Radio və televiziya

Elektron kütləvi informasiya vasitələri hər hansı yeniliyi milyonlarla insana eyni zamanda çatdırmaq gücünə malikdir. Radio və televiziya — olduqca dinamik kütləvi informasiya vasitələridir və bu, onların ən üstün cəhətidir. İctimai əlaqələr üzrə mütəxəssislər həmişə bunu nəzərdə saxlamalı və efirdə yayılmaq üçün hazırladıqları materialların yığcam olmasının qayğısına qalmalıdırlar. Efir vaxtı ciddi şəkildə məhdudlaşdırılır. Buna görə də televiziyada və radioda yeniliklər mümkün qədər sürətlə təqdim olunmalı, təqdimat üçün seçilmiş janrın tələblərinə tam riayət edilməlidir.

Daha bir cəhət  PRmeni efir vaxtına xüsusi ehtiyatla yanaşmağa vadar edir: televiziya tamaşaçılarının  və radio dinləyicilərinin bir düyməni basmaqla kanalı çevirmək və sizin materialınızdan birdəfəlik imtina etmək imkanı vardır. Bu səbəbdən də təqdim etdiyiniz mətn və süjetlər auditoriyanı daim cəlb edə biləcək səviyyədə maraqlı olmalıdır.

Amerikada bəzi assosiasiya və birliklər şəxsi studiyalarını yaradır, beləliklə də öz materiallarını operativ şəkildə yayım stansiyalarına ötürə bilirlər. Bu əlaqələr çox vaxt peyk vasitəsilə həyata keçirilir.
telejurnalist

İctimai əlaqələr üzrə məsləhətçi PR materiallarının radio və televiziyada verilməsi üçün imkanlar aramaqla məşğul olmalı və buna şərait yaratmalıdır. Bu zaman o, bir çox suallara cavab tapmalıdır. Təklif olunan informasiya hansı proqram üçün daha maraqlıdır? Material birbaşa efirə gedəcək, yoxsa redaktə olunacaq? Müsahibəni, yaxud söhbəti kim aparacaq? Söhbətdə hansı mövzu və suallar işıqlandırılacaq? Efirə verilməzdən əvvəl proqrama baxmaq və ya onu dinləmək imkanı olacaqmı? Efir üçün çıxışa hazırlaşarkən PR mütəxəssisi özünün və ya təşkilatın hər hansı digər nümayəndəsinin mövzu üzrə bütün mümkün suallara hazır olduğuna əmin olmalıdır. Amma unutmamalıdır ki, jurnalist istədiyi sualı vermək huququnu özündə saxlayır. Bu suallar, efirdən əvvəl aparılmış söhbətdə toxunulmamış mövzularla da bağlı ola bilər.

Radioda müsahibələr, adətən, televiziya müsahibələri qədər gərgin olmur. Lakin radio verilişlərinin də müəyyən xüsusiyyətləri var ki, PR mütəxəssisinin işində çətinliklər yaradır. Bir qayda olaraq, radio dinləyicisinin diqqətini verilişdən yayındıran obyektlər çox olur — yolu keçən piyada, qiymətlərlə maraqlanan alıcı və s. Bu zaman jestlər, yaxud yaraşıqlı sifət də köməyə çatmır. Lakin onu da nəzərdən qaçırmayın ki, bir sıra hallarda (məsələn, əhalinin elektriklə bağlı problemləri olduğu yerlərdə) radio ən mühüm və əvəzsiz informasiya kanalına çevrilir.

Televiziya müsahibəsi təcrübəsiz çıxışçı üçün daha çətin keçir. Üzə tuşlanmış kamera, projektorlar, studiyadakı gərgin atmosfer onu əsəbiləşdirir və fikrini cəmləməyə mane olur. Buna görə də PR mütəxəssisi və ya onun rəhbəri ilk dəfə efirə çıxırsa, çalışmalıdır ki, bu, canlı veriliş olmasın, efirə getməmişdən qabaq ona baxmaq və müəyyən məqamları redaktə etmək imkanı olsun.

Beləliklə, elektron kütləvi informasiya vasitələri ilə təmasda təcrübə mühüm rol oynayır. Lakin heç efirə çıxmadan da bu təcrübəyə qismən yiyələnmək mümkündür. Bunun üçün televiziya verilişlərinə adi tamaşaçı kimi deyil, iştirakçı gözü ilə baxın. Adamların suallara necə reaksiya verdiklərini müşahidə edin. Hansı reaksiyalar, jestlərin sizə daha xoş gəldiyinə, hansıların isə çıxış edən şəxs haqqında təəssüratınızı korladığına diqqət yetirin.

