İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.Bunları özümü reklam etmək üçün demirəm. Rica edirəm, məni adi reklamlar verən ticarət müəssisələri ilə bir yerə qoymayın. Məni hamı tanıyır. Haqqımda kimdən istəsəniz soruşa bilərsiniz. Nə vaxt istəsələr bonservis göstərə bilərəm.
«Fənər saray» klubunun solisti Çətin var ha, ondan neçə dəfə soruşmuşam:
- Çətin can, düzünü de, sən mənim nəyimi sevirsən?
O da mənə:
- İsmətini, anam, bacım, ismətini! - deyə cavab vermişdir.
Ondan sonra kişilərin ismət düşgünü olduğunu öyrəndim. Bəyəfəndi, mən tərtəmiz bir qızam. Hər səhər üzümü yuyur və üstəlik, bağışlayın, üzr istəyirəm, ayda iki dəfə Qalatasaray hamamına da gedib çimirəm. Kisə çəkən qadına bədənimi yaxşıca kisələdib, tərtəmiz oluram.

Qulaq asın, o ismət düşmənlərinə birinci dəfə rastlaşmağım haqda sizə danışım. Heç yadımdan çıxmır, bir gün axşamçağı Bəyoğlu küçəsiylə gedirdim. Bir də gördüm ki, bir nəfər dalıma düşüb. O adama bax, belə baxdım. Gözüm onu tutmadı. Dalıma düşən kişilər könlümə yatmayanda ailə tərbiyəmə layiq olmadığı üçün heç səsimi çıxartmaram. Vücudi iki qəpiyə dəyməyən adamlar yanında insan nə üçün özünü tərbiyəsiz göstərsin? Düz demirəmmi, əfəndim?
Amma, o kişi söz atmağa başlayan kimi, özümü saxlaya bilməyib:
- Əfəndi, - dedim, - mən ismətli bir qadınam!
Necədir, yaxşı demişəm? Bəyəfəndi, mən heç kimdən çəkinmirəm. Allaha and olsun, mən hələ o vaxtlar hakim partiyanın siyasətinə qarşı müxalifətdə dururdum. Mən həmişə söz azadlığını müdafiə etmişəm.
Nə isə, başınızı ağrıtmayım, demə həmin adam belə işlərdə təcrübəli imiş. Dalımca düşüb məndən əl çəkmədi. Yəqin ki, Abanoz küçəsini tanıyırsınız... Necə, tanımırsınız? Əzizim yaxşı, yaxşı, mənə kələk gəlməyin. Heç elə şey olar, kişi olasan, Abanoz küçəsini tanımayasan? Tanıyırsınız, tanıyırsınız... Bəyoğlunun yanındakı Abanoz küçəsini deyirəm. Hə, Abanoz küçəsinin başına çatanda ona dedim:
- Çox rica edirəm, küçəmizə çatmışam, daha dalımca gəlməyin.
O bu işlərdə çox bişkin imiş. Yenə də dedim:
- Məhəlləmizə çatmışıq, məni təqib etməyin.
Gör o, mənə nə dedi:
- Yavrum, mən səni özüm üçün deyil, bir bəyəfəndi üçün təqib edirəm.
Həəə, gördüm ki, bu adam belə işlərdə ustadır.
- Mənə bax, - dedim - mən sənin bildiyin qadınlardan deyiləm. Bəyəfəndinin məndən bir istəyi varsa, evin nömrəsini verim, qoy özü gəlsin.
O, bu sözümün müqabilində cibindən vizit vərəqəsini çıxarıb mənə verdi. Vizit vərəqəsini oxudum: Orada «Seksualitə produktoru» sözü yazılmışdı.
Bu sözün nə demək olduğunu başa düşmədim. Elə bildim ki, o, film çəkəndir. Mənim də kino artistliyinə uşaqlıqdan bəri son dərəcə həvəsim vardır. Film çəkilişini görəndə ürəyim gedir. Fikirləşdim ki, madam məni bəyənibdir, deməli, məni filmə çəkəcək. Əfəndim, mən haradan biləydim, mən ürəyi təmiz bir adamam. Dalıma düşən adam məni maşına mindirib bir yerə apardı. Orada başıma nələr gəldiyini sizə danışsam, Vallahi təəccübdən gözləriniz bərələr və ağzınız sulanar. Ah, bəyəfəndi, ah, xalq bu adamların əlindən nələr çəkmədi...
Onlar mənə qutu-qutu cavahirat verdilər. Demə bunların hamısı saxta imiş. Milləti aldatdıqları bəs deyil, məni də aldadıb namusuma toxunmaq istədilər. Amma yol vermədim, şükür allaha, ismətimi qoruya bildim.
Bir dəfə eşitdim ki, cavahiratların hamısı Yassnadaya göndəriləcək. Orada cavahiratlar qəsb ediləcək. Bunu eşidən kimi cavahiratı satmaq istədim və onların saxta olduğunu bu zaman öyrəndim. Bəyəfəndim, saxta cavahirat bağışlayıb namuslu bir qadını aldatmaq ayıb deyilmi? Birdən şeytana uyub ismətimin pozulmasına yol versəydim, onda nə olardı? Haramları olsun, onları görüm zəlil olsunlar, boğazlarında qalsın, məndən aldıqları ləzzət burunlarından piltə-piltə tökülsün. Onları görüm bu dünyada xar olsunlar...

