Düşüncə dərsi

Şirk təhlükəsi

 

Şirk Allahın Quranda bağışlamayacağını bildirdiyi ən böyük günahdır. Bəzi insanlar elə zənn edirlər ki, şirk sadəcə taxtadan yonulmuş bütlərə sitayiş etməkdir və buna görə də özlərini bu günahdan çox uzaq görürlər. Əslində isə şirk Allahdan başqasına ilahlıq vəsfi vermək, Onun uca sifətlərini yaradılmış varlıqlara aid etməkdir və hər kəs bu təhlükə ilə üz-üzə ola bilər. Şirkin nə demək olduğunu bəzi örnəklər üzərində izah edək. Məsələn, gözəl qadın gördükdə nə düşünürsünüz? Gözəlliyin qadının özünə aid olduğunu düşünürsünüzsə deməli həmin qadına ilahlıq vəsfi vermisiniz. Çünki gözəl (Camal) olan əslində Allahdır. İstədiyi varlıqlarda bu sifəti ilə təcəlli edir. Və yaxud çox zəngin bir insan təsəvvürünüzə gətirin. Allah həmin insanda Qəniyy (zəngin) sifəti ilə təcəlli etmişdir. Bunun əksini, zənginliyin insana aid olduğunu düşünmək isə şirkdir.  

Şirkin müxtəlif növləri vardır. Bu ən çox sevgi duyğusunda gizlənmişdir. Bəzi insanların tərtəmiz, məsum sevgi adlandırdığı romantik sevgi ən böyük şirk səbəbidir. Allahın yaratdığı varlığı Allahdan asılı olmayan müstəqil varlıq kimi sevmək, ona sanki bu xüsusiyyətlər onun  özünə aid imiş kimi heyranlıq duymaq şirk olmaqla yanaşı Allaha qarşı çox böyük nankorluqdur. Çünki insana sahib olduğu bütün xüsusiyyətləri verən Allahdır. İnsana duyulacaq sevgi, heyranlıq hissi də əslində Allaha yönəldilməlidir. İnsanın yaranma səbəbi Allaha ibadət etmək, Quran əxlaqını yaşamaq olduğu halda, belə sevgi  insanı duyğuları ilə hərəkət etməyə məcbur edərək, yaradılış məqsədindən uzaqlaşdırır. İnsan Allaha yox, şirk qoşduğu saxta ilahına xidmət etmiş olur.

İnsanların şirk qoşduqları mövzulardan biri də qorxu hissidir. Bəzi insanlar gələcək qorxusu ilə yaşayır. İşləri, aqibətləri necə olacaq, necə dolanacaqlar və s. Bəziləri ölümdən, bəziləri cin, şeytan kimi varlıqları görməkdən qorxur... 

                                        

Quranda Allah insanlara yalnız Özündən qorxmağı əmr edir. Çünki bütün gücün sahibi Allahdır.  Hər şeyi Öz nəzarətində saxlayan da Allahdır. Qorxduğumuz səbəbləri yaradan da Allahdır. Bir quran ayəsində Allah deyir ki, qorxmayın, çünki mən sizinləyəm, eşidirəm və görürəm.

ALLAH sənə bir zərər toxunduracaq olsa, Ondan başqa bunu səndən qaldıracaq olan yoxdur. Və əgər sənin üçün bir xeyir istəsə, Onun bol fəzlini geri çevirəcək olan da yoxdur. Qullarından istədiyinə bundan verər. O, bağışlayandır, əsirgəyəndir.

(Yunus Surəsi / 107)

Bu quran ayəsindən də aydın olduğu kimi, əgər bizə xeyir və ya zərər gəlsə onsuzda gələcək. Buna görə səbəblərdən qorxmaq lazım deyil. Başımıza gələn hər şeyin Allahdan olduğunu, Allahın yaşadığımız hər hadisəni qədər içərisində ən mükəmməl şəkildə yaratdığını bilməliyik. Belə olan təqdirdə bizi qorxudan səbəblərin hamısı yox olacaq və şirk kimi böyük təhlükədən qorunacağıq.

İnsanların şirk bataqlığına düşmələrini səbəbi iki şeydir. Biri məlumatsızlıq, digəri isə səmimiyyətsizlik. İnsanların çoxu Quran əxlaqından xəbərsiz olduğundan Allaha şərik qoşurlar. Bu da ondan irəli gəlir ki, quran oxumağa cəhd etmirlər. Onlara deyəndə ki, qurana görə filan əməl yanlışdır. Deyirlər ki, dədə-babadan belə görmüşük, onlar bizdən daha elmlidirlər. Quranı yox, atalarını fikir və düşüncələrini ölçü götürürlər. Yəni Allahı qoyub, atalarına sitayiş edirlər. Bəzi insanlar isə sırf səmimiyyətsizlikləri səbəbindən şərik qoşurlar. Quranı oxuduqları halda, ordakı əmrləri yerinə yetirmirlər, ya da bir qismini yerinə yetirib bir qismini yerinə yetirmirlər. Nəfslərini istəklərini Allahın istəklərindən üstün tutaraq bu insanlar öz nəfslərini ilah edirlər.

Möminlər də şirkə qarşı ayıq-sayıq olmalıdırlar. İnsan bütün həyatını dinə həsr edə bilər. Hər gün 5 vaxt namaz qılmaq, hər il orucunu tutmaq, dua etmək, sədəqə vermək və s. kimi dini ibadətləri yerinə yetirə bilər. Amma əgər hər hansı düşüncə və hərəkəti quran əxlaqına ziddirsə, deməli qəlbində şirkə meyillilik var, Belə olan halda isə Allah bütün əməllərini puç edər.  Çünki şirk açıq-aşkar Allaha böhtan atmaq, iftira yaxmaqdır və edilən ibadətin də nə qədər səmimiyyətsiz olduğunu göstərir. Buna görə də çox diqqətli olmaq lazımdır. Allahın Quran vasitəsilə bildirdikləri bütün əmrlərə təslim olmalı, bir az da sadə dillə desək Rəbbimizin et dediklərini etməli, etmə dedkilərimi etməməliyik.

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.

(Nisa surəsi / 48)

Başqa sözlə, şirk ətrafınızdakı görüntüləri qaraldan bir eynəkdir. Görüntüləri tərtəmiz, aydın görmək istəyirsinizsə eynəyi çıxarmalısız. Bu çox asandır. Sadəcə bir həmlə ilə bacararsınız. Eynəyi çıxarıb tullayarsınız. Sadəcə məqsədli olun. Qərar verin. Yəni səmimi olun, Allahı sevin, Quran əxlaqını əksiksiz yaşamağa cəhd edin. 

Deyərsiniz ki, diqqətsizlik, unutqanlıq var insanda. Bəzən unudur, qəflətə düşür. Doğrudur insan acizdir. Yanılmağa, unutmağa, səhv etməyə açıqdır. Buna görə Qurana möhkən sarılmalıdır. Kitabla gün aşırı, həftənin müəyyən günlərində deyil, hər gün təmasda olmalıdır. Mömin quranla iç-içə yaşayar. Hər yerdə, hər zaman quran oxumağa, ayələr üzərində düşünməyə vaxt ayırmalıdır. Onda həm Allah sevgisi artar, həm də şirkdən qorunmuş olar.

 Nurida Nuriyeva

0 şərh