Açılış təntənəsi

— Buyurun əfəndim, rica edirəm, buraya buyurun. Bizim qəzetçilərə həmişə son dərəcədə zadımız vardır.
Başqa birisi:
— Təbrik edirəm — dedi.
— Təşəkkür edirəm. Amma nəyi təbrik etdiyinizi bilmədim.
Bir başqası ona:
— Qazanınızı...- deyə cavab verdi.
— Həəə!.. Bəli, bəli… Qazanı deyirsiniz… Qazansız keçinmək olmur, bəyəfəndi… Qazan çox mühüm...
— Bufetə buyurun… Vali bəy də təşrif gətirəcəkdir. Harada olsa gəlib çıxacaqdır...
Bir nəfər yanındakına müraciətlə:
— Zati-alinizi haradansa tanıyıram — dedi. — Amma adınız yadımdan çıxıb.
— Üzünüz mənə də tanış gəlir. Gözümə yaman tanış gəlirsiniz. Bircə qoy yadıma salım. Hə, siz sallaqxana üçün yeni qayırılan qapının açılış təntənəsinə təşrif gətirmişdinizmi?
— Çox təəssüf ki, yox! Əfəndim, belə təntənələri eyni günə salırlar, adam çatışdıra bilmir. O gün şüşə fabrikində yeni bir bacanın tikilməsi təntənəsinə getmişdim.
— Hayıf, mən o təntənəyə gedə bilməmişdim. Deyirlər ki, süfrədə yaxşı çərkəz toyuğu da varmış. Əfəndim, adam hər yerə çatdıra bilmir.
— Dayanın… dayanın… Sizi indi tanıdım. Siz Yaponiyadan alınan gəminin...
— Tapmısınız… Gəminin dəvətinə getmişdim. Mən də sizi xatırladım. O gün kremli tort yeməklə diqqətimi də cəlb etmişdiniz...
— Bəli, elədir ki var… Tortu çox xoşlayıram. Daha əvvəlki şeydəki qonaqlıqda bir qədər çox yediyimə görə çox sevdiyim ətə əl belə vura bilmədim.
Kənardan birisi:
— Bu gün burada qoyulan nə qazanıdır? — deyə soruşdu.
Bir başqası:
— Vallahi bilmirəm — deyə cavab verdi. — Qazandır da… Hər halda paltar qaynadılan qazan deyil...
— Sizdən uzaq… Mədəm məni yaman incidir. Yediklərimi həzm edə bilmirəm.
— Mənim də vəziyyətim elədir, bəyəfəndi. Qəribədir ki, son zamanlarda hər kəs mədəsindən şikayət edir. Yoluxucu xəstəliyə çevrilib. Mən yanımda karbonat gəzdirirəm. İstəyirsiniz bir ovuc verim, udun.
— Çox təşəkkür edirəm. Bundan sonra mən də elə etməliyəm. Öööö… Hə düzəldi.
— Xeyri oldu. Gəyirmək fayda verər.
— Öööö… Bir bax, hind toyuğunu nə yaxşı qızardıblar… Buyurun...
— Təşəkkür edirəm. Mən qutabı daha çox sevirəm.
Oradakılardan biri:
— Bu kök adam kimdir? — deyə soruşdu.
Onun yanındakı:
— Hansını deyirsən, o viski içəni — deyə onun özündən soruşdu.
— Xeyr, o birini...
— O banan yeyəni deyirsən?
— Yox, o birini.
— Soyutma ət yeyəni?
— Onun dal tərəfində, əlini irəli uzadanı...
— Haaa!.. Tanımıram, birinci dəfədir ki, görürəm. Süfrə başındakılardan biri mızıldayaraq:
-Bunlardan məqsəd təntənə-məntənə deyil — dedi. — Bu qonaqlıqlar, filanlar bir bəhanədir...
-Elədir ki, var… Buna heç şübhə ola bilməz… Belə qonaqlıqlar olmasa biz görüşə bilmərik. Əfəndim… keçmişlərdə, bəndəniz uşaq yaşda olanda, rəhmətlik atam əlimdən yapışıb hər gün bir təkyəyə aparardı. Bazar ertəsi Üsküdardakı Rüfət dərgahına, çərşənbə axşamı Qasımpaşadakı Nəqşibənd təkyəsinə, çərşənbələr Çürüklüdəki Qədiri təkyəsinə, cümə axşamları Mevlanaqaşındakı mövləvixanaya… beləliklə allahın hər günü bir təkyəyə gedərdik.
— Bəli, bəli… biz də elə edərdik. Orada yemək yeyərdik. Yaman bol yemək verərdilər. Mis sinilər dolub-dolub boşalardı.
— Məqsəd yemək deyildi. Sidqi-məhəbbət...
— Əlbəttə… Bu ciyər qızartmasını heç dadmadınız?
— Mən dolmanı xoşlayıram… Pəh, pəh… nə yaxşı bişiriblər.
— Bəyəfəndi, bu gəldiyimiz yer nə fabrikidir?
— Vallahi, yaxşı bilmirəm. Amma, maşını, filanı nəzərə alınsa, deyəsən maşınqayırma zavodudur.
— Maşallah, çox böyük zavoddur...
— Əfəndim, necə də olsa mədəniyyətimiz irəliləyir. Məsləhət görürəm bu balıqdan götürün, çox dadlıdır!
— O vaxta qədər həzm olunar, bəyəfəndi… Siz deyəsən yeni bir təntənə haqqında danışırdınız. Mən də oraya çağırılsaydım...
— Həə… Əlbəttə ki, buyurub gəlin...