Bəyəfəndi, bu danışdıqlarım o biri sərgüzəştlərimin yanında bir şey deyil. Sizə başqa bir qəziyyə haqqında danışım... Bəli, illərdən 1955-ci il, fəsillərdən qış fəsli, günlərdən cümə günü, vaxtlardan gecə yarısı idi. Heç yadımdan çıxmaz. Saat dördə on səkkiz dəqiqə işləyirdi. Pavilyonun bağlanmasına az qalırdı. Bu zaman birisi sallana-sallana salona girdi. Gəlib mənim oturduğum stolda əyləşdi. Daha doğrusu stolda minimlə bərabər oturanlar: «Buyurun, bəyəfəndi» - deyə onu çağırdılar. Demə, onlar mənə tələ qurublarmış. Mənim də heç bir şeydən xəbərim yox... Bəyəfəndi, mən məsum bir qadınam, yüksək cəmiyyətə on il olardı ki, düşmüşdüm. Onların gizli məqsədlərini haradan biləydim?... Mən bu mühitdə hələ təzə idim.
Həə, o biriləri ayağa durub, məni onunla yalqız qoydular. Onlar gedəndən sonra yanımdakı sırtıqlığa başladı.
- Bəyəfəndi, mənə sataşmayın, - dedim - mən sən deyən qadınlardan deyiləm. Çantanı başına elə çırparam ki, boyun bir qarış qısalar.
Hərif söz başa düşənə oxşamırdı. Məni qucaqlayır, oramı-buramı əlləşdirirdi.
Bəyəfəndi, nə axtarırsınız – deyə soruşdum.
O, gör mənə nə dedi:
- Əlcəyimi axtarıram.
- A kişi, mənim qoynum sənin üçün qarderobdur məgər?
Hərif lap cızığını aşdı. Gördüm ki, bir az da keçsə ismətim əldən gedəcək. Yenə də dedim:
- Bəyəfəndi, bəyəfəndi, ismətimlə zarafat etməyin. Rica edirəm, əlinizi çəkin, yoxsa axırı pis olar.
Mən hələ o zaman müxalifətçilərdən idim. Buna baxmayaraq o, marçamarçla məni öpüb:
- Bunun axırı nə olacaqsa, qoy olsun - dedi.
Dedim ki:
- Bəyəfəndi, camaatın içində öpməyin, ağıllarına başqa şey gələr.
Mənim necə qadın olduğumu camaat haradan bilir. Dost var, düşmən var. O, əməlli-başlı sərxoş idi. Əlini belimə atdı. Mən geri çəkildim.
- Niyə çəkilirsən, - deyə soruşdu - paltarının köhnəlməsindən qorxursan?
- Paltarım köhnəlməyinə köhnəlməz, ancaq qıdığım gəlir.
Sonra başladı mənə hücum etməyə, əl atmağa. Bir baxın, beş il üstündən keçib, hələ də bədənimdə dişlərinin yeri görünür. Buraya baxın, kürəyimin bu tərəfinə baxın. Görürsünüzmü necə dişləyib? Baxın, görün, az qalmışdı baldırımı qoparsın. Bu göyərmiş yerləri görürsünüz də... Heç cür keçib getmir.
Bu adamın əlindən qurtarana qədər nələr çəkdiyimi sizə deyib qurtara bilmərəm. Tam iki il mübarizə etdim.

