Ölümün sürəti

Günümüzdə hər şeyin sürəti artıb. Deyilənə görə, Yer kürəsi belə tələsməyə başlayıb. Bu sürət, bu qaçaqaç bu dünyanın gəliş-gedişində də özünü açıq-aydın göstərir. İşığın, səsin, uzaq planetlərin hərəkətini ölçən insan, görəsən, özünə nəfəsi qədər yaxın olan ölümün sürətini hesablamaq haqqında heç düşünübmü? Bir şey məlumdur ki, BMT kimi mötəbər bir təşkilatın rəhbəriPan Gi Munun ifadəsinə görə, dünyada hər saniyədə beş uşaq acından ölür. Yəni göz yumub-açıncaya qədər beş körpə göz yumur həyata, özü də bunlar hələ acından ölənlərdir.


Gündoğandan başlayıb günbatanacan ölənlər bir yana, bir kənddə olur ki, hər ay onlarla insan dünyasını dəyişir. Ölüm haqdır, buna heç kəs qarışa bilməz. Bir az diqqətlə baxanda və yaxud dünya işlərindən bir balaca aralanıb düşünəndə, bu haqdan gözümüzün içinə boylanan acı həqiqətləri də duymaya, görməyə bilmirsən... 

Uşaqlığımdan yadımda qalıb ki, kəndimizdə bir-iki xəstə və ya yaşlı adam olardı. Ziyarət edənlər deyərdilər ki, filankəs “su bulanandan” çıxmaz. Su bulanan əsasən mart, aprel aylarına aiddir. Axşam-səhər ahəstə-ahəstə gələn qatı, ilıq duman küsülü adamların əllərini tutub bir-biriləri ilə barışdıran ağsaqqallar kimi dərələri, təpələri bir-birinə qovuşdurardı. Belə dumanlar canavarların sürüyə yovuq düşmələri üçün əlverişli olduğundan bəzən ona “çoban düşməni” də deyirdilər.

İsti nəfəsləri ilə torpağı yaşıllaşdırdığı kimi, dağların kölgəsində gizlənib son anlarını yaşayan qışın qırıq, ağ izlərini də əridirdi yaz dumanları. Alpan çayına sığmayan bulanıq suların qərib laylası kiminsə yuxularını şirinləşdirər, kimlərinsə də əbədiyyətə zillənmiş baxışlarını lilləndirərdi. Gecələr bir az da uzanar, səhərin kefini pozmağa çəkinərdi sanki. Duman da, səhvindən utanıb başını qaldıra bilməyən abırlı adamlar kimi pərişan-pərişan çəkilib gedərdi. Səhər eşidərdik ki, filankəs rəhmətlik olub. Nəinki insanların çöhrələri, itlərin hürməsi, heyvanların mələşməsi, ağaclar, buludlar, küləklər, bir sözlə, hər şeyin duruşunda, baxışında, səslənişində hüzn oxunardı...

Dərin sükut və böyük izdihamla keçən dəfn mərasimində üz-gözündən nur yağan Molla Seyfəddin kişinin oxuduğu “Yasin”dən təsirlənib neçələri göz yaşlarını tuta bilməz, bəziləri də “Təlqin” duasına dayana bilməyib ağlayardılar.

Dəfndən sonra günlərlə belə söhbətlər davam edərdi:

Biri deyərdi: - Rəhmətliklə yol yoldaşı olmuşam, zərrə qədər inciməmişəm.

Biri deyərdi: - Qonşuluqda tayı-bərabəri yox idi. Uşaqlar onu əmiləri bilirdilər.

Biri deyərdi: - Qohum deyil, qardaş da onun kimi ola bilməzdi.

Haçansa borc üçün yanına gəlmiş birisi deyərdi: - O qədər borcu mənə qıydı, mən elə ödədim ki, heç borc aldığımı hiss etmədim.

Bir başqası da əlavə edərdi: - Bircə dəfə də olsun yalan danışdığının şahidi olmadım.

Birisi də onun sözünə qüvvət verərdi: - Könül qırmaqdan bu qədər qorxan ikinci birisini tanımıram.

Biri də təsəlli verib, köks ötürərdi: - Filankəs rəhmətə gedib, özündən sonra neçə ağıllı, tərbiyəli övlad qoyub. Allah rəhmət eləsin!

