Təkayaqlı casus qadın Virciniya Hai


Dünyada tanınmış casuslar arasında qadınlar da özlərinəməxsus iz buraxıblar. Onlardan biri də Virciniya Haildir. Virciniya Hail 1907-ci ildə adlı-sanlı, varlı bir ailədə dünyaya gəlib. Virciniya hələ uşaq yaşlarından öz çalışqanlığı, bacarığı ilə valideynlərinin rəğbətini qazana bilmişdi. O, orta məktəbdə oxuduğu müddətdə öz çalışqanlığı, dərslərdə fəallığı ilə yaşıdlarından seçilirdi. Atası da qızının bu cür çalışqanlığını nəzərə alaraq, onu təhsil alması üçün Parisə göndərir. Daha sonra Virciniya Almaniyada və Vyanada təhsilini davam etdirir. Gələcəyin casusu ilə təhsilini fərqlənmə başa vurur. Həmin dövrdə Virciniyanın ailəsində hər şey normal gedirdi. Bir sözlə, o dövrdə Virciniya qayğısız bır həyat yaşayırdı.



Talenin gözlənilməz hədiyyəsi

1929-cu ildə ABŞ-da baş verən iqtisadi böhran nəticəsində Virciniyanın atası bütün var dövlətini itirir. Faciə bununla bitmir. Bütün mülkünü itirən ata buna dözmür və bir neçə gün sonra infarkt keçirərək dünyasını dəyişir. Virciniya isə bütün bu olanlardan sarsılır, ancaq mübarizəsini dayandırmır. Gənc qız artıq həyatda ən etibarlı işin dövlət işi olduğunu fikirləşir və bu istəyi ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edir. Virciniyanın bəxti gətirir: Nazirlikdən ona müsbət cavab gəlir. Gənc qız həmin nazirlikdə bir müddət katibə işləyir və rəhbərliyin hörmətini qazana bilir. O burada işlədiyi dövrdə xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb olunur. Daha sonra o, xüsusi tapşırıqla Varşavaya, Rumıniyaya və nəhayət, Türkiyənin İzmir şəhərinə gəlir. Burada bir müddət casusluq fəaliyyətini davam etdirir.

Türkiyədə onun əsas işi həmin dövrdə Ankara-Berlin münasibətlərini izləmək və bu barədə məlumatlar toplamaq idi. Bu məqsədlə o, Türkiyənin ali dairələrindəki bəzi adamlarla əlaqə qurmuşdu. O, Almaniya ilə bağlı onlardan eşitdiklərini dərhal ABŞ xüsusi xidmət orqanlarına ötürürdü. Türkiyədə fəaliyyətə başladıqdan bir neçə il sonra o, ABŞ xüsusi xidmət orqanlarına göndərdiyi məlumatda yazırdı: “Mən yüksək mənbələrdəki tanışlarım vasitəsilə müəyyən etdim ki, Almaniyanın Türkiyədəki səfiri Ankaranı hər vasitə ilə özlərinin müttəfiqinə çevirmək istəyir. Amma Türkiyəni idarə edənlər I Dünya müharibəsində başlarına gələnlərdən ehtiyat edərək, almanlarla müttəfiqlik məsələsinə ehtiyatla yanaşırlar. Mən də öz növbəmdə sözarası tanışlarımda belə bir fikir formalaşdırdım ki, Hitlerin müttəfiqi olmaq Türkiyəni yeni fəlakətə sürükləyə bilər. Deyəsən, bunun təsiri oldu, son görüşümdə həmsöhbətim bildirdi ki, Türkiyə bu dəfə tələsməyəcək və Hitlerin müttəfiqi kimi çıxış etməyəcək. Türkiyə gözləmə mövqeyi seçəcək və bu işin necə nəticələnəcəyini gözləyəcək. Əmin ola bilərsiniz: II Dünya müharibəsi başlayacağı təqdirdə, Türkiyə Almaniyanın müttəfiqi kimi çıxış etməyəcək”

1934-cü ildə Virciniyanın həyatında yenə bir faciə baş verir. O, avtomobil qəzasına uğrayır. Virciniya qəzadan sağ çıxsa da, sol ayağını itirir. Belə ki, ayağından qanqrenanın bədənə yayılmaması üçün sol ayağı dizdən aşağı kəsilir. Bu əməliyyat İstanbuldakı Amerika xəstəxanasında aparılır. Ancaq qəzanın kimlər tərəfindən və nə üçün törədildiyi hələ də gizli saxlanılır. Qəzadan sonra Amerikanın İzmirdəki konsulluğundan Vaşinqtona göndərilən bir məktubda Virciniyanın öz silahı ilə ehtiyatsız davrandığına görə ayağını yaraladığı və yaralı ayağının kəsildiyi bildirilir.