Bəyəfəndi, azadlıq mübarizəsi asan olmur. Bədənimdə gördüyünüz bu yaralar, çapıqlar, hələ görmədiyiniz yerlərin yaralarını demirəm, o günlərin acı xatirələridir. Amma, ən axırda, çox şükür, ismətimi qoruya bildim.
Bir dəfə gecə vaxtı köhnə qurdlardan biri evimə gəldi. Mənim sevgi macəralarımı, məmləkətimizin ən yüksək transferli futbolçularıyla olan macəralarımı eşidib qəzəblənmiş və buna görə də evimə gəlmişdi.
Ona:
- Bəyəfəndi, - dedim. - Nahaq yerə zəhmət çəkmisiniz. Mən günortadan başqasına vəd vermişəm. Bir gəncə vurulmuşam. Eşqimə xəyanət edə bilmərəm.
O vaxt zəngin bir izmirli oğlana ərə getməyə hazırlaşırdım. Hətta altı ay idi ki, üzr istəyirəm, hamilə idim.
- Mən ancaq sevgilim ilə danışıram - dedim.
Əvəzində o mənə dedi:
- Bu sənin üçün bir fürsətdir əlinə düşüb, fürsəti fota vermə.
Bu adamın siyasi məhəbbət dəllalı olduğunu bilirdim. Onun vasitəsilə siyasi həyata atılıb, ölkə üçün faydalı adam ola bilərdim. Məqsədim heç də pis deyildi. Niyyətim bu ali məclisə düşmək, ölkəmizdəki antidemokratik gedişi onlara anlatmaq və vətənə xidmət etmək idi. Çünki yuxarıda oturanları kənardan mübarizə etməklə yıxmaq olmurdu. Onların aralarına girib içəridən yıxmaq lazım idi. Elə buna görə də o hərifin təklifini qəbul etdim. Mənim səsim əzəldən çox gözəldir. Radiodan xalqa səsimi eşitdirmək istəyirdim. Nəhayət, arzuma çatdım. Onun nüfuzu sayəsində radioda müğənnilik etməyə başladım. Radioda tez-tez «Zurnası var gümüşdən, anlamıram bu işdən» mahnısını oxuyurdum. Bunun mənasını anlayan mənim nə demək istədiyimi başa düşürdü. Həqiqəti xalqa başqa cür demək mümkün olmurdu. Siz yəqin ki, radioda oxuduğum mahnılara diqqət vermisiniz: «zurnası var gümüşdən» deyərkən zilə keçməyimə, «anlamıram bu işdən» deyərkən isə səsimin titrəməsinə fikir vermisiniz. Ölkədəki inqilab, bunun sayəsində yarandı. Mən bu xidmətlərimə görə heç də xüsusi bir mükafat gözləmirəm. Hamısını halal edirəm. Ancaq, qəzetinizdə azadlıq fonunda çəkilmiş bir şəklimi versəniz, mənə bəs olar...
Həmin adamın əlindən nələr çəkdiyimi sizə deyib qurtara bilmirəm. Amma, çox şükür ki, ismətimi ləkələndirmədən bu işdən də qurtardım.
Sizə yalnız bunu deyə bilərəm ki, mən başqa «peşəkarlar» kimi, heç bir zaman eşqimi siyasət yolunda alətə çevirmədim. Nə eşqimi siyasətə alət etdim, nə də siyasəti eşqə.