— Əfəndim, adam hamısını çatışdıra bilmir. Bəzi açılış təntənəsini əldən qaçırmalı olursan.
— Çox təəssüf… Keçənlərdə qəzetlərdə «Amerika bizə atom qurğuları verəcək»- deyə yazmışdılar. Bu yəqin yeni atom zavodumuz olacaq...
— Orada qazan-mazan deyə danışırlar...
— Qazanmaq, bəyəfəndi, qazanmaq, işləyib qazanmaq lazımdır.
Bir nəfər bu vaxt:
— Açılış lenti kəsilməyəcəkmi? — deyə soruşdu.
Kim isə ona:
— Vali cənablarını gözləyirlər — deyə cavab verdi.
— Bu fabrikin sahibi kimdir, bəyəfəndi?
— Fabrik deyəsən amerikalılarındır.
— Heç güman etmirəm. Amerikalılar adama belə qonaqlıq-monaqlıq verməzlər… Zavod hər halda bizimdir. Görəsən Təkəl idarəsinindir, yoxsa Su idarəsinin?
— Ə, nə danışırsan? Heç fabrikdə də su qayırılar?
— Görəsən nə fabrikidir?
— Qazan fabriki...
— Elə isə bura Təkəlindir. Onda yəqin araq qazanları qayırılacaq… O adamı hər belə yığıncaqda görürəm...
— O yuxarı başdakılar kimdir?
— Dəvət olunmuş deputatlardır… Sabah şeydəki açılış təntənəsinə gələcəksinizmi?
— Əlbəttə… Getməsəm ayıbdır… fikir verdinmi, badamlar çox boyatdır...
Yandan bir başqasının səsi gəldi:
— Ölkənin tərəqqisi, qardaşım, hər şeydən əvvəl fabriklərlə əlaqədardır...
Yanındakı ona:
— Kaş ki, hər gün bir fabrik işə salınaydı… Bircə dad, gör bu balığı nə gözəl bişiriblər...
— Siz bu balığı dünənki açılışda verilən qonaqlıqda yeyəydiniz! Bu balaca kimdir? Yəqin oğlunuzdur, allah saxlasın...
— Sizinkini də...
— Oğlum, alma istəyirsən, yoxsa portağal?
— Pirojna necə? Al bala...
— Sss… Bəyəfəndi gəldi.
— Kim?
— Tanımıram… Yəqin fabrikin sahibidir… Bəlkə nazirdir?
— Yəqin idarənin müdiridir… şey… zad… Mən cənabınızı, gör nə vaxtdır tanıyıram. Hər belə təntənədə də görüşüb-danışırıq. Soruşmaq ayıb olmasın, mən hələ, cənabınızın nə işlə məşğul olduğunu indiyəcən bilmirəm...
— Mənmi?.. Şey… zad… Bəyəfəndi deyəsən açılış nitqinə başlayır...
— Möhtərəm vətəndaşlar… Bu gün… (çəngəl-bıçaq səsləri eşidilir). Bu gün elektrik stansiyasının dördüncü qazanının yerinə qoyulması münasibəti ilə hamınızı təbrik edirəm. Biz bu qazanı Amerikadan heç bir kömək almadan, öz gücümüzlə qaldırıb yerinə qoyduq. Macarıstanın milli futbol komandasını 3-1 hesab ilə məğlub edən əzmimiz, enerji və həyəcanımız burada da özünü göstərmişdir. Qazanın ocaq üstünə qoyulmasında iki amerikalı mühəndis, üç texnik və dörd baş ustadan başqa heç bir əcnəbinin bizə köməyi olmamış və o yerinə öz qüvvəmizlə qoyulmuşdur. Ancaq, qazan yerinə qoyulduqdan sonra içindəki suyun heç cür qaynamadığı məlum olmuşdur. Səbəbi axtarılarkən aşkar edilmişdir ki, ocaq qazandan altı metr kənardadır. Qazan ağır olduğundan onun altında yeni bir ocaq qurmağı mütəxəssislər lazım görmüşlər. Bu qazan Yaxın Şərqdə və Balkan ölkələrindəki qazanların hamısından böyükdür. Həm də misdən qayırılmış və qalaylanmışdır. Amma iki yerindən deşikdir. Biz Amerikadan heç bir kömək almadan kəpitkə, pambıq və qara saqqızla bu deşikləri tıxaya bilmişik. Deşiklərdən sızan su o qədər azalmışdır ki, o, qazanın altındakı ocağı daha söndürə bilməyəcək. Əgər Terkos suyu kəsilməmiş olsaydı bunu gözünüzün qabağında nümayiş etdirə bilərdik.
Bu qazan, qabaqçı Mustafa üsyanında Yeniçer tərəfindən ələ keçirilmişdir. Onu oradan Qırxayaq Xəlil paşanın evinə aparmışlar və uzun zaman ondan aşurə qazanı kimi istifadə etmişlər. Sonralar isə ondan bir çarxlı gəminin qazanı kimi istifadə edilmişdir. Qazanın doqquz qulpu vardı. Biz ona bir qulp da yapışdırıb stansiyaya verdik… Bu qazanın...
Bir nəfər bu vaxt.
— Ay qardaş, bu qazan məsələsi çox uzandı. Mən getdim, — dedi.
Başqa birisi:
— Mən də — dedi .- Sabahkı açılış təntənəsində görüşərik...
— Olar… Salamat qal...
— Xoş getdin...
— Bu qazan...

Mənbə Əziz Nesin Kor döyüşü

0 şərh