İnsan nə zaman Tanrı axtarışına çıxdı?

Dünya miflərdən və məntiqdən ibarətdir. Ürəklə ağlın vəhdəti də deyə bilərik buna. İnsan tarixdən əvvəl də, indi də qəlblə ağlın arasında get-gəl edib.
Karen Armstronqun «Miflərin qısa tarixi» kitabında miflərin bizim həyatımıza təsirindən bəhs edir. Əslində biz bu həqiqəti bilirdik, sadəcə Karen Armstronq qollarını çırmalayıb bu işin mahiyyətini araşdırıb və ortaya gözəl bir kitab çıxarıb.
İnsan nə zaman Tanrı axtarışına çıxdı?
Müəllif Paleolit dövründən başlayaraq ta indiki modern çağa qədər miflərin tarixinə qısaca, quş baxışı bir nəzər salır və çevrəni qapayır. Miflər və məntiq bir-birini tarixən izləyib, nəticədə hər ikisi günümüzə qədər gəlib çıxıb.
Karen Armstronq «Miflərin qısa tarixi» kitabında yazır ki, insanlar ibtidai dövrdə heyvanları öldürəndə onların da özləri kimi öldüklərini görür və günah hissi yaşayırdılar. Heyvanları ovlamaq insanların yaşamaq mübarizəsinin təməliydi. Onlar ovlamasa, ac qalardılar. Yaşamaq üçün başqalarının qurban olması tələb olunurdu. İnsan isə öldürdüyü heyvanı mağaraya gətirəndə içində bir peşmanlıq hissi duyur. Hətta heyvanları öldürüb dərisini soyanda, sümüklərini bir yerə yığanda inanırlarmış ki, heyvan təzədən diriləcək.
İlk insanlar Tanrını, onları xilas edəcək gücü göylərdə axtarırdılar. İnsan ibtidai dövrdə də, modern çağda da həmişə qorxu içində olub, ona görə nəyəsə sığınmaq ehtiyacı duyub. Ziqmund Freyd «Totem və tabu» kitabında bizim qorxularımızdan danışanda yazırdı ki, insan şimşəkdən qorxanda ata-anasına sığınırdı, sonradan bu sığınacağın adı Allah və dinlər oldu.
Miflər də beləcə ortaya çıxdı. Əslində kədərli faktdır. İnsan təsəlli üçün, qorxusunu yenmək üçün nəyəsə inanır. Bir dostumuzun dediyi kimi, insan tarix üçün yalnızca tikinti materialıdır.
Kitabda çox maraqlı yerlər var. Məsələn, Karen Armstronq yazır ki, Heraklın ovçuluq dövründən yadigar qaldığı hardasa yüzdəyüz gerçəkdir. Mağara adamı kimi heyvan kürklərinə bürünür, əlində sopa gəzirmiş.
Deyilənə görə, Herakl heyvanlarla başa çıxmaqda göstərdiyi ustalığa görə məşhur bir şaman imiş: yeraltı dünyasına enər, ölümsüzlük meyvəsini axtarar, Olimp Dağında Tanrılar aləminə çıxarmış.
Miflərin ilk insanlara təsirindən danışan müəllif qeyd edir ki, kişilər üçün ailənin yaşaması və nəslin davamı çox önəmliymiş. Onlar qadınlarla uşaqlarını qorumaq adına öz canlarını heçə sayırdılar. Ovçular qadınların yeni həyatın qaynağı olduğu gerçəyini anlayır, nəslin davamının onlara bağlılığını qəbul edir və bunun üçün hər şeyə razı olurdular.
İnsanlar həyatlarının qıraq-bucağını xoşbəxtliklə doldurmaq, ölümü unutmaq, kədəri azaltmaq, ağrılarını dindirmək üçün miflər yaradırlar və inanırlar ki, o miflər onların yaşaması üçün vacibdir. Onlar itirilmiş cənnət mifi olduğuna qəlbən inanır və ordakı həyatı xəyallarında canlandırırlarmış. O xəyali dünyada ölümsüz imişlər, heyvanlarla, təbiətlə harmoniyada yaşayırmışlar. K. Armstronq yazır ki, bu dünyanın mərkəzində insanların dırmaşıb tanrılar dünyasına daxil olduqları bir ağac, bir dağ və dirək var imiş. Sonra bir fəlakət olubmuş: dağ uçmuş, ağac kəsilmiş və göylərə qalxmaq çətinləşmişib.
Yemi tapandan, ailəni qurandan sonra insanlar şəhərlər tikməyə, sivilizasiyalar yaratmağa başladılar: dinlər yarandı, ilk inanclar meydana çıxdı, hər xalqın tapındığı Tanrılar onlara mütləq xoşbəxtlik vədi verdi.
Torpağın vacibliyi haqda miflər elə bu zamanlarda ortaya çıxdılar: insanlar torpağın müqəddəs olduğuna şək-şübhəsiz biət edir, inanırdılar ki, torpaq bütün canlıları — bitkilər, heyvanlar və insanları eynən ana bətni kimi içində daşıyır. Karen Armstronq torpağın o insanlar üçün necə önəmli olduqlarını, ona tapındıqlarını yazarkən əlavə edir ki, yağış da göylə yerin cinsi bərabərliyi idi. İnsanlar yağışı xoşbəxtliyə işarə kimi qəbul edir, torpağın o yağışla nəfəs alacağını, canlanacağını düşünürdülər. İlk şəhəri Qabil yaratdı və ondan sonra insanlar şəhərlər salmağa, daha da artmağa və qazanc haqda baş sındırmağa başladılar.
 