Yaşlı yoldaşlarından biri də deyərdi: - Allah məni də belə öldürsün. Son nəfəsinəcən özünü itirmədi. Yasini dinlədi, kəlmeyi-şəhadətini gətirib, gözlərini yumdu. İman, Quran hər kəsə qismət olmur ki...

İnsanlar beləcə ipəkləşər, ruhları durulaşardı. Ölüm o qədər adiləşib ki, qəbiristanlığa gedənlər gec-tez hamımızın gedəcəyimiz son mənzilə deyil, toya baxmağa gedirmişlər kimi ğörünürlər. Evlərimizi kinoteatra çevirən ekrandan görüb-eşitdikləri siyasi, iqtisadi söhbətlər ölülərimizin də işinə qarışmağa başlayıb.

Bu yaxınlarda kəndimizin ona yaxın sakini dünyasını dəyişdi. Birinin ölümü başqalarının alacağı ibrət dərsidir, yəni “bu gün mənə, sabah sənə”. Amma çoxumuz ölümdən ibrət almağı ya bilmirik, ya da almaq istəmirik. Gec-tez hər birimiz xahişimizlə gəlmədiyimiz bu dünyadan hər an yolumuzu gözləyən, qapısı daim açıq, dəvət olunmadığımz o məkana köçəcəyik. Necə gedəcəyimiz isə bizdən asılıdır...

Qonşuluğumuzdakı dükanda bir vaxt Əziz dayı işləyirdi. Doğrudur, o dükan elə indi də var, amma orda işləyən daha Əziz dayı deyil. Onda biz balaca uşaqlar idik və cib xərcliyi düzəltmək üçün əlimizə düşən butulkaları toplayıb Əziz dayıya satardıq. Bəzən aralarına haçansa neft doldurulmuş butulkalar da qarışdırardıq. Onları günlərlə yuyar, torpaq, su doldurub qoyardıq ki, neft iyi verməsin. Butulkaları təhvil verəndə ürəyimiz döyünərdi, elə bilərdik ki, Əziz dayı da eşidir səsini. Nə qədər gülərüz olsa da, Əziz dayı bizi gözlədər, butulkaları bir-bir qoxulayıb götürər, iy verənləri də qarşımıza düzüb: - Bunları da aparın rəflərinizə düzün, qoxusu uçsun,- deyərdi. Günlər, həftələr, aylar uçub gedər, neft iyi isə bütün köçəri quşları yola salıb özü köçməyən sərçə kimi uçmaq bilməzdi...

Məşhur məsəldə deyildiyi kimi, qab içindəkinin qoxusunu verir. Çölümüzdən əvvəl içimiz təmiz, gözəl olmalıdır. Mövlana Həzrətlərinin qızıl kəlamlarına qüvvət, elə yaşamalıyıq ki, libasımız içinin boşluğuna görə xəcalət çəkməsin. Gözəl yaşamadan gözəl ölmək mümkün deyil. “Nə əkərsən, onu da biçərsən” hikməti həm olum, həm də ölüm düsturudur...

Hansı fəsil, hansı gün, necə hava olur-olsun Əzrayıl səyahətindədir. O, öz vəzifəsini yerinə yetirir. İnsan da gərək öz vəzifəsini layiqincə yerinə yetirsin. Ölüm ibrət almağı bacaranlar üçün ibrətdir, onu başa düşməyənlər üçün kiminsə yox olması, yaxınlarının itkisidir. Quyuda böyüyən qurbağaya dənizin böyüklüyünü başa salmaq olarmı?..

Ölüm - yaşamağın ədviyyatıdır. Onu düşünmədən yaşamaq yavan çörək yemək kimi bir şeydir, deyənlər də var...
 

2 şərh

lala_askerova
Lap qanım qaraldı((((( Olmek istemireeeeemmmmmm:( Olmekden ele qorxuram kiiii((((((
BaKiNeC

Çox gözəl və mənalıdı.Lala xanım qanin niyə qaralır ki? Ölüm haqqdır.Heç kim bundan yan keçə bilməz.Bu dünyaya gələrkən,yaşayıb istədiyin kefi çəkəndə xoş olur amma ölməyə gəldikdəsə bundan qorxmağın bir yana qalsın heç ölmək belə istemirsən.Sən istəməsən belə ölüm hər an səninlədir.