Xidmətçi qızın sevinci

“Səadət Əsri” deyilən illər idi. Aləmlərin Əfəndisinin dünyanı şərəfləndirdiyi illər... Peyğəmbərimiz (s.ə.s) bir gün yolda gedərkən balaca bir qıza rast gəldi. Qız ağlayırdı. Əyilib mübarək əlləri ilə onun başını sığalladı və nə üçün ağladığını soruşdu. Gözlərindən yaş süzülən qız Onu görən kimi hıçqırıqlarını kəsdi və:

- Ey Allahın Rəsulu! Mən xidmətçi bir qızam. Sahibim un almaq üçün pul verdi. Ancaq mən onu itirdim. İndi evə necə gedəcəyəm? - dedi.

Peyğəmbərimiz un üçün lazım olan pulu verdi. Ancaq qız yenə də ağlamağa başladı. Niyə ağladığını soruşanda balaca qız:

- İndi evə gecikdiyim üçün sahibimin məni döyəcəyindən qorxuram, - deyə cavab verdi.

Rəsulullah (s.ə.s) onun əlindən tutdu. Unu alıb bir yerdə qızın evinə getdilər. Allah Rəsulu (s.ə.s) qapını döyüb:

- Evdə kim var? - deyə çağırdı. Ancaq qapı açılmadı. Peyğəmbərimiz yenə çağırdı. Qapı yenə açılmadı. Üçüncü dəfə çağıranda qapı böyük bir sevinclə açıldı. Ev sahibi:

- Canımız sənə fəda olsun, ey Allahın Rəsulu! Xoş gəldiniz, səfa gətirdiniz. Niyə bu qədər zəhmət çəkdiniz, - deyərək bu mübarək qonağı qarşıladı. Qapının bu qədər gec açılmağından narahat olan Peyğəmbərimiz ev sahibindən bunun səbəbini soruşdu. Ev sahibi də:

- Bizi bağışlayın, ya Rəsulullah! Əslində sizin səsinizi qapını ilk dəfə döyəndə eşitdik. Ancaq sizin o gözəl səsinizi yenə eşidək deyə üçüncü dəfədə açdıq, - deyə cavab verdi. Peyğəmbərimiz balaca qızın başına gələnləri danışdı. Onu dinləyən ev sahibi:

- Mən onu necə döyə bilərəm? - dedi və davam etdi - İnsanların ən xeyirlisinin evimə gəlməsinə səbəb olan bir adam artıq mənim xidmətçim ola bilməz. Onu xidmətçilikdən azad etdim. Bundan sonra o mənim qızımdır...

0 şərh