Çiçək ləçəklərinə yazılan duyğular

Gücün qələbəsində gözəllik, harmoniya olmayanda zora çevrilir.Gözəlliklə sevginin vəhdəti çiçək ləçəklərində zərifliyə dönür.Çiçək zərifliyi zəifliyi deyil, gözəlliyin təntənəsini ifadə edir.Çiçəklər zərif, incə, ecazkar və musiqili dünyanın sehridir.

 

Çiçək zərifliyi

Təbiətin körpəsidir çiçəklər.

Oyanışın, həyatın, ilkinliyin, gözəlliyin, zərifliyin, təravətin simvoludur çiçəklər.

Dünyanın ən gözəl sevgiləri çiçək dilində danışar, çiçək ətri verər.

İnsan könlü zor və güclə deyil, zəriflik və sevgi ilə fəth olunur.

Zəriflik və sevgi ilə fəth olunan könül azadlığını itirməz.

Çünki onun təbiətində zordan əsər-əlamət yoxdur.

Bu baxımdan zərifliyin qələbəsi daha möhtəşəmdir, daha ecazkardır.

Çiçəyin gücü, gözəlliyi zərifliyindədir.

Bu zəriflik musiqi sədaları ilə bacı-qardaşdır.

Onlar qəlb tellərinin sığalıdır.

Könül bağçasının səhər mehidir.

Gücün qələbəsində gözəllik, harmoniya olmayanda zora çevrilir.

Gözəlliklə sevginin vəhdəti çiçək ləçəklərində zərifliyə dönür.

Çiçək zərifliyi zəifliyi deyil, gözəlliyin təntənəsini ifadə edir.

Çiçəklər zərif, incə, ecazkar və musiqili dünyanın sehridir.

Çiçək zərifliyində əbədi gözəlliyə inam yaşayır.

Çörək evin Günəşidir

Evin bəzəyi süfrə, süfrənin bəzəyi isə çörəkdir.

Qolumuzda gücün, damarımızda qanın, ürəyimizdə təpərin, dizlərimizdə taqətin, ruhumuzda işığın bir adı çörəkdir.

Çörək müqəddəsdir, çünki əvəzsizdir.

Ona görə çörəyi itirmək olmaz.

Ona görə çörəyi tapdamaq günah sayılır.

Çörək halallıq və zəhmət rəmzidir.

Çörəyin qədrini bilənin əli harama uzanmaz, dilinə yalan gəlməz.

And yeridir çörək.

Bütün nemətlərin şahıdır.

Süfrənin ciddiyyəti, nizam-intizamı, sayğısı, sanbalı, ağırlığı çörəklə bağlıdır.

Süfrənin cazibə qüvvəsidir çörək.

Öpülüb göz üstünə qoyulandır.

Hərarətdir - təndirin istisi, odu-közü çörəklə evə daşınır.

Bərəkətin bir adı, ölçüsü çörəkdir.

Çörəyi bol olan evin Günəşi içindən doğar.

Güc hücum üçün deyil, müdafiə üçün lazımdır.

Çörəkli vətən müdafiəlidir, arxalıdır, güclüdür.

Çörəkli vətənin pis günü olmaz.

Çörəkli vətən basılmaz.

Çörəyiniz dizinizin üstündə olmasın, Gözünüzün üstündə olsun.

İnsan

İnsan dəmirçi kimidir. İçi kürədi.

Hər gün o özünü bu kürədə qızdırmalı və döyməlidir - yeni insan yaradana qədər.

İnsan içindən doğulur.

Kamil insanın hər addımı doğuluşdur. O, içində böyüyür, içində pərvazlanır, içindən uçur dünyaya.

Kamil insanın içi bir ölkədi. Özünü tanımaq, özünü tapmaq üçün qarış-qarış gəzməlisən bu ölkəni.

İnam bu olkənin göyləri, arzular ulduzlarıdır.

Sevmək bu ölkənin ucqar bir kəndində özünü tapmaqdır, bağrına basmaqdır.

Ölmək bu ölkənin üfüqlərinə qovuşmaqdır.

Torpaq

Torpaq ucalıqdır.

Çünki bütün ucalıqlar torpaqdan başlanır.

Torpaq gücdür.

Çünki torpaqdan qopan torpağa dönur.

Ən kiçik toz zərrəsi də yenidən torpağın köksünə enir.

Torpaq qüdrətdir.

Çünki vətənin bir adıdır.

Torpaq anadır.

Çünki əbədiyyət beşiyidir.

Körpə gülüşü

Körpə gülüşü saflığın simvoludur.

