Quran həm də dözümlülük nümunəsidir

  • Quran
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və millətin ən ümdə və ülvi vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin varlıq qayəsini qorumaqdır. Fitratdan verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü inanclı bəndə kimi təqdim edə bilər. Dinin tələb etdiyi qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını istər.

İslamda dinin varlıq qayəsi aşağıdakı təməl haqq və azadlıqların gerçəkləşdirilməsindən ibarətdir:
1) yaşamaq haqqı olan canının qorunması (dinindən, irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə vətəndaşının dövlət mühafizəsi altında olması),
2) düşüncə və söz azadlığının qorunması,
3) insan kimi yaşamasını təmin edən malının qoruması (ölkənin yeraltı, yerüstü sərvətlərinin hər hansı müdaxilədən mühafizə edilməsi),
4) hər bir vətəndaşın, icmanın dininin qorunması,
5) soy və tarixini davam etdirən nəslinin yaşamaq haqqının təminatı (gələcək nəslin qorunması).

Qeyd edək ki, Peyğəmbər(ə) dövlətçiliyi dövründə ciddi qorunan bu təməl prinsiplər tarixən uzun və keşməkeşli yol keçdikdən sonra yenidən formalaşaraq, müasir beynəlxalq hüquq və ölkə konstitusiyalarda "Əsas İnsan və Ölkə Hüquqları və Azadlıqları" kimi təsbit edilib.

Quranda qorunması vacib olan bu 5 prinsipin dünyəvi qanunlarla qorunmasına ilk təşəbbüs ilk vəhyin nazilindən yalnız 605 il sonra baş tutub. Belə ki, ilk dəfə 1215-ci ildə İngiltərə Ali Xartiyasında yazılıb: «Biz Allahın iradə və istəyini yerinə yetirmək məqsədilə qərara aldıq ki, hər bir insan yaradılışdan maddi və mənəvi dəyərlərə malikdir. Onların qorunması və inkişafı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır».

Bundan 572-il sonra, yəni 1787-ci il ABŞ Konstitusiyasının yaradıcılarından biri olan A.Homilton insan haqlarının yaradılışdan gəldiyini nəzərə alaraq, həmin dəyərləri hətta Ali Qanunda yazmağa lüzum görmədi. Quran hikmətindən doğan bu prinsiplərin qorunması barədə İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin (1789, Fransa) Preambulasında isə deyilir: «Biz Allah qarşısında və Onun köməyilə yaradılışdan gətirilən insan azadlıqlarını tanıyırıq. Bu hüquqlara hörmət etməyən, ona qarşı çıxan hər kəs cəmiyyətin bədbəxtliyi və dövlətin çürüməsinə gömək edir». Sonralar bu haqqlar BMT tərəfindən vacib bir tələb olaraq BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (10 dekabr, 1948) beynəlxalq sənəd kimi qəbul olundu.

Təəssüflə qeyd edək ki, bu azadlıqların istər səməvi kitablarda (xüsusən Quranda), istərsə də sonradan beynəlxalq sənədlərdə yer almasına baxmayaraq, hələ də dünyada irq, din, dil və düşüncə tərzinə görə diskriminasiyalar kifayət qədərdir.

Məlumdur ki, İslamın 5 varlıq qayəsinin qorunmasında ölkənin suverenliyinə xidmət edən müdafiə tədbirlərilə yanaşı, həm də mənəvi-əxlaqi dəyərlərin xüsusi rolu var. Bu dəyərlərdən ən vacibi dözümlülük və tolerantlıqdır. Çünki öz dəyərlərinə hörmət edən və onların qorunmasına mükəlləf olan hər bir şəxs, başqa birisinin də inanc və düşüncələrinə hörmət etməli, onlara dözümlü yanaşmalıdır. Başqa sözlə, öz dininin müqəddəsliyini görmək istəyən bəndə başqasının inancına xələl gətirməməlidir. Hətta qarşı tərəf kafir, ateist olsa belə. Bu, Rəbb tələbidir: «Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər» (Ənam, 108).

Ümumiyyətlə, Qurani-Kərimdə dözümlülüyü reallaşdıran əxlaqi prinsiplər bilavasitə və ya dolayısı ilə əmr və tövsiyə şəklində verilib. Bunlardan bəzilərinə nəzər salaq.

