Xanım işçi axtarılır

300-400 ofislik iş mərkəzlərinin birində kabineti olan dostuma dəyməyə getmişdim. Otaqda 4 nəfər idik. Bir-iki saat oturduqdan sonra ayıb olmasın deyə -mən artıq gedim,- dedikdə dostum, -hara tələsirsən, otur sonra gedərsən, – deyirdi. Digər iki nəfər də getmək istəyir, dostum onları da oturmağa məcbur edirdi.

Elə bu vaxt qapı döyüldü, dostum:

-Buyurun, – dedi.

İçəriyə elə bir qadın girdi ki, az qalsın dördümüzün də nəfəsi kəsiləcəkdi. Soyuq suya kəllə vuranda saçından ayaq uclarına qədər titrəmə necə gəlir, bax biz də qadını görəndə elə olduq

Hərəsi otağın bir küncündə uzanmış dörd gənc alman zabiti palkovnik içəri girəndə necə sürətlə ayağa qalxırsa biz də qadını görəndə eləcə ayağa qalxdıq.

-Buyurun əfəndim.

-Xahiş edirəm, belə keçin.

-Burda oturun, daha rahat olar xanım…

Dördümüz də qadını öz yanımızda oturtmaq üçün bazarda çığıran satıcılara dönmüşdük.

Qadın gülərək, -Heç kimin xətri qalmasın, qoy burda oturum, – dedi və divanda yox, stulda oturdu. Oturan kimi ayağını ayağının üstünə elə atdı ki, dalğalanan ətəyindən meyxoş edici qoxular əsdi üstümüzə. Dördümüz də otağın bütün havasını dərin nəfəsdə ciyərlərimizə doldurduq.

Qadın kim idi, nə idi, nə istəyirdi, heç birimiz bilmirdik.

Ofisin sahibi olan dostum:

-Çay, kofe, meyvə suyu, soda, qəhvə? Nə arzu edərdiniz xanım?

Dostlardan biri dərhal siqaret paketinə şığıdı:

-Buyrun xanım.

İki kibrit, iki alışqan birdən qadına uzadıldı.

Ofisin sahibi olan digərinə:

-İşim var deyirdin Səbri bəy.

-Yox, o qədər də vacib iş deyil.

Saatına baxdı, mənə:

— Amandı Həsən bəy, görüşə gecikmə.

— Sabah da getsəm olar, – dedim.

Qadın siqaret tüstüsünü içinə çəkir, sonra püff deyə dumanını dostumun üzünə üfürürdü. Qadın püff dedikcə dostum “ohhh” çəkirdi.

-Əfəndim, əmrləriniz?

-Əstəğfürullah, ofisinizdə işləyəcək bir qadın axtarırmışsınız.

Dostumun işçi-filan axtarmırdı… Qısa bir fasilədən sonra:

— Həə, bəli axtarırıq. Yəni axtarıram – deyə bildi.

Digəri:

-Mən də, – dedi, – eynən sizin kimi qadın.

Mən dərhal vizit-kartımı uzatdım:

— Bizim ofisi də şərəfləndirin, qadın işçiyə çox ehtiyacım var.

Qadın dodaqaltında gülümsünürdü.

— Bundan əvvəl hardasa işləmisiniz?

— Bəli, referansım da var – dedi.

Əvvəl çantasını qurdaladı, lakin referansını orda tapa bilmədi. Sonra əlini qoynuna atdı. Bir qədər sinəsini qurdaladı.

— Burda bir yerə qoymuşdum, amma indi tapa bilmirəm.

Dostumun gözü qadının açıq sinəsində:

— Aman əfəndim, referans nəyə lazımdı? Hər şey bəllidir. Nəcibliyiniz görünüşünüzdən hiss olunur. Təhsiliniz varmı?

-Təhsilim? Diplomum yanımda olmalıdı.

Qadın yenə çantasını ələk-vələk elədi. Sonra əlini yenə qoynuna atdı. Orda da tapa bilmədiyini görüb ətəyini yuxarı çəkdi, kalqotkasının baş tərəfinə nəzər saldı.

— Allah Allah… dedi – diplomumu buralarda bir yerimə qoymuşdum…

-Xanım, heç zəhmət çəkməyin. Mən söhbət olsun deyə demişdim. Təhsilinizin ali olduğu bəllidir.

Qadın:

-Xeyir, ali deyil… – dedi. O biri:

-Xanım, təvazökarlıq etməyin. Biz adamın üzünə baxanda necə insan olduğunu anlayırıq Sizin ali təhsilli olduğunuz hər şeyinizdən bəllidir, maşallah.

-Ali deyil əfəndim, 9-cu sinifdə məktəbdən çıxmışam.

-Olsun, yenə də ali sayılır. Təhsil universitetlə olmaz. Biz, üzr istəyirəm ifadəmə görə, nə diplomlu eşşəklər tanıyırıq. İnsan özü-özünü yetişdirməlidir, əsas olan budur xanım.