Ülviyyətin gözəllik səviyyəsinə qalxmasıdır.

Ən gözəl nəğmələr körpə gülüşünün dostlarıdır.

Körpə gülüşü ilə çiçəklər mənəvi qohumdular.

İki sevən könülün səadət himnidir körpə gülüşü.

Körpə gülüşü gəlməyən ev qaranlıqdır daim.

Körpə gözlərində dünya göründüyündən gözəldir.

Körpə gülüşü gözəlliyin nəğmə dilidir.

Dünyanın yaxşıları gülməkdən doymayan körpələrə bənzəyirlər.

Çünki onlar da sevinc paylamaqdan yorulmurlar.

Körpə gülüşündə sabaha inam çiçəkləyir.

Gülən körpənin üzü xoşbəxt dünyanın xəritəsidir.

Ana

Səcdəyə layiq dahilik.

Vətənin ikinci adı.

Günəş siqlətində fədakarlıq.

Dağ dəyanəti.

Sadəlik biçimində alilik.

Özündən keçən cəfakeşlər.

Təmənnasız fədailər.

Göz yaşlarından keçən paklar.

İnsan adının zirvəsi.

Bütün yer üzünün dincliyi.

Qoynu cənnət-məkanlar.

Doğmalıq rəmzi.

Qayğıda itənlər, əriyənlər.

Şəfqət pəriləri.

Təkrarsız, bənzərsiz qəhrəmanlıq.

Yerdə tapındığımız göylülər.

Bütün sevgilərin Anası.

Azadlıq

Ən dəhşətli əsarətdə belə ondan qat-qat böyük olan azadlıq yaşayır.

Ən dar qəfəsdə belə dünyanı bürüyən azadlıq nəğmələri, uçmaq ehtirası, qanadlı günlər səadəti var.

Ən böyük məhrumiyyətdə belə yaratmaq eşqi, özündənkeçməyə meyil, qəhrəmanlığa ehtiyac var.

Ən qatı zülmətdən belə doğulacaq Günəşin xəbəri gəlir.

Zülmət işığın təsdiqindən başqa bir şey deyil.

Azadlıq - yaşanan ən gerçək, ən şirin, ən dadlı nağıldır.

Azadlıq insan həyatının Günəşidir.

Təbəssüm işığı

Günəşin torpağın üzündən öpdüyü yerdən bənövşələr, nərgizlər çıxır.

Bu, torpağın təbəssümüdür.

Puçurlar ağacların,

Sübh şəfəqləri səhərin,

Lalələr zəmilərin,

Ay işığı gecələrin,

Göyqurşağı üfüqlərin,

Bahar yer üzünün təbəssümüdür.

Dünyanın hər şeyi təbəssüm ayağındadır.

Hər şey dayanıb bir-birinə gülümsəyir...

Pərvanə şama bağlanan kimi, dünya təbəssüm işığına uyub.

Təbəssüm insanın çiçək açmasıdır.

Baharı içinə çağırmaqdır.

Baharlaşmaqdır.

Təbəssüm dünyanın ən işıqlı ümididir.

O elə bir işıqdır ki, könül bütün qayğıları unudub ona dönər.

O, yeganə hədiyyədir ki, imtinası yoxdur.

O, elə hədiyyədir ki, hamıya çatar.

O, elə hədiyyədir ki, paylandıqca qurtarmaz.

Könül evinin bütün qapılarına düşən açardır təbəssüm.

Kvazimoda Təzadı

Məzmun o qədər zəngin, o qədər böyük olur ki, formaya yerləşə bilmir. Çay məcrasına sığmayan kimi.

Məna formaya sığmayanda onu zədələyir, onu yaralayır.

Sellər-sular sahilləri, bəndi-bərəni yuyub aparır.

Məna formaya sığmayanda onu dağıdır.

Biçim deformasiyaya uğrayır.

Məna biçimin gözünü çıxarır, ağzını əyir, onu qozbelləşdirir - Kvazimodaya döndərir.

Bu zaman eybəcərləşən forma ifrat məzmun gözəlliyinin ölçüsü kimi üzə çıxır.

Əslində eybəcərlik ayrılıqda mövcud deyil.

O, mahiyyətin formaya sığmazlığının nəticəsidir.

O, mahiyyətin böyüklüyünü açmağa xidmət göstərir.

Qeyri-adi, təzadlı gözəlliyin ölçü vahidi, meyarı kimi üzə çıxır.

Məzmunla biçimin təzadıdır Kvazimodalıq.

Məzmunun dağıntıları nə qədər böyükdürsə, yəni forma nə qədər eybəcərləşibsə, deməli, məna o qədər zəngindir, dərindir.

