Sərmayə diktatorları (tərcümə)

 

'Diktator' deyilincə, ağla ilk gələn siyasi diktatorlardır. Halbuki siyasi diktatorları da diktatorluğu altına alan, görünməyən və reaksiya çəkməyən gerçək diktatorlar sərmayə diktatorlarıdır. Bu diktatorluğun təməli  neo-liberalizmlə atıldı və günü -gündən  inkişaf etdi. Neo-liberalizm ideologlarının  ən böyük müvəffəqiyyəti, bazarın sərbəst buraxılması lazım olduğunu və bunun təbii və doğru bir yol olduğunu  istismar olunan cəmiyyətlərə də qəbul etdirmələri oldu. Ideoloqlar digər bütün tezislərini  bu qəbul üzərinə bina etmiş və beləcə sərmayə diktatorlarını meydana çıxarmışlar.

Daha açıq bir deyimlə, dövrümüzün gerçək diktatorları siyasi diktatorlar deyil, sərmayə diktatorlarıdır. Çünki siyasi diktatorlar, sərmayə diktatorlarının əlində kuklaya dönüblər. Yaxın tariximiz  güclü və təsirli siyasi diktatorların sərmayə diktatorları qarşısında aciz vəziyyətə düşdüklərinə çox  şahidlik etmişdir. Siyasi diktatorların  sərmayə diktatorlarına qarşı dirənəbilməsi üçün  ilk və əhəmiyyətli şərt  öz-özünə kafi bir iqtisadiyyata sahib olmaq və ən azından neo-liberalizm siyasətindən uzaq durmaqdır. Həm neo-liberalizm siyasətini tətbiq etmək, həm də sərmayə diktatorlarına qarşı mübarizə aparmaq  qeyri-mümkündür. Çünki sərmayə diktatorları  neo-liberalizm sayəsində, tarixdə heç bir kral və imperatorun əldə edə bilmədiyi güc və sərvətə sahib olmuşlar. 

Sərmayə diktatorları  siyasi diktatorlar kimi hədəf olmadan və nifrət də qazanmadan, daha doğrusu görünmədən bir dünya görüşü təlqin edirlər. Təlqin etdikləri görüş budur: «Sərbəst bazarda uğur qazanmamısansa, kimsəni günahlandırma. Özünü günahlandır, „başqaları qazandı da, mən niyə qazana bilmədim?“ Sualını ver özünə.  Qazananlar azdan da az imiş,  »olsun,amma  mən də onların arasına girməli idim " deməlisən özünə.
 Hər kəsə bərabər fürsət və imkan verilsə, belə düşünmənin və inanmanın bir məntiqi ola bilərdi, amma gerçək tam bunun əksinədir.

Sərmayə diktatorlarının bunun kimi bir çox yalan və səhv fikirləri vardır. Bunlardan biri də belədir: «Neo-liberalizm suveren olsa, yəni dünya ticarəti sərbəstləşdirilərsə, dünya sülhü ancaq o zaman təmin olunar.» Bunun  tərsi doğrudur. Belə ki, ticarətin liberallaşdırılması, insanları sakitləşdirmir, əksinə daha çox təcavüzkar edir. Hətta bunu da söyləmək mümkündür: Bir çox döyüşün əsl səbəbi  ticarətin  liberallaşdırılması sayəsində qamçılanan daha çox qazanma və hökm  etmə ehtirasıdır.

Sərmayə diktatorları,  belə də deyirlər: «Zənginlər, ehtiyaclarını aşan nisbətdə varlandıqda, bunu öz əlləriylə yoxsullara paylamağa başlayacaqlar.» Bunun da reallaşdığı heç bir yerdə və heç bir zamanda görülməmişdir. Belə deyənlər, ehtiyac nisbətini da açıqlamalıdırlar. Nə qədər zənginlik ehtiyac nisbətini aşır? Dünyada, ən güclü 100 transmilli şirkətin, hər birinin satış rəqəmləri, ən yoxsul 120 ölkənin ixracat rəqəmlərindən yüksəkdir. Bundan da yüksək zənginlik?  Yaxşı, bu şirkətlər, yoxsullara bir şey vermək üçün daha nə gözləyirlər? Göründüyü kimi, bu iddia da yalandır.

İddia edildiyi kimi sərmayə diktatorlarının məqsədi, yalnız və yalnız zəngin olmaq deyil. Əsl məqsəd, zənginlik vasitəsiylə, insanlar üzərində hakimiyyətlərini qurmaqdır. Ona görə də, sərmayə diktatorları dünyaya sahib olsalar belə, qarşılıqsız heç kimsəyə  heç bir şey verməzlər.

Təəssüf ki, cəmiyyətlər -İslam cəmiyyətləri da daxil- sərmayə diktatorlarına layiq olmadıqları halda dəyər verirlər. Siyasi diktatorları təhqir edilir, sərmayə diktatorları isə hörmətlə qarşılanır. Bu, böyük bir ziddiyyət və yanılmadır. Əslində bir çox siyasi diktatoru diktatorluğa təşviq edən də  sərmayə diktatorlarıdır. Uzun sözün qısası, dünyada ədalətsizliyin, bərabərsizliyin və sülhün qarşısında ən böyük maneə  sərmayə diktatorlarıdır. Bilinməsi lazım olan ən əhəmiyyətli gerçəklərdən biri də budur.

 

Müəllif: Mustafa Hilmi Yıldırım  (yenimesaj.com.tr)
Tərcümə: Tural Nəbiyev

1 şərh

Rovsen
Antiqlobalizm iyi gelen yazi