Qeyri-verbal ünsiyyət vasitələri

Ünsiyyət insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.

Qeyri -verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bizim indi söz açacağımız tipləri ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika (yunanca mimos, təqlid, simanın dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.

Müəyyən edilmişdir ki, mimikanın yeddi əsas sifət konfiqurasiyası var: onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insan sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın-emosiya və hisslərini ifadə etməklə şərtlənir. Son zamanlar vizual ünsiyyət- “gözlərin teması” problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünür, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.

— İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. Intonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasiteələrlə qaynaqlanır.

— Kinesika — “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. Informasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.

— Proksimika (latinca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkani kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. Insan bu məkanı özününkü hesab edir, hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza girməsinə imkan veririk, kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intuitiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq – uzaqlıq”, “Istilik – soyuqluq” – psixoloji məkanin emosional parametrləri belədir. Allan Piz psixoloji məsafənin zonalarını aşağıdakı kimi müəyyənləşdirmişdir:

1. İntim zona (15 sm-dən 46 sm-ə qədər) — xüsusi bufer zonasıdır. Bu zonaya ancaq ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilərlər. Yad adamın bu zonaya daxil olması kəskin emosional reaksiyalarla müsayiət olunur.

2. Şəxsi zona (46 sm-dən 1,2 m-ə qədər) — dostlar üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir -birinə toxunması mümkündür.

3. Sosial ünsiyyət zonası (1, 2 m-dən 3,6 m-ə qədər) — isgüzar ünsiyyət üçün səmərəli məsafədir.

4. Kütləvi zona (3,6 sm-dən daha cox) — ictimai yerlərdə bir-birini tanımayan adamlar arasında ünsiyyət üçün səmərəli məsafədir. İnformasiya mübadiləsində qeyri -verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? Insanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin belə ünsiyyət məqaında öz dili, öz əlifbasi var.


Qeyri -verbal kommunikasiya mürəkkəb prosesdir və müxtəlif amillərlə, ilk növbədə, şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, intravertlərə, nisbətən ekstravertlər qeyri – verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender ferqləri də önəmli rol oynayır. Məlum olduğu kimi, qeyri -verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar. Lakin araşdırmalar göstərir ki, onlar qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər. Buna da səbəb görünür qadınların hisslərinə asanlıqla aldanmalarıdır. Verbal kommunikasiya vasitələri ilə birlikdə qeyri-verbal ünsiyyət vasitələri insanların birgə fəaliyyət üçün zəruri olan informasiya mübadiləsini təmin edir.

Sevda Xəlilova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
 

0 şərh