Sizin ölkədə eşşək yoxdurmu?

Dişi ağrıyır kimi, bir əli üzündə başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:
- Tüff, rüsvayı-cahan olduq...- deyə deyinirdi.
O, əslində çox nəcib bir adamdır. Qapıdan girər-girməz, salam vermədən belə deyinməsinə çox təəccüb etdim.
- Xoş gəldiniz, - dedim - buyurun, rica edirəm oturun.
- Rəzil olduq, rəzil...
- Necəsiniz?
- Necə ola bilərəm? Biabır olduq... biabır... Yəqin başına bir fəlakət gəlmişdi. Bəlkə də ailəsinə bir bədbəxtlik üz vermişdi...
- Yerin dibinə girdik, məhv olduq...
- Axı nə üçün? Nə olmuşdur?
- Daha nə olacaq. Bir qotur eşşəyi kişiyə iki min beş yüz lirəyə satdılar...
Üzünə diqqətlə baxdım: Yoxsa dəli olmuşdu? Qorxumu gizlətmək istəmədim. Arvadı çağırmaq üçün bəhanə edərək:
- Qəhvə içərsinizmi? - dedim.
- Qəhvə-zad yeri deyil. Rüsvay olduq... Bir nalsız qart eşşək iki min beş yüz lirəyə verilər?


- Heç eşşək satmadığım üçün bu qiymətin artıq-əskik olduğunu deyə bilmərəm.
- Canım, mən də eşşək çovdarı deyiləm. Amma bir eşşəyin iki min beş yüzə getmədiyini bilirəm.
- Deyəsən əsəbləriniz pozulmuşdur?
- Pozular da... Mənim əsəbim pozulmasın kiminki pozulsun? Siz eşşəyin bu qədər baha satıldığını görmüsünüzmü?
- İyirmi ildən çox olar ki, heç eşşək görməmişəm.
- Mən sizə eşşəyi görüb-görmədiyinizi yox, onun belə məbləğə satıldığını deyirəm.
- Vallahi nə deyim... Ləyaqətli eşşək bəlkə o qiymətə gedə...
- Canım eşşək - eşşəkdir. Nə ləyaqətbazlıqdır. O, durub nitq söyləməyəcək ki? Üstəlik həm qotur, həm də qart... Elə baha qiymətə satdılar. Həm də işin ən pis cəhəti odur ki, bunda mənim də iştirakım var.
- Nə deyirsən?
- Bəli. Elə mən sənə bunu demək üçün gəlmişəm. Sən yəqin bilirsən ki, Amerikanın dəvəti üzrə mən İstanbul universitetindən bir illiyə oraya ezam edilmiş və xanımımı da özümlə aparmışdım.
- Onu bilirəm.
- Amerikada bir professorla dost oldum. Mənə çox kömək etdi. Çox yaxşılığı keçdi. Qayıdıb gələndən sonra onunla məktublaşdıq. O, Türkiyəni sevən, türklərə dost olan bir adamdır. Məktublarının birində antik xalı mütəxəssisi olan bir dostunun öz əsəri üçün tədqiqat aparmaq məqsədilə Türkiyə gələcəyini yazıb ona kömək edib-edə bilməyəcəyini soruşurdu.
Mən də tətil vaxtında buraya gələrsə, məmnuniyyətlə ona yoldaşlıq edəcəyimi yazdım. Hindistan və İranda tədqiqat aparandan sonra o, iyul ayında gəlib çıxdı. O düşdüyü oteldən mənə telefon etdi, mən də onun yanı­na getdim. O, əslən almaniyalı olan amerikan idi. Deyəsən yəhudi idi.
eşşək,uzunqulaq,осел,jackass və yaxud WizardBura gəlməmişdən əvvəl gəzdiyi yerlərdən dörd böyük çamadan dolusu xalı, heybə və kilim gətirmişdi. O, çamadanlarını açıb buradakı şeyləri mənə göstərdi. O, bu şeyləri tapmasından çox məmnun halda bunların ölçülməz dərəcədə qiymətli olduğunu söylədi. Bu şeylərin arasında üç qarış eni, beş-on qarış uzunu olan köhnə xalı parçasını göstərərək onun azı otuz min dollar qiyməti olduğunu, bir iranlı kəndlidən cəmisi bir dollara satın aldığını və bu zaman həmin kəndlinin pulu alarkən xeyli təəccüb etdiyini dedi.
Mən bu xalı parçasının nədən bu qədər baha olduğunu soruşdum. «Çünki - dedi, - bunun hər kvadrat santimetrində səksən ilmək var. Bu bir şah əsərdir». O, böyük ehtirasla bu məsələ haqqında danışır və dünyada bir kvadrat santimetrdə yüz ilmək olan xalının mövcud olması, dünyanın hansı muzeyində isə asılması haqda da deyirdi...
Sonra mənə bir keçə göstərdi. «Bunu – dedi - əlli sentə aldım. Bunun isə azı beş min dollar qiyməti var». Mən ondan belə bahalı şeyləri nə yolla bu qədər ucuz ala bildiyini soruşdum.
- Qırx ildir ki, bu sahədə çalışıram, - dedi. - Bizim də özümüzə görə üsulumuz var.
O sonra mənə bu üsullar haqqında məlumat verdi. Ağzım açıla qaldı. Xalıçılıq sənəti, dünyanın ən yüksək sənətiymiş. O xalı haqqında iki albom, üç kitab nəşr etdirib. Dünyada olan bir neçə qiymətli xalı kolleksiyasının birinə də onun özü sahibmiş.
Biz sonra onunla Anadolunu gəzməyə çıxdıq. Vilayətləri, qəzaları gəzirdik. O, məscidlərdə qiymətli hesab etdiyi xalıların rəngli fotolarını çəkir, qeydlər edirdi. Bir neçə adamdan köhnə heybə, xalı, keçə və kilim də satın aldı. Dediyinə görə burada aldıqları başqa Şərq ölkələrində aldığı şeylərin hamısından qiymətli imiş.
Arxeoloji qazıntılar aparılan bir yerə də gəldik. Amerika və alman arxeoloqları bir-birindən beş-on kilometr aralı düşərgələr qurmuş, qazıntı işləri aparırdılar. Onlar yerin altını üstünə çevirmiş, dağları, təpələri həllac pambığı halına salmışdılar.
Bir qəsəbə genişliyi olan bu qazıntı ərazisində eramızdan on əsr əvvəldən başlamış, bu günə qədər bir neçə mədəniyyət yaranıbmış və torpağın altında üst-üstə qalıblarmış. Onlar yerin altında bir neçə şəhər kəşf etmiş, orada saraylar, qəbirlər tapmışdılar.
Tarix və arxeologiya ilə maraqlanan çoxlu xarici turist maşını da burada qaynaşırdı. Hər iki-üç kilometrdə beş-on turistə rast gəlmək olurdu.
Ətrafdakı kəndlərin sakinləri buraya toplaşır, yer altından tapdıqları saxsı parçalarını bu turistlərə satır, turistlər bu şeyləri qapışdırırdılar. Kəndli uşaqları da yol boyuna düzülərək qazıntı yerindən tapdıqları halqaları, yazılı daşları, qab-qacaq qırıqlarını «Van dalır», «Tuu dalır»- deyə bağıra-bağıra turistlərin dalınca qaçırdılar.
Buralara qədər gəlib çıxdığım üçün mən də yadigar bir şey alım - dedim. On yaşı ancaq olan bir qızın əlində bir vazo qulpu, yanındakı oğlanın əlində isə adam başına oxşayan mavi rəngli kiçik bir daş vardı. Bu yəqin üzük daşı idi.
- Bunlar neçəyədir, bala? - deyə soruşdum.
Qız vazonun qulpu üçün qırx lirə, oğlan isə daş üçün on beş lirə istədi. Bu şeylərin həmin məbləğə dəyib-dəymədiyini bilmədiyimə baxmayaraq:
- Bahadır, - dedim.
Onlar böyük adamlar kimi bu şeylərin heç də baha olmadığını, atalarının bu şeyləri beş metr dərinlikdə tapdığını dedilər.
Bu şeyləri almaq istəyirdim ki, amerikalı mütəxəssis onların heç bir tarix və arxeoloji dəyəri olmadığını, Şərq ölkələrində kəndlilərin Avropa və Amerikadan gələn turistləri aldadıb belə şeyləri satdıqlarını söylədi. Onun dediyinə görə bu hiyləgər kəndlilər məşhur arxeoloqları belə aldatmağı bacarırlar. Hətta bir dəfə ölü bir it leşinin tüklərini qırxaraq onu bir hökmdarın mumiyası adı ilə amerikalı turistə sata bilmişlər.
Biz kirələdiyimiz Cip maşınında gedirdik. Hava çox bürkü idi. Yol kənarında üç qovaq ağacı altındakı quyunu görəndə dayandıq. Kölgədə oturub nahar etmək istəyirdik. Orada bir kəndli uzanmışdı. Onun yaxınlığında isə bir eşşək otlayırdı.
Biz qoca ilə salamlaşdıq və onunla danışmağa başladıq. Mən onun dediklərini amerikalı üçün ingiliscəyə çevirdim.
- Buradakı kəndlərdə ən çox nə yetişir?
Kəndli:
- Heç bir şey - deyə cavab verdi. - Əvvəllər burada əkin-biçinlə məşğul olardılar, taxıl yetişərdi. Amma bu qazıntılar başlayalı 20 ildir ki, hamı tənbəlləşib, daha heç bir şey əkmirlər.
Amerikalı:
- Eynən başqa yerlərdə də belədir, - dedi.
- Bəs bu yerlərin adamları nə ilə keçinirlər? - deyə soruşdum.


- Yerin altından qab-qacaq qırığı, daş-maş çıxardıb bura doluşan əcnəbilərə satırlar.
Amerikalı:
- Eynən başqa yerlərdə olduğu kimi, - deyə təkrar etdi.
- Bizim bu yerlərin adamları yaman xarab olublar. Ölkənin bütün xəzinələrini su qiymətinə əcnəbilərə satdılar. Yerdən çıxan şeylər əsil dəyərinə satılsa idi on belə Türkiyəni abad etmək olardı. Oğrular bura doluşub. Torpaq altından çıxan qiymətli antik şeyləri oğurlayıb xarici ölkələrə aparırlar. Bu şeylərin bəzisini özləri qazıb çıxarır, bəzilərini də kəndlilərdən alırlar.
Amerikalı yenə onun sözünü təsdiq etdi.
Kəndli sözünə davam edərək:
- Daha, - dedi, - torpağın altında çıxarmağa bir zəhrimar da qalmayıb. Əcnəbilər indi nə oğurlayırsa, onu hökumətdən oğurlayırlar.
Mən:
- Bəs kəndlilər indi nə ilə dolanırlar? - deyə soruşdum.
- Heç onu soruşma... Buralarda altı kənd var. Evlərinə getsən, çır-çılpaq. Heç bir şey görə bilməzsən. Nə su qabı, nə səhəng, nə çanaq qalmışdır.
- Nə üçün belə?
- Ona görə ki, hər şeyi bu turistlərə satırlar. Evlərdə qiymətli bir şey qalmamışdır. Hər nə varsa adını antik şey qoyub satırlar. Adamlar yaman korlanıb. Dünən, əl boyda bir uşaq mənim eşşəyimin boynundakı muncuqları oğurlayıb. O, bunları aparıb əvvəl torpağa basdıracaq, sonra da oradan çıxardıb antik şeydir - deyə satacaq. Evlərdəki gəlinlik qızlar da bicləşiblər. Əllərinə keçən hər daşı məharətlə ovur, onlara cürbəcür şəkillər verib satırlar. Onlar eş­şək nalından medallar, köhnə pullar qayırmağı da bacarırlar.
Amerikalı yenə başqa ölkələrdə də belə etdiklərini təsdiq elədi.
Mən qoca kəndlidən:
- Bəs sən nə ilə dolanırsan? - deyə soruşdum.
- Mən eşşək çovdarıyam - dedi.
O bunu deyib quyudan su çəkdi və eşşəyə verdi. Eşşək su içərkən amerikalı birdən yerindən sıçrayıb eşşəyin yanına getdi. Mən isə kəndli ilə söhbətimi davam etdirdim.
- Eşşək alıb-satmaqla keçinə bilərsənmi?
- Şükür allaha... beş ildir bu işlə dolanıram.
- Məsələn, nə qədər qazanırsan?
- Bu alıb-satdığım eşşəkdən asılıdır.
- Bir eşşəyi nə qədər vaxta sata bilərsən?
- Bunu da bilmək olmaz. Bəzən üç ay, beş ay bir eşşək satılmır, bəzən də görürsən bir gündə beş eşşək satmısan...
Amerikalı yanıma qayıtdı. Çox həyəcanlı idi.
- Eşşəyin üstündə bir xalı parçası var, görmüsənmi?
O, ingiliscə danışdığı üçün kəndli onu başa düşmürdü. Mən baxdım. Eşşəyin dalında çox köhnə, palçıqlı bir çul vardı.
- Sən bu çirkli cındırı deyirsən?
- Sən nə danışırsan? Bu bir xariqə, bir şah əsərdir. Siz kəndli ilə söhbət edəndə mən xalını diqqətlə gözdən keçirdim. Onun rəngi də işi kimi çox qiymətlidir. Hər santimetrində düz yüz ilmək var. Dünyada buna bənzər bir şey görünməyib. Onu almaq istəyirsən?
- Əlbəttə! Amma kəndli onu alacağımı bilməməlidir, Mən bunları yaxşı tanıyıram. Bir şeyini almaq istəsən, antik şey hesab edib üstünə dünyanın qiymətini qoyacaqlar. Nə qədər pul versən gözləri doymaz. Ona görə elə edək ki, o əsil məqsədimizi başa düşməsin. Kəndli bizə baxıb:
- Bu kafir nə qırıldadır? - deyə soruşdu.
- Heç, - dedim, - bu yerlərdən xoşu gəldiyini deyir.
- Burada xoşa gələn nə var ki? Çılpaq kirəcli təpələrdir.
Amerikalı mənə:
- Sizə antik şeyləri ucuz ala bildiyimi demişdim. İndi bax, yenə bu fəndimi işə salacağam.
- Necə edəcəksiniz?
- Xalının adını belə çəkməyəcək, eşşəyi alacağam. Kəndli, çox ehtimal ki, xalının qiymətini bilmədiyim üçün köhnə çulu da eşşəyin üstündə bizə verəcək. Siz indi ona mənim bu eşşəyi almaq istədiyimi söyləyin!
Mən kəndlidən:
- Sən bu eşşəyi satırsanmı? - deyə soruşdum.
- Hə... satmaq istəyirəm...
- Onu neçəyə satmaq fikrindəsən?
- O baxır alıcısına!
- Biz almaq istəsək...
O güldü:
- Mənimlə zarafat edirsiniz? Sizin kimi bir bəyin eşşək nəyinə lazımdır?
- Sən onun fikrini çəkmə... Biz onu almaq istəyirik. Neçəyə verirsən?
- Dedim ki, o baxır alıcısına... Sən alacaqsan yoxsa bu kafir?
- O alacaq...
- O nə millətdəndir?
- Amerikalı...
- Hə... özgə deyilmiş... Özümüzki sayılır. Canım bu çox qart şeydir, de ki, bunu almaq ona əl verməz.
Məsələni amerikalıya dedim.
- Lap yaxşı - dedi, - deməli o eşşəyi ucuz verəcək.
Mən kəndliyə:
- Eşşək qart da olsa, razıdır - dedim.
- Əşi, bizimçin ayıb olar. Sonra ölkəsinə gedib «türklər məni aldatdı» - deyər.
Bunu da amerikalıya dedim.
- Türk kəndlisi çox saf, ən düzgün adamlardır - dedi. Başqa yerlərdə olsaydı dərhal satmağa tələsərdilər. İndi ki o, bu qədər təmiz qəlbli adamdır, mən də eşşəyi baha qiymətə alacağam.
Kəndliyə:
- Amerikalı razıdır, - dedim.
- Yaxşı. Amma bu eşşək Amerikaya çatmamış yolda ölə bilər. Hər yerini qotur basıb.
- Sənə nə canım. O belə də olsa, almaq istəyir.
- Ay canım, bu qotur eşşək onun nəyinə lazımdır.
- Sənin nəyinə gərək?
- Maraqlanıram, - dedi. - Bircə bu amerikalı cənabdan soruş, məgər onun ölkəsində heç eşşək yoxdur?
Bunu amerikalıdan soruşdum.
- Ona deyin ki, var. Amma beləsi yoxdur.
- Deməli belə... Amerikan eşşəyi onun xoşuna gəlmir, türk eşşəklərini daha çox xoşlayır.
- Eh, daha nə etmək olar. Babalı öz boynuna. Mən eşşəkdə olan bütün nöqsanları sadaladım. İndi bir qotur eşşək üçün daha bir əcnəbi qonağımızın xətrini yerə salmayaq. Sataq deyirəm.
- Neçəyə?
- Sizin üçün on min lirəyə verə bilərəm.
- Nə? Canım dəli-zad olmamısan? Ən təmizqanlı ərəb atını iki-üç min lirəyə verirlər.
- Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı alsın da...


Onun nə qədər istədiyini amerikalıya dedim.
- Mən onların xasiyyətini bilirəm - dedi. - Budur, gördün? Eşşək üçün on min lirə istəyən, yəqin ki, xalı üçün yüz min lirə istər. İndi mən bu eşşəyə on min lirə verərəm. Amma bunu eşidən kimi iyirmi min istəyəcək. Onu verməli olsan əlli min istəyəcək. Ona görə də yaxşı sövdələşmək lazımdır...
Kəndliyə:
- Sən düzünü söylə, - dedim - bu eşşəyi neçəyə almısan?
- Dilimə yalan gəlməz. Özüm də dəstəmazlıyam, yalan deyə bilmərəm. Mən bu eşşəyi dərisindən çarıqlıq çıxartmaq üçün beş lirəyə aldım. Bu gün də olmasa sabah öləcək. O, başqa işə də yaramaz.
- A kişi, insafın olsun. Beş lirəyə aldığın bu heyvanı bəs nə üçün on min lirəyə satmaq istəyirsən?
- Canım biz onu satmaq fikrində deyilik. Siz özünüz almaq istəyirsiniz... Qart dedim, qotur dedim. Sabaha çıxmaz dedim... Alıram deyir... Hə, az qala yadımdan çıxmışdı. Bu üstəlik bir də topaldır. Dal ayağını çəkir...
- Zərəri yoxdur.
- Görürsənmi? Deməli belə çıxır ki, bunun nə isə bir qiyməti, bir kəraməti var. Elə deyilsə, bu amerikalı kafirə nə düşüb ki, belə qotur, qart, topal erkək bir eşşəyi alsın. Elə deyilmi? On min! Heç cür aşağı olmaz.
Mən amerikalıya:
Aşağı düşmür - dedim. - On min verək?
Nə edək? On min lirəni versək o zaman iyirmi min lirə istəyəcək...
Qiymət üstündə düz iki saat sövdələşdik. Arada bir fikrimizdən əl çəkmiş kimi görünüb yola düşdük. Qoca bunu heç vecinə almadı. Qayıdıb yanına gəldik,
- Qayıdıb gələcəyinizi bilirdim.
- Nədən bilirdin?
- Bunu bilməyə nə var ki? Əlinizə belə ucuz bir eşşək düşüb. Onu əldən qaçırmayacaqdınız ki?
Şoferə maşını sürüb, irəlidə, yol üstündə bizi gözləməsini tapşırdım. Biz eşşəyi alandan onda oraya gedəcək və eşşəyi orada qoyub yola düşəcəkdik.
Nə isə, əfəndim, xeyli boğaz döymədən sonra biz iki min beş yüz lirəyə razılaşdıq. Pulu ovcuna saydıq. Kəndli bundan sonra eşşəyin çulunu götürdü və noxtasını verdi əlimizə:
- Allah xeyir versin! - dedi. Sonra da əlavə etdi: - Bizim bu qotur qart eşşək havayı satıldı... Nə isə... Xeyir aparasınız...
Amerikalının gözləri bərəlmişdi. O, kəndlinin əlindəki çula baxırdı. İndi nə olacaqdı? Amerikalı mənə:
- Qoy duyuq düşməsin, - dedi. - Eşşəyi çəkə-çəkə bir az gedək və məsələyə əhəmiyyət vermirmiş kimi qayıdıb, «eşşəyin beli üşüyər, çulu ver üstünə ataq» deyək. Elə edərik ki, o, xalı parçasını istədiyimizi başa düşməsin...
Eşşəyin noxtasından tutub yola düşdük. Eşşək çox çətinliklə yeriyirdi. Amerikalı arxadan itələyir, mən noxtasını çəkirdim. Eşşək getdikcə ayağını yerə daha çox dirəyir biz taqətdən düşürdük. Xalını kəndlinin əlindən qopara bilsək eşşəyi dərhal buraxıb sovuşacaqdıq.
Güc-bəla ilə iyirmi-otuz addım getmişdik ki, kəndli arxadan:
- Dayanın, - deyə bizi səslədi - Eşşəyin zadı qalmışdır...
Biz çox sevindik. Güman etdik ki, bu saat çulu gətirəcək. O, yüyürə-yüyürə gəldi.


- Eşşəyin payasını yaddan çıxarmısınız. Amerikada onun başını nəyə bağlayacaqsınız? Heç payasız da eşşək saxlarlarmı? Naşı olmağınız elə bundan bilindi.
Amerikalı:
- Fürsətdir, - dedi. - Xalı parçasını istə. De, bu köhnə çulu da versin.
Mən kəndliyə:
- Eşşək zəif və xəstədir, - dedim - üşüyəcək. Sən onun üstünə bir çul salmışdın. Onu da ver üstünə ataq.
- Yooox! Onu vermərəm. Siz məndən eşşəyi almısınız, çulu yox.
- Düzdür, eşşəyi almışıq. Amma o köhnə bir qəpiyə dəyməyən cındır parçasını da ver üstünə salaq.
- Köhnə olmağına köhnədir, pula da getməz. Amma vermərəm.
- Nə üçün?
- O, mənim atamdan yadigar qalmış bir çuldur. Dədə-babadan xatirədir, verə bilmərəm, cənab!
Bunu amerikalıya dedim:
- Soruş görək bu çirkli cındır onun nəyinə yarayar?
Bunu da kəndliyə dedim.
- Nəyimə yarayar nə deməkdir? Başqa bir eşşək alıb onun belini örtəcəyəm. Qismət olarsa, bir sizin kimisini tapıb, allahın iziniylə ona satacağam. Bu xalı parçası uğurludur. Gördünüz payanı sizə havayı verdim. Heç pul istədim?
- A canım, bir neçə quruş da çul üçün verək? Eşşək yazıqdır, üstünə örtərik.
- Ay dedin ha! Sonra bu eşşəkləri necə satacağam. Beş ildir qart və qotur eşşəkləri alıb bu çulun sayəsində satıram. Haydı, xoş gəldiniz... Malın xeyrini görün!
Amerikalının qanı daha da qaralır deyə bu sözləri ona deməyib qoluna girdim. Kəndli bir neçə addım uzaqlaşdıqdan sonra:
- Eşşəyi buraxıb gedəcəyinizi bilirəm - dedi. - Ona görə uzağa aparmayın. Yoxsa yorularam.
Eşşəyi elə oradaca buraxıb maşına tərəf getdik.
Amerikalı xalı mütəxəssisi:
- Başqa yerlərdə, bax, beləsi yox idi - dedi. - Heç yerdə başıma bu iş gəlməmişdi. Başqa işlər olmuşdu. Amma beləsi olmamışdı.
Maşına mindik. Paya hələ də əlində idi. Mən:
- Bunu nə edəcəksən? - deyə soruşdum.
- Bunu bu yerlərin xatirəsi olaraq xalı kolleksiyama qoyacağam. Qiymətli şey kimi. Zarafat deyil, bu bizə iki min beş yüz lirəyə oturdu. Çox ucuz aldıq...
- Görürsənmi, bütün aləmdə biabır olduq, biabır... O, başını qapazlaya-qapazlaya bu sözləri bir neçə dəfə təkrar etdi...

Mənbə Əziz Nesin Kor döyüşü

3 şərh

ramzes

Mətn gözəl idi, şərq fəlsəfəsidə yerində, amma Wizarda yaman sataşmısan ha ))))))))

Leyla
Təklif edirəm ki,həmin türk kəndlisini Sakura turnirinə davət edək.Çox məntiqlidir.
— Ən təmizqanlı ərəb atını iki-üç min lirəyə verirlər.
— Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı alsın da...

Amerikalı yəqin kiölənə qədər onu aldatmış bu türk kəndlisini unutmayacaq.
papatürk

Adamı çaya susuz aparıb susuz gətirən ifadəsini məhz belə kəndlilər üçün deyirlər.Kəndlinin fərasəti həqiqətən alqışa layiqdir. Mənim ən çox xoşuma gələn məqam isə bu oldu: Hətta bir dəfə ölü bir it leşinin tüklərini qırxaraq onu bir hökmdarın mumiyası adı ilə amerikalı turistə sata bilmişlər.