Düşüncə dərsi

SEVGİ NAMİNƏ

Həyatın qayəsi, özülüdür sevgi...Allah kainatı, insanları da sevgi ilə yaratmışdır. Bu həqiqət  hər şeydə özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sanki sənətkar əlindən çıxmış sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allah'ın insanlara lütfündəndir.

 

Dünyamızın qüsursuz bir biçimdə yaradılması sevgidəndir. Göylər, yer və ikisi arasındakı hər şeydə elə möhtəşəm dizayn, qüsursuzluq var ki, bu yalnız sevgi səbəbindən ola bilər.  Ucsuz bucaqsız görünən göydə bir dənə belə çatın, yarığın olmaması, hələ ağappaq buludların göylərdəki bu ehtişama ayrı gözəllik qatması, yerdəki canlı və cansız varlıqlar- göz oxşayan mənzərələr, dağlar, dənizlər, çaylar, göllər, çiçəklər, quşlar, kəpənəklər..sadalamağa davam etsəm səhifələr kifayət etməz. Yəni bu qədər varlıq, ən əsası onlardakı mükəmməllik sevgidən başqa bir səbəb üçün yaradıla bilərmi? Əlbbəttə ki, yox. Bu heyrətamiz yaradılış yalnız SEVGİ NAMİNƏDİR. Dünyamızın gözəlliyi Allahı'n sənət əsəridir. Sevgi məhsuludur.

 

İnsanın fitrətində də sevgi mövcuddur. Sevmək, sevilmək duyğusunu Rəbbimiz bizə gözəl göstərmişdir. Sevgi olmadan yaşamaq mümkün deyil. Bu anlayışı qəlbinə yerləşdirə bilməyən insanlarda dərin boşluq olur. Nə qədər gözəllik olsa da, onları görə bilmirlər. Qəlbləri heç nədən razı qalmır. Ruhsuz, duyğusuz robort kimi yaşayırlar. Əslində bu insanların problemlərinin nə olduğu aydındır:  Təkəbbür. Eqoizm. Nifrət. Məhz bu hisslər onları yeyib bitirir, həm də ətraflarına zərər vurur. Dünyamızı sevgisizliklə qaraltmağa çalışan bu insanlara bir SÖZ demək istəyirəm. AZAD OLUN. SİZİ MƏHV EDƏN TƏKƏBBÜRDƏN, EQOİZMDƏN AZAD OLUN. NİFRƏTDƏN AZAD OLUN. BU İYRƏNC HİSSLƏRLƏ DÜNYAMIZI QARALTMAYIN. SEVGİ NAMİNƏ YARADILAN DÜNYAMIZI ÇİRKLƏNDİRƏRƏK YARADANA NANKOR OLMAYIN. SİZDƏN İSTƏNİLƏN ŞEY ƏSLİNDƏ ÇOX ASANDIR. NİFRƏTİ TƏRK EDİB SEVGİ İNSANI OLACAQSINIZ. SEVGİ NAMİNƏ TƏSLİM OLUN YARADANA. O SİZDƏN SADƏCƏ SƏMİMİ SEVGİ İSTƏYİR. VERDİYİ O QƏDƏR GÖZƏLLİK QARŞISINDA ONA VERƏCƏYİNİZ ŞEY ÇOXDURMU? Əgər bunu bacarsanız,  cəmiyyətlərdəki mərhəmətsizlik, zalımlıq aradan qalxar.  Ehtiyac sahibi olan insanlar xor görülməz. Müharibələr bitər. Bir ovuc torpaq üçün milyonlarla məsum insan qanı axıdılmaz. Uşaqlara, qadınlara təcavüz edilməz. Hərtərəfli zəngin cəmiyyətlər yetişər. Bir sözlə, sevgi ilə dünyamız daha da gözəlləşər, cənnətə çevrilər.

 Hər kəs özündən başlasın buna. Yox, qarşımdakı ədalətsizdir, mənfurdur, mən necə sevgi insanı olum desən çətin olar. Edəcəyin şey səmimi qərar verməkdir. Mən dünyamı dəyişəcəm deyib cəsarətini, iradəni toplamaqdır. «Tək nə edə bilərsən ki» deyərək kinayə edənlərə, ələ salanlara əzmkarlığınla cavab verməkdir. Dünyanı dəyişməsən belə həqiqətdə, sənə dünya cənnət kimi görünəcək. Çünki əslində sən özün dəyişəcəksən. Həyata baxışın dəyişəcək. Hər şeyə sevgi gözü ilə baxacaqsan. Daxili dünyan səni qaranlıq dənizdə batıran duyğusal fırtınalardan azad olacaq və sonsuzadək rahat, hüzurlu həyat yaşayacaqsan. Düşün: Sonsuzluq dənizindəsən. Özü də xoşbəxtlik gəmisində. Yoldaşın isə SEVGİ.. 

Nurida Nuriyeva

0 şərh