İctimai əlaqələr üçün vacib olan elm sahələri

İctimai əlaqələr başqa kommunikativ elm sahələri ilə sıx bağlıdır. Nəzərə alsaq ki, ictimai əlaqələr  müəyyən mənada gələcəyin elmidir, onda cəsarətlə bütün mövcud kommunikasiya elmlərini bu sahəyə tətbiq etmək mümkündür.
  • Kommunikasiya nəzəriyyəsi. İctimai əlaqələrin ən ümdə vəzifəsi müəyyən xarakterə malik informasiyanı cəmiyyətdə yaymaqdır. Buna nail olmağın müxtəlif yolları mövcuddur. Məsələn, bu məqsədlə cəmiyyətdə sayılıb-seçilən «fikir liderləri»ndən» istifadə etmək yaxşı nəticələr verir, çünki kütlə yalnız daha çox məlumatı olanlarla ünsiyyətdən sonra bu və ya başqa hadisəyə münasibətini dəyişir. Çox vaxt stereotip  təsəvvürlər müəyyən bir ideyanı qəbul etməyə mane olur. Bu zaman yeni  stereotiplər yaradıb onları cəmiyyətə «yeritməyə» ehtiyac duyulur. Hər  hansı yeni ideyanın «vətəndaşlıq hüququ» alması  cəmiyyətin skeptik və «tənqidçi» zümrəsini inandırmaqdan çox asılıdır. Bir müddətdən sonra yeni ideya sərbəst «hərəkət etməyə»  başlayır. Onu da nəzərə almaq lazımdır ki, hamı KİV-dən öz düşüncə tərzinə uyğun informasiyanı seçib yadda saxlayır və müəyyən məqama qədər fikrini dəyişmək istəmir. Yaranan boşluğu aradan qaldırmaq üçün peşəkarlar çox güclü təsir qüvvəsinə malik olan şifahi  ünsiyyət metodlarından da faydalanırlar. Bunun üçün camaat arasında gəzən şayiələr öyrənilir və lazım olan informasiya ilə əvəz olunur.
  • Kinesika. Bu elm jestləri tədqiq edir. Müxtəlif millətlərdə jestlərin  müxtəlif mənaları ola bilər, lakin bir şeyi inkar etmək olmaz ki, auditoriyanı ələ almaqda jestlərin rolu böyükdür. İnsanın yerişi, duruşu, baxışı, səsinin tembri, bəlağəti onun psixoloji vəziyyətini ifadə edir. Bəzən  müvəffəqiyyətin yarısı məhz bu məqamlardan asılı olur.
  • Semiotika. Məlumdur ki, bu elm rəmzlər sistemini öyrənir. İnformasiyanı çatdırmaqda rəmzlərin rolu böyükdür. Əgər konkret işarə — rəmz ilə əhaliyə hər hansı informasiyanı çatdırmaq mümkündürsə, bu üsuldan istifadə etmək daha səmərəli nəticələr verə bilər. Şirkətin, məhsulun emblemi və loqotipinin özü də bir işarədir və bu işarənin auditoriyaya təsirini gücləndirmək üçün təşkilatlar külli miqdarda vəsait sərf edirlər.
  • Neyrolinqvistik proqramlaşdırma (NLP). PR mütəxəssisləri psixoanaliz, kütləvi psixoterapiya kimi spesifik elm sahələrini də öyrənməli olurlar. NLP  kommunikasiya nəzəriyyəsinin və psixoterapiyanın sintezi olub, psixoanaliz üzərində qurulmuş ünsiyyətin əsasını təşkil edir. İnformasiyanı qəbul etdiyimiz zaman istər-istəməz konkret bir «dalğaya» kökləndiyimizdən bizə təqdim olunan mətnin, onun emosionallığının, bu mətndə istifadə edilən təşbehlərin, hətta sözarası söylənilən lətifələrin də mühüm əhəmiyyəti var. İnformasiyanı çatdırmağın məqamı da düzgün seçilməli, auditoriyanın əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Freydin təhtəlşüur nəzəriyyəsinə əsaslansaq, görərik ki, insanlar onlara lazım olmayan məlumatı beyinlərindən sıxışdırıb çıxarmağa çalışırlar. Belə məqamlarda tələsmək lazım deyil. Zaman özü yeni informasiyanın xeyrinə işləyir, ilk andan müqavimətlə üzləşən informasiya getdikcə aktivləşir. Beləliklə, insanın psixoloji mexanizmləri işə düşür. İctimai əlaqələrdə məqsəd sadəcə olaraq müəyyən bir informasiyanı ünvanına çatdırmaq yox, həm də bütövlükdə ideya haqqında təsəvvür yaratmaqdan ibarətdir. Ona görə də bəzən fərdin, bəzən də kollektivin istəklərindən, təcrübəsindən istifadə etmək, təsəvvürlərdə passiv şəkildə mövcud olan modelləri fəallaşdırmaq lazım gəlir. Kütləvi psixoterapiyaya gəlincə, şəxsi nümunə, səmimiyyət, ayrı-ayrı qruplarla görüş, əyanilik faktorları nəzərdən qaçırılmamalıdır.
