzaq...

Qədim zamanlarda heyvanlar soyuqdan əziyyət çəkirlərmiş. Ölənlərin sayı-hesabı yox imiş. Ancaq ən çox ölənlər kirpilər imiş. Çünki onların başqa heyvanlar kimi qalın kürkləri yox imiş. Bir gün bu vəziyyətdən çıxış yolu tapmaq üçün kirpilər bir yerə yığışırlar və gecələr bütün kirpilərin bir yerə toplaşmalarını və gecəni bir yerdə keçirmələrini qərara alırlar. Beləliklə, kirpilər bir-birilərinin istisinə qızınacaq və donmaqdan xilas olacaqdılar.

İlk gecə hər şey yaxşı keçdi. Ancaq bu dəfə başqa bir problem var idi. Üşüyən kirpilər bir-birilərinə çox yaxınlaşdıqları üçün tikanları ilə bir-birilərini yaralayırdılar. İkinci gecə kirpilər yaralanmasınlar deyə bir-birilərindən uzaq dayanmağa başladılar. Ancaq bu dəfə də donmaqdan xilas ola bilmədilər. Nəhayət, hər gecə bir az yaxınlaşa-yaxınlaşa, bir az uzaqlaşa-uzaqlaşa bir-birilərini incitməyəcək qədər yaxın, ancaq bir-birilərini dondurmayacaq qədər uzaq dayanmağı öyrəndilər...

Əslində bizim də uzun “tikanlarımız” var. Və onlar bəzən faydalı, bəzən də zərərlidir. Əgər heç kimi yaxınımıza buraxmırıqsa, heç kimlə ünsiyyət qurmaq istəmiriksə, onlar zərərlidir. Həmişə insanlarla bir yerdəyiksə, həmişə insanlarla ünsiyyətdəyiksə, onlar faydalıdır. Halbuki biz də istəsək, həyatın soyuqlarında bir-birimizi dondurmayacaq qədər uzaq, bir-birimizi incitməyəcək qədər yaxın ola bilərik. Eynilə kirpilər kimi...

0 şərh