10 aya yaxın bir müddətdə müalicə olunan Virciniya nəhayət xəstəxanadan çıxır və Nyu-Yorka yollanır. Daha sonra o, Rumıniyaya gedir və orada casusluq şəbəkəsi qurur.



“Limping lady” (Axsaq xanım)

Virciniya Amerikada altı ay qaldıqdan sonra Venesiyada casusluq fəaliyyətini davam etdirmək istəyir. Gənc qız artıq təkayaqlı idi. Kəsilən ayağının yerinə isə taxta ayaq qoyulmuşdu. Virciniya özünə maraqlı bir ləqəb götürür, “Limping lady” (Axsaq xanım). “Limping lady” Venesiyada bir müddət işləyir. Müharibə başlayandan sonra 1941-ci ildə Hail ABŞ xüsusi xidmət orqanları tərəfindən Almaniyaya qarşı həyata keçiriləcək xüsusi əməliyyatlar qrupunun rəhbəri təyin edilir. Eyni zamanda o, rəhbərliyin razılığı ilə İngiltərə kəşfiyyatına işləməyə başlayır. Bu dəfə Hail “Mari kodu” altında Fransaya göndərilir. O, burada Fransa müqavimət hərəkatının yaradılmasında iştirak edir. Onun bu fəaliyyəti isə fransızlar arasında rəğbətlə qarşılanır. 1942-ci ildə Hail Lion şəhərinə gəlir və burada amerikan və ingilis gizli kəşfiyyatının yerli şöbəsinin yaradılmasında iştirak edir, həm də yerli əhali arasında müqavimət təşkilatının özəklərini yaradaraq, onları almanlara qarşı mübarizəyə istiqamətləndirir. Amma ilin sonunda alman kəşfiyyatı Hailin izinə düşür. Ancaq o, alman əks-kəşfiyyatına yerləşdirdiyi casusu vasitəsi ilə bundan xəbər tutur və vaxtında ölkəni tərk etməyə müvəffəq olur.

1944-cü ildə o, yenidən xüsusi tapşırıqla Fransaya qayıdır. Qısa müddətdə Hail almanların cəbhə xəttində əks-hücuma hazırlaşmaları və müttəfiq qoşunları Fransada darmadağın etməyə hazırlaşması barədə xüsusi məlumat əldə edir və onu ingilis və amerikan kəşfiyyatına ötürür. O bildirir ki, almanlar öz hərbi qərargahlarını Liondan Le Paya keçiriblər. Məhz bu məlumatlar nəticəsində ABŞ və İngiltərə ordusu cəbhənin başqa istiqamətindən almanlara gözlənilməz zərbələr endirir və bununla da almanların Fransada darmadağın edilməsi prosesinin əsası qoyulur. Bütün bunlarda Hailin oynadığı böyük rol ABŞ Prezidentinə də məlum idi. Ona görə almanlar üzərində qələbədə göstərdiyi casusluq xidmətlərinə görə Hail ABŞ-ın ali ordenlərindən biri ilə təltif edilir. 1945-ci ildə ABŞ Prezidenti Harri Trumən şəxsən özü bu mükafatı Hailə təqdim edir və ona müraciətlə: “Sən Almaniya üzərində qələbəmizə böyük töhfə verdin. Sən olmasaydın, biz Fransada müqavimət hərəkatı təşkil edə, almanların hər planlarından vaxtında xəbər tuta bilməzdik. Sən olmasaydın, II cəbhənin açılmasını uğurla sona çatdıra bilməzdik”, -demişdi.

Müharibədən sonra Virciniya Mərkəzi Kəşfiyyat İdarəsində Fransa hərbi və parlament kəşfiyyatı işləri üzrə baş məsləhətçi vəzifəsinə təyin edildi. 1966-cı ildə təqaüdə çıxana kimi bu vəzifədə də işlədi.

1945-ci ildə Virciniya gizli təşkilatda tanış olduğu Paul Qollot ilə evlənir və Amerikada yaşayır. Virciniyanın casusluq fəaliyyətindən yaxın vaxtlara kimi heç yerdə məlumat yayılmayıb. Ancaq 2003-cü ildə bir jurnalistin araşdırmaları nəticəsində Virciniya Hailin həyatı, casusluq fəaliyyəti öyrənilir. Bəzi məlumatlara görə, o, ABŞ xüsusi xidmət orqanlarının Avropada xüsusi casusluq sistemini qurub və bu gün də bu sistem vasitəsilə ABŞ Qərbdəki müttəfiqlərinin bütün fəaliyyətlərini nəzarətdə saxlayır.
 

0 şərh