Karen Armstronq uzaqdan başladığı söhbəti günümüzün reallıqlarına qədər gətirib çıxarır və bizim məntiqli, ağıllı, miflərdən kənar bir dünyaya etibar etməyimizi istəyir. O, insanın inkişafını, gələcəyinin daha yaxşı olmasını məhz məntiqdə, elmdə, təcrübədə və faktda görür. Lakin bu gerçəyi də söyləməyi unutmur: miflər həmişə bizimlə çiyin-çiyinə yol alır və insanlar o miflərə inanmaqla rahatlıq tapırlar.
İnanc, mif təsəllidir, komfortdur. Dünyanın yalnız məntiq qatı olsa, bəlkə də həyat çox maraqsız olardı. Hər şeyin mütləq bir fakta əsaslanması insanları ümidsizliyə aparır. Halbuki yaxınını itirmiş bir adamın onu nə vaxtsa o biri dünyada görmək inancı bir anlıq da olsa onu sevindirir. Bu gerçək olmasa da, o mif həmin adamın öz-özünə verdiyi təsəlliyə çevrilir, yaranın üstünə məlhəm çəkir.
Kitabdan oxudum ki, Platon mifləri qəbul etməz, onları qarıların nağıllarına oxşadarmış. Aristotel də onun kimiymiş. Hətta eşq, gözəllik, ədalət, yaxşılıq kimi qavramları belə məntiqi mühakimə əsasında qəbul edirmiş. Aristotel fəlsəfi mətn kimi oxuyurmuş mifləri. Miflər elmi gözlə baxanda ona çox mənasız gəlirmiş.
Lakin Platonla Aristotelin birmənalı rədd etdikləri miflər onlara başqa yerdə kömək edirmiş. Məsələn, Platon ruh haqda yazarkən şərqin reankarnasiya mifinə baş vururmuş.
Kitabın sonunda da Karen Armstronq indiki mifləri romanlarla müqayisə edir və nəticədə romanların da çağdaş insan həyatına təsirini inkar etmir.

Məncə, bu dünyada miflərin olması həyatın sıxıcı, monoton yanını aradan götürmək üçündür. Şübhəsiz, elm çıxış yoludur, xilasdır. Miflər isə təsəllidir. Məncə, ikisindən biri olmayanda insan yarımçıq olur. Sadəcə problem ondadır ki, sən mifləri gerçək kimi qəbul edirsən. Yaxud da elmi gözlə miflərə baxırsan. Baxışımızı dəyişsək və onları qarşı-qarşıya qoymasaq və hər şeyi adıyla çağırsaq, mənə elə gəlir, problem də ortadan qalxar. Yaradıcılıq üçün mif, ağıl üçün məntiq lazımdı. Hər ikisi birləşəndə onun adına sənət deyirlər. Ürəklə ağılın vəhdətindən yaranan sənət.
 
 
 
 
Müəllif: kulis.az
Mənbə: kulis.az
 

0 şərh