Əsəb Qutusu

Onu hamı sevirdi. Qətiyyətli idi. Heç vaxt tələsik qərar qəbul etməz, tələsik qərarların gec-tez insanı çətin vəziyyətdə qoyduğunu deyərdi: Ondan bu vərdişi necə qazandığını soruşanlara isə uşaqlığında baş verən bir hadisəni danışırdı. 

Dediyinə görə, o çox çılğın uşaq idi. Çox tez özündən çıxır və bu vəziyyətdə qəbul etdiyi qərarlar da bir qayda olaraq səhv olurdu. 

Bir gün atası onu yanına çağırdı. əlindəki qutunu uzadaraq: “Oğlum! Son vaxtlar çox əsəbi görünürsən. Halbuki səni özündən çıxaran şeylər çox kiçik və bəsit şeylərdir. Sənə bir təklifim olacaq. Bu qutunu al və səni özündən çıxaran bir şey olanda, o andakı hisslərini yazıb, bu qutuya at. Bir ay sonra qutunu aç və yazdıqlarını oxu. Onda bir vaxt böyütdüyün məsələlərin nə qədər əhəmiyyətsiz olduğunu görəcəksən”, - dedi.

O, atasının dediyi kimi də etdi və bir şeyə hirslənəndə hisslərini yazıb, qutuya atdı. Ay başa çatmamış artıq qutu ağzına qədər dolmuşdu.

Kağızların bəzilərini oxuyanda gülməkdən özünü güclə saxlayırdı. Bunlar o qədər xırda şeylər idi ki, indi o vaxt özünü cilovlaya bildiyi üçün şükür edirdi.

Əslində bizim də belə bir qutumuz ola bilər. Bu qutuya incikliklərimizi, umu-küsülərimizi ata bilərik. Bir ay sonra bizi özümüzdən çıxaran şeylərin “böyüklüyünü” özümüz də görə bilərik. İnanıram ki, bir neçə il sonra artıq bu qutuya atmağa bir şey qalmayacaq.

3 şərh

Ferbara
:)) Əsəbləşdiyim şeyi ertəsi gün yadıma salıb gülldüyüm vaxtlar olur. :)
MURAD_SEYFULLAYEV
Artıq bəzi xırda şeylərə, sabah buna gülməyim deyə əsəbləşmirəm. Bir növ bu xırda şeylərə görə özümün-özümdən utanmağımı özümə sığışdırmıram. Lakin böyük hesab elədiyim məsələlərə görə əsəbləşməyin düz olmadığını bəzən çox gec anlayıram. Bax bu qutu elə əsl mənə lazımdır. :) Qeyd edim ki, yaşlananda, xəstələnəndə və bu dünyanın qapıları üzümüzə bağlananda, ən çox peşman olacağımız şeylərdən biri əsəbləşməyimiz olacaq, həm özümüzü həm də yaxınlarımızı incitdiyimizə görə... 
MURAD_SEYFULLAYEV
Maraqlı topikdir. Qutu ideyası da çox gözəl ideyadır, yoxlamağa dəyər… Ümumiyyətlə arzu edirəm ki, heç vaxt əsəbləşməyəsiz və bu qutuya da ehtiyacınız olmasın. :)