Nümayiş olunan proqramların tipləri arasındakı fərqi aydınlaşdırın.  Xəbər buraxılışları və analitik proqramlar ictimaiyyətlə əlaqə yaratmaq baxımından ən yararlı proqramlardır. Onlar daha çox tamaşaçı yığır. Bundan başqa, müvafiq kontekstdə sizin çıxışınız (xüsusilə ekspert rolunda) daha təsirli ola bilər. Təsadüfi deyil ki, son vaxtlar dəbdə olan tok-şoular (talk show) tamaşaçıların böyük marağına səbəb olur.

Belə proqramlarda təşkilatın kim tərəfindən təmsil olunması da vacib məsələdir. Əgər təşkilat rəhbəri cəmiyyətdə kifayət qədər tanınmış adamdırsa, teleşirkət özü onu müvafiq mövzuda proqrama dəvət etmək istəyəcək. Bu zaman ictimai əlaqələr üzrə mütəxəssis həmin verilişin yönümünü, üslubunu, aparıcının kim olmasını və öz rəhbərinin bu verilişdəki statusunu əvvəlcədən müəyyənləşdirməlidir. Veriliş qeyri-ciddi, yumoristik, satirik ola və ya oyun xarakteri daşıya bilər. Bu cür verilişlərə çıxmaq ciddi nüfuza  malik ictimai xadim üçün müəyyən risqlə bağlıdır.

Verilişin hansı jurnalist tərəfindən aparılması da vacib əhəmiyyət kəsb edir. Bir sıra telejurnalistlər var ki, onlar dəvət etdikləri müsahibdən çox özlərini «gözə soxmağı» xoşlayırlar və bu məqsədlə çox zaman həmsöhbətindən ağıllı görünməyə çalışırlar. Bu qəbildən olan «teleulduzlar» müsahiblərinə qeyri-etik suallar verməkdən, onların sözünü kəsməkdən də çəkinmirlər. Onu da nəzərə almaq lazımdır ki, belə jurnalistlər müəyyən tamaşaçı dairələrində populyar olurlar. İctimai nüfuza malik bəzi şəxslər özlərinə arxayın olub ciddi şəkildə hazırlaşmadan onlarla efirə çıxa və mübahisəyə girişə bilərlər. Lakin bilmək lazımdır ki, telejurnalistlər kamera qarşısında adətən özlərini suda balıq kimi hiss edirlər və istədikdə tərəf-müqabillərini hövsələdən çıxarmağı bacarırlar.
radio və televiziya

Dialoq xarakterli verilişə dəvət alarkən daha ehtiyatlı olmaq lazımdır. Burada aydınlaşdırmalı olduğunuz əsas məsələ — tərəf-müqabilinizin kimliyidir. Hay-küylü, çığır-bağır salan tərəf-müqabillə dialoqa çıxmaqdansa, verilişdə iştirakdan imtina etmək daha məqsədəuyğundur.

Bütün bunları deməkdə məqsədimiz odur ki, PR mütəxəssisləri və təşkilat rəhbərləri medianın bir xüsusiyyətini həmişə yadda saxlasınlar: %  orqanları — biznes təşkilatlarıdır və tamaşaçı marağını qazanmaq üçün onlar bəzən hətta süni qalmaqal yaratmaqdan da çəkinmirlər. Belə vaxtlarda cəmiyyətdə nüfuzunu möhkəmlətmək istəyən təşkilat rəhbərləri onların əlində alətə çevrilə bilərlər.

İctimaiyyətlə əlaqə üzrə mütəxəssis təşkilat nümayəndəsinin televiziya verilişinə hansı qismdə dəvət olunduğunu (xəbərlər proqramının eksperti, tok-şounun qəhrəmanı, yoxsa dialoq xarakterli verilişdə tərəf-müqabil) bilməli və bunu nəzərə almalıdır. Əlbəttə, teleşirkət öz verilişində mümkün qədər geniş tamaşaçı auditoriyası toplamağa qadir olan bir lideri görmək istərdi. Lakin elə mövzu var ki, təşkilatınızın digər nümayəndəsi bu mövzuda daha böyük uğurla çıxış edə bilər. Belə olduqda, proqramın rəhbərinə öz verilişinə məhz həmin nümayəndəni dəvət etməyi məsləhət görmək lazımdır. Bu yolla PR mütəxəssisi bir neçə üstünlük əldə etmiş olur:

  1. təşkilat rəhbərinin vaxtına qənaət edir;
  2. təşkilatın lideri olmayan şəxs öz ağıllı çıxışı ilə təşkilata daha böyük nüfuz qazandırır («təşkilatın sıravi üzvü belədirsə, onda gör lideri necədir?»);
  3. risk faktoru azalır (veriliş zamanı liderin səhvi təşkilatın nüfuzuna ikinci, üçüncü dərəcəli şəxsin səhvinə nisbətən daha böyük xələl gətirə bilər);
  4. təşkilatın yeni üzvü cəmiyyətdə tanınmağa başlayar və beləliklə, KİV-lə əlaqədə liderin dublyoru yetişər.

