Qurani-Kərimdə İlahi qeyrətin nümayişi

  • Quran
Müqəddəs Quranda buyurulur: "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə, səninlə qonşu ola bilməzlər. (Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər. (Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan". ("Əhzab" 60-62).
Qurani-Kərimdə İlahi qeyrətin nümayişi
Bu ayələrdə üç dəstə kəskin şəkildə məzəmmət edilmişdir: münafiqlər, qəlbləri xəstə olanlar və şayiə yayanlar. Allah bu üç dəstə üçün ağrılı əzab vədi vermişdir.
Bəli, bu, İlahi qeyrətin nümayişidir. Allah Təala bu ayələri ilə buyurur ki, müsəlmanların, dinin qeyrətini çəkir. Həmçinin insanlara xatırladır ki, müsəlmanlar heç bir hegemonların qarşısında baş əyməməli və onların əməllərinə biganə qalmamalıdırlar.
Uca Allah həmçinin Quranda xanımlarının qeyrətini çəkməyi Peyğəmbərə (s) əmr edir və buyurur: «Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın». ("Əhzab" 32).
Uca Allah bu ayəni ancaq Həzrət Peyğəmbərin (s) xanımlarına şamil etməmişdir. Əslində burada ümumi xəbərdarlıq vardır ki, bütün müsəlman qadınlara aid edilir.
Qurani-Kərimin başqa ayəsində Həzrət Yusifin (ə) qeyrətinə işarə edilərək, buyurulur: "(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan, bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram». Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir". («Yusif» 33-34).
Həzrət Yusif (ə) gənc olmasına baxmayaraq, şəhvət tufanına qarşı kəskin şəkildə çıxır və onunla mübarizə aparır. O yerə qədər ki, zindanda yatmağı daha üstün hesab edir. Bu ayə Həzrət Yusifin (ə) iffət və həyasından xəbər verir. O, Misirin əzizi olmazdan əvvəl, adına yaxılmış ləkəni təmizləyir və ondan sonra həmin vəzifəni qəbul edir.
Qurani-Kərimin başqa ayəsində oxuyuruq ki, Allah mömin qadınlara hicabla bağlı göstərişlər verir və buyurur: «Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar». («Nur» 31).
Bu ayə mömin qadınlara icazə vermir ki, yeriyən zaman ayaqlarının səsi gəlsin və ayaqlarına taxdıqları xal-xallar səs çıxartsın. Onlara icazə vermir ki, zinətlərini naməhrəmlərə nümayiş etdirsinlər.
Bütün bu ayələr İlahi qeyrətin nümunələrindəndir ki, Allah bəndələrinə iffətli və həyalı olmağı göstəriş verir.
 
 
 
Mənbə: xeber.media

0 şərh