  • Ritorika. İctimai əlaqələr üzrə aparılan işin uğuru çox zaman şifahi ünsiyyətdən asılı olur. Nitq vasitəsilə auditoriyaya təsiri öyrənən elmlərə ritorikadan başqa, arqument nəzəriyyəsi və praqmatika aiddir. Məzmunlu nitq (mətn), tutarlı arqumentlərin seçilməsi, onların səmərəli sıra düzümü və nəhayət, bütün  bunların yüksək natiqlik mədəniyyətinə malik olan şəxs tərəfindən icra olunması arzu edilən nəticəni verə bilər. Hələ dahi Siseron məhz belə nitq vasitəsilə kütləni duyğulandırmağı, ona qorxu hissi aşılamağı və ya auditoriyanı natiqin uzaqgörənliyinə, səmimiyyətinə, ədalətinə inandırmaqla onun etibarını qazanmağı ritorikanın əsas məqsədi hesab edirdi. İctimai əlaqələrin məqsədi də, yuxarıda qeyd etdiyimiz kimi, elə bundan ibarətdir — müəyyən bir informasiyanı konkret auditoriyaya onun daha çox inandığı kanal vasitəsilə peşəkar səviyyədə çatdırmaq və beləliklə onun etibarını qazanmaq. Belə məqamlarda dəmir məntiq, inkaredilməz arqumentlər, tərəf-müqabilinə ciddi münasibət əsas vasitəyə çevrilir. Yüksək nitq mədəniyyəti, lakoniklik, auditoriyanın əhval-ruhiyyəsini duymaq, danışıqda ikimənalılığa yol verməmək şifahi nitqi səciyyələndirən keyfiyyətlərdir.
  • Konfliktologiya. İctimai əlaqələr sistemində öyrənilməsi vacib olan sahələrdən biri də konfliktologiyadır. İstənilən mübahisəli məsələnin yoluna qoyulması ictimai əlaqələrlə bilavasitə məşğul olan şəxsin işidir. İctimai əlaqələr mahiyyət etibarilə mübahisələri çözməyə, böhran vəziyyətini aradan qaldırmağa, bir sözlə, təşkilatla cəmiyyət arasında konfliktə yol verməməyə xidmət edir. Təşkilatdaxili məsələlərdə də bu elmin vacib funksiyaları var, belə ki, kollektivdə işçilər və menecerlər arasında harmonik, səmimi münasibətlərə nail olmaq üçün konfliktologiyaya bələd olmaq lazımdır.
  • Heç bir konfliktdən faciə düzəltmək lazım deyil. Əslində iş olan yerdə həmişə konflikt də olur. Yalnız ölü sistem konfliktsiz ötüşür. Münaqişələri aradan götürməyin ən yaxşı yolu danışıqlardır. Problemi bu yolla həll etmək mümkün olmadıqda nüfuzlu «arbitrlər»ə» — vasitəçilərə müraciət etmək olar. Digər yol hüquqa, qanunvericiliyə arxalanmaqdır. Nəhayət, bu da nəticə vermədikdə bəzi hallarda güc  tətbiq etmək, problemi zor yolu ilə həll etmək mümkündür. Beləliklə, konfliktin istənilən səviyyədə çözümü var, amma nəzərə almaq lazımdır ki, problemi nə qədər yüksək səviyyədə həll etməyə çalışsaq, bir o qədər çox vaxt, vəsait və əsəb sərf olunacaq. Buna görə də hər konfliktə bürokratik don geyindirməklə onu rəhbərlik səviyyəsinə çıxarmaqdansa, necə deyərlər, problemi işçi qaydada həll etmək daha məqsədəuyğundur. Bu, təcrübəli PR mütəxəssislərinin gəldikləri ümumi nəticədir.
PR elmi və fəaliyyəti ölkəmizdə ilk addımlarını atır. Pablik rileyşnz ictimai idarəçiliyin müxtəlif sahələrinə sirayət edir. Artıq çoxdan yığılıb qalmış problemlərin həllində bir sıra kommunikativ elm sahələrini özündə birləşdirən ictimai əlaqələrin köməyindən geniş istifadə etmək gərəkdir. İctimai əlaqələr həm elm, həm də incəsənətdir və bu sahədə yeni peşəkarlar nəsli yetişməlidir. Bu isə nəzəri biliklərin praktik təcrübəylə sıx bağlılığı nəticəsində mümkündür.
Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
 

0 şərh