Telemüsahibələrin aparılmasının çoxsaylı üsulları mövcuddur. Bu bəzən sizin üçün gözlənilməz şəraitdə də baş verə bilər. Məsələn, hər hansı irimiqyaslı tədbir zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri istənilən iştirakçını dayandıraraq, kamera və ya mikrofonu ona sarı tuşlaya bilərlər. Təşkilatı təmsil edən şəxsin bu cür şəraitlərdə də özünü itirməməsi üçün PR mütəxəssisi öncədən müvafiq tədbirlər görməli, hətta direktor və ya sədr ofisdən çıxarkən jurnalistin qapı ağzında peyda olması ehtimalını da yaddan çıxarmamalıdır. O, təşkilatın nümayəndəsinin bu halda nə söyləməli olduğu barədə əvvəlcədən düşünüb-daşınmalı, teleproqramın yaradıcılarına az da olsa faydalı material verməyə çalışmalı və unutmamalıdır ki, kimin hansı kanala müsahibə verməsindən asılı olmayaraq,    PR üzrə mütəxəssis «parada»həmişə «komandanlıq etməlidir».

Bəzən telejurnalistlər zəng vurub, ictimai əlaqələr sahəsinə rəhbərlik edən bir şəxs kimi sizdən, yaxud direktorunuzdan telefonla müsahibə verməyi xahiş edə bilərlər: imkan daxilində (əgər çox uzaqda deyilsinizsə, hadisə yerindən verilən reportajı şərh etmək lazım gəlmirsə və s.) bundan yayınmaq lazımdır. Əvvəla, bu zaman, çox güman  ki, efirdə səsinizin keyfiyyəti o qədər də yaxşı olmayacaq, dediklərinizin hamısı anlaşılmayacaq, digər tərəfdən, siz materialın redaktə prosesinə və sözlərinizdən necə istifadə olunacağına nəzarət edə bilməyəcəksiniz. Bundan  başqa, tamaşaçı, yaxud dinləyicidə elə təəssürat yarana bilər ki, siz (və ya təşkilatınızın nümayəndəsi) sadəcə olaraq, studiyaya gəlməyi o qədər də vacib saymamısınız.

Telekanallar tez-tez müəyyən aktual problemlər üzrə dəyirmi masalar təşkil edirlər. Şirkətinizin bu cür dəyirmi masaya dəvət olunmuş nümayəndəsini əvvəlcədən çıxışa hazırlamaq lazımdır. Siz arxayın olmalısınız ki, nümayəndəniz təşkilatın mövqeyini dəqiq əks etdirəcək. Onun öz çıxışında vacib bildiyiniz bütün məsələlərə toxunacağına, hər şeyi deyəcəyinə, heç nəyi  unutmadığına da əmin olun. Nümayəndənizə xatırladın ki, başqa fikirlərə qarşı dözümlü, diqqətli və nəzakətli olsun. Onu aparıcının mümkün təzyiqindən, üstüörtülü hədələrindən çəkinməməyə öyrədin — müsahibə verən şəxs suallara istədiyi tərzdə və sərbəst şəkildə cavab verməlidir, əgər çəkiliş studiyada tamaşaçıların iştirakı ilə aparılırsa, monitorlara, kameralara, müxtəlif elektron cihazlara etinasız yanaşmalı, üzünü studiyadakı adamlara tutub danışmalıdır.