"(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, təkzib olunmaz dəlillərlə), gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl tərzdə davran" (Nəhl, 125); «Dində zor işlətmək yoxdur». (Bəqara, 256) ayələri İslamın digər din və inanc sahiblərinə münasibətini ortaya qoyur. Təsadüfi deyil ki, sonuncu mükəmməl din olan İslam, yarandığı vaxtdan bu günə kimi zorən müsəlmanlaşdırmağa lüzum görməmişdir. İslam müsəlmanların fəth etdiyi torpaqlarda yaşayan heç kimi zorla İslama dəvət etməmişdir. Hər kəsi öz inancında sərbəst buraxan bu din, nələrin haq və batil olduğunu göstərməklə kifayətlənmişdir. Vaxtı ilə müsəlman dövlətinin idarəsi altında yaşayan qeyri müsəlmanların da, Azərbaycan daxil olmaqla bəzi çağdaş İslam ölkələrinin də bu prinsipə sadiq qalmaları deyilənlərin bariz nümunəsidir. Vurğulanması vacibdir ki, inanca və dinə qarşı zor işlətməmək əmri İslamın zəif olduğu dövrdə yox, onun siyasi, sosial və hərbi gücə sahib olmasından sonra nazil olub.

«Dində zor işlətmək yoxdur» ayəsinin nazil olama səbəbi də çox maraqlı və ibrətamizdir. Təbəri (v.e. 923) və İbni Kəsirdən (v.e. 1377) gələn qaynağa görə, bu ayə ənsardan (Ənsar-Məkkədən hicrət etdiyi zaman Həz.Peyğəmbəri yaxşı qəbul və ona yardım edənlərə verilən ad) Əbul-Hüseynlə əlaqəlidir. Belə ki, xristian tacirlərilə sıx əlaqədə olan Əbul-Hüseynin iki oğlu xristianlığı qəbul etmişdi. Bu isə Əbul-Hüseyni çox darıxdırırdı. Heç bir tədbirin fayda vermədiyinə əmin olan Hüseyn əhvalatı Həz.Peyğəmbərə danışır. Bundan sonra atanın sıxıntısına son qoyan və övladların xristianlığı seçməsində sərbəst olduğunu bildirən «Dində zor yoxdur» ayəsi nazil oldu. Məlum ayəni şərh edən Əlmalılı Məhəmməd Həmdi (v.e. 1942) daha irəli gedərək deyib ki, burada yasaqlanan zor, güc yalnız dinin qəbulu ilə əlaqəli deyil, din həm də istənilən sahədə insana güc tətbiq edilməsini qadağan edir". Deməli, ayənin müasir təfsirlərindən biri də insan şərəf və ləyaqətinin alçaldılmasınınəqətiyyən yolverilməzliyidir.

İslami əxlaqda dözümlülüklə yanaşı əfv etmək də çox önəmlidir. «Bilərəkdən və ya bilməzlikdən haqsızlıq edən, səhf və günah işlədən adamı bağışlamaq, cəzalandırmamaq» anlamını verən əfv, vətəndaş həmrəyliyini təmin edən mühüm dəyərlərdən biridir. Bu barədə Rəbbimiz buyurub: "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, həsəd üzündən sizi iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın (dözümlü olun, onlardan üz çevirməyin)" (Bəqara, 109). Məlumdur ki, İslamdan qabaqkı Cahiliyyət dövründə pisliyə pisliklə cavab vermək qəbul edilmiş bir qayda idi. Bunun əksinə davranış zəiflik və acizlik kimi dəyərləndirildiyi üçün insanlar əfv etmək əvəzinə, çox vaxt cəzalandırmağa üstünlük verirdi. Qurani-Kərimə görə, bir pisliyin qarşılığı ona bərabər bir cəzadır və bu, ədalətin ölçüsü olsa da, bağışlamaq daha yaxşıdır: «Hər bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir» (Şura, 40). Həmin səbəbdən Peyğəmbər(ə) pislik edənlərə qarşı münasibətini «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et» (Ərəf, 199) prinsipi üzrə qurmuşdu.



«Allahdan qorxan kimsələr qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər» (Ali-İmran, 134) ayəsi isə nəfsin dərinliklərindən «vuracam, yıxacam» təhdidlərilə coşa-coşa gələn qəzəb selini boğmağın böyük ərlik, üstünlük, fəzilət olduğunu ortaya qoyan barış düsturudur. Bu baxımdan xalqımızın «yamanlığa yaxşılıq nər kişinin işidir» məsəli ilə üst-üstə düşən Quranın: «Rahmənin (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam verərlər» (Furqan, 63) ayəsi, dini və dünyəvi dözümlülüyün vəhdətinə sahib olan Azərbaycanın məxsusi dəyəri kimi qiymətləndirilə bilər.

Lakin barış, sülh, əmin-amanlıq dini olan İslam bununla kifayətlənmir. Rəbbimiz buyurub: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi (yaxşılıqla) dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!» (Fussilət, 34). Göründüyü kimi, ayə düşməni dost etməklə ölkə daxilində vətəndaş həmrəyliyinin və ölkənin digər ölkələrlə dostlaşmasının açarıdır. İfrata varılmayan belə dözümlülüyün adına helm də deyilə bilər. Qəzəbin əksi olan helm mülayimlik, səbirli olmaq, əndazəni aşmamaq, haqqa uyğun davranmaq kimi terminləri əhatə edir. Helm həm də əlində ixtiyarı var ikən tələsik qərar verməmək, əks fikirli tərəfi əfv etmək anlamlarına uyğun gəldiyi üçün onu əsla şəxsin öz azadlıqlarından imtinası kimi qəbul etmək olmaz. Çünki fitratdan gətirdiyi haqları qoruya bilməyən bəndənin başqasının haqqlarına dözümlü olmasının dəyəri küləyin apardığı saman çöpünün dəyəri qədərdir.

"Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!" (Ənam, 107) ayəsi Peyğəmbər(ə)-nin vəzifəsinin nədən ibarət olduğunu bəyan edir. Peyğəmbərlərin vəzifəsi nəzarətçi, vəkillik, kiminsə işinə müdaxilə yox, ancaq vəhyə tabe olmaq və onu təbliğ etməkdir. Vəhy isə haqqı təbliğ etməklə yanaşı, həm də hər hansı zorakılığı, güc tətbiqini qadağan edir. Əgər Allah batil (pis, çirkin) bir şeyin olmamasını istəsəydi, bunu edərdi və peyğəmbərləri də göndərməzdi. Peyğəmbərlərin əsas işi insanlara təməl haqqlarını tanıtmaqdır.

Yuxarıda qeyd edildiyi kimi, dözümlülüyün vacibliyini əmr və tövsiyə edən Quran onun ifratından da çəkinməyə çağırır. Bunu: «Elə isə (Ya Peyğəmbər!) qoy onlar vəd olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!» (Məaric, 42) ayəsi də təsdiq edir. Quranda zikr olunan dözümlülük qarşı tərəfə itaət etmək deyil: «Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətverici sözlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər» (Əhzab, 48).

Beləliklə, Rəbbimizin buyurduğu kəlamlardan göründüyü kimi dinimiz tarix boyu insan şəxsiyyətinə, haqq və azadlıqlarına hörmət bəsləmiş, dini, irqi, dili, baxışlarından asılı olmayaraq insanlar arasında sülh, əminamanlıq, dözümlülük, tolerantlıq kimi əxlaqi dəyərlərin bərqərarı üçün lazım olan hər şeyi ehtiva etmişdir.

Dinimiz çağdaş zamanda bəzi qərəzli məqsədlərlə uydurulan «islam terrorizmi», «islam təcavüzü», «islam qorxusu» kimi cəfəng iftiraları da rədd edir. Dinimiz həm də "İslam" və «Müsəlman» terminlərini eyniləşdirənləri «oxu və dərkə» dəvət edir. Dəvət edir ki, Rəbbimizin son və şah əsəri olan İnsan fitratdan gətirdiyi dəyərlərlə öz məxsusluğunu fəxrlə təqdim etsin.

Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 18 oktyabr.- S. 15.

0 şərh