Mənim fikrimə görə, hərəsinin öz yeri vardır. Sizə bir əhvalatı da danışım. Bir gecə məni saraya çağırdılar. Nə dedin, hansı saraya? Hansı saray idi? Hə, yadıma düşdü, Qalatasaraya!
- Mən saraya getmirəm, - dedim.
Onlar mənə:
«Mattuka əmiri Şeyx Kazulətdin Əssəid Həpdullah ölkəmizə qonaq gəlmişdir. Bu saat ölkəmizdə ondan hörmətli qonaq yoxdur. Bu ay bələdiyyə məmurlarına maaş vermək üçün büdcədə pul yoxdur. Bəyəfəndi Əmir həzrətlərini tovlayıb milli mənafeyimizə uyğun şəkildə yüzdə min faizlə borc almaq niyyətindədir. Əgər sən gəlməsən, bəyəfəndinin gəlməyi baş tutmaz. Bununla da dövlətlər arasındakı münasibətləri pozmuş olarsan. Bunun da ən azı on beş ilə qədər cəzası var, - dedilər.
- Həmişə belə vəzifələr mənim üzərimə düşür, - dedim. - Bu cür vəzifələrdən artıq yorulmuşam.
Məni himayə edən, radiodan mahnılar oxutduraraq məni «məşhuri-cahan» edən adam bunu eşidən kimi:
- Belə vəzifələr təkcə sənin boynuna düşmür, - dedi. - Biz səni ancaq Ərəbistandan böyük qonaqlar gələndə çağırırıq. Amerikalılar gələndə səni narahat etmirik. Biz iş bölgüsünə, ixtisasa riayət edirik. Hər kəsin görəcəyi iş ayrıdır.
Balıq əti olduğum üçün, məndən ancaq şərqli qonaqların məclisində istifadə edirlər. Kərkənəz Könül var ha, o da amerikalıların məclisinə dəvət edilirdi.
Mənim qorxum başqa şeydən idi. Bundan qabaq millətlərarası münasibətləri möhkəmlətmək üçün bir rəfiqəmi saraya çağırmışdılar. Həmin gün Hurayda əmiri ilə saziş bağlanmalı imiş. Səhərə yaxın sazişi rəfiqəmin göbəyində yazıb imzalayırlar. Rəfiqəm «olmaz» - deyə etiraz etmişdi. «Vay, sən vətən uğrunda göbəyini əsirgəyirsən?» deyə onu məzəmmət etmişdilər. Rəfiqəm də: «bu göbək vətənə fəda olsun?» deyib razı olmuşdu. Lakin sonra saziş pozulmuşdu. Yəni saziş bağlayanlar sözlərində durmayıb imzalarını pozurlar, tüpürdüklərini yalayırlar.
Mənim qorxum bundan idi. Çünki mənim bədənimə toxunanda yaman qıdığım gəlir. Göbəyimdə sazişi imzalayarkən özümü saxlaya bilməyib gülsəm, siyasi müzakirənin ciddiyyəti pozulardı.
Vəzifə, vəzifədir deyib saraya getdim. Mən bu xidmətlərimdən heç zaman qazanc axtarmamışam. Salona girdim. Məni gözü götürməyənlər belə şayiə yayıblar ki, guya mən araq süfrələrində köhnə qurdların dizi üstündə oturmuşam. Bunlar dedi-qodudur. Qətiyyən düz deyil. Bəli, mən həmin gecə bu qurdlardan ancaq birinin dizi üstündə əyləşməli oldum. Bunun isə səbəbi bu idi ki, o gün orada boş kreslo yox idi. Başqa cür də mümkün deyildi. Onlardan biri:
- Gəl, quzum, otur! - deyə mənə təklif etdi.
Məni çağıran adam atam yerində, saçı-saqqalı ağarmış bir kişi idi.
Süfrə arxasında oturub içirdilər. Musiqi çalınırdı. Məndən də mahnı oxumağı xahiş etdilər. Mən də oxudum. Bu zaman Ərəb Şeyxi dedi:
- Quzum, sən «təhsisati məsturəsən? Nə üçün hər tərəfini örtürsən? Soyunsana.
Mən onların gizli məqsədlərini haradan biləydim. Bir söz deməyib soyundum.
- Lap soyun - deyə əmr etdilər.
- Soyunmağına soyunaram, - dedim. - Amma elə etmək lazımdır ki, konstitusiyaya zidd gəlməsin.
O biri müğənnilər də soyundular. Rəqs başlandı. Salonda son dərəcə antidemokratik bir hava vardı. Hətta rəqqasələrdən biri striptiz oynayarkən o qədər antidemokratik soyundu ki, üstündə heç bir şey qalmadı. Demə, ali qonaqlardan biri «rentgençi» imiş. Rəqqasələr nə qədər soyunurdularsa da, o, qane olmurdu. Buna görə ölkə xəstəxanasından rentgen aparatı gətirib rəqqasəyə onun vasitəsilə tamaşa etdilər.
Mən neçə dəfə belə əyləncələrdə iştirak etmişəm. Lakin, bəyəfəndi, vallah belə əyləncələrdən iyrənirəm. O qədər iyrənirəm ki, daha çox şeyi açıb deyə bilmirəm. Neçə dəfə onlara belə əyləncələrdən iyrəndiyimi göstərmişəm. Ürəyim bulanır, sonra özün bilirsən də nə olur...

Bir gecə də, heç yadımdan çıxmaz, yenə belə məclislərin birində az qaldı ki, onlardan birisinin qucağına yıxılam, yəni əxlaqsızlıq girdabına düşəm. Xoşbəxtlikdən o adamın özü masanın altına yıxılıb qaldı və mən də onun qucağına düşməkdən xilas oldum. Amma mənim bir neçə rəfiqəm belə məclislərdə ismətlərini qoruya bilməyiblər.
Yenə də bir gecə, heç yadımdan çıxmaz, onlardan birisi:
- Fındıq sındırmaq istəyirəm, fındıq gətirin - deyə bağırdı.
Belə yaşlı qoca necə fındıq sındıracaq? Həəə, bir boşqab dolusu fındıq gətirdilər. Ancaq o kişinin ağzında fındığı qıracaq diş yox idi... O, bunu görən kimi bağırdı:
- Mənim dişlərim haradadır? Üst dişlərim yoxdur... Dişlərim kimdədir?
Qadınların üst-başını axtarmağa başladılar. Çox şükür ki, onun dişi məndə deyildi. Diş indi adını çəkmək istəmədiyim bir qadın müğənnidə tapıldı. Qadının da bundan xəbəri yox imiş. Sizdən çox üzr istəyirəm, bu qadın süni döş gəzdirir. Dişi itən bəyəfəndinin üst protez dişləri də həmin qadının süni döşünə ilişib qalıbmış. Protez dişlər qadının döşündə medal kimi sallanıb dururdu. Axı yazıq qadın bunu haradan biləydi... Yaxşı ki, Huvayda əmirinin yavəri bunu gördü və ingiliscə «Bu nədir?» - deyə soruşdu.
Bizimkilər o saat vəziyyətdən çıxdılar:
- Bu bizim ən yüksək ordenimizdir. Bunun adı «süni diş ordenidir».
Yavərin gözü hamının üstündə gəzirdi. Bəyəfəndinin boynuna ağ rəngli bir şey dolanmışdı. Yavər:
- Bəs bu nə nişanıdır? - deyə soruşdu.
- Bu da corab bağı nişanıdır.
Ərəb Şeyxi:
- Bu corab nişandan mənim də boynuma keçirtsinlər! Mən də istəyirəm...- deyə tələb etdi.
Müğənni qadınlardan biri corab bağını Şeyx həzrətlərinin boynuna keçirtdi. Ertəsi gün isə Şeyx həzrətlərinə fəxri hüquq professoru adı verildi.
Ay, bəyəfəndi, mən ismətimi qoruya bildim. Bunu necə bacardığımı məndən soruşun...
Belə məclislərdə mənə çox zülm etdilər. Bəyəfəndi, mən demokrat ruhlu bir qadınam. Təzyiqə-zada heç bir zaman dözə bilmirəm.
Neçə dəfə onlara: Mən belə zülmə dözə bilmərəm, çox antidemokratik hərəkətlər edirsiniz! - deyə, bağırmışam.
Amma onlar, hakimiyyət sərxoşluğu bir yandan, içki sərxoşluğu da o biri yandan bizim səsimizi eşitməyiblər.
Bəyəfəndi, zülmün də bir hüdudu var. O hüdudu aşanda insan azadlığını əlinə almaq istəyir.
Hətta bir dəfə zülmün ağırlığına dözə bilməyib bağırdım:
- Saçlarından utan!
O mənə:
-Mənim saçlarım xınalıdır, - dedi.
Bəli, bu köhnə qurdlar çoxlu xına işlədirdilər. Ona görə ölkəmizə ən çox idxal edilən şey xına ilə viski idi.
İndi o dəqiqələri xatırlayarkən elə bil ki, onları yenidən yaşayıram və zövqdən, pardon, dəhşətdən bədənim ürpəşir.

Bir dəfə onların birinə eynilə bu cür dedim:
- Bəyəfəndi, mən avam bir qızam, bəlkə də yaxşı başa düşmürəm. Əcəba, bu hərəkətləriniz demokratiyaya zidd deyil? Elə edək ki, konstitusiyanı ayaqlarımız altında əzməyək.
Bu sözümə qarşı o:
- Boşla görək, qoy kefimizi çəkək...- dedi.
Belə bir şəraitdə, bir qadının öz ismətini mühafizə etməsinin nə qədər çətin olduğunu təsəvvürünüzə gətirin... Mən həmişə buna müvəffəq olmuşam.
Ümumiyyətlə, mənim o mühitdə olmağımın səbəbi, onları daxilindən yıxmaq idi. Hətta bir gecə onlardan birisi mənəvi böhran belə keçirtdi.
Əgər hamı mənim kimi çalışsaydı, onların heç birisi qalmaz, millət də xilas olardı.

Bir gecə məni «Ankara Palasa» aparmışdılar. Oturduğum masaya üç nəfər yaxınlaşdı. Onlar məni dalbadal içirtdilər. Kim olduqlarını bilmirdim. Məni o qədər içirtdilər ki, huşumu itirdim. Ondan sonra nə oldu, nə olmadı, heç birini xatırlamıram. Səhərə yaxın gözümü açıb gördüm ki, desəm inanmazsınız, tanımadığım bir yerdə çıl-çılpaq yataqda uzanmışam. Bu əxlaqsızların tələsinə necə düşməyimdən heç xəbərim də olmayıb... Qəhrəman ordumuz üsyan etməsəydi, tələyə düşdüyümü hələmə-hələm anlamayacaqdım. Yaxşı ki, bu hadisə baş verdi və mən də xilas oldum. Buna görə ürəyim çox sakitdir.

Mənbə Əziz Nesin Kor döyüşü kitabı

 

6 şərh

papatürk
Qəhrəman ordunun üsyanı deyildikdə Türkiyədə 1960-ci ildə türk ordusunun qiyamı nəzərdə tutulur.
Çox maraqlıydı oxumaq:)
fidan
Fahişənin həyatı necə də maraqlı olurmuş))
bankir
çox maraqlıdırsa, təcrübə üçün popitka etmək olar:-)
bankir
Deyəsən səhv etmişəm.fidan,üzr istəyirəm.
Elvin85
Uşaqlıqda oxumuşdum bu hekayəni. Əziz Nesin-in «Kor döyüşü» adlı kitabından. Əla hekayədir. +1
bankir
Gördüm ki,artıq Əziz Nesinin bloqu var. Yəqin ki,davamı da olacaq. Səbirsizliklə onun digər hekayələrini də gözləyirəm.