Məqalələr

Təşkilatınızın adının mətbuatda tez-tez çəkilməsi üçün heç də həmişə məhz sizin təşkilatın həyatında hər hansı əlamətdar hadisənin baş verəcəyini gözləmək lazım deyil. Təşkilat adından cəmiyyətdəki aktual problemlərə münasibət bildirməyin özü də PR fəaliyyəti kimi qiymətləndirilir.

Mətbu orqanlara oxucuları maraqlandıran spesifik mövzular üzrə ekspert rəyləri lazım olur. Hər bir təşkilatda müəyyən sahələr üzrə mütəxəssislər tapmaq olar - mühasib, ekoloq, hüquqşünas və s.  PRmenlə birgə bu mütəxəssislər cəmiyyəti narahat edən aktual məsələlər üzrə maraqlı məqalələr, redaksiyaya məktublar yaza bilərlər.

Əlbəttə, belə mütəxəssislər çox zaman jurnalistikanın sirlərinə bələd olmurlar və mətbuatda öz imzası ilə çıxış etmək onların əksəriyyətinin ağlına belə gəlmir. İctimaiyyətlə əlaqəyə cavabdeh olan şəxsin vəzifəsi müvafiq problemdən baş çıxaran mütəxəssisi tapmaqla yanaşı, onu redaksiyaya məktub yazmağa cəsarətləndirmək və bu işdə ona kömək etməkdir. Əslinə qalsa, bu, o qədər də çətin deyil - hər bir şəxs mətbuatda imzasını görməkdən qürur duyur və özünü daha inamlı hiss edir.

Tutaq ki, Milli Məclis vergi qanunvericiliyinə düzəliş qəbul etmişdir və bu, sizin kimi yüzlərlə təşkilatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Çalışın, gecikmədən mütəxəssislə bu haqda söhbət edin (bir PR işçisi kimi bu informasiya başqa şəraitlərdə  də sizə lazım ola bilər). Söhbətin maraqlı və vacib məqamlarını özünüz üçün qeyd edin, yeni qanun düzəlişinin ictimaiyyətdə hansı rezonans doğuracağını təsəvvür etməyə çalışın. Bundan sonra tanış KİV-nin iqtisadiyyat şöbələri ilə zəngləşin və bu mövzudan söz açın. Artıq sizin kifayət qədər informasiyanız olduğundan söhbətiniz maraqlı alına bilər. KİV-nin problemə münasibətini və təklif etdiyiniz mövzuya maraq dərəcəsini müəyyən edin. Əgər belə bir marağın olduğunu görsəniz, sözarası deyin ki, təşkilatınızda yüksək səviyyəli mütəxəssis çalışır və onun bu qanunla bağlı maraqlı fikirləri var. Əmin ola bilərsiniz ki, redaksiya sizdən bu mövzuda məqalə xahiş edəcək. Redaksiyalar adətən dərc etdikləri ekspert rəylərinə, məqalələrə görə qonorar ödəyirlər. Siz, həmin qonorardan imtina edə, bunun müqabilində isə yazıya imza qoyularkən müəllifin hansı təşkilatı təmsil etdiyini göstərməyi unutmamağı xahiş edə bilərsiniz.

Əlbəttə, hər hansı mütəxəssis problemin incəliklərini bilsə də, onu oxucular üçün maraqlı şəkildə ifadə etməyə çətinlik çəkəcəkdir. Bu işdə isə jurnalist üslubuna daha yaxından bələd olan bir PR mütəxəssisi kimi siz ona kömək etməlisiniz. Məsələn, siz təşkilatınızın mühasibi ilə ətraflı şəkildə söhbət aparıb sonradan onun fikirlərini məqalə halına sala bilərsiniz. Və yaxud konkret suallar hazırlayıb xahiş edə bilərsiniz ki, o öz məqaləsində problemi sizin qeyd etdiyiniz suallar ətrafında və məhz həmin ardıcıllıqla işıqlandırsın. Lakin ikinci halda məqaləni qəzetə təqdim etməmişdən qabaq mütləq redaktə etmək lazımdır.

Təşkilatın əməkdaşlarının mətbuatda tez-tez çıxış etmələri aşağıdakı müsbət nəticələr verir:

* təşkilatda ekspert səviyyəli əməkdaşların işləməsi onun imicinə müsbət təsir göstərir;

* təşkilatın KİV-lə münasibətləri daha da yaxınlaşır (bu halda əmin ola bilərsiniz ki, gələcəkdə bir çox aktual problemlərlə bağlı rəy almaq üçün redaksiya özü sizin artıq imzası tanınmış əməkdaşınıza  müraciət edəcəkdir.

Əməkdaşınızın mətbuatda çıxmış və ya efirdə səslənmiş hər bir rəyi KİV-lə əlaqədə +1 xal sayıla bilər. Təşkilatınız haqqında redaksiyalara PR məqalələri təqdim edərkən bu xallar sizə lazım olacaqdır.

PR-in bu növü ictimai birliklərdə daha geniş yayılıb. Bunu izah etmək çətin deyil: ictimai birliklər öz sıralarında müəyyən peşə sahiblərini birləşdirdiklərindən və konkret fəaliyyət sahəsini təmsil etdiklərindən həmin sahədə daha çox informasiyaya malik olur və onların qaldırdıqları problemlər çox zaman ictimai əhəmiyyət daşıyır.

Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı

0 şərh