Gəldi zambaq zamanı...

Bir vaxtlar qərənfillər dəbdə idi, sonra qızılgüllər. İndi zanbaq dövrü başlayır, həm də necə başlayır. O qədər təravətlidirlər ki... Bir az da ürəyə bənzəyir, hələ sözü deyilməmiş, sevgisi açılmamış, oxunmamış ürəyə. Təzə-tərdir, o saat da solmaz, güldanda üç gün saxlaya bilərsən. Bəlkə, dibçəkdə də hədiyyə vermək olar.
Əvvəllər ağsaqqallar may ayına iydə ayı deyirdilər, çünki bu ayın ortalarında ölkəmizdə iydələr çiçək açmağa başlayır. Hardasa üç gün tez, hardasa üç gün gec, nə fərqi var ki, iydələr mayda çiçəkləyir, bir həftə boyunca hər tərəfi o xoş qoxu bürüyür, sonra da çəkilib gedir. Amma o bir həftənin iydə yaddaşı il boyu burnumuzdan getmir. 

Amma indi zanbaq dövrü başlayıb, xəfif qoxusu var, amma görüntüsü bir özgə aləmdir. Dimdik durmuş, hələ açılmamış, içi ən gözəl duyğularla, sevgilərlə dolu ürəyə bənzəyən zanbaq dövrü. 

Türkiyədə adına lalə deyirlər. Özü də bir zamanlar Osmanlı coğrafiyasının ən çox sevilən çiçəyi olub. İstanbulda “Laləli” deyilən xüsusi səmt var. Sultan saraylarının həyətləri, şəhərin görməli yerləri bizim zanbaq dediyimiz həmin o lalələrlə süslənərmiş. Özü də bu zanbaqlar 3-5 günə açıb-sovulan deyil ki, aylarla göz oxşayır. Birini qoparırlar, yanından bir başqası boy verir. Hətta Osmanlı tarixinin “lalə dövrü” adlanan bir mərhələsi var. Amma çox şeylər kimi, Osmanlı bu gözəlliyini də itirmişdi bir zaman. Son dövrlərə qədər bu zanbaqlar dünyaya güllər ölkəsi kimi tanınan Hollandiyadan yayılırdı. Hollandiya iqtisadiyyatının təməlində gülçülük çox mühüm yer tutur. Dünyanın ən müxtəlif ölkələrinə zanbaqlar, qızılgüllər, çeşid-çeşid güllər yayılır. Əlbəttə, hamısı ölkə büdcəsinə valyuta qazandırmaq şərti ilə.

Son vaxtlar məlum olub ki, gülçülük dünyanın ən çox xeyir gətirən sahələrindən biridir. Doğrudur, əziyyəti də çoxdur, müxtəlif preparatları da, üstəlik də, təcrübə lazımdır. Amma bunları əldə etdinmi, bu gül səni ac qoymaz. Bir də ki, iş olsun. İşləməkdən kim qaçar?

Zanbaqlar Hollandiyaya Osmanlıdan gedib. Özü də XXVI əsrdə Qanuni Sultan Süleyman tərəfindən göndərilib. Amma taleyin işinə bax ki, sonradan Osmanlı zanbağı unudub, Hollandiya isə bu gülə sahib çıxıb.

Bu işin mütəxəssisləri deyirlər ki, güllər də uşaqlar kimi həssasdırlar, harda qayğı görsə, xoş üz görsə, orda yayılır, daha gözəl, daha təravətli olurlar. Osmanlı öz tarixinin son illərini sıxıntılar içində keçirdiyindən o cəmiyyətdə gülə, çiçəyə diqqət də azalıb. Ona görə zanbaqlar da küsüb, nə “Laləli”də qalıb, nə də ölkənin hansısa bucağında.

Amma bu gün zanbaq yenidən Türkiyədə ayaq açıb yeriyir. Özü də İstanbul bu işdə çox geridə qalıb. Konya zanbağın ana vətəninə çevrilib. Dünyanın ən geniş zanbaq tarlaları boy verir Konyada.

İş adamı Əli Yetgin 1996-cı ildə Hollandiyaya səfəri zamanı aşiq olub bu güllərə. Qapılar döyür, yazılar yazır, amma ona zanbaq şitili verən olmur. Amma o israrlıdır, müxtəlif yollara baş vurandan sonra axır ki, istəyinə nail olur. Konyada “Asya Lalə” adında bir firma qurur. Cümra rayonunda 40 hektarlıq ərazi alır və Hollandiyadan gətirdiyi 4 rəngdə zanbaqları orada yetişdirməyə başlayır. İllər keçdikcə zanbaqların çeşidi də artır. Bu gün onun tarlalarında 170 növ zanbaq yetişir.

İstanbul, Kocaeli, Bursa, Konya, Ankara başda olmaqla, Türkiyənin 3500 fərqli nöqtəsinə zanbaq satır Əli Yetgin. Onun tarlalarında il ərzində 14 min işçi çalışır. Təkcə ölkə daxilində gül satmaq Əli Yetgin üçün kifayət deyil, artıq o, Almaniyada, Fransada, Amerikada, Suriyada, İraqda və digər ölkələrdə özünə yeni bazarlar axtarır.

Zanbaq zamanı gəldi. Bu ilıq yaz səhərində parklarda rəngbərəng sıralanmış zanbaqların yanından keçmək adamın könlünü oxşayır. Həyəti olan həyətində, dibçəyi olan dibçəyində əksin. Bu gül hələ uzun müddət evimizi, eyvanımızı, küçələrimizi parklarımızı bəzəyəcək, inşallah.
 

0 şərh