Fotoşəkillər

Bir qayda olaraq, ictimai əlaqələr sahəsində çalışan peşəkarlar bütün diqqətlərini şifahi və yazılı nitq mədəniyyətinin inkişafına, mətnləri tərtib etmək bacarığının artırılmasına yönəldirlər. Əlbəttə, fikri sözlər vasitəsilə düzgün və anlaşıqlı ifadə etmək çox vacibdir, lakin bu, yalnız o zaman güclü effekt doğurur ki, mətni müşayiət edən illüstrasiyalar da kifayət qədər yüksək peşəkarlıqla yerinə yetirilsin.

Fotoşəkillər ideyanı daha yaxşı illüstrasiya etməyə və onu auditoriyaya dəqiq çatdırmağa kömək edir. Mətn və illüstrativ materiallardan birgə istifadə yolu ilə həyata keçirilən PR kampaniyaları daha səmərəli nəticələr verir. Aparılan təcrübələr göstərir ki, şifahi məlumat illüstrasiyalarla müşayiət olunduqda, informasiyanın yadda saxlanma əmsalı ikiqat artır. Məlumdur ki, hər bir illüstrasiya öz-özlüyündə xeyli sayda (hər halda, mindən az olmayan) sözə bərabər ayrıca materialdır. Oxucuların çoxu məqaləni sürətlə gözdən keçirir, fotoşəkillər isə diqqəti sensasiyalı başlıqlardan heç də az cəlb etmir.

Yaxşı şəkil hazırlamaq üçün heç də özünüzün əldə fotoaparat bu işlə məşğul olmağınız lazım deyil. Fotoqraflıq - xüsusi avadanlığın, yüksək sənətkarlığın, duyum və təcrübənin olmasını tələb edən peşəkar fəaliyyət sahəsidir. Müştəri və ya jurnalistlər  PRmeni həvəskar fotoqraf rolunda görsələr, bu, onun nüfuzuna xələl gətirə bilər. Əgər sizə yaxşı fotoşəkil lazımdırsa, yaxşı fotoqrafın xidmətindən istifadə edin. İctimaiyyətlə əlaqə üzrə məsləhətçinin vəzifəsi müxtəlif sahələrdə təkbaşına fəaliyyət göstərmək deyil, resursları düzgün bölüşdürməkdir.

Yunanıstan mənzərəsi title=

Sizə lazım olduqda, peşəkar fotoqraf dəvət edib, işin bütün detallarını onunla müzakirə edin. Şəkillər, ilk növbədə hansı informasiyanın daşıyıcısı olmalıdır? Onlardan harada və necə istifadə olunacaq? Bu şəkillər sizə yalnız arxiv materialı kimi təşkilatın albomuna daxil etmək üçün lazımdır, yoxsa siz onları mətbuata çıxarmaq istəyirsiniz? Siz hansı formada təsvir əldə etmək istəyirsiniz - ağ-qara, rəngli, çap edilmiş, neqativ, yoxsa pozitiv slayd şəklində? Fotoşəkillər güclü emosional təsir qüvvəsinə malik olmalı, yoxsa sadəcə informasiya daşıyıcısı rolunu oynamalıdır? Fotoqrafa öz ideyalarını həyata keçirmək üçün geniş imkan verilirmi? O, sizin sifarişinizi yerinə yetirəcəyi müddət ərzində digər yerlərdə fəaliyyətini dayandırmalıdırmı?... Fotoqrafla aparılan söhbətdə təxminən bu qəbildən olan suallara aydınlıq gətirilməlidir.

Müntəzəm olaraq işləmək istədiyiniz fotoqrafların siyahısını tutun. Bəzən sizə ayrı-ayrı sahələr üzrə bir yox, bir neçə fotoqraf lazım ola bilər. Elə fotoqraf var ki, portret ustasıdır; eləsi də var, idman yarışlarını çəkməkdə onun tayı-bərabəri yoxdur. Əməkdaşlıq etməyə hazırlaşdığınız peşəkarları yaxından tanımağa çalışın. Sensasiya dalınca qaçan, paparatsi kimi ad çıxarmış fotoreportyorların xidmətindən imtina edin - onlarla əməkdaşlıq gözlədiyiniz effektin əksini verə bilər.

Məsələnin texniki tərəfi haqqında səthi biliklərə malik olmağın da işə ancaq xeyri dəyə bilər. Fotoqrafa müəyyən suallar verməklə siz ilk növbədə onun avadanlığının texniki imkanlarını öyrənməlisiniz. Peşəkar fotoqraf sizə hansı məqamlarda ağ-qara şəkillərdən, nə vaxt slaydlardan istifadə etməyin daha münasib olduğunu başa sala bilər.