Üzbəüz müsahibə təşkilatın maraqlarını geniş ifadə etmək baxımından daha faydalıdır. Bu zaman sizin nümayəndəniz diqqəti özünə cəlb etmək üçün kiminləsə rəqabət aparası olmayacaq, yeganə məhdudiyyət isə yalnız vaxtla bağlıdır. Veriliş canlı efirdə gedirsə, müsahibə verən şəxs ixtiyarında nə qədər vaxtın olduğunu dəqiq bilməli, özü-özünü məhdudlaşdırmağı, ayrılmış zaman çərçivəsində daha vacib olan informasiyanı tamaşaçıya çatdırmaqla fikrini yekunlaşdırmağı bacarmalıdır. Əks təqdirdə, onun sözü də, fikri də yarımçıq qala, tamaşaçıda isə təşkilat və onun nümayəndəsi haqqında arzuolunmaz rəy formalaşa bilər.
televiziya jurnalisti

Nümayəndənizin öz çıxışında və ya suallara cavablarında əhatə etməli olduğu mövzuları diqqətlə nəzərdən keçirin. Müsahibəni götürəcək jurnalistə öz işini ustalıqla yerinə yetirməyə çalışan peşəkar kimi yanaşın. Onun ən böyük üstünlüyü müsahibə aparmaq, söhbəti idarə etmək sahəsində təcrübəsi ola bilər. Bu işdə onunla yarışmağa cəhd etməyin. Doğru danışın, uydurmaya yol verməyin və səmimi olun — sizə inanacaqlar. Sadəlövh sualları nəzakətlə qarşılayın. Əgər jurnalist sadə sual verirsə, deməli, bunu ona görə edir ki, tamaşaçılar və ya dinləyicilər də belə bir sual vermək istərdilər. Həqiqəti söyləməyin müxtəlif yolları var, təhriflərdənsə qaçmaq lazımdır. Jurnalistin davranışını diqqətlə izləyin, sualların qoyuluşuna fikir verin: görəcəksiniz ki, o, çox vaxt bütövlükdə cəmiyyətin adından danışacaq. Əgər jurnalist həqiqətən də ictimai maraqların müdafiəsində durur və sizin qarşınızda ictimaiyyətin fikrinin ifadəçisi kimi çıxış edirsə, bunu təsdiqləməyi bacarın. Eyni zamanda siz də öz tezis və  antitezislərinizdə ictimai fikrə əsaslanmağa çalışın: «mən başa düşürəm ki, siz bu qənaətdəsiniz, amma bizim tədqiqatlarımıza görə, əhalinin 80%-i...» Bu, gözəl effekt verə və opponentinizi tərksilah edə bilər. Lakin belə üsuldan istifadə etmək üçün müsahibəyə hazırlaşarkən mütləq sosioloji araşdırmaların nəticələri ilə tanış olmaq lazımdır. Söhbət zamanı müzakirə olunacaq məsələlərlə bağlı zəruri tədqiqatlar aparmalı, ətraflı məlumat toplamalısınız.

Söhbətin öz-özünə alınacağına ümid etməyin. Diqqətinizi yaxşı xəbərlər üzərində cəmləşdirin və çətin məqamlarda özünüzə bəraət qazandırmağa çalışmaqdan çəkinin. Müxbirin vəziyyət üzərində nəzarəti ələ almasına imkan verə bilərsiniz, lakin özünüzə qarşı psixoloji təzyiqə yol verməyin. Texniki detallar haqqında sadə, anlaşıqlı dildə danışmağı öyrənin. Dilə gətirdiyinizə görə sonradan təəssüf hissi keçirə biləcəyiniz şeylər haqqında söz açmayın.

Şəraitə uyğun geyinin. Qıcıqlandırıcı sünilikdən çəkinin. Təmkinli olun, söhbəti «kənara çəkməyin». Hətta özünüzü narahat hiss etdiyiniz mövzudan daha çox bələd olduğunuz mövzuya belə hiss olunmadan keçməyə  çalışın. Sözünüzün kəsilməsinə bacardıqca imkan verməyin. Suallardakı hər hansı qeyri-dəqiqliyi şərh edin.

Dediklərimizi aşağıdakı şəkildə yekunlaşdırmaq olar: ictimaiyyətlə əlaqə üzrə məsləhətçilər məhz elektron kütləvi iformasiya vasitələri ilə necə işləməyin qaydalarını bilməli və həmin qaydalara xüsusi əhəmiyyət verməlidirlər. Çünki maraqlı layihələrin və ideyaların ictimaiyyətə çatdırılmasında bu növ KİV-nin rolu durmadan artır və təşkilat onlarla əməkdaşlığa nə qədər yaxşı hazırlaşmışdırsa, özünə bir o qədər  yüksək ictimai nüfuz qazana bilər.

Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı

 

1 şərh

asel
canlı efirə gedən verilişləri izləməyi sevirəm.bunlar birbaşa efirə yayımlanır, yaxşısı, pisi- hamısı tamaşaçının gözü önundə baş verir. yoxsa 1 kadrı 4-5 dubla çəkmək, montaj.