Qadın:

-Nə qədər verəcəksiniz?

Ofisin sahibi nə qədər versəm qadın məmnun olar deyə düşünərkən başqa biri:

-Mən 300 verərəm – dedi.

Mən “çüşşşş” deyə bağırmaq istədim, sonra özümü saxladım.

-Azdır – dedim – doğrusu az, çox az… Mən sizin kimi bir xanıma əgər qəbul edərsə ayda 400 verərəm.

Dostumun ofisinə ondan 100 lirə borc almağa gəlmişdim.

Üçüncüsü güldü:

-İnsaf, yahu, insaf! Öncə qarşındakı xanıma bax, sonra qiymət ver – dedi.

-Canım, 400 dedisə də bunun hər il 5 maaş müavinəti var. Bundan başqa hər altı ayda bir 1 aylıq tətil. Necədir xanım?

Qadın biraz tərpəndi, yandan razrezli ətəyi budlarına qədər açıldı. Mən daha da həyəcanlanaraq:

-Məndən 500 – deyə bağırdım.

Bayaq 100 lira borc istəyəndə “Vallah billah yoxumdu, şərəfim haqqı yoxumdu” deyən ofis sahibi dostum portmanatını çıxartdı. Qadına bir dəstə pul uzadıb:

-Xahiş edirəm hələlik bunu avans olaraq qəbul edin, sonrasını fikirləşərik.

Qadın bir daha ustalıqla tərpəndi. Hər hərəkət edəndə ətəyi biraz daha açılır, nəfəsimizi kəsirdi.

-Nə işlə məşğul olacağımı bilmirəm, bu avansı qəbul edə bilmərəm.

İşin çətini indi başlayırdı.

-Çap maşınında yazmağı bacarırsınız?

-Xeyr.

-Zərəri yoxdur, bilməsəniz də olar. Bəs katibəlik?

Bu anda içəri bir nəfər daxil oldu. Qadını görər-görməz onu da tok vurdu:

-Xanım mənə tanış gəlir, elə bil hardansa tanıyıram – dedi.

-Tanış gələr, hamınıza tanış gələr – dedi qadın kinayə ilə. Diqqətlə baxdım, həqiqətən üzü mənə də çox tanış gəldi.

-Mən də hardansa tanıyıram kimi hiss edirəm.

Qadın qəhqəhə çəkdi. Amma səsi birdən-birə dəyişmiş, qalınlaşmışdı.

-Yahu, məni tanımadınız?

Əvvəlcə qoynundakı iki taxma məməni çıxardıb masanın üstünə qoydu. Sonra başındakı pariki qaldırdı.

Bu ki bizim Cəmildir. Üzündəki makiyajı da sildikdən sonra Cəmil olduğuna əmin oldum.

Cəmil:

-Alçaqlar! – deyə bağırdı. Bu ofisin qapısında yatdım, amma mənə 10 lira borc vermədiniz.

-Çox zarafatcıl adamsan, Cəmil.

-Nə zarafatı? Neçə ay işsiz süründüm, hara getdimsə “siz bizə ünvanınızı verin, sonra sizinlə əlaqə saxlayarıq”, dedilər. Bu İstanbulda adres vermədiyim yer qalmadı. Qəzetlərdəki elanlara baxıram “xanım işçi tələb olunur, xanım işçi tələb olunur.”. Heç kəs kişi axtarmır.

Adamlardan biri ofisin sahibi olan dostuma:

-Mənim təcili işim var, məni bağışlayın.

-Otur canım, gedərsən. Hara tələsirsən?

Cəmil davam edirdi:

-Sonra gördüm olmur, qadın qiyafəsində cəhd etmək qərarına gəldim.

-İş tapa bildinmi?

-İş axtaran kimdi? Haranı gözaltı eləsəm açıb qapını girirəm içəri. İndiyə qədər iş yoxdu deyən olmadı.

Ayağa qalxdım:

-Mənim bir görüşüm var, Allaha əmanət dostlar.

Mən qapıdan çıxarkən Cəmil:

-Asand yol tapdım, amma çox ülgüc lazım olur, – dedi. Gündə iki dəfə bədənimi başdan ayağa qırxıram. Hərgün 10-15 ülgücdən istifadə edirəm. Burda yarım saat oturdum, ayaqlarımın qılları uzandı.

Çantasından bir ülgüc çıxartdı:

-Burda təraş olmağıma icazə verərsinizmi?

Tərcümə: Səlim Səlimli

1 şərh

The_Secret
Bu gün üçün Azərbaycan reallığı, əllərinə sağlıq Apollon. Hansı saytı açsam ancaq xanım işçi axtarılır. Bəs bu oğlanlar evlərinə bir tikə çörək pulu aparmasınlar. Savadlı işçi deyil, xanım işçi axtarılır. Niyəsi hekayədə açıqlanıb.