  • Yüksək səviyyəli, təcrübəli peşəkarla işləyərkən ideyanızı ona izah etməklə müstəqil çalışmaq imkanı versəniz, daha yaxşı olar. Yox, əgər fotoqrafın təcrübəsi sizdə şübhə doğurursa, daim onu istiqamətləndirməlisiniz. Heç vaxt, xüsusən də belə bir şəkil çəkmək imkanının bir daha ələ düşəcəyinə əmin olmadığınız hallarda, xoş təsadüfə bel bağlamayın. Tədbirlər zamanı fotoqrafın rahat işləməsi üçün şərait yaradın.
  • Hazır fotoşəkilləri, onların keyfiyyətlərini hərtərəfli təhlil edin. Bunun üçün şəkillərin müşaiyət etdiyi PR materiallarına yenidən nəzər salın. Mətbuatı və orada istifadə olunan illüstrasiyaları izləyin.
  • Fotoşəkillərdən düzgün istifadə edin. Yaxşı illüstrasiya çap materiallarını, sərgiləri, təqdimetmə mərasimlərini, konfransları xeyli canlandıra bilər. Fotonun hansı halda materialın daha dolğun icmalına yardımçı olduğunu təyin edin. Qənaətinizi redaktorlarla da bölüşün. Ayrı-ayrı kütləvi informasiya vasitələri üçün müxtəlif şəkillər seçin.
  • Rəngli təsvirlərdən - məsələn, birinci və sonuncu səhifələrində - istifadə edən mətbu nəşrləri müəyyənləşdirin. Rəngli şəkillərin çapı məsələsini nəşrin redaktoru ilə əvvəlcədən razılaşdırın.  Redaktor bir dəfə əmin olsa ki, siz ona yüksək keyfiyyətli məhsul təqdim edirsiniz, hər zaman həvəslə sizinlə əməkdaşlıq edəcəkdir.
  • Tədbirinizin işıqlandırılması üçün qəzet və jurnallardan göndərilmiş fotoqraflarla da işləməyi öyrənin. Onların xidmət haqqı sizin təşkilatınız tərəfindən ödənilmir. Buna görə də mətbuat orqanından və ya informasiya agentliyindən gəlmiş fotoqraflara xüsusi diqqətlə yanaşın, onlara zəruri iş şəraiti yaradın. Çəkiliş üçün effektli səhnələr yaratmaqdan çəkinməyin. Redaksiya tapşırığını mümkün qədər yaxşı yerinə yetirmək, qəzetə maraqlı illüstrasiya təqdim etmək istəyən peşəkar bunun üçün sizə minnətdar olar. Bir uğurlu fotoşəkil sonradan onlarla jurnalda və qəzetdə işıq üzü görə bilər.
  • Bütün bunlarla yanaşı, mətbuatdan gəlmiş fotoqrafla işləyərkən ehtiyatı da əldən verməyin. Dərc olunacaq fotoları əvvəlcə sizə göstərməyi onlardan xahiş edin. Unutmayın ki, kütləvi informasiya vasitələri sizin imicinizə xələl gətirə biləcək bir kadrı sensasiya xatirinə nümayiş etdirməkdən çəkinməyəcəklər.

fotoqraf sənəti

Bu fəslin əvvəlində informasiyanın əsasını təşkil edən yenilikdən və qeyri-adilikdən danışmışdıq. Həmin məqamlar istənilən PR materialında, o cümlədən fotoşəkillərdə də öz əksini tapmalıdır. PR nəzəriyyəçisi Con Heyvud yazır: «Kral ailəsi üzvlərinin yeni bəndin açılışında iştirakı milli qəzetlərin  əksəriyyətinin marağına səbəb ola bilər. Amma əgər bu zaman heç bir gözlənilməz hadisə baş verməyibsə, açılış mərasimi geniş işıqlandırılmayacaq. Qəflətən uçan çadır, yaxud kraliçanın yanındakı kresloda mürgü vuran nazir - reportyorlar məhz bu cür qeyri-adi kadrlar arayırlar. Beləliklə,  elə görüntü bucağı axtarıb tapın ki, çəkdiyiniz şəkildə əks olunmuş məqam effektli və orijinal olsun. Bəndi işə salmaqla suyu aşağı elə axıtmaq olarmı ki, əlahəzrət kral ailəsi üzvləri bu axının fonunda çox gözəl görünsünlər? Bəlkə mərasimi bəndin üstündə - arxa planda boz beton zolağından başqa bir şey görünməyən yüksəklikdə deyil, onun ətəyində - nəhəng qurğuların fonunda keçirmək daha yaxşıdır?
Tanınmış zooloqun iştirakı ilə keçirilən toplantıya, əlbəttə ki, mətbuat nümayəndələrini xüsusi olaraq dəvət etmək lazımdır. Amma, əgər tədbirdə yenilik olmayacaqsa, hətta toplantıda bütün qəzetlər təmsil edilsələr belə, o, işıqlandırılmayacaq... Adətən fotoqraflar nəsə gözlənilməz hadisənin baş verəcəyi ümidi ilə bütün çağırıldıqları tədbirlərə gəlirlər. Lakin onların gəlişi hələ tədbirin yeniliyə çevrilməsi demək deyil.  
Taleyə ümid etməkdənsə, əvvəlcədən «gözlənilməzliklər» planlaşdırın».

Unutmaq olmaz ki, fotoşəkillərdən yalnız mətbuat deyil, həmçinin televiziya kanalları da faydalana bilərlər. Məsələn, videomaterial olmadıqda, onlar slayddan xəbər üçün fon kimi istifadə etməyə üstünlük verirlər.

Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı

 

0 şərh