225 ildir yoxsullar bu qapıya gəlirlər...

III Səlimin anası Mehrişah Validə Sultanın tikdirdiyi və öz adını verdiyi imarətxana bu gün də fəaliyyətdədir, 225 ildir ki, acları, yetimləri, imkansızları doyurmağa davam edir. Osmanlıdan miras qalan xeyriyyə müəssisələrinin çoxu tarixə qovuşub. Amma bu gün İstanbulun Eyyub səmtindəki Mehrişah Sultan imarətxanası (aş evi) bu gün də öz fəaliyyətini davam etdirməkdədir. Hər gün burada bişən yeməklər 2 mindən çox ailəyə paylanılır.
Bir vaxtlar bu coğrafiyada İslam mədəniyyətinin gözoxşayan örnəkləri diqqət çəkirdi. Sevimli Peyğəmbərimizin: “Qonşusu ac ikən, tox yatan bizdən deyil” hədisi-şərifini düstur götürən zənginlər hər məhəllədə, hər küçədə xeyriyyə müəssisələri açmış, kasıbların, yetimlərin, imkansızların, uzaq yoldan gələn müsafirlərin ehtiyaclarını təmin edərdilər. Hər məhəllənin bir çörək qapısı vardı, hələ səlcuqlu dövləti dövründə geniş yayılmış bu ənənə Osmanlı dövründə daha da inkişaf etmiş, xeyriyyə müəssisələri, vəqflər şəhərin, məhəllənin, küçənin yetimlərinə sahib çıxmışlar. Susuz suyunu, ac yeməyini tapıb bu müəssisələrdə. Misirdən Suriyaya, Konyadan İstanbuladək geniş bir coğrafiyada eyni mədəniyyət, eyni xeyirxahlıq hakim olub. Varlı öz malının zəkatını verib, sərvətini Allah yolunda xərcləyib, yoxsulun qarnı doyub, körpələrin üzü gülüb. Əsrlər uzunu İslam dünyasının rəsmi paytaxtı olmuş İstanbulda belə, bu gün o ünvanların sayı xeyli azalıb. İmarətxana deyilən Aş evləri əslində İslam mədəniyyətinin öyülməyə, təqdir edilməyə layiq bir gerçəyidir. Özü də o gerçək bu gün də davam etməkdədir. Doğrudur, həmin aş evlərinin əksəriyyəti ya sökülüb, ya hansısa başqa bir təyinatla istifadə olunub, ya da uçuq, gərəksiz tikili kimi unudulub, kənarda qalıb. Amma Əyyub səmtində hələ 1796-cı ildə dövrün sultanı, III Səlimin anası Mehrişah Validə Sultanın tikdirdiyi və öz adını verdiyi imarətxana bu gün də fəaliyyətdədir, 225 ildir ki, acları, yetimləri, imkansızları doyurmağa davam edir.

Hər gün 2000 ailəyə yemək verilir

Ehtiyac sahibi olan ailələrin nümayəndəsi hər səhər saat 10.00-da Eyyub səmtindəki Mehrişah Validə Sultan aş evində bişirilən yeməkdən öz paylarına düşəni almaq üçün növbəyə dururlar. Bu Aş evi müxtəlif xeyriyyəçi şəxslərin və Vəqflər Baş İdarəsinin dəstəyi ilə öz fəaliyyətini davam etdirir. Həmin qaynaqlardan gələn maddi dəstəklə hər gün burada bişən yeməklər 2000-dən çox ailəyə paylanılır. Ehtiyac sahibi olan ailələr rəsmi prosedura qaydasında təsbit edilir, yəni burada bişən yeməklər hər kəsə paylanılmır. Buradan yemək ala bilmək üçün öncə ehtiyac sahibləri yazılı müraciət edirlər, öz vəziyyətlərini bildirirlər. Sonra aşxana rəhbərliyi müraciəti araşdırır, ailənin, həqiqətən də, ehtiyac içində olduğunu, hər hansı sosial təminatının olmadığını müəyyən etdikdən sonra onlara yaşıl kart verir. Həmin kartda ailə üzvlərinin sayı və alacaqları yeməyin miqdarı göstərilir. Hər səhər ailənin nümayəndəsi həmin kartla bu Aş evinin qarşısına gəlir, kartını göstərib, ailəyə isti yeməyini qablara dolduraraq evinə dönür.

Bəzi ailələr isə gəlib-gedəcək adamı olmadığı üçün yeməyin evinə gətirilməsini istəyir. Aşxana xidməti bunu da yerinə yetirir. Bəzən də elə olur ki, illər uzunu bu xeyriyyə müəssisəsindən yemək alan ailənin vəziyyəti yaxşılaşır, öz ehtiyacını təmin etmək imkanı əldə edir və bu zaman o, siyahıdan çıxarılır. Doğrudur, burada qeydiyyatda olan ailələrin hamısı 6 aydan bir müxtəlif elektron vasitələrlə yoxlanılır. Amma Aş evinin müdiri Bəkir Çəpkən söyləyir ki, biz hələ elə bir fakta rast gəlməmişik ki, ailənin imkanı düzəlmiş olsun və o hələ də bizdən yemək almağa davam eləsin. Yəni ailənin vəziyyəti yaxşılaşan kimi bizə məlumat verib, könüllü olaraq siyahıdan çıxırlar.

Buradan yemək alan 2min ailədən mini Eyyub səmtindən xeyli uzaqda yaşayır. Hər səhər bura gəlib-getmək üçün İstanbul yollarında, həqiqətən də, ciddi maneə olur. Ona görə də yemək paylanmasından daha əvvəl Aş evinin servis maşınları həmin ailələrin yeməklərini götürüb yola çıxırlar.

Dərdləşmə yeri

Hər səhər mindən çox adam burada növbəyə dursa da, hələ bir dəfə də olsun, kiminsə kimi itələməsi, ya acılaması görünməyib. Onlar burada dərd ortağıdırlar, bir qapıdan verilən yeməyə ortaqdırlar. Çoxdan tanıyırlar bir-birilərini, hər səhər hal-əhval tutur, dərdləşir, bir-birilərinə təsəlli verirlər. Məsələn, Nəbahat xala ərini itirib, oğlu da əsgərlikdədir. Bir yerdən bir qəpik girmir evinə. Ona görə də yemək ehtiyacını buradan qarşılayır, dərdini danışır Nurtən xalaya: “İstanbulda heç kimsəm yoxdur, Allah razı olsun bu binanı tikdirənlərdən, bu işi başlayanlardan, davam etdirənlərdən. Oğlum əsgərlikdən dönənə qədər bunlar yeməyimi verəcəklər, sonrası da Allah Kərimdir”.

Məşhurlar var hətta bunların arasında. Bir dövrün zənginləri də yer alır bu sıralarda, amma təbii ki, tanınmaq, bilinmək istəmirlər, səssizcə sıraya durur, bir irəlidəkinə, bir geridəkinə yüngülcə təbəssüm edir, hal-əhval tutur, sonra da sıranın ortasında addım-addım, ağır-ağır irəliləyirlər.
Evsizlərə də yemək var

Dünyanın hər yerində olduğu kimi, İstanbulda da evsiz-eşiksiz, gecəni küçədə keçirən adamlar var. Onlar yeməyi alsalar belə, aparmağa evləri, oturub yeməyə masaları yoxdur. Burada onlar da unudulmayıblar. Hər gün 200-ə qədər evsiz-eşiksiz burada qarnını doyurur. Bəzən gözlənilməyən qonaqlar da olur. Onlar da boş qaytarılmır.

İş rejimi burada üçnövbəlidir. Birinci, uzaq yerlərdəki ailələrin yeməkləri göndərilir, sonra Eyyub səmtində yaşayanların payları verilir, sonra da evsizlər üçün süfrələr qurulur.

0 şərh