Kvazimodalıq - əl çatmayan, real olmayan, bütün ölçüləri dağıdan sevgidən doğan heyrətdir.

Qovuşmaq üçün deyil, borcdur - sevmək borcu.

İçin üzə sığmazlığıdır.

Kvazimoda - məzmunla forma arasındakı gərginliyin və məsafənin maksimum həddə çatdığı, qütbləşdiyi yerdir.

Gözəlliyin qarşısıalınmaz gücə çevrildiyi məqamdır.

Kvazimoda Təzadı onun faciəsi, həm də təsdiqidir.

Bu Təzad sonsuz daxili güc və enerji qaynağıdır.

Kvazimodanın içi sevgisinin, üzü cəmiyyətin şəklidir.

Onun qəlib həyatı yoxdur deyə, faciəsi labüddür.

Amma bu, bədbəxtlikdirmi?

Bu faciə onun mahiyyətini açır, böyüklüyünü göstərir.

Kvazimodanın xilası faciəsindədir.

Kvazimoda faciəsinin mahiyyəti ondan ibarətdir ki, məhv olmasa, var ola bilmir. Yox olmasa, təsdiqini tapa bilmir.

Özündən keçməsə, gülüş yeri olur.

Qəribə burasıdır ki, bu faciə təsdiqin yeganə yoludur.

Eybəcərlik sədlərini aşmaq həmişə böyük qurban, böyük fədakarlıq tələb edir.

Sevginin gücü zülmət gecədə ildırım kimi çaxır.

Çirkinlik çiliklənir, heyrətin geniş üfüqləri açılır.

Kilsənin qoruya bilmədiyi gözəlliyi Kvazimoda həyatının mənasına döndərir, onu vətən səviyyəsinə qaldırır.

Məzmunun gözəlliyi biçimin eybəcərliyini unutdurur, hətta onu məlahətləndirir.

Kvazimoda - gözəlliyin qələbəsindən ötrü özündən keçən könüllü əsgərdir.

Kvazimodanı sevən adamın məhəbbətinə şübhə yeri qalmır.

İlk dəfə eybəcərlik sədlərini qıran, azadlığa çıxan Kvazimodanın daxili aləmi gözəllik, ədalət və sevgi naminə fəda edilir.

Sevgi qələbə çalır.

Kvazimodanın Təzadı özünütəsdiq və ölümü bir araya gətirir.

Təsdiq ölümdən parlaq görünür.

Gözəllik ölüm fonunda görünmür, əksinə, ölüm gözəllik içində itir.

Biçim görünməz olur, yaddan çıxır.

Kvazimodalıq imkansızlıqdan imkan kimi istifadə etməkdir.

Kvazimodalıq eybəcərlikdən heyrətamiz gözəllik düzəltmək dərsidir.

Nifrətdən sevgiyə yol çəkməkdir.



Təsəlli

Ağaclar qırılır - meşələr qalır.

Çiçəklər quruyur - bahar qalır.

Yaxşılar gedir - yaxşılıqlar qalır.

Aşiqlər ölür - Məcnunluq qalır.

İgidlər ölür - qəhrəmanlıq qalır.

Gözəllər gedir - gözəllik qalır.

Cəfakeşlər gedir - fədakarlıq qalır.

Analar gedir - analıq qalır.

Biçimləri gedir - mənaları qalır.

Gedərilər gedir - əbədilər qalır.

Üzləri gedir - özləri qalır.

Qalanlar qalır.

Ağaclar meşələri,

Çiçəklər baharı,

Aşiqlər Məcnunluğu,

Yaxşılar yaxşılığı,

İgidlər qəhrəmanlığı,

Gözəllər gözəlliyi,

Analar analığı yaşadırlar.

Gedənlər qalanlarda qalır.

Gedənlər qalanlarda yaşayır.

Nəsimilik çalarları

Çiçək çəmənə sığmır,

Çörək süfrəyə sığmır,

Günəş səmaya sığmır,

Körpə bələyə sığmır,

Bülbül qəfəsə sığmır,

Yağmur buluda sığmır,

Toxum torpağa sığmır,

Bahar bağlara sığmır,

Sevgi izhara sığmır.

Arzu ömrə sığmır,

Yaxşılıq ölçüyə sığmır,

Qəhrəmanlıq zamana sığmır.

Təbəssüm çöhrəyə sığmır.

Göz yaşı yanağa sığmır.

Şəbnəm qönçəyə sığmır.

Vətən sərhədlərə sığmır.
 

0 şərh