Qıjı nədir?

Qıjı termini ölkəmizdə, xüsusilə də bəzi gənclərin arasında getdikcə yayılmağa və istifadə olunmağa başlayıb. Bir çox insanlar hesab edirlər ki, “qıjı” sözü “çuşka”, yaxud da “kənddən gəlmiş” sözlərinin sinonimidir. Lakin, bu təbii ki belə deyil.

Qıjı cəmiyyətdə özünü aparmaq barədə heç bir təsəvvürü olmayan, ədəb və sadə etika qaydalarını bilməyən adamdır. Bu, mənfi keyfiyyətləri özündə toplayan özünəməxsus bir obrazdır. Qıjı dar və çox məhdud dünyagörüşə malik insandır. O, ömründə heç bir kitabın üzünü açmayıb, dünyada baş verənlərlə maraqlanmayıb.

Qıjıların həyatında əsas məqsəd və arzular – ev, maşın, qız, pul və kafe-barlardır. Yaxşı təhsil almaq, cəmiyyətin və ölkəsinin xeyrinə əmək qıjıların maraq dairəsinə daxil deyil. Qıjıların sevimli məşğuliyyəti – küçədə qızlara “padxod” eləmək və onlara “necəsən maralım, ceyranım”, “qəşəngsən”, “salam krasavica”, “ay gözəl gəl tanış olaq” və s. kimi ucuz atmacalardan istifadə etməklə söz atmaqdır. Belə hallarda qızlar — əgər özləri də qıjı deyillərsə — geriyə baxmadan gedirlər.

“Qıjı geyimi” adını almış özünəməxsus geyim üslubu xüsusilə fərqlənir. Belə geyim sayəsində siz qarşınızda qıjının yoxsa adi vətəndaşın dayandığını dərhal müəyyənləşdirə bilərsiniz. Cəmiyyətin bu təbəqəsinin nümayəndələri inkubator üslubunda geyimə üstünlük verirlər – onların bütün paltarları eyni olur. Ötən il qıjılar Avropada bir neçə il əvvəl mövcud olmuş, lakin onlara bir müddət əvvəl gəlib çatmış ağ corabla qırmızı makasin və qırmızı kəmər dəbini canlandırırlar. Onların hamısı bu qırmızı geyimləri geyənərək fəxrlə şəhərdə gəzir və hesab edirdilər ki, dünya yalnız onların ətrafında fırlanır, onlar planetimizin ən dəbli oğlan və qızlarıdır. Müasir gəncliyin belə “unikal” nümayəndələrinin əks olunduğu fotoşəkillər bir anda bütün interneti, o cümlədən “Facebook” kimi sosial şəbəkələri doldurdu. “Facebook”-da onlar çoxsaylı şərhlər və müzakirələrin qəhrəmanlarına çevrildilər. 

Bundan başqa, özlərini qızıl gəncliyin, oğru dünyasının nümayəndələri, ultramüasir oğlanlar, qanqsterlər hesab edən, həyatlarını tamamilə kef, heç bir sərhəd və qadağaların olmadığı kimi görən “müasir” oğlanların sosial şəbəkədə qeydiyyat zamanı istifadə etdikləri “orijinal” adlar heyrət doğurur. Hər şeyə, hər yerdə və həmişə icazə var. Hər gün “razborka”, şəhərdə mənasız avaralanma, maşında ötüşmə, davalar, bıçaqla, həmçinin “odlu silahla” söhbətlər. Gecə həyatı yalnız onların əlindədir və onlar tərəfindən nəzarət olunur. Bir də öz şəkillərinə imza kimi söyüşdən və kobud ifadələrdən istifadə, layk toplamaq üzrə heç kimə lazım olmayan mənasız yarışların təşkilini qeyd etmək lazımdır.

Xalq arasında boş yerə demirlər ki, insanın adı onun haqqında çox şey deyir. Qıjılar sosial şəbəkələrdə qeydiyyat zamanı öz əsl adlarını göstərmirlər, bunun əvəzinə onlar xasiyyətlərini təsvir edən, “zəngin” daxili dünyalarını, davranışlarının xüsusiyyətlərini, fəaliyyət sahələri, maraqları, prioritetləri, nüfuzları, həyati dəyərləri, həmçinin olmayan şəxsi keyfiyyətlərini əks etdirən ifadələr seçirlər. Düşündürən, bəzən çox kəskin niklər sosial şəbəkələri bürüyür və onların altında gizlənən “qızıl gəncliyin”, yəni qıjıların nümayəndələrinin “orijinallığından” xəbər verir.

Sonda qeyd etmək istəyirik ki, hər bir insan “qıjı” anlayışında öz düşüncələrini əks etdirir. Cəmiyyətimizdə nə qədər insan varsa, bir o qədər də müxtəlif rəylər mövcuddur. 



0 şərh