Xurafat kirindən təmizlənək!

Xurafat dində olmayan, lakin din kimi göstərilən batil hökmlərə deyilir.  Bu batil hökmlər dini çətinləşdirərək insanların Allahın yolundan uzaqlaşmasına, hətta nifrət etməsinə gətirib çıxarır. İslam dininə də sonradan bir çox xurafatlar daxil edilmişdir. Təəssüflər olsun ki, bu xurafatlar müsəlmanlara çox zərər vurmuş və hələ də vurmağa davam edir. Halbuki, İslam dini asanlıq dinidir. Rəbbimiz Ona yönəlməyimiz üçün dini bizim üçün asanlaşdırmışdır. Lakin bədxah şəxslər İslamı bilərək təhrif edir, özlərindən çıxardığı uydurma hökmlərlə insanları dindən uzaqlaşdırırlar. Onlar Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını da halal edərək dini əslindən uzaqlaşdırmağa çalışır və öz azğın inanclarından ibarət batil din ortaya çıxarırlar. Bu gün insanların əksəriyyəti İslam zənn etdikləri həmin batil dinə sitayiş edirlər.  Qurandakı ayələrdən və Peyğəmbərimizin həyatından xəbəri olmayan insanlar batil dinə sitayiş etdiklərini anlamır, bu şəxslərin təlqinlərinə aldanır və şüursuzca onların arxasınca gedirlər.  Belə ki, Allah adına hökm qoyanlar özləri ilə birlikdə başqalarını da günaha və üsyana sürükləyirlər. Onlar gətirdikləri saxta hökmləri Allah adına çıxmaqla həm də Allah qarşı böyük böhtan atırlar.  

Allah ifrata varmamaq şərtilə, musiqi dinləməyi, rəqs etməyi, gözəl paltarlar geyməyi, gözəl ətirlər vurmağı, gülməyi və s. insanlara halal etmişdir. Bunlar bizim zövq alıb Allaha şükrümüzü artırmaq üçün çox gözəl nemətlərdir. Əgər bu nemətlər haram olsaydı, Allah zina etmək, günahsız yerə adam öldürmək, qumar oynamaq, içki içmək, yalan danışmaq və s. kimi haram edilmiş hərəkətləri qəti və konkret şəkildə izah etdiyi kimi bunları da izah edərdi. Rəbbimiz bizə, dolayı yolla Öz vacib sözünü çatdırmaz. Quranda halal kimi göstərənləri haram etmək, haram kimi göstərənləri də halal etməklə həddi aşan bu insanlara qarşı Allah səmimi müsəlmanları xəbərdar etmişdir:

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)

Başqa bir quran ayəsində isə Allah xurafatçılara belə müraciət edir:

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz? Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin! (Saffat surəsi, 154-157)

Bu ayələrdən göründüyü kimi, Allah xurafatçıları kəskin şəkildə qınayır və onlardan uydurduqları yalanlara dəlil gətirmələrini istəyir. Ancaq əlbəttə ki, bu mümkün deyil. Çünki tək hökm qoyan Allahdır. Allahın hökmləri isə çox açıq və aydın şəkildə Qurani Kərim kitabı vasitəsilə bizə bildirilmişdir. Bütün halallar və haramlar, ümumiyyətlə öyrənmək istədiyimiz hər şey ətraflı şəkildə burada izah olunmuşdur. Peyğəmbərimizin sünnəsi də İslamı öyrənmək üçün bizə çox gözəl nümunədir. Quranla üst-üstə düşən səhih hədisləri araşdıranda əsl İslam modeli qarşımıza çıxır. Bu Allahın biz müsəlmanlara verdiyi ən böyük asanlıq və rəhmətdir.

Peyğəmbərimiz də bizə bir hədisində quranın vacibliyini xatırlatmışdır: «Sizə iki şeyi miras qoyuram. Quranı və əhli beyti.» Lakin insanlar buna etinasız yanaşırlar. Xurafatçı fikirlərə daha çox meyil edirlər. Məsələn, dəstəmazsız və ya başı açıq quran oxumağın haram olduğunu iddia edən dindarlara asanlıqla inanır, Allahın dinindən güzəştə gedirlər. Halbuki, biz bilirik ki, Allah quranda dəstəmazı yalnız namaz üçün əmr etmişdir. Allah quran oxumaq üçün dəstəmaz şərti bildirməyib. Bir də ki, peyğəmbərimiz dövründə quran kitab şəklində deyildi. Yəni dəstəmaz alıb Qurana toxunmaq kimi bir anlayış yox idi. Elə buna görə də, «peyğəmbərimiz dəstəmaz alıb qurana toxunurdu» — deyənlərin bu iddiası yalandır.  Başı açıq quran oxumaqla bağlı hökmə də Qurani Kərimdə rast gəlinməmişdir.

Allah quranda Ələq surəsində «Oxu» — deyə əmr edir qullarına.  Quranı ələ alıb oxumaq var ikən, onu evin hündür yerindən asmaq, quranı «biz oxumayaq, onsuzda başa düşməyəcəyik, mollalar, dindarlar bilər ancaq» kimi düşünmək necə də gülüncdür. Həm də həmin insanlar üçün çox böyük itkidir. Onlar bu cahillikləri ilə Allahın rəhmətini, rizasını itirirlər. Quranla çəkdiyim bu örnək sadəcə bir nümunədir. İslamda daha nələr xurafatlar vardır ki, bu xurafatlar insanların beyinlərini, qəlblərini, düşüncələrini, niyyətlərini kirlədir. Mən də bu yazım ilə insanları xurafat kirindən təmizlənməyə dəvət edirəm. Əslində bu mənim dəvətim deyil. Allahın insanlara dəvətidir. Allah bunun üçün bizə hər şeyi mükəmməl izah edən Qurani Kərimi göndərib. Quran insanları mənəvi kirlərdən təmizləyən gözəl qoxulu sabun kimidir, büllur su kimidir. İnsan üstünə tökdükcə tərtəmiz olur, paklaşır. Quranın işığı  xurafatla kirlənən zehinləri təmizləyib par-par edən nurani sudur. Bu sudan faydalanmaq lazımdır, nəinki xurafat çirkabından!

Nurida Nuriyeva

